Müəllif: Aydan MƏMMƏDOVA Bakı
Əncir Azərbaycanda geniş yayılıb. Əncir subtropik yarpağı tökülən fikusdur. Kariya fikusu adı əncirin vətəni sayılan Kiçik Asiyanın dağliq ərazisı olan qədim Kariya vilayəti ilə bağlıdır.
Qədim qoca baba
Əncir Azərbaycanda (Abşeron yarımadasında və ölkənin mərkəzi bölgələrində), Aralıq dənizi ölkələrində, Gürcüstanda, Qara dəniz sahillərində geniş yayılıb. O, ən qədim mədəni bitkilərdən biri, ehtimallara görə, birincisidir. Mədəni şəkildə bu meyvə əvvəlcə Ərəbistanda yetişdirilib. Oradan Finikiyaya, Suriyaya və Misirə yayılıb. E.ə. XIII əsrdə əncir Pilos çarlığının kənd təsərrüfatında vacib rola malik olub. Amerikaya bu meyvə XVI əsrin sonlarında gətirilib. Bibliyada Adəm və Həvva əncir yarpağından çılpaq yerlərini örtmək üçün istifadə ediblər. Müqəddəs Quranda isə meyvələr arasında əncirin də adı çəkilir.
Azərbaycanın Şərq təbabətinin tarixi sahəsində məşhur mütəxəssisi, biologiya elmləri namizədi Fərid Ələkbərli "R+"a açıqlamasında bildirib ki, Azərbaycanın orta əsrlərə aid müəllifləri əncirin müalicəvi əhəmiyyətini təfsilatı ilə yazıblar. Məsələn, Hacı Süleyman İrəvani yazırdı ki, əncir yüksək hərarət, qızdırma zamanı faydalıdır, susuzluğu aradan qaldırır və işlətmə funksiyasına malikdir. Bununla yanaşı, əncir ödqovucu effektə malikdir və qaraciyərə xeyirdir. Ürək döyünməsi artıq olan insanlara da əncirin faydası az deyil. Onu astma, öskürək, ağ ciyərdə ağrılar və xırıltısı olan insanların yeməsi məsləhət görülür. Ənciri gündə 1 dəfə 300 qramadək və ya 120 qram qurudulmuş halda qəbul etmək məsləhətdir. Daha yaxşı həzm olunması üçün əncir cirə və digər ədviyyatlarla birgə qəbul edilməlidir.
İbn Sinaya görə, əncirin şirəsi sidikqovucudur və böyrəkdəki qumu orqanizmdən çıxarır. Sürtmə halında o, əqrəb sancması zamanı da işə yaraya bilər. Əncirin meyvəsi böyrəklərə və sidik kisəsinə də xeyirdir.
Məhəmməd Hüseyn Xan yazırdı ki, ənciri badamla birlikdə qəbul etmək zəifliyi aradan qaldırır. Əncir xörəkdən əvvəl yeyilərsə, o, mədəni yüngülləşdirir.
Xalq təbabətində isə müalicə üçün yalnız əncirin meyvəsindən deyil, həm də yarpağından istifadə olunur. Onun tərkibində qatran, P və C vitaminləri, üzvi turşular var. Əncir digər dərman preparatlarının asanlıqla həzm olunmasına kömək edir.
Müalicə vasitəsi
Əncir yarpağından həlim və şirə öskürəyə, bronxial astmaya, böyrək xəstəliklərinə xeyirdir. Təzə yarpaqdan isə çibanın müalicəsində istifadə olunur. Gənc budaqlardan toplanmış yarpaqlardan hazırlanan həlimdən sinqa xəstəliyinə qarşı istifadə edilir. Azərbaycanda əncirin dəymiş meyvəsindən qatı şirələr (doşab) hazırlanır. Onlardan sidikqovucu, həmçinin yüngül ürək xəstəliklərinin müalicəsi üçün istifadə edirlər. Təzə əncir meyvəsinin tərkibində 23%-dək şəkər (qlükoza, fruktoza), pektin maddələr, sellüloza, C, B1, B2, B6, PP vitaminləri, karotin (A provitamini), pantoten və fol turşuları, kalium, kükürd, kalsium, maqnezium, dəmir var. Əncirin qurudulmuş meyvəsində şəkərin miqdarı 71%-ə çatır. Onda kalori çox yüksək olur.
Müasir tibb əncirin ürək-damar xəstəliklərinə, damarlardakı tromba (o, qanın laxtalanmasını azaldır) xeyir olduğunu təsdiqləyir. Südlə qarışdırılmış əncir isə yuxarı tənəffüs yollarının müalicəsi baxımından effektlidir. Əncir meyvəsinin həlimi və mürəbbəsi tərlədici, hərarəti aşağı salan effektlərə malikdir. O, həzmi yaxşılaşdırır, yüngül işlətmə effekti verir.
Əncir, demək olar ki, istənilən şəraitdə bitir. Ona xüsusi qulluq göstərməyə ehtiyac da yoxdur. Azərbaycanda belə qəbul edilib ki, şirin meyvə əldə etmək üçün əncir ağacını suvarmamaq, yaxud nadir hallarda suvarmaq lazımdır. Çünki su, meyvənin şirəsini aparır. Amma bu, çoxillik ağaclara aiddir. Əncir ağacı 2-3 illik olarkən meyvə verməyə başlayır və ən önəmlisi, ziyanvericilər ona heç nə edə bilmir. Əncir meyvəsini uzun müddət saxlamaq mümkün deyil. Bu üzdən də, onu qurudurlar, mürəbbə, cem, kompot, pastila, şərab və s. hazırlayırlar. Qədimdə hesab edirdilər ki, ailəni yedizdirmək üçün bağda 3 ədəd əncir ağacının olması kifayətdir. Əncir bir mövsümdə 2 dəfə bar verir - iyulda və sentyabrda.
ƏNCİR MÜRƏBBƏSİ
Əncir müxtəlif rənglərdə olur: yaşıl, sarı, bənövşəyi. Onun ölçüləri və formaları da müxtəlifdir. Azərbaycanda əncir mürəbbəsi sarı, bir qədər yastı formalı meyvələrdən bişirilir
Tələb olunur:
Əncir - 1 kq
Şəkər - 800 q
Lumu şirəsi - 1 xörəkqaşığı (10 q)
Su - 200 q
Hazırlanması:
Meyvə seçilir, yuyulur, "quyruq"ları kəsilir. Seçilmiş meyvənin qabığı çox qalındırsa, onu soymaq da olar. Qazana şəkər tozu səpilir, lumu şirəsi və su əlavə olunur. Odun üzərinə qoyulmuş qazandakı şəkərli su fasiləsiz olaraq qarışdırılaraq tam həll edilir. Şəkərli su qaynamağa başladıqda meyvələr onun içərisinə tökülür.
Mürəbbə qaynayanadək alovun üzərində qalır. Sonra mürəbbə ilə dolu qazan 10-12 saat kənarda saxlanılır və növbəti dəfə qaynadılır və yenə 10-12 saat saxlanılır. Bu, 4 dəfə təkrar edilir. Sonuncu dəfə qaynara düşdükdə mürəbbə təmiz sterilizə olunmuş bankalara yığılır. Bankaların ağzı möhkəm bağlanır və mürəbbə soyudulur.
MƏSLƏHƏT GÖR: