24 Noyabr 2024

Bazar, 05:17

SOSİAL SİFARİŞ

İlin sonunadək Azərbaycanda sosial reabilitasiya əhəmiyyətli obyektlər fəaliyyətə başlayacaq

Müəllif:

30.09.2014

Tezliklə Azərbaycanda sosial reabilitasiya əhəmiyyətli obyektlər, başqa sözlə, sosial sığınacaqlar peyda olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə artıq onların tikintisinə başlanılıb. Söhbət Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunan yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzindən və Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzindən, həmçinin Qobustanda inşa edilən penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzindən gedir. Bu sosial obyektlərin 2014-cü ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

Sosial sığınacaqların inşası haqda qərar sosial xidmətlər sisteminin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə qəbul edilib. İxtisaslaşmış reabilitasiya mərkəzlərində və sosial sığınacaqlarda ağır durumla üzləşmiş uşaqlara sosial, psixoloji xidmətlər göstəriləcək, həmçinin hüquqi yardım ediləcək. Gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin müxtəlif  regionlarında da bu cür obyektlərin tikintisini planlaşdırır. Artıq Gəncə, Ağcabədi, Quba, Masallı, Şəki, Tovuz, İsmayıllı və Salyan rayonlarında 30 nəfərlik reabilitasiya mərkəzlərinin və 25 nəfərlik sosial sığınacaqların tikintisi üçün layihə-smeta sənədləri hazırlanıb. Bu obyektlərin inşası gələn il üçün dövlət investisiya layihəsi proqramına hazırlanan təkliflərin sırasına daxil olunacaq.

 

Etibarlı əllərdə? 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Zabratda inşa olunacaq sosial sığınacaq və sosial reabilitasiya mərkəzi 50 uşaq üçün nəzərdə tutulub. Orada kimsəsiz uşaqların reabilitasiyası həyata keçiriləcək. Proses bu cür aparılacaq: sosial işçilər uşaqları küçələrdən sığınacağa gətirəcəklər. Ailəsi olan uşaqların valideynlərinin yanına qaytarılması üçün səylər göstərilicək. Yetkinlik yaşına çatmayanlara hüquqi və tibbi yardım da göstəriləcək və bundan sonra onların gələcək taleyi haqda qərar qəbul olunacaq. Reabilitasiya çərçivəsində uşaqların müayinəsi, təxminən, 1 həftə çəkəcək. Sosial işçilər eyni zamanda uşaqların valideynləri ilə də işləyəcəklər.

Nazirlikdən onu da bildirirlər ki, hesablamalar Azərbaycanda, təxminən, 5000 küçə uşağının olduğunu göstərir. "Dəqiq statistika yoxdur. Bununla yanaşı, hələ ki, sosial reabilitasiya işinə küçədə yaşayan qaraçı uşaqlarının cəlb olunub-olunmayacaqları məlum deyil. Məsələn, hüquqi baxımdan biz hələ bu məsələ ilə qarşılaşmamışıq. Onların Azərbaycan vətəndaşlığı varsa, proqram qaraçı uşaqlarını da əhatə edəcək. Sosial sığınacaqların açılmasından sonra, onlarla bağlı müvafiq təkliflər hazırlanacaq. Onlar bilsinlər ki, qeydiyyata alınacaq və yaşayış yeri ilə təmin olunacaqlar. 

Eyni zamanda, bu uşaqların Azərbaycana hansı ölkələrdən gəldiklərini müəyyənləşdirəcəyik. Bütün bunlar üçün zaman lazımdır", - deyə nazirlikdən bildiriblər.

Bir məqam xüsusi qeyd edilməlidir: dövlət tərəfindən sosial sığınacaqların açılmasından sonra, HQT-lər yanında fəaliyyət göstərən belə obyektlər bağlanmayacaq. Əksinə, bu gün ölkədə "sosial sifariş" siyasəti həyata keçirilir və bu siyasətə əsasən, ölkə başçısı İlham Əliyev fiziki imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi üçün 2 milyon manat ayırıb. "Nazirlik ixtisaslaşmış QHT-lər arasında tender keçirib. Tenderdə qalib gəlmiş təşkilata sosial sifarişlər verilib. Tədbirlərimiz davam edir. Artıq bu layihələrin monitorinqinə başlayırıq. Güman ki, onları ilin sonunadək yekunlaşdıracağıq. Gələcəkdə bu işlərin daha genişləndirilməsini planlaşdırırıq. Sosial layihələrin yalnız fiziki imkanları məhdud olan uşaqları deyil, qocaları və digər təbəqədən olan insanları da əhatə etməsi üzərində çalışırıq", - deyə nazirlik əməkdaşı qeyd edib.

Hazırda nazirliyin, təxminən, 1400 sosial işçisi var. Onlar hardasa 15 000 qocaya evində yardım göstərir. Nazirlik ümid edir ki, bu işlər sosial sifarişlər əsasında QHT-lər tərəfindən həyata keçiriləcək. Bu halda nazirlik əməkdaşlarını başqa işlərə istiqamətləndirəcək.

Əksər ekspertlərin fikrincə, sosial reabilitasiya mərkəzlərinin yaradılması istənilən cəmiyyətdə hüquqi dövlətin qurulması baxımından çox vacibdir. Onlar Azərbaycanda QHT-lər səviyyəsindədir. Amma bu siyasətin dövlət tərəfindən həyata keçirilməsi çox vacibdir. Bu məsələdə daha bir vacib məqam var - sosial xarakterli problem riskinin olduğu qrupa aid uşaqlar və böyüklər yalnız müvəqqəti köməklə - yaşayış yeri və s. deyil, daimi yardımla da təmin edilməlidirlər. Söhbət işlə təminolunmadan və firavan həyat üçün vacib olan digər təminatlardan gedir.

Cəzaçəkmə müəssisələrindən çıxmış və həyata adaptasiyası xeyli çətin olan şəxslərə gəlincə, onların özlərini cəmiyyətə lazımlı saymaları, orta və ali təhsil almaqda, işə düzəlməkdə, mənzilə sahib çıxmaqda problem yaşamamaları üçün mümkün olan bütün addımlar atılmalıdır. Keçmiş məhbusların nəzərdə tutulması da vacibdir - bu proqram Azərbaycandakı bütün keçmiş məhbusları əhatə etməlidir.

 

Bəs onlarda necədir? 

Xarici ölkələrdə postpenitensiar mərkəzlər fəaliyyət göstərir və onlar məhbusların qanunlarla yaşamaları, sosial reabilitasiyası və azadlığa çıxdıqdan sonra cəmiyyətə adaptasiya olunmaları üçün onlarla sosial-psixoloji iş aparırlar. Tarixdə keçmiş məhbusların reabilitasiyası sisteminin inkişafı və onlara yardımların göstərilməsi üzrə ilk qanun 1862-ci ildə İngiltərədə qəbul olunub. Bu, "Azadlığa çıxmış cinayətkarlara yardım haqqında" qanun idi. Bu gün İngiltərədə keçmiş məhbuslara yardımın göstərilməsi və onların yenidən tərbiyələndirilməsi üzrə Milli Assosiasiya fəaliyyət göstərir. Assosiasiya xeyriyyə fondlarının ianələri və DİN-dən illik ayırmalar hesabına işləyir. Orada işləyənlər könüllü vətəndaşlardır. 

Qurum həbsxanalardan kənarda mehmanxana tipli mərkəzlər açıb və onun əsas işi sosial işçilərin üzərinə düşür.

ABŞ-da ilk belə qanun "Postpenitensiar qəyyumluq haqqında" qanun olub. 1950-ci ildə qəbul edilmiş bu qanunda zamanla dəyişikliklər edilib, oraya əlavələr olunub. Qanuna əsasən, reabilitasiya dövrü məhbusun azadlığa çıxdığı gündən sonrakı 6 ayda həyata keçirilir və əlbəttə ki, bu, keçmiş məhbusun arzusu əsasında baş verir (müddət qısaldıla da bilər). Qanun ictimai təşkilatların keçmiş məhbuslara reabilitasiya işində yardım göstərmələrinə icazə verir. Bu tipli yardımların göstərilməsi ilə məşğul olan müasir təşkilatlara misal kimi Hardman Dəstək Fondunun adını çəkmək olar.

1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində "Yarıyolda evlər" yaradılmışdı. Onların fəaliyyəti bir neçə istiqaməti əhatə edirdi: işədüzəlmə məsələsi ilə bağlı konsultasiyalar; sosial-bərpa işləri; işsizlər üçün yaradıcılıq fəaliyyəti; tibbi və psixiatrik müalicə; narkomanlar və spirtli içki düşkünləri ilə konsultasiyalar; peşəkar və ümumtəhsil tədrisi; iş yerlərinin təklifi və ya daha yüksək ixtisaslaşma tələb edən işə keçirilmə. Onlar keçmiş məhbusların cəmiyyətə uğurlu insan kimi qayıtmalarının açarı idi.

Azərbaycanda bu işlə "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi məşğul olur. Layihə əsasında 10 penitensiar idarədə azadlığa çıxmış keçmiş məhbusların hüquqi yardım alması və maarifləndirilməsi, onların şəxsiyyət vəsiqəsi ilə təmin olunmasına kömək, azadlığa çıxdıqdan sonra birdəfəlik yardım, ünvanlı sosial yardım, diskriminasiyaya məruz qalmaması üçün kömək və s. həyata keçirilir. Güman etmək olar ki, dövlət səviyyəsində yaradılacaq sosial reabilitasiya mərkəzləri əsasında keçmiş məhbuslar müvafiq qurumların köməkliyi ilə işə düzələ biləcək, ev-eşiksiz, nəzarətsiz uşaqların problemləri isə nəhayət, həll olunacaq.



MƏSLƏHƏT GÖR:

616