24 Noyabr 2024

Bazar, 04:26

TƏHLÜKƏSİZ KOMFORT

Bakıda sərnişindaşımanın təkmilləşdirilməsinə diqqət artırılacaq

Müəllif:

30.09.2014

"İnkişaf etmiş ölkə yoxsulların da avtomobilə sahib olması yox, zənginlərin də ictimai nəqliyyatdan istifadə etmələri deməkdir". Məşhur urbanist, Kolumbiya paytaxtı Boqotanın sabiq meri Enrike Penyalosun vaxtilə ifadə etdiyi bu fikir kifayət qədər ədalətli səslənir. Dünyanın şəhərsalma təcrübəsi göstərir ki, yaxşı inkişaf etmiş ictimai nəqliyyat şəbəkəsi olmadan, müasir meqapolislərin inkişafı sadəcə mümkün deyil.

Bakıda, təəssüf ki, bu sahədə həllini gözləyən problemlər qalmaqdadır və onları aradan qaldırmağın vaxtıdır. Üstəlik, nəzərə almaq lazımdır ki, Azərbaycan paytaxtında əhalinin sayının artması ilə, daimi inkişaf proseslərinin getməsi, şəhərin sərhədlərinin durmadan genişlənməsi, yeni yaşayış komplekslərinin, qəsəbələrin tikilməsilə ictimai nəqliyyata tələbat da dəfələrlə artır.  Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyul aylarında ölkənin sərnişin nəqliyyatından 1 milyard insan istifadə edib. Bu, 2013-cü ilin analoji dövrü ilə müqayisədə 5% çoxdur. Sərnişinlərin əksəriyyəti avtomobil nəqliyyatı (87,4%), qalan hissəsi isə metropolitenlə (12,3%) daşınıb.

Bu gün paytaxtın "qrafik üzrə" işləyən yeganə nəqliyyat vasitəsi olan metrodakı basabas bir çox sərnişinləri yerüstü nəqliyyat vasitələrindən istifadə etmək məcburiyyətində qoyur. Amma burada da hər şey qaydasında deyil - bu gün şəhərin  sərnişin avtobuslarında getmək nəinki rahat deyil, hətta bəzən təhlükəlidir də.

Avtobus sürücülərinin təcrübəsizliyi, tez-tez yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları, sürət həddini aşmaları paytaxt küçələrində çoxsaylı avtomobil qəzalarına səbəb olur.  Hazırda Azərbaycanın nəqliyyat sistemində dəyişikliklər və yeniliklər baş verir. Bu prosesdə şəhər nəqliyyatından istifadə edən sərnişinlərin təhlükəsizliyinin təmini vacib yer tutur. Ölkədə tədris ilinin başlandığını da nəzərə alsaq, bu sahəyə nəzarətin gücləndirilməsi son dərəcə aktualdır.

Avtobus sürücülərinin səhlənkarlığı ilə mübarizə və sərnişinlərin təhlükəsizliyinin təmini məqsədilə Nəqliyyat Nazirliyi müntəzəm olaraq profilaktik tədbirlər həyata keçirir. Bakıda marşrut avtobusları işlədən sahibkarlara bu yaxınlarda nəzarətin gücləndirilməsi belə tədbirlərdəndir. Yeniliyə əsasən, reydlərin həyata keçirilməsi, Bakı küçələrində sərnişin nəqliyyatının fəaliyyətinə nəzarət edəcək səyyar məntəqələrin yaradılması nəzərdə tutulur. Bundan sonra sürücü və onun ixtisası ilə bağlı tələblərə necə əməl olunduğuna, avtobusların texniki vəziyyəti və təhlükəsizlik qaydalarına əməl olunması məsələlərinə ciddi nəzarət olacaq.

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, avtobus marşrutlarının fəaliyyətində ciddi nöqsanların üzə çıxacağı təqdirdə, onların sahibinə qarşı sərt tədbirlər görülür, hətta xətdən çıxarılma hallarına rast gəlinir.

Bundan başqa, yaxın vaxtlarda Bakı küçələrində hərəkət edən sərnişin avtobuslarının salonunda müşahidə kameralarının quraşdırılması da planlaşdırılır. Bu, sürücülərin davranışlarına, salondakı vəziyyətə idarəetmə mərkəzindən nəzarət olunmasına imkan verəcək.

Amma bütün problemlər heç də insan amili ilə bağlı deyil. Daşınma zamanı sərnişinlərin təhlükəsizliyinin təmini üçün avtobusların texniki vəziyyəti də şərtdir. Hazırda paytaxt küçələrində hərəkətdə olan əksər avtobuslar texniki baxımdan çox köhnəlib. Onlar rahatlıq baxımından da işə yaramır (oturacaqların üzünün xarab olması, bəzən hətta oturacağın olmaması və s.). Bununla əlaqədar olaraq, paytaxtın avtobus parkının yenilənməsinə, onların daha keyfiyyətli avtobuslarla əvəzlənməsinə ehtiyac var.

İctimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində payızda Bakıya yüzlərlə yeni avtobus gətiriləcək. Bu, müəyyən sayda köhnəlmiş nəqliyyat vasitələrinin yeni və keyfiyyətli avtobuslarla əvəzlənməsinə imkan verəcək. 

Yeni, hündür olmayan avtobusların daha bir üstünlüyü əlil insanların rahat və təhlükəsiz daşınmasına imkan verməsi olacaq. Bu avtobuslarda əlil arabaları üçün xüsusi pandus var, eləcə də belə nəqliyyat vasitələri avtomatik ötürücü qutuya və kondisionerə malikdir. Onlarda 26 oturacaq yer alır. Hazırda Bakıda, təxminən, 2500 avtobus fəaliyyətdədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin ilk yarısında Azərbaycana ümumi dəyəri təxminən 8 milyon dollar olan 167 avtobus gətirilib.

Bununla yanaşı, paytaxtın ictimai nəqliyyatında xidmət səviyyəsinin yüksəldilməsi işinə tam şəkildə kartla ödəniş sisteminə keçilməsi də öz töhfəsini verəcək. Bu, nəinki sərnişinlərlə sürücülər arasında əlaqənin minimuma endirilməsinə şərait yaradacaq, həm də sürücülərin planla işləməsini aradan qaldıracaq, onların əməkhaqqı əsasında fəaliyyət göstərmələrini təmin edəcək. Sərnişin uğrunda əməlli-başlı yarışa çıxan sürücülər bəzən həm özlərini, həm də onlarla sərnişinin həyatına təhlükə qarşısında qoyurlar. Onların əməkhaqqı ilə işləmələri bəzi sürücülərin artıq pul qazanmaq arzularının üzərindən xətt çəkəcək, qarşı  yola çıxaraq sürətlə "yarışa girmələri"nin qarşısını alacaq. 2014-cü ilin sonları, 2015-ci ilin əvvəllərinə Bakıda sərnişin avtobuslarında ödəniş yalnız  kartla olacaq. 

Bakının bütün sərnişin avtobuslarında kartla ödəniş sisteminə keçid 2015-ci il martın 1-dək başa çatdırılacaq. Nəqliyyat nazirinin müavini Musa Pənahovun sözlərinə görə, həmin kartlarla Bakı metrosundan, gələcəkdə isə taksilərdə də istifadə üçün ödəniş etmək mümkün olacaq. "Hazırda nəqliyyat kartlarından metroda da istifadə edilə bilməsi üçün işlər görülür", - deyə nazir müavini qeyd edib.

Bakıda ictimai nəqliyyatın fəaliyyətinin yaxşılaşdırılması yolları vaxtaşırı olaraq xarici ekspertlərlə, maliyyə institutları ilə də müzakirə olunur. Məsələn, bu yaxınlarda Asiya İnkişaf Bankının (AİB) konsultantlarından ibarət qrup  Bakıda olub. Şəhərsalma mütəxəssisi Devid  Marqonşternin rəhbərlik etdiyi qrup Bakıya 2012-ci ildə Azərbaycana ayrılmış 925 min dollarlıq texniki yardım çərçivəsində məsləhətləşmələri davam etdirmək üçün gəlib. Qeyd edək ki, vəsait nəqliyyat xəritəsinin hazırlanması, dayanıqlı nəqliyyat investisiya proqramının dəstəklənməsi məqsədilə ayrılıb. Ekspertlərlə Nəqliyyat Nazirliyində nazir müavini Musa Pənahovun rəhbərliyi altında keçirilən görüşdə tərəflər Bakıda ictimai nəqliyyatla bağlı vəziyyətin yaxşılaşdırılması, şəhərdaxili dəmir yolu nəqliyyatının inkişafı, avtobuslar vasitəsilə kütləvi sürət tranzit sisteminin yaradılması, şəhərin avtobus sisteminin yenidən qurulması, avtobus dayanacaqlarının idarə olunması, paytaxtın yol şəbəkəsinin və əsas yol kəsişmələrinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Nazirlik hazırlanan proqram çərçivəsində yekun hesabat hazırlayır və o, 2014-cü ilin dekabrına hazır olmalıdır.

Təhlükəsizliyin təmini, avtobusların dəyişdirilməsi, yeni ödəniş sisteminə keçilməsi - bütün bunlar şəhərdə nəqliyyat sisteminin təkmilləşdirilməsinə imkan verəcək məsələlərdir. Bu, sərnişin daşınması prosesini daha sahmanlı və keyfiyyətli edəcək. Nəticədə, sərnişinlər üçün avtobusda olduqları müddət əzablı dəqiqələr deyil, günə yaxşı başlanğıc olacaq. 



MƏSLƏHƏT GÖR:

687