11 Mart 2025

Çərşənbə axşamı, 10:20

ŞƏR SİMASINI DƏYİŞİB

"Əl-Ərəbiyyə"nin icmalçısı: "Görünür, kimsə "Əl-Qaidə"yə yerini "İslam dövləti"nə verməyi tapşırıb"

Müəllif:

30.09.2014

Adını dəyişərək "İslam dövləti" ("İD") etmiş "İraq və Şam İslam Dövləti" təşkilatı Böyük Britaniyaya və Fransaya qarşı terror aktlarının həyata keçiriləcəyi hədəsi ilə çıxış edib. Bu arada İraqda gündən-günə yeni əraziləri nəzarətə götürən "İD" ordusu Türkiyə sərhədinə yaxınlaşıb. Artıq Əlcəzairin, Misirin və digər ərəb dövlətlərinin "İD"yə "simpatiya" bəsləyən fundamentalistləri qruplaşmanı dəstəklədiklərini bəyan ediblər. Ehtimala əsaslanan hesablamalara görə, İD-nin baxışlarını Yaxın Şərqdə fəaliyyət göstərən yüzlərlə terror qruplaşması bölüşür. Ərəb politoloq, "Əl-Ərəbiyyə" və "Əl-Əhrar" qəzetlərinin icmalçısı Məhəmməd Adil "R+" jurnalına eksklüziv müsahibəsində ərəb ölkələrində "İD"yə olan münasibət haqda danışıb.

- "İD"nin kimin layihəsi olması ilə bağlı bir neçə versiya var. ABŞ-ın, Səudiyyə Ərəbistanının, Qətərin, Türkiyənin, İsrailin, BAAS partiyası veteranlarının və hətta Rusiyanın adı çəkilir. Ərəb dünyasında bu haqda nə düşünürlər?

- "İD"i kimin yaratdığını müəyyənləşdirmək üçün bu təşkilatın fəaliyyətindən kimin faydalandığı sualına cavab tapmaq lazımdır. Diqqət edin: "İD"nin peyda olması ilə praktiki olaraq, "Əl-Qaidə"də yox olub. Görünür kimsə "Əl-Qaidə"yə yerini "İslam dövləti"nə verməyi tapşırıb.

Nüfuzlu geosiyasi mərkəzlər Suriyada xalqın inamına arxalanan demokratik hakimiyyətin qurulmasında maraqlı deyillər. Çünki Suriyada qurulacaq istənilən demokratik hakimiyyət İsrail üçün təhlükə olacaq. "İD" Suriya və İraqda sabitliyi pozmaqla, faktiki olaraq İsrailin mövqelərini gücləndirir. Bununla yanaşı, "İD" yalnız mövcudluğu ilə Fars körfəzinin zəngin dövlətlərinə - Səudiyyə Ərəbistanı, Qətər və s. təzyiq vasitəsinə çevrilib. Konkret ölkə adları çəkmək istəməzdim, amma "İD" regionda sabitliyi nə qədər çox pozursa, Yaxın Şərqə kənar qüvvələrin müdaxilə və soxulma imkanları o qədər artır. Sual yaranır: necə oldu ki, İraqda "İD"nin peyda olması ilə dərhal Qərb və ərəb dövlətlərindən ibarət koalisiya yaradıldı, Qəzzadakı bundan heç də az qanın tökülmədiyi münaqişə zamanı isə heç bir koalisiya yaradılmamışdı?

- "İD"nin yaradılması kimə və nə üçün gərək idi?

 - "İD" Suriya hökuməti ilə mübarizədə müəyyən vəzifələrin öhdəsindən gəlinməsi üçün lazım idi. Amma bir müddət sonra qruplaşma öz oynunu oynamağa girişdi. Təşkilat müstəqil fəaliyyət göstərməyə başladı və ABŞ-ın nəzarətindən çıxdı. Koalisiyanın yaradılması səbəbi də budur.

"İD"də hər hansı strategiya və intellektual liderlər yoxdur. Onların sadəcə hədəfi var - islam xilafətinin yaradılması, hərbi resursları var - ərəb ölkələri, Mərkəzi Asiya və bəzi Avropa dövlətlərindəki yoxsul, işsiz, savadsız müsəlman gəncliyi. Mübarizə taktikası var - cihad. Onlar hansı formalı islam dövləti yaratmaq istədiklərinə dair suala ətraflı cavab verə bilməzlər. Konkret düşmən - ABŞ və digər Qərb dövlətləri ilə mübarizə aparan "Əl-Qaidə"dən fərqli olaraq, "İD" ərazi uğrunda savaşır. Bu təşkilatın sponsorları ilə bilavasitə yaraqlılarının maraqları bəzi məsələlərdə üst-üstə düşə, bəzi məsələlərdə isə toqquşa bilər. "İD" Suriya və İraqdakı qeyri-sabitlikdən son dərəcə uğurla istifadə edib. Bütün bu amilləri nəzərə alaraq hesab edirəm ki, "İD" liderlərinin bəyan etdikləri məqsədlərə çata bilər.

- "İD" yeni xilafətdə bütün ərəb dövlətlərini birləşdirməyə iddialıdır. Hələlik onlara şiələr və kürdlər müqavimət göstərir. "İD"nin İordaniyaya, Səudiyyə Ərəbistanına və sünni əhalinin yaşadığı digər dövlətlərə də hücum edəcəyi təqdirdə nə baş verəcək?

- İraq, Suriya və Türkiyə sünnüləri də "İD" yaraqlıları ilə mübarizə aparırlar. Sünnilərin gözündə bu təşkilatın əməlləri adi banditizmdir. "İD"nin İordaniya ərazisinə soxulmağa gücünün yetəcəyini düşünmürəm. Məsələ ondadır ki, Yaxın Şərqdə heç bir dövlət cihadçıları dəstəkləmir. Onların bütün əməlləri - işğal etdikləri ərazilərdə xristianların, kürdlərin təqib olunması, qətllər, dözümsüzlük və s. islam dininə ziddir. Onlar dinc sakinlərə qarşı yol verdikləri zorakılıqla, ağılsızlıqla islam dininin imicinə zərbə vururlar.

Düşünürəm ki, beynəlxalq koalisiyanın həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində "İD" də siyasi arenanı "Əl-Qaidə" kimi tərk edəcək. Amma Yaxın Şərqdə qeyri-sabitliyin daim davam etməsi üçün onların yerini başqa terror təşkilatları tutacaq.

- KİV-də yer alan məlumatlara görə, "İD"nin komandirləri koalisiyanın hücumlarına cavab olaraq, Böyük Britaniya və Fransaya hücumların təşkil olunacağını bəyan ediblər. Britaniyalılar və fransızlar yerli islamçıların qisas aktı kimi polisləri, yəhudilərdən ibarət qrupu necə məhv etdiklərini yaxşı xatırlayırlar. Bu təhlükə avropalıların müsəlmanları Böyük Britaniyadan, Fransadan, Hollandiyadan və digər ölkələrdlən kütləvi şəkildə deportasiya etməsi ilə nəticələnə bilərmi?

- Yaxın keçmişdə Avropa ölkələrində müsəlmanlar dəfələrlə təqib olunublar. Məsələn, belə hal "Əl-Qaidə"nin 2005-ci ildə İngiltərə dəmir yolunda törətdiyi terror aktından sonra baş verib. Belə təqiblər olub və olacaq. "Əl-Qaidə" mafiya kimi gizli fəaliyyət göstərirdisə, "İD" açıq fəaliyyətdədir. Bu gün "İD" yalnız Qərb dövlətlərinə deyil, bütünlükdə İslam dünyasına da təhlükə yaradır. "Əl-Qaidə" ilə mübarizə təcrübəsinə əsaslanaraq demək olar ki, ABŞ və müttəfiqlərinin aviasiya zərbələri "İD"nin fəaliyyətinə son qoyacaq. Amma regionda terror problemi açıq qalır. Bu problemin həlli üçün regionda dayanıqlı sülh bərqərar olunmalı, Suriyada demokratik hakimiyyət formalaşmalı, İraqın müstəqilliyi bərpa olunmalıdır. 


MƏSLƏHƏT GÖR:

709