15 Mart 2025

Şənbə, 11:30

VAXTINDA QAÇMAQ BACARIĞI

Erməni diplomatiyasının xüsusiyyətləri haqqında

Müəllif:

01.06.2012

Bu və ya digər beynəlxalq təşkilatın iki ölkə arasındakı münaqişənin həllində hər şeyin açıq şəkildə öz adı ilə çağırılması hallarına o qədər də tez-tez rast gəlinmir. Nəticədə, bəzən bulanlıq suda balıq tutmağı sevənlər üçün əlverişli atmosfer yaranır. Görünür, NATO-nun Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyinə dair birmənalı bəyanatı bu üzdən rəsmi İrəvanın əsəblərinə toxunub. Alyansın mayın sonlarına yaxın Çikaqoda keçirilmiş sammitində qəbul olunan yekun bəyannamədə NATO həlli uzanan münaqişə tərəflərini təhlükəsizlik və sabitliyə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırıb. "Biz Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə verdiyimiz dəstəyə sadiqik və regional münaqişələrin beynəlxalq hüququn bu prinsipləri və normalarına, BMT Nizamnaməsi və Helsinki yekun sənədinə əsaslanan həll səylərini dəstəkləməkdə davam edirik", - deyə Bəyannamənin 47-ci bəndində bildirilir.

Ermənistanın ərazi bütövlüyünün dəstəklənməsində rəsmi İrəvan qeyri-adi heç nə görməsə də, NATO-nun bu bəyanatı Ermənistanda məlum səbəblərdən qəbuledilməz sayılıb. Ermənistan prezidenti Serj Sarqsyan Çikaqoya səfərdən də məhz bu səbəbdən imtina edib. "Qətnamə layihəsinə Cənubi Qafqazda və Moldovadakı münaqişələrin həllinə dair səthi formullar əlavə olunub. Lissabon qətnaməsi ilə müqayisədə burada müəyyən dəyişikliklər olsa da, sənəd Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq mandata sahib olan ATƏT-in Minsk qrupu həmsədrlərinin məsələyə yanaşmalarına ziddir", - deyə İrəvanın mövqeyini izah edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib. "İnterfaks"ın məlumatına görə, erməni nazir fikrini belə davam etdirib: "Bu, nəinki Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinə ziyan vura bilər, həm də xüsusilə Azərbaycanın hərbi xərclərini görünməmiş şəkildə artırması və bu ölkə rəhbərliyinin hərbi ritorikası fonunda regiondakı kövrək vəziyyəti təhlükə altına alır".

Erməni ekspertlər isə diqqəti NATO-nun artıq ikinci dəfədir ki, yekun bəyannaməsinə bu cür bəndi əlavə etməsinə diqqət çəkir. Bundan əvvəl eyni hal Lissabon sammitində də baş vermişdi. Yeri gəlmişkən, S.Sarqsyan həmin sammitə də qatılmaqdan imtina etmişdi. "Sivilitas" fondunun eksperti Tatul Akopyan deyir ki, "Ermənistan bu məntiqlə hərəkətə davam edərsə, onda Sarqsyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan digər dövlətlərə də səfərlər etməməlidir".

Məsələyə vaxtilə Ermənistan hakimiyyətində təmsil olunan şəxslərlə silahdaşlıq etmiş sabiq xarici işlər naziri Vardan Oskanyan da tənqidi yanaşır: "Ermənistan prezidentinin sammitə qatılmaması bu cür əsaslandırılmasaydı, mən burada problem görməzdim. Amma əsaslandırma məhz belədir - "NATO sammitində qəbul olunacaq bəyannamənin layihəsində Cənubi Qafqazda və Moldovadakı münaqişələrin həllinə yanaşmada ümumi formul əks olunub, bu isə ATƏT çərçivəsində qəbul edilmiş bəyanatlara və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə ziddir"". Oskanyan bildirib ki, S.Sarqsyanın Çikaqoya getməkdən imtinası "məğlubiyyətdən və özünütəcridin ən qısa yolundan başqa bir şey deyil".

Xatırladaq ki, erməni diplomatiyasında bu, ilk belə davranış deyil. Hələ V.Oskanyanın XİN başçısı olduğu dövrdə də Ermənistanın ozamankı rəhbəri Robert Köçəryan Parisdəki Rambuye qəsrində Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqları yarımçıq kəsərək oranı tərk etmişdi. Əvvəl bildirilirdi ki, Köçəryan danışıqları "bir azdan geri dönəcəyini" deyərək tərk edib, lakin sonradan geri qayıtmayıb. Amma sonradan bəlli oldu ki, Ermənistan prezidenti müvəqqəti olaraq danışıqları tərk etmək yox, birdəfəlik aradan çıxmaq qərarına gəlibmiş. Rəsmi səbəb kimi, ozamankı müdafiə naziri, hazırkı prezident Serj Sarqsyanın qohumunun dünyasını dəyişməsi göstərilirdi: münaqişənin həllinə dair danışıqları yarımçıq qoyaraq aradan çıxmaq üçün dəmir arqument!

Azərbaycana gəlincə, öz strateji maraqları naminə Azərbaycan və NATO əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Azərbaycan NATO üçün həm səmərəli coğrafi məkanı, Cənubi Qafqazdakı lider rolu, Avropanın enerji təhlükəsizliyinin təminindəki önəmi baxımından, həm də beynəlxalq antiterror koalisiyasının fəal iştirakçısı kimi cəlbedicidir. Siyasi dialoqa açıqlıq nümayiş etdirən Bakı, eyni zamanda, Avroatlantik məkana inteqrasiya cəhdləri ilə alyansı təngə də gətirmir.

Bakının NATO üçün qlobal iqtisadi təlatümlər qarşısında dayanıqlı, özü-özünü dolandıra bilən tərəfdaş olması da vacib faktorlardandır. "İnterfaks"ın məlumatına görə, Moody's Investors Service beynəlxalq reytinq agentliyi Azərbaycanın maddi dayanıqlılığını yüksək qiymətləndirir. Bu qiymətləndirmə agentliyin Azərbaycanla bağlı illik kredit hesabatında da yer alıb.

Agentlik bildirir ki, Azərbaycanın yüksək maliyyə dayanıqlılığı ciddi xarici aktivlər və hökumətin güclü balansı hesabına mümkün olur. "Azərbaycanın əlverişli borc strukturu da var", - hesabatda belə qeyd olunub. Ermənistanda isə vəziyyət tam əksinədir. İrəvan yalnız 2015-ci ildə xarici dövlət borcunu ÜDM-in 36,6%-dən 33,9%-ə endirməyi planlaşdırır. Bu, yalnız rəsmi rəqəmlərdir. Beynəlxalq Valyuta Fondunun hesablamaları isə 2012-ci ilin sonuna Ermənistanın dövlət borcunun ÜDM-yə nisbətdə, təxminən, 42% təşkil edəcəyini göstərir. Üstəlik, 2012-ci ildə Ermənistanın büdcə kəsrini aradan qaldırması və borcların ödənilməsi üçün əlavə kreditə ehtiyacı olacaq. Beləliklə, tam şəkildə diasporun ianələrindən, Rusiya və İranın ayırdığı kreditlərdən asılı olan ölkə üstəlik, konstruktiv siyasi dialoqdan da qaçır, özünü beynəlxalq münasibətlərin zəif bəndi kimi göstərir. Nəticədə, hətta Ermənistanın ənənəvi müttəfiqi olan Rusiyada belə, erməni ballastından xilas olmağa dair çağırışların da sayı artıb.


MƏSLƏHƏT GÖR:

415