
MƏŞQÇİ SKAMYASINDAN BAXIŞ
Berti Foqts "Avroviziya"da kimə azarkeşlik edəcək: Azərbaycana, yoxsa Almaniyaya?
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
ALMAN MƏŞQÇI BAKININ QONAQLARINA ÖZ MƏSLƏHƏTLƏRİNİ də "R+"la BÖLÜŞDÜ
Adətən, xarici səfərə hazırlaşanda gedəcəyimiz ölkə barədə məlumat toplayırıq - görəsən, bu ölkənin hansı özəllikləri var, ora nə ilə məşhurdur, hansı tarixi, mədəni və memarlıq abidələri mövcuddur, təbiəti və mətbəxi zəngindirmi və s. Əlbəttə, bütün bu suallara cavabı internetdən də tapmaq mümkündür. Lakin təcrübə göstərir ki, ən faydalı məlumat tanıdığımız insanlardan aldıqlarımızdır. Və bu şəxs nə qədər nüfuzludursa, o qədər də ondan aldığımız məlumata güvənmək olar. Deməli, səfər də boşuna getməyəcək.
Odur ki, biz də "Avroviziya" mahnı müsabiqəsi ərəfəsində Bakının qonaqlarını ölkəmizi yaxşı tanıyan bir əcnəbinin fikirləri ilə tanış etmək istədik və müsahib kimi, avropalı oxucularımıza yaxşı tanış olan Berti Foqtsu seçdik. Futbol üzrə Azərbaycan millisinin alman baş məşqçisi ilə Azərbaycan və "Avroviziya" barədə söhbətləşdik.
- Ötən il "Avroviziya" mahnı müsabiqəsi Almaniyanın Düsseldorf şəhərində keçirildi. Maraqlıdır, yarışmanı zaldan izləmirdiniz ki?
- Təəssüf ki, ötən il Düsseldorfda "Avroviziya" mahnı müsabiqəsi keçirildiyi zaman vətəndən kənarda idim. İşimlə əlaqədar həmin günlər Almaniyada deyildim. Çox istərdim, həmin yarışmanı izləyim, amma alınmadı. Ötən il "Avroviziya"nın keçirildiyi məkan evimdən 10 km məsafədə idi. Almaniyada olsaydım, mütləq mahnı müsabiqəsində tamaşaçı qismində iştirak edərdim. Təşkilatçılıq yüksək səviyyədə idi. Qonaqlar yarışmadan razı qaldığı üçün, müsabiqəni istədiyimiz kimi keçirdiyimizi söyləyə bilərəm.
- "Avroviziya" Azərbaycanda və Almaniyada. Hansı fərqli cəhətləri göstərə bilərsiniz?
- Almaniyada bu müsabiqəyə maraq Azərbaycanda olduğu kimi yüksək deyildi. Azərbaycanda "Avroviziya" müsabiqəsinə böyük önəm verilir. Son aylar da hamı məhz müsabiqədən danışır. Əminəm ki, ölkəniz mötəbər yarışmanı yüksək səviyyədə təşkil edəcək. Azərbaycan indiyə qədər bir sıra mötəbər idman turnirlərinə ev sahibliyi edib. "Avroviziya" mahnı müsabiqəsi olsa da, ölkəniz bu işi də şərəflə başa vuracaq.
- Almaniya mətbuatı sizinlə daim əlaqədədir. Onlar sizdən Bakıda keçirilən "Avroviziya" müsabiqəsi haqda soruşublarmı?
- Alman jurnalistlər daim Azərbaycanla bağlı suallar verir. Səbəb sadədir. Almaniyada əksəriyyət ölkəniz haqda az məlumatlıdır. Onlara maraqlıdır - Azərbaycan necə ölkədir, insanlar burda necə yaşayır. Həmişə demişəm ki, Azərbaycan, xüsusilə paytaxt Bakı gözəl məkandır. Ölkənizlə tanışlıqdan sonra çoxlu müsbət fikir səsləndirmişəm. Doğrudan da Azərbaycan mənim çox xoşuma gəlir. Həmyerlilərim Bakını görsə, bura tez-tez gəlmək istəyərlər.
- Yəqin, Bakıya gələcək turistlər arasında alman çox olar...
- Mən dostlarıma həmişə deyirəm ki, əgər maraqlı şəhərlərə gəzintiyə çıxmaq istəyirlərsə, Bakını da gedəcəkləri yerlər siyahısına daxil etməlidilər. Əminəm ki, peşman olmayacaqlar.
- Sizcə, Azərbaycan paytaxtı turistləri nə ilə təəccübləndirə bilər?
- Azərbaycanda insanlar çox qonaqpərvərdir. Bu, vacib amildir. Digər məqam Bakının gün-gündən gözəlləşməsidir. Mərkəzi küçələr adamı heyran edir. Turistlər görməli yerləri sevirlər. Tarixi abidələriniz çoxdur, bunlar qonaqlar üçün çox maraqlıdır. Əlbəttə ki, mətbəxi yaddan çıxarmaq olmaz. Avropanın əksər ölkələrinin yeməkləri bir-birinə çox oxşayır. Siz turistlərə fərqli mətbəx təklif edə bilərsiniz.
- Yeri gəlmişkən, sizin Bakıda sevdiyiniz məkan varmı?
- Bakıda sevdiyim guşələr çoxdur. Qaldığım yerin yanında gözəl park var, imkan olanda orada gəzişirəm. Nizami küçəsində isə qarışıq mətbəxlərin təklif olunduğu bir yer var. Asudə vaxtlarım olanda sevdiyim məkanlara baş çəkirəm.
- Bəs yemək? Azərbaycanda hansı yeməkləri xoşlayırsınız?
- Ət yeməklərini bəyənirəm. Sizin mətbəxdə çeşidli ət yeməkləri olur. Acılı yeməkləri çox sevirəm. Xüsusi ədviyyatlarla yeməklər acılı olur. Amma onu hiss etmirsən və sənə yaxşı təsir edir.
- Azərbaycan pivəsinin dadına baxmısınız?
- (Gülür) Artıq 5 ildir Azərbaycanda çalışıram. Alman olum, pivənin dadına baxmayım?! Əlbəttə baxmışam. Özü də çox xoşuma gəlib.
- Almaniya dünyada öz pivələri ilə məşhurdur. Amma siz bizim pivə haqda xoş sözlər deyirsiniz...
- Fikirlərimi səmimi qəbul edin. Alman kimi pivənin nə olduğunu gözəl bilirəm. Azərbaycanda içdiyimiz pivəni çox xoşlayıram. Heç də alman pivəsindən geri qalmır.
- Bəs Azərbaycan idmanı və idmançıları barədə nə deyə bilərsiniz?
- Azərbaycanda güləş, şahmat çox populyardır. Ağır atletikaya da maraq böyükdür. Sizdə Olimpiya Oyunlarına xüsusi maraq olduğunu bilirəm. İdmançılardan Elnur Məmmədlini qeyd etməliyəm. Bir dəfə görüşümüz olub. Çox istedadlı idmançıdır.
- Onun əsas rəqiblərindən biri alman idmançısı Ole Bişofdur...
- Bilirəm. Elnurla söhbət zamanı bunu bildim. Düzü, Elnuru tanıyıram, amma Bişof haqda məlumatım çox deyil. İstənilən halda Olimpiadada Elnura azarkeşlik edəcəyimi bildirmişəm. Özünə də demişəm. Əgər Londonda alman Bişofla qarşılaşsa belə, Elnurun tərəfində olacağam.
- Gəlin, yenidən "Avroviziya" mövzusuna qayıdaq. Bu yarışma ölkəmizə nə verəcək?
- Azərbaycan kimi kiçik və dinamik sürətlə inkişaf edən ölkə üçün hər bir beynəlxalq müsabiqə çox vacibdir. Bu il "Avroviziya"dan sonra futbol üzrə 17 yaşlı qızların Dünya Çempionatının final oyunları Bakıda keçiriləcək. 2016-cı ildə 17 yaşlı oğlanların Avropa Çempionatı da paytaxtınızda baş tutacaq. Bütün bu müsabiqələr, turnirlər sizi dünyaya daha da tanıdır. Sizin haqda məlumat əldə etmək Avropa üçün vacibdir. Azərbaycan yüksək təşkilatçılığı ilə Avropaya vizit kartını göndərir.
- Yəqin ki, "Avroviziya" zamanı Bakıda olmayacaqsınız. Çünki mayın sonlarında millimizin Yaponiya və Andorra yığmalarıyla görüşü var...
- Düz qeyd etdiniz. Həmin müddətdə futbolçularla əvvəlcə Yaponiyaya, sonra isə Almaniyaya yollanacağıq. Bizi çox maraqlı 2 görüş gözləyir. Mətbuat vasitəsilə Bakıda baş verənlər haqda məlumat əldə edəcəyik. Niyə soruşdunuz?
- Bilmək istəyirdim, hansı ölkəyə azarkeşlik edəcəksiniz?
- Bu nə sualdır?! Əlbəttə Azərbaycana. Hələ də şübhə edirdiniz?!
- Azərbaycanın builki təmsilçisi və mahnısı haqda məlumatınız var?
- Təəssüf ki, geniş məlumatım yoxdur. Amma həmkarlarım, eləcə də futbolçulardan yalnız müsbət fikirlər eşitmişəm. Hamı mahnını və ifaçınızı bəyənib. Səbinə Babayeva gözəl səsə malik xanımdır.
- Sizcə, yenidən qələbə qazanmaq şansımız varmı?
- Niyə də yox?! Azərbaycan ifaçısı titulunuzu qoruya bilər. Digər iştirakçılar barədə məlumatım yoxdur. Amma Azərbaycan yenə qalib gələ bilər.
- Siz "Avroviziya" zamanı xaricdə olacaqsınız. Bəlkə Səbinə Babayevaya səs verəsiniz...
- Mütləq. Əlbəttə, tək mənim səsimlə iş bitmir. Amma çalışacağam kömək edim.
- Bildiyiniz kimi, Bakı 2020-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyir. "Avroviziya"nın yüksək səviyyədə keçirmək qarşıdakı iddialarımıza kömək edə bilərmi?
- Azərbaycanda, xüsusilə Bakıda keçirilən hər bir tədbir bütün dünya üçün çox vacibdir. İnanın, hər dəfə ölkəniz hər hansı bir tədbiri keçirməsi barədə eşidəndə insanlar düşünür: görəsən, Xəzər dənizi sahilindəki bu şəhər harada yerləşir? Əlbəttə, bəzən tənqidi fikirlər də eşitmək mümkündür. Müasir zamanda tənqidi fikirlərə normal yanaşmaq lazımdır. Hətta deyərdim ki, bəzi tənqidi fikirlərin olması yaxşı haldır. Deməli, Azərbaycan artıq gündəmi zəbt edir. Lakin fikrimcə, tanımadığın ölkə haqda mühakimə etmək olmaz. Şəxsən öz adımdan deyirəm: mən Azərbaycanı tanıyıram və Bakıya hər növbəti səfərimə görə yalnız sevinirəm.
MƏSLƏHƏT GÖR: