Müəllif: Aydan MƏMMƏDOVA Bakı
Payızda Azərbaycanda piştaxtalara gavalı "çıxır". Parlaq rəngli, qeyri-adi dada malik bu meyvəni həm tər halda yeyirlər, həm ondan konserv düzəldirlər, həm də qurudaraq hamıya tanış olan qara gavalı halında qışa saxlayırlar. Gavalıdan yaxşı şirə, kompot, kisel də alınır.
Növündən asılı olaraq gavalı avqustun ortalarından oktyabrın sonlarınadək yetişir. Gavalı ağacı çoxlarının bağında, evlərin həyətində bitir. O, çəyirdəklilər sinfinə aiddir. Ərik, şaftalı, albalı ona yaxın meyvələr sayılır. Bu gün dünyada gavalının, təxminən, 100 növü var. Onların hamısı yabanı göyəmdən əmələ gəlib. Gavalının sarı, bənövşəyi, göy, qırmızı və yaşıl növləri yetişdirilir. Azərbaycanda onun, demək olar ki, bütün məşhur növləri yetişir - mirabel, cır gavalı, viktoriya və s.
Gavalının dadı turşməzədirsə, demək, o, ağacdan vaxtından əvvəl üzülüb. Bu halda otaq hərarətində saxlanılan meyvə bir neçə günə tam yetişir.
"Polivitamin"
Gavalı klassik pəhriz məhsuludur. Onun çox şirin olmasına baxmayaraq, tərkibində kalori azdır - 100 qram məhsula, təxminən, 30 kalori. Bundan başqa, gavalının əti və qabığı pektinlərlə, sellülozla zəngindir. Bunun nəticəsində gavalı həzmi yaxşı tənzimləyir, qəbizliyi aradan qaldırır.
Gavalının tərkibində çox sayda mineral maddələr, xüsusilə ürək xəstəliyindən, yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalı olan kalium, maqnezium var. Bu maddələr ürəyin qidalanmasına kömək edir. Bundan başqa, gavalıda böyük həcmdə kalsium, natrium, kifayət qədər fosfor, sink, yod və xrom, həmçinin miss və ftor var. Bu meyvə vitaminlərlə də zəngindir: askorbin turşusu və A vitaminilə yanaşı, gavalıda B qrupuna aid vitaminlərə, həmçinin PP vitamininə də rast gəlinir. Bunlar insanın görmə qabiliyyətinə müsbət təsir göstərir, damarları möhkəmlədir. Bu cür minerallar və vitaminlərin qarışığı yüksək təzyiqdən, qanazlığından əziyyət çəkən, damarlarının divarları nazik olan pasiyentlərə xeyirdir. Gavalının tərkibindəki vitaminlərin böyük bir hissəsi meyvənin emalından sonra da itmir.
Gavalı və qara gavalı müntəzəm şəkildə qəbul edildikdə orqanizmdən artıq - xolesterinin kənarlaşmasına, damarların aterosklerotik ərplərdən təmizlənməsinə kömək edir. Böyrək, sidik kisəsi xəstəliklərindən əziyyət çəkənlərə də gavalı yemək məsləhət görülür. Çünki o, kaliumla zəngindir. Gavalının tərkibindəki kalium yüngül sidikqovucu effektə malikdir və bu, orqanizmin duzdan, yağdan təmizlənməsinə kömək edir. Maddələr mübadiləsinin pozulması halında, həmçinin piylənmə və revmatizmə qarşı gavalı çox faydalıdır.
Qanazlığının dərmanı
Kalium təzyiqi tənzimləməklə, artıq mayeni orqanizmdən kənarlaşdırmaqla yanaşı, həm də əzələlərə sinir impulslarının ötürülməsinə kömək edir. Bu üzdən də, o, əzələlərin yığılmasına yardım edir. İdmançıların və fəal şəkildə idmanla məşğul olan insanların tez-tez gavalı yeməsi vacibdir. Bundan başqa, onun tərkibindəki üzvi turşular və turşməzə olması iştahanı açır. Bu mənada gavalı iştahanı pozulmuş uşaqlara da xeyirdir.
Gavalı meyvəsində xüsusi maddələr də var - fitokumarinlər. Onlar kiçik damarlarda tromblaşmanın qarşısını alır, onları genişləndirir və qan dövranını yaxşılaşdırır. Gavalının qanazlığından əziyyət çəkən şəxslərə də faydası çoxdur. O, yeni eritrositlərin sintezini stimullaşdırır. Qurudulmuş gavalı qızdırma zamanı bədənin hərarətinin aşağı salınmasına yardım edir.
Orta əsrlərin həkimi
Gavalı ağacı Azərbaycanın bütün bölgələrində bitir. Orta əsrlərə aid mənbələr belə, onun meyvəsinin müalicəvi xüsusiyyətlərindən xəbər verir. Məhəmməd Mömin yazırdı: "Gavalı hərarətin, kəskin qızdırmanın, güclü başağrısının aradan qaldırılması üçün faydalıdır. 460 qram gavalı 0,7 litr suda bişirilən zaman yaxşı işlətmə dərmanı əmələ gəlir. Gavalının qurd dərmanı effekti də var. Yemişdən, gavalının yarpaqlarından və kökündən hazırlanan həlimlə qarqara etmək anginaya, badamcıqların iltihabına xeyirdir. O, damaqları da möhkəmləndirir. Yaxşı həzm olunması üçün gavalını gül mürəbbəsi ilə yemək olar".
İbn Sina isə yazırdı ki, "gavalının lətinin xaricdən tətbiqi xoranı sağaldır, dəmrovu aradan qaldırır. Gavalı yarpaqlarının dəmləməsilə ağızı yaxaladıqda selikli qişaya düşmüş infeksiyalar badamcıqlara gedib çata bilmir. Gavalı ağacının şirəsi görmə qabiliyyətini gücləndirir. Şirin gavalı sarı öd ifrazatını artırır. Gavalı ağacının şirəsini suya qataraq içdikdə o, sidik kisəsindəki daşları parçalayır...".
ÇƏYİRDƏKSİZ GAVALI MÜRƏBBƏSİ
Gavalının çəyirdəkdən təmizlənməsi zəhmət tələb edən proses olsa da, ondan oladi və blinlər üçün qarnir kimi istifadə etmək olur.
Tələb olunur:
Gavalı - 1 kq
Şəkər tozu - 6 stəkan
Su - 4 stəkan
Hazırlanması:
Çəyirdəyi lətindən asan ayrılan gavalı növü seçilməlidir. Seçilmiş meyvələr yuyulur, şırımlanır və çəyirdəyi çıxarılır. Şirə qaynadılır. Bunun üçün ləyənə su və şəkər tökülərək, odun üzərinə qoyulur. Şirə qarışdırılmaq şərtilə, qaynama həddinə çatdırılır. Hazır gavalılar qaynar şirənin içərisinə tökülür, qaynatmaqdan əvvəl 3-4 saat saxlanılır. Daha sonra o, qaynama həddinə yaxın həddədək qızdırılır və yenidən 8-12 saat kənara qoyulur. Növbəti dəfə 5-8 dəqiqə qaynadıldıqdan sonra yenə 8-12 saat fasilə verilir. Sonda tam hazır olanadək qaynadılır (təxminən, 10-15 dəqiqə).
QARA GAVALI
Qara gavalını istər sobada, istərsə də xüsusi setkada qurutmaq olar. Qurudulma üçün yetişmiş, üzərində çürümə, kif əlamətləri olmayan meyvələr yığılmalıdır. Meyvələrin çəyirdəyini çıxarmaq vacib deyil. Onları 1-2 dəqiqə ərzində qaynayan suda saxlayın, daha sonra soyuq suda soyudun. Kağız dəsmalın üzərinə sərərək artıq suyunu çəkin. Qara gavalının xarakterik parıltısını alması üçün onu şirənin içərisində islatmaq da olar. Bunun üçün qaynayan suya bal tökün. Sobanı 60 dərəcəyədək qızdırın və sobanın qapısını tam örtməyin. Bununla, siz havanın daha yaxşı dövr etməsinə imkan yaradacaqsınız və nəticədə, su daha yaxşı buxarlanacaq.
1 saat fasilələrlə meyvələri çevirin. Qara gavalının qurudulmasına, təxminən, 10 saat vaxt lazım gəlir.
Məhsul qara rəng, elastiklik və şirin-turş dad aldıqda, demək artıq istifadəyə üçün hazırdır. Gavalıları bankalara yığın, 1 həftə müddətinə ağzını kip bağlayaraq saxlayın. Bununla yanaşı, hər gün silkələnməlidir. Bu zaman şüşəyə diqqət yetirin: orada çox miqdarda kondensat yığılırsa (cüzi olarsa, problem deyil), qurudulma prosesi təkrarlanmalıdır. Həddindən artıq quru və həddindən artıq nəm meyvələr arasında balans yarandıqda qara gavalını parça kisəyə yığın.
MƏSLƏHƏT GÖR: