Müəllif: Vəfa ZEYNALOVA Sabirə MUSTAFAYEVA Bakı
İngilislərdə atalar sözü var - beşiyi yelləyən əl dünyanı idarə edən əldir. Bu fikrin aktuallığı xüsusilə bu gün - uşaqların tərbiyəsi və təhsilinə yanaşmanın prinsiplərinin dəyişdiyi dövrdə şəksizdir. Bu gün dünya etiraf edir ki, şəxsiyyətin kamil və həmahəng inkişafı üçün ailə və ictimai institutların tandeminə ehtiyac var. Bu işdə anaların rolu qiymətsiz və əvəzolunmazdır. Əksər mütəxəssislərin və psixoloqların dediyi kimi, ana ilə övlad arasında sağlam, etibarlı münasibətlər uşağın gələcək xoşbəxtliyinin, özünə əminliyinin rəhnidir.
Ən başlıcası və ən xoş olanı isə bizim azərbaycanlı anaların uşaqlarının tərbiyəsində, onlarla qarşılıqlı münasibətlərin qurulmasında dünya təcrübəsindən və şəxsi təcrübədən kənarda qalmamasıdır. Fəal anaların bu yaxınlarda ekspert Rüfət Əliyevlə və Təhsil Nazirliyinin Rusiyadan dəvət etdiyi təhsil novatoru, ən əsası isə, uşaq sağlamlığı ilə məşğul olan akademik Vladimir Bazarnı ilə görüşü bunu təsdiqləyir.
Gələcək perspektivlər
Görüşün təşkili və özü rəsmi xarakter daşımırdı. Ola bilsin ki, yüksək səviyyəli ekspertlərlə protokol mövzularını deyil, gündəlik məsələlərin müzakirə edilməsi də bununla bağlı idi.
Görüşdə iştirak edən anaların əksəriyyəti işləyən, fəal və uğurlu qadınlar idi və bu, ümumilikdə, nümunəvi hal sayıla bilər. Bu, bir yandan onu göstərir ki, yaxşı ana həyatından məmnun olan, eyni zamanda mövcud tendensiyalardan kənarda qalmayan anadır. Digər tərəfdən görünən odur ki, təhsilli, elmli olmaq anaların özünü və uşaqlarının inkişafı üçün hərəkətverici amildir.
Ekspertlərin seçimi təsadüfi deyildi. Axı, onlar sadəcə reqaliya daşıyıcıları deyil, uşaqların, onların sağlamlığının, təhsilinin, kamil və həmahəng inkişafının qayğısına qalmağı özlərinə peşə seçmiş şəxslərdirlər. Rüfət Əliyev 40 il təhsil sahəsində rəhbər vəzifələr tutub, Biləsuvar rayonunda Avropa liseyinin və İstedadlı uşaqlar üçün liseyin yaradıcısıdır.
Vladimir Bazarnı isə alim, həkim, musiqiçi və novator müəllimdir. Tibb elmləri doktoru olan Bazarnı Yaradıcı Pedaqogika Akademiyasının həqiqi üzvüdür. Onun hazırda əsas fəaliyyəti yeni istiqamətin - "sağlam inkişafedici" pedaqogikanın yaradılmasıdır.
Görüş, ümumilikdə, yalnız Vladimir Filippoviçin elminin əsasları ilə tanışlığa həsr edilməmişdi. Məqsəd həm də görüşə qatılanların Təhsil Nazirliyinin məqsədi haqda məlumatlandırılması idi - nazirlik tanınmış akademikin ideyalarına böyük hörmətlə yanaşır və onları bir sıra şəhər məktəblərində tətbiq etmək niyyətindədir. Son zamanlar, sanki, rəsmi strukturları tənqid atəşinə tutmaq dəbə minib və Təhsil Nazirliyi bu mənada daha çox hədəfə çevrilir. Bu, əlbəttə ki, təsadüfi deyil və bu işdə valideynləri günahlandırmaq da olmaz. Çünki təhsil sistemi uzun müddət ərzində məqsədyönlü şəkildə dağıdılıb. Təbii ki, perspektivli və istedadlı mütəxəssislərdən, "paralel dünyanın insanlarından" ibarət yeni komanda bir anda bu sistemin dağılmış qalıqlarını toplayaraq, dirçəltmək iqtidarında deyil. R. Əliyevin də bildirdiyi kimi, indi təhsil sisteminin dirçəldilməsi üçün tamamilə yeni yanaşmalara ehtiyac var. Bu işdə əsas problem dəfələrlə yazıldığı kimi, peşəkar kadrların çatışmazlığıdır. Üstəlik, məlum olduğu kimi, təhsil sistemi uzunmüddətli layihədir və onun nə qədər effektiv olduğunu yalnız 5-10 ildən sonra qiymətləndirmək olar. Bu yerdə ortaya bir tərəfdən tamamilə təbii narazılıq çıxır: "lazımi kadrlar yoxdursa, normal təhsil sisteminin formalaşması üçün daha nə qədər gözləməliyik?" Digər yandan işlər görülür və effektiv sistemin yaranması perspektivləri var. Bu, əlbəttə ki, sevindiricidir.
Bazarnı nəzəriyyəsi
Təhsil prosesinin təşkilində fəal və düşüncəli valideynlərin rolu, onların fiziki və maddi yardımı, dəstəyi son dərəcə dəyərlidir. "Uşağı məktəbə verdikdə təhsil ocağı ilə müqavilə imzalayın. Orada sizin bütün öhdəlikləriniz və qaydalar yer almalıdır", - deyə professor Bazarnı bildirir: "Sizin valideyn kimi borcunuz müvafiq müqaviləni məktəbdən də tələb etməkdir. Məktəb rəhbərliyi uşağa kamil təhsil verəcəyinə, onun fiziki və psixoloji sağlamlığının qorunub saxlanacağına zəmanət verməlidir!"
Valideynlərlə məktəb rəhbərliyinin fəal əməkdaşlığı adət halını almalı, ən əsası isə effektiv olmalıdır.
Müqavilədə nəzərdə tutulacaq məqamlara gəlincə, məktəbin uşağın sağlamlığının qorunması haqda öhdəliyinə əməl edəcəyinə inanmaq çətindir. Bazarnı və onun alim həmkarları tərəfindən aparılmış çoxsaylı araşdırmalar uşaqların bugünkü tərbiyə və təhsil sisteminin onların təbiətlərinə qarşı yönəldiyini göstərir. Vladimir Filippoviçin hazırladığı konsepsiyaya əsasən, uşağın məktəbdə təhsil alması prosesində ən vacib rolu onun sinifdə hansı pozada olması oynayır. "Dayanmaq, gəzmək, hərəkət etmək uşağın təbii tələbatlarıdır. Amma biz təəssüf ki, orqanizmimizin psixobioloji inkişafı qanunlarını yaddan çıxarırıq", - deyə professor qeyd edir.
Hələ qədim zamanlarda insanlar hərəkətin həyat demək olduğunu anlayırdılar. Bununla yanaşı, xəstəliklərin (görmə, ürək, psixika, immun sistemi, kişilərdə uroloji, qadınlarda ginekoloji xəstəliklər və s.) meydana çıxması səbəblərinin müəyyənləşdirilməsi məqsədilə aparılan, demək olar ki, bütün ciddi araşdırmalar zamanı oturaq rejim əsas risk amilləri sırasına daxil edilib. Araşdırmalar onun ən ağır bədən xəstəliklərinə yol açdığını göstərir.
Professorun profilaktika və sağalma üçün ilk vasitə kimi bədən vertikalının uşaqlıqdan norma halına salınmasını məsləhət görməsi də bununla bağlıdır.
Kontorka - vertikal dayaq-parta deməkdir. Bu qurğu elə bir səviyyədə qurulur ki, uşağa belini bükmədən onun arxasında dayanmaq komfortlu olsun.
Professor Bazarnının fikrincə, gələcəkdə daxili orqanların patologiyasını yarada biləcək qamət pozuntularının vaxtında önlənməsi daha asandır. Bu halın qarşısı vaxtında alınmadıqda, gələcəkdə meydana çıxan problemlərin aradan qaldırılması üçün uzun müddət mübarizə aparmaq lazım gəlir.
Bu, onun konsepsiyasını qiymətli edən yeganə məqam deyil. Axı, o, bu qənaətlərə gəlmək üçün saysız-hesabsız elmi əsərlərlə, eyni zamanda ayrı-ayrı nəsillərə aid valideynlərin çoxəsrlik təcrübəsilə tanış olub.
"Biz tez-tez uşaqlarımız üçün ən yaxşı şeylərin artıq "ixtira olunduğunu unuduruq. Halbuki bütün bunları xalq müdrikləri artıq çoxdan müəyyən ediblər", - deyə professor bildirir: "Məsələn, indi uşaqları necə yatırdırlar? Çarpayıda, qucaqda və ya uşaq arabasında yelləməklə. Keçmişə müraciət etsəniz isə demək olar ki, bütün evlərdə nənnilərin asıldığını görərsiniz; uşaq doğulanadək 9 ayı çəkisizlikdə keçirir. O, dünyaya gəldikdə Yer kürəsi, sanki, onu əzir. Bunun öhdəsindən gəlmək üçün uşaq məhz nənniyə qoyulurdu - dalğavari hərəkət ona cazibəyə daha tez uyğunlaşmağa kömək edirdi".
Professor Bazarnı, həmçinin təbii yedirmənin, laylaların, uşaqla "söhbət"in xeyrini sübut edən çoxsaylı təhqiqatlar haqda da danışıb. Uşaqda normal psixikanın formalaşmasına nağıllar da ciddi təsir göstərir. Vladimir Filippoviçin sözlərinə görə, məhz nağıllar hisslərin dominantlığını müəyyən edir, onlarda xalq pedaqogikasının dərinlikləri və mədəniyyəti əks olunur. Mənəvi dəyərlər, xeyir və şər haqqında təsəvvürlər uşaqda ilk olaraq, məhz, nağıllar sayəsində formalaşır. Göründüyü kimi, dahi olan hər şey sadədir. Məhz, bu "sadəliyə" görə bizim övladlarımızın hərtərəfli inkişafı üçün lazım olan qiymətli vaxtımız hədər gedir.
Yaxşı xəbər
Rüfət Əliyevin verdiyi xəbərə görə, Vladimir Bazarnının təhqiqatlarını əsas götürən Təhsil Nazirliyi artıq bir neçə şəhər məktəbində onun metodikası əsasında pilot siniflər açıb: kontorkalarla təchiz olunmuş siniflərdə partalar yoxdur, dərs ləvazimatları isə divarlarda, hətta tavanda (şagird uzanaraq oxumaq istəyərsə) yerləşir. Bu cür siniflərin yaradılması cəsarət və qeyri-adi düşüncə ilə yanaşı, rəhbərlikdən qeyri-etinasızlıq və maliyyə də (təsadüfi deyil ki, ilk siniflər kənar yardımlar hesabına açılıb) tələb etsə də, təhsil prosesində optimal şəraitin yaradılması o qədər də çətin deyil. Həmişəki kimi, əsas məsələ istəyin olması, məktəbin rəsmi rəhbərliyi tərəfindən bürokratik əngəllərin yaradılmamasıdır.
Görüşün sonunda hər iki ekspert anaların saysız-hesabsız suallarını cavablandırıblar. Onların ən maraqlılarını təqdim edirik:
- Son vaxtlar uşaqların qacetlərlə həvəsi artıb. Biz isə uşaqlarımıza qacet almırıq...
- Tamamilə haqlısınız. Qacetlərin uşaqların inkişafına və psixoloji durumuna mənfi təsiri artıq sübut olunub. Lakin ətrafın, bu cür müasir texnikanın "üstünlüklərini" təbliğ edən reklamın təsirindən qorunmaq asan deyil. Əlbəttə ki, imkan daxilində uşaqların planşetlərlə, smartfonlarla və s. istifadəsini yüngül şəkildə məhdudlaşdırmaq pis olmazdı. Amma nəzərə alsaq ki, bəzi hallarda məktəbdə həmyaşıdları uşaqlar üçün avtoritet sayılırlar, bunu etmək çətin olur. Şübhəsiz ki, bu vasitələrə sahib olan uşaqlar digərlərinin yanında "hörmət"ə malikdirlər. Əsas məsələ də odur ki, parta və ya sinif yoldaşında qacetin olması uşaqda çatışmazlıq kompleksi yaratmasın. Bunun üçün onda düzgün prioritetləri formalaşdırmaq lazımdır. Məsələn, qacetlərin ziyanını uşağa izah olunmalı, ondan istifadənin müddəti və məkanı dəqiq müəyyənləşdirilməlidir.
- Uşaqlar televizora nə qədər baxa bilərlər?
- Uşaqların televizor qarşısında keçirdiyi vaxtı minimuma endirmək lazımdır. 2-3 yaşınadək, ümumiyyətlə, televizora yaxın buraxmaq lazım deyil. Çünki inkişaf etdirən cizgi filmlərinin və verilişlərin çoxluğu belə, onlarla canlı oyun və təması əvəz etmir. Bundan başqa, televizor qarşısında keçirdiyi 1 saatın əvəzinə uşaq xeyli sayda yeni söz öyrənə bilər.
- Tədris üçün kontorkanı özümüz düzəldə bilərikmi?
- Əlbəttə, bilərsiniz. Biz stulun üstünə qoyula bilən sadə modellərdən tutmuş, partanı əvəz edə biləcək modellərədək müxtəlif kontorkalar hazırlamışıq. Əsas odur ki, uşağın qamətini düz tutacaq, onun üçün rahat olacaq hündürlüyü müəyyənləşdirəsən. Amma kontorkanın olması o demək deyil ki, uşaq daim ayaq üstə durmalıdır. Təcrübə göstərir ki, ən optimal rejim hər 15 dəqiqədən bir oturmaq - durmaq - uzanmaqdır.
UŞAQLARI QACETLƏRDƏN QORUYUN!
Stiv Cobs "Apple" şirkətinə rəhbərlik etdiyi dövrdə uşaqlarına aypədlər və ayfonlarla uzun müddət oynamağı qadağan etmişdi. Cobsun ailəsində uşaqların aypedlərin ekranı qarşısında keçirdikləri vaxta da məhdudiyyət qoyulmuşdu. Hətta ailədə gecələr və istirahət günləri qacetlərdən istifadə qadağan idi. Texnologiya dünyasından olan digər dahilər də bu cür edirlər. Ümumiyyətlə, əksər texnoloji şirkətlərin rəhbərləri və Kremnievoy vadisində çalışan sahibkarların ailələrində də eyni vəziyyətdir. Bu, qəribə görünə bilər. Amma yəqin ki, nəhəng IT şirkətlərinin rəhbərləri adi insanların bilmədiklərini bilirlər. Çünki onlar internetdən həddindən artıq çox istifadənin hansı fəsadlara yol açacağını anlayırlar. İnternetdən gələn "təhlükələr" dedikdə, ilk növbədə, uşaqlarda da böyüklərdə olduğu kimi, yeni texnologiyalardan asılılığın yaranması nəzərdə tutulur.
Təhqiqatlar göstərir ki, 10 yaşa qədər olan uşaqlar yeni texnologiyalara daha həssas yanaşırlar və faktiki olaraq, onlardan asılı vəziyyətə düşürlər. Odur ki, Stiv Cobs haqlı idi: uşaqlara gün ərzində planşetdən yarım saatdan çox, smartfondan isə sutkada 2 saatdan artıq istifadəyə icazə verilməməlidir. 10-14 yaşlı uşaqlar isə kompüterlərdən yalnız məktəb tapşırıqlarının yerinə yetirilməsi zamanı istfadə etməlidirlər.
Elə isə, uşaqların başını nə ilə qatmalı? Stiv Cobs haqda kitabın müəllifi Nik Bilton deyir ki, Cobs qacetləri uşaqlarla ünsiyyətlə əvəz edir, onlarla kitablardan, tarixdən və s. danışırdı. Və bu zaman uşaqlardan heç biri atası ilə söhbət əvəzinə ayfon və ya aypedlə oynamaq haqda düşünmürdü. Nəticədə, onun uşaqları internetdən tam azad şəkildə böyüdülər. Siz də belə məhdudiyyətlərə hazırsınızmı?
MƏSLƏHƏT GÖR: