14 Mart 2025

Cümə, 20:52

İSTİQAMƏT - ŞƏRQ

ARDNF və AMB öz aktivlərinin bir hissəsini yuanla yerləşdirmək niyyətindədirlər

Müəllif:

07.10.2014

Valyuta  rezervlərinin artması ilə Azərbaycan üçün onların diversifikasiya məsələsi də daha da aktuallaşır. Bu problemin həllinin vacibliyi son illərdə ABŞ və Avropa iqtisadiyyatlarında güclənən böhran vəziyyətlərini, dollar və avro məzənnəsinin dəyişkənliyini və bu valyutalarda olan qiymətli kağızların gəlirliyinin azalması nəzərə almaqla artıb. Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondunun (ARDNF) bu yaxınlarda çıxarılan qərarları  ölkənin dinamik inkişaf edən Asiya regionunun resurslarını cəlb eləməklə, strateji valyuta ehtiyatlarını da diversifikasiya etmək niyyətindədir. 

Kifayət qədər uzun müddət ərzində Azərbaycan hökuməti ARDNF və AMB-nin rezerv ehtiyatlarının multivalyuta səbətinin formalaşdırılması məsələsində kifayət qədər ehtiyatlı mövqeni tuturdu. Valyuta ehtiyatlarının strukturunun formalaşdırılmasında əsas rolunu Amerika dolları, avro və nəzərəçarpmayan dərəcədə Britaniya funtu oynayırdı. Bu cür yanaşma kifayət qədər obyektivdir, çünki yığımların strukturu ixracın əsas hissəsi "köhnə dünya" ölkələri və bir qədər də Amerikanın payına düşdüyü Azərbaycanın xarici ticarət fəaliyyətini kifayət qədər proporsional əks etdirirdi. 

Nisbətən yaxın dönəmdə, 2010-cu ildə Mərkəzi Bankda valyuta səbətinə yeni aktiv - qızılın  əlavə edilməsi barədə qərar qəbul edilib: AMB rezervlərində Azərbaycanın Gədəbəy rayonundakı yataqlarından hasil edilən qiymətli metalın bir hissəsi yığılırdı.

2012-ci ildə yeni sərmayə siyasətini qəbul edən Dövlət Neft Fondu da, on ildən çox mövcud olan konservativ yanaşmasından maliyyə alətlərinin siyahısını və sərmayələrin coğrafiyasını genişləndirərək, sərmayə portfelinin formalaşmasına keçib. Bu gün ARDNF öz aktivlərini təkcə G7 qrupuna daxil olan dövlətlərin deyil, Avropa Valyuta Birliyinə üzv dövlətlərin, həmçinin Rusiya və Türkiyənin, yəni uzunmüddətli ölkə (suveren borc) reytinqinə malik dövlətlərin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirir. 

Eyni zamanda Fond uzunmüddətli əsasda valyuta ehtiyatlarının diversifikasiyası üçün yararlı hesab edərək, öz aktivlərinə qızıl və daşınmaz əmlak da daxil edib. ARDNF və AMB-nin yeni strateji yanaşmaları valyutada, eləcə də  ABŞ və Avropanın qiymətli kağızlarında olan aktivlərin idarə edilməsindən alınan gəlirlərin nəzərəçarpacaq dərəcə azalmasına gətirib çıxaran son illərin mənfi tendensiyası ilə bir qədər bağlı idi. 

Eyni zamanda son illər Azərbaycan Yaxın Şərqin bəzi ölkələrində sabit satış bazasını formalaşdıraraq, Cənub-Şərq Asiya və Hind-Çin kimi dinamik inkişaf edən regionda irəliləyərək neft ticarətinin coğrafiyasını səmərəli şəkildə genişləndirirdi. Qeyd etmək lazımdır ki, Azərbaycanın xarici ticarət balansının, demək olar ki, yarısı məhz  sadalanan regionların payına düşür. Bu mənada, ilk növbədə, İndoneziyanı, Taylandı və qismən Cənubi Koreyanı, Vyetnamı və Sinqapurda və Koreyada yaradılan SOCAR Trading-in neft terminalları vasitəsi ilə Azərbaycanın enerji daşıyıcılarını aktiv şəkildə alan digər qonşu ölkələri qeyd etmək lazımdır. 

Söz düşmüşkən, qlobal səmtlərin sürətlə inkişaf edən Asiya regionuna tərəf dəyişilməsi, dünyanın bir çox ölkələri üçün çoxdan əsas trendə çevrilib. Baxmayaraq ki, Çin və digər dövlətlərin ticarəti əsas dünya ehtiyat valyutalarında - dollar və avroda aparılır, son zamanlar ticarət dövriyyəsinə yuanın da daxil edilməsi tendensiyası müşahidə olunur. Demək olar ki, bir nəslin gözü qarşısında Çinin dünya təsərrüfatında köklü şəkildə mövqeyinin dəyişməsi baş verdi: bu gün ÇXR ixrac üzrə birinci, ÜDM həcminə və xarici ticarətin ümumi həcminə görə ikinci yeri tutur. Buna görə ÇXR-in valyuta siyasəti beynəlxalq valyuta sisteminə ciddi təsir göstərərək, əhəmiyyətli dəyişikliklərə məruz qalıb. 

Belə ki, ən azı ildə üç dəfə olaraq dərc olunan Beynəlxalq Hesablamalar Bankının hesabatına görə, 2010-cu ildə yuanla edilən əməliyyatlar 1%-dən və ya xarici valyuta bazarlarının ümumi dövriyyəsinin 77,1 mlrd. dollarını təşkil edirdi. 2013-cü ildə dərc olunan dünyanın ən iri bankı HSBC-nin proqnozlarına əsasən, yaxın üç ildə Çinin ümumi ticarət axınının 30 faizi yuanla həyata keçiriləcək. Bu da onu dollar və avrodan sonra  ən çox istifadə olunan üç valyuta sırasına daxil edəcək.

Eyni zamanda Beynəlxalq Valyuta Fondu da dünya valyuta sistemini islah etməyə, BVF səbətinə inkişaf edən bazarların valyutalarını, xüsusilə yuanı əlavə etməyə və Asiya ölkələrinin qiymətli kağızlarının və digər aktivlərin istifadəsini hərtərəfli genişləndirməyə və bununla da, qlobal maliyyə sisteminin sabitliyini stimullaşdırmağa çağırır. Müvafiq trend Çinin, Rusiya və BRİCS (Braziliya, Rusiya, Hindistan,Çin, Ş.Afrika) təşkilatının digər iştirakçılarının siyasətində dayanıqlı dominantıdır. Xüsusilə Moskva və Pekin qarşılıqlı ticarətin milli valyutalara, gələcəkdə isə Rusiya ehtiyat fondlarının aktivlərinin Səmaaltı ölkənin qiymətli kağızlarında ehtiyat saxlanılmasına keçməsinin mümkünlüyünü öyrənirlər.

Qeyd etmək lazımdır ki, son vaxtlar Azərbaycanın valyuta yığılmalarının diversifikasiya olunmasının vacibliyi nəzərəçarpacaq şəkildə artıb. 

Bu məqsədlər üçün bir neçə il bundan əvvəl Mərkəzi Bank instrumental, valyuta və coğrafi diversifikasiyası nəzərdə tutulan ehtiyatların idarəedilməsinin effektivliyinin artırılması ilə bağlı yeni strategiya tərtib edib. Bu proses artıq başlayıb və bu gün xarici menecerlərin idarə edilməsinə, təxminən, 400 mln. dollar verilib. Vaxt keçdikcə onların həcmi mərhələli şəkildə 1-1,5 mlrd. dollara qədər artacaq. İqtisadi fəallıq mərkəzlərinin tədricən Çin və Cənub-Şərqi Asiya regionuna dəyişməsi şərtlərində, Mərkəzi Bank mərhələli şəkildə burada öz xarici aktivlərinin nəzərəçarpacaq hissəsini yerləşdirməyi planlaşdırır.

"Strategiyanın yeniliyi valyuta ehtiyatlarının Asiya qiymətli kağızlar bazarında diversifikasiyasından ibarətdir. Bununla belə, nəhəng Çin bazarı ilə yanaşı, bizim aktivlərin Sinqapurda, Malayziyada, İndoneziyada, Cənubi Koreyada yerləşdirilməsi kifayət qədər aktualdır. Bu perspektivli maliyyə bazarlarına çıxış aktivlərin xarici idarəedilməsi vasitəsi ilə həyata keçirilir", - deyə AMB sədr müavini Aftandil Babayev hesab edir.

AMB artıq öz valyuta ehtiyatları tərkibində Asiya sabit gəlirli qiymətli kağızlar portfelinin idarə edilməsi üçün xarici menecerlərin seçimi ilə bağlı növbəti tender elan edir.  Bu yaxınlarda isə AMB Çin Mərkəzi Bankına müraciət edərək, bu ölkənin banklararası istiqraz bazarında iştirak etmək üçün icazə alıb. Ümumilikdə isə multivalyutalı sərmayə portfeli yaratmaq üçün Mərkəzi Bank dayanıqlı yüksək likvidliyə malik kağızlarda yerləşdirərək, Asiya ölkələrində, təqribən, 600 mln. dollar həcmində vəsaiti xarici idarəetməyə verməyi planlaşdırır.  

Bir çox ekspertlərin fikrincə, Çinin sürətlə inkişaf edən və sabit olan iqtisadiyyatı bu ölkənin valyutasını və qiymətli kağızlarını üçüncü ölkələrin aktivlərinin ehtiyatda saxlanılması üçün kifayət qədər perspektivli edir. Amma bu günə kimi bunun üçün əsas əngəl yuanın azad bazar konvertasiyasının olmaması olub. Onun kursu hökumət tərəfindən tənzimlənir, bundan əlavə, son zamanlara kimi Çin hökuməti ixracı stimullaşdırmaq üçün süni şəkildə öz valyutasının kursunu aşağı salmağa çalışırdı. Lakin son zamanlar Pekin yuanın "sərbəst üzməyə" buraxılması barədə düşünür. Bu da Çinin qiymətli kağızların sərmayə cəlbediciliyini dəfələrlə artıracaq.

Bununla belə, Cənub-Şərqi Asiyanın digər ölkələrində valyuta kursunun tənzimlənmə sistemi daha liberaldır və onların qiymətli kağızlar bazarı çoxdan və aktiv şəkildə qlobal maliyyə sisteminə qoşulub. 

Məhz buna görə də perspektivli Asiya istiqamətinin kəşfinə Azərbaycan Dövlət Neft Fondu da başlayıb. "ARDNF Çin tənzimləyicisi ilə yuanda olan aktivlərə çıxışına dair danışıqlar aparır və cari ildə bu valyutaya 1,8 mlrd. dollara qədər sərmayə yatırmağı planlaşdırır. Yuan dünya əhəmiyyətini qazanır və bizim ölkə öz valyuta ehtiyatlarının hissələrini bu valyutada ehtiyatda saxlamağa maraqlıdır", - deyə bu yaxınlarda ARDNF rəhbəri Şahmar Mövsümov "Financial Times"ə bildirib. 

Onun sözlərinə görə, ötən ilin sonlarında Fond öz portfelində dünya valyutalarının (ənənəvi dollar, avro və funt-sterlinqdən savayı) payını beşdən on faizədək artırmağı qərara alıb. "Əlavə 5% və ya təqribən, 1,8 mlrd. dollar digər valyutalara sərmayə yatırmaq planlaşdırılır. İlin sonuna qədər sərbəst olacaq həcmi biz yuana və Çin valyutasında olan istənilən digər aktivlərlə yerləşdirəcəyik", - deyə Ş.Mövsümov vurğulayıb.

Ölkənin qızıl valyuta ehtiyatlarının diversifikasiyasının vacibliyi təkcə aktivlərin gəlirliyinin artırılması tələbatı ilə izah olunmur. Bu, həmçinin dövlətin uzunmüddətli təhlükəsizlik məsələsidir. Gələcək nəsillər üçün yığmaları dünya valyutalarının devalvasiyası və qiymətli kağızların qlobal bazarlarda böhran kimi mümkün risklərdən qorunmasının labüdlüyüdür. Qiymət kifayət qədər yüksəkdir - çünki bu gün ölkənin ümumi valyuta ehtiyatlarının həcmi 54 mlrd. dolları üstələyir. Bu da illik ÜDM-in, təqribən, 70%-nə  bərabərdir.


MƏSLƏHƏT GÖR:

623