14 Mart 2025

Cümə, 21:42

ÇİNSAYAĞI MAYDAN

Honq Konqdakı üsyanın əsl səbəbi nədir?

Müəllif:

07.10.2014

Deyəsən, Honq Konq da inqilab arzusuna düşüb - hər halda, orada çəkilmiş kadrlar bizə bir sıra digər ölkələrin küçələrində görməyə vərdiş etdiklərimizi xatırladır. Gürcüstanın qızılgülləri, Qırğızıstanın zanbaqları, Ukraynanın narıncı şərfləri, "ərəb baharı"nın müxtəlif rəngləri və nəhayət, Çinin sarı çətirləri.

Honq Konq sakinləri əvvəldən günəşdən və nümayişləri dağıtmağa çalışan hüquq mühafizə orqanları əməkdaşlarının istifadə etdikləri müxtəlif qazlardan məhz çətir vasitəsilə qorunurdular. Lakin sonradan çətirlər etirazçı hərəkatın rəmzinə çevrildi.  Honq Konqun etirazçılarının mövqeyini bölüşənlər "Facebook" və "Instagram" profillərinə çətir və sarı lent şəkli yerləşdirirlər. Hakimiyyət və polisin tərəfində olanlar isə göy rəngli  lent şəkillərindən istifadə  edirlər. Cəmiyyət ikiyə bölünüb və bu, tərəfdarları ilə əleyhdarlarını vətəndaş müharibəsinə sürükləyən müasir inqilabın əsas əlamətidir. Honq Konq inqilabı isə sadalananlardan çox fərqlənir - axı, bura dünyanın maliyyə mərkəzlərindən biridir.

Hazırda Honq Konq Çinin xüsusi inzibati rayonlarından biridir. O, Çinə 1997-ci ildə verilib. Onadək isə Honq Konq 1942-ci ildən silsilə "tiryək müharibələri" nəticəsində Britaniyanın müstəmləkəsinə çevrilmişdi. Ötən dövrdə Honq Konq balıqçı kəndindən nəhəng meqapolisə, maliyyə nəhənginə və dünya əhəmiyyətli limana çevrilib. Ona 2047-ci ilədək "bir dövlət - iki sistem" formulunda geniş muxtariyyət verilib. Bu, Pekindən qismən müstəqillik deməkdir. Yəni Honq Konq hüquqi və maliyyə sistemlərinə, vergi, immiqrasiya siyasətinə özü nəzarət edir, beynəlxalq qurumlarda və tədbirlərdə təmsil olunur, biznesin müstəqil inkişafına zəmanət verir, etiraz etmək hüququnu da özündə saxlayır. Çin hökumətisə müdafiə və xarici siyasət məsələlərinin həlli üstünlüklərinə malikdir.

Britaniyanın müstəmləkəsi olarkən 7 milyonluq Honq Konq Böyük Britaniya kraliçası tərəfindən təyin olunan qubernatorla kifayətlənirdi. Çinə təhvil verilməsindən sonra isə onu Honq Konq Administrasiyasının əsas naziri idarə etməyə başlayıb. Hazırkı nümayişlərin səbəbi də 2017-ci ildə yerli administrasiya rəhbərliyinə keçiriləcək seçki ilə bağlıdır. Etirazçılar onun seçicilər kollegiyası tərəfindən deyil, ümumxalq səsverməsi yolu ilə seçilməsini tələb edirlər. Əhali Pekinin seçkini 3 namizədlə məhdudlaşdırmaq və namizədlərin irəli sürülməsi prosesinə nəzarət etmək  niyyətindən narazıdır. Hələ yayda keçirilmiş və təxminən, 800 min insanın qatıldığı onlayn-referendum zamanı bu tələblərini bir daha təsdiqləmişdilər. Çin hökumətisə xalqın bu formada iradə nümayişini qəbul etməmişdi. Nəticədə, Honq   Konq sakinləri küçələrə çıxmış, təxminən, 4 kilometr əraziyə yayılaraq işgüzar rayonları, şəhərin mərkəzini və turizm məhəllələrini "zəbt etmişdilər".

Hökumət binalarına hücumların təşkil ediləcəyinə dair hədələr getdikcə daha aydın eşidilməkdədir. Mərkəzi Admiralti rayonunda yerləşən hökumət kompleksi, onsuz da, faktiki olaraq, iflic vəziyyətindədir. Nümayişçilər şəhər administrasiyasının rəhbəri Lyan Çjeninin istefasını tələb edirlər. Xarici mətbuatın yazdığına görə, hazırda Honq Konq küçələrinə axışan əhalinin əksər hissəsi indiyədək heç zaman nümayişlərdə iştirak etməyiblər. Onların etirazçılara qatılmasına səbəb polisin nümayişçilərə güc tətbiq etməsi olub. Həqiqətən də, polis nümayişləri dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Nəticədə, 56 nəfər xəsarət alıb, 90-dək nümayişçi həbs olunub. Saxlanılanlar arasında 17 yaşlı Coşua Vonq da var. Bir neçə il əvvəl küçə toplanışlarının rəhbəri kimi debüt etmiş gənc artıq hökumətə qarşı çıxmaq təcrübəsinə malikdir və öz yaşına görə, kifayət qədər israrlıdır: "Mən demokratiya uğrunda mübarizəni gələcək nəsillərə ötürmək istəmirəm. Bu, bizim məsuliyyətimizdir!"

Məlumata görə, etiraz aksiyalarının təşkilatçısı Honq Konqun tələbə federasiyası, həmçinin Occupy Central hərəkatıdır. Aksiyaların gedişində gənclər gözlənilməz fərasət nümayiş etdirirlər. Məsələn, onlar internetə qoşulmadan, hətta mobil rabitənin olmadığı ərazilərdə belə işləyən "FireChat" messencerinə üstünlük verirlər.

Nümayişçilərin liderlərindən biri, Honq Konq Universitetinin hüquqşünaslıq adyunkt-professoru Benni Tay Foreign Policy-yə müsahibəsində bildirib ki, etiraz aksiyaları "onun xəyal etdiyi şəkildə keçir". Tayın fikrincə, bütünlükdə şəhərdə siyasi oyanış yaratmış ictimai hərəkatın artıq onun təşkilatçıları tərəfindən cilovlanması mümkün deyil. Hazırda baş verənlərə nəzarət imkanını əlində saxlayan yeganə qüvvə hakimiyyətdə olan, nümayişçilərin tələblərini həyata keçirə biləcək şəxslərdir.

Bu məqalənin yazıldığı vaxtda Pekinin baş verənlərə reaksiyası kifayət qədər dağınıq xarakter daşıyırdı. Pekin beynəlxalq birliyi "qanunsuz etirazlara" dəstək verməməyə çağırıb, Çinin Xarici İşlər Nazirliyi isə ölkənin daxili işlərinə istənilən müdaxilənin yolverilməz olduğunu bəyan edib. Yerli administrasiyanın rəhbəri Lyan Çjeninə gəlincə, o, vəzifəsindən istefa vermək fikrində olmadığını açıqlayıb, hətta nümayişçiləri etiraz aksiyalarına "dərhal" son qoymağa çağırıb. 

Hadisələrin baş qaldırdığı ilk günlərdə Çin hökuməti vəziyyətə internetin kəsilməsilə nəzarət etməyə cəhd göstərib. Amma, deyəsən, bu, o qədər də işə yaramır. Nümayişçilər internetsiz də əlaqə saxlamağın yollarını tapır, Honq Konq küçələrindən çəkilən kadrlar isə dünyanın aparıcı informasiya agentliklərinin ilk səhifəsindən düşmür.

Pekin etirazçı əhvalın Çinin digər hissələrinə də yayıla biləcəyindən ehtiyatlanır. Hakimiyyət güzəştə gedərsə, Çinin digər sakinlərinin gözündə bu, bir presedentə çevrilə bilər. Bəs, Çin hökuməti sərt tədbirlərə əl atacaqmı? Hər halda, 1989-cu ildə Tyananmen meydanında baş verənlər, həmçinin "4 iyun hadisələri" hələ yaddaşlardadır. O vaxt da əsas etirazçılar tələbələr idilər. O zaman hökumət nümayişləri ordu yeritməklə yatırmış, nəticədə, yüzlərlə insan həlak olmuşdu.

İndisə vəziyyət xeyli fərqlidir - Honq Konqun maddi statusu Pekinin gözündə həm də onun mühafizə fərmanıdır. Tərəzinin bir gözündə siyasi sabitlik, digər gözündə isə maddi sabitlik var. Burada söhbət yalnız Çinin sabitliyindən getmir. Çinli məmurlar, güman ki, ciddi beynəlxalq təzyiq qarşısındadırlar. Yeri gəlmişkən, baş verənlərin mənfi effekti yalnız nümayişlərin güc yolu ilə dağıdılması halında deyil, həm də Honq Konq maydanının aylarla davam edəcəyi təqdirdə hiss olunacaq.

"ABŞ Honq Konqun maksimal  muxtariyyət statusunu dəstəkləyir. Biz Honq Konqun baza qanunvericiliyinə əsasən, hüquqlarının ümumi şəkildə genişlənməsini dəstəkləyirik. Əgər Honq Konq əhalisinə müxtəlif namizədlər arasında real seçim imkanı yaradılarsa, bu, administrasiya rəhbərinin legitimliyi möhkəmləndirəcək", - deyə ABŞ prezidentinin mətbuat katibi Coş  Ernest  bildirib.

ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin rəhbəri Robert Menendes isə Pekini, xüsusilə Lyan Çjeninin "Honq Konq xalqına verilmiş vədlərə əməl etməməkdə" günahlandırıb.

London Pekini Honq Konqa öz hüquqlarını qanun çərçivəsində müdafiə etmək imkanının yaradılmasına çağırıb. Nümayişçiləri Tayvan prezidenti Ma İnszyu da dəstəkləyib.

Əlbəttə ki, Çində baş verənlər dünyanın digər geosiyasi hadisələrindən kənarda qala bilməzdi. Qərb KİV-i yazır ki, Rusiyada "Honq Konq maydanı"nı Çinin ABŞ tərəfindən cəzalandırılması sayırlar. Guya, Pekin Rusiyaya qarşı sanksiya savaşına qoşulmadığı üçün cəzalandırılır. "The Walll Street Journal" rusiyalı jurnalistlərin iddialarına istinadən Honq Konqun etirazçı Occupy Central hərəkatı liderlərinin ABŞ xüsusi xidmət orqanlarında treninq keçdiklərini yazır. Guya, onlar "Honq Konq-Amerika mərkəzi"ndə treninq keçib, Honq Konq maydanının sponsorları isə Pol Vulfoviçlə əlaqələrə malikdirlər. Söhbət ABŞ-ı "Vahid super fövqəldövlət" statusunun qorunub saxlanılması üçün istənilən addımı atmağa çağıran doktrinanın müəllifi olan şəxsdən gedir. Məsələn, guya, müxalifəti maliyyələşdirən biznesmen Cimmi Lay Vulfoviçlə əlaqələrə malikdir. Bundan başqa, Rusiya KİV-i çinli həmkarlarına istinadla yazır ki, amerikalılarla honqkonqluların dostluğu mərkəzinin rəhbəri Morton Xolbruk 30 illik təcrübəyə malik kəşfiyyatçıdır. İddialara görə, etirazçı gənclər əvvəlcədən qoruyucu maskalarla, eynəklərlə və plaşlarla təchiz olunublar. Bir çox blogerlər və siyasətçilər də jurnalistlərlə həmrəydirlər. Bununla yanaşı, "The Walll Street Journal" Çin hökumətinin ABŞ-ın ünvanına açıq ittihamlar irəli sürmədiyini yazır.

Bəs, elə isə Honq Konq hadisələrinə, həqiqətən, Çinə təzyiqlər kontekstində yanaşmaq olarmı? Müşahidəçilər xatırladırlar ki, bu yaxınlarda Çinin separatizm yayılmış ərazisində - Sintsyan-Uyqur muxtar bölgəsində onlarla insanın həyatına son qoymuş terror aktları  törədilmişdi. Son zamanlar Çinlə Yaponiya arasında da gərginlik artıb və buna səbəb Şərqi Çin dənizi ətrafındakı mübahisələrdir. Amma bu iki dövlət arasındakı mübahisələr, çətin ki, açıq münaqişəyə keçsin. Bu arada ABŞ-ın müdafiə nazirinin müavini Bob Vork Amerikanın Beynəlxalq Münasibətlər Şurasındakı çıxışında gözlənilməz bəyanatla çıxış edib: Çinlə Rusiya İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya düzəninə yenidən baxmaq qərarına gəliblərsə, onlar ABŞ-ın buna hərbi vasitələrlə cavab verə biləcəyini  anlamalıdırlar...

Bütün bunların fonunda Honq Konqda etiraz dalğasının nədən 2017-ci ilə hələ xeyli vaxtın qaldığı indiki dövrdə baş qaldırması sualı, həqiqətən də, maraqlıdır. Onlar nədən bu qədər tələsirlər? Fakt faktlığında qalır - Honq Konq əhalisi "əsl" çinliləri o qədər də sevmirlər və onların iqtisadi cənnətlərinə kütləvi köç edə biləcəklərindən narahatdırlar. Onlar, nəticədə, Honq Konqun adi Çin şəhərinə çevriləcəyindən qorxurlar. Amma bu narahatlıqlar onları bir suala cavab vermək məcburiyyətindən xilas etməyəcək: müstəqil Honq Konq, yoxsa Çinin tərkibində? Əksər müşahidəçilərin fikrincə, etirazlar istənilən halda hökumətin qələbəsilə bitəcək. Amma o, formal və müvəqqəti olacaq. Çünki etirazçı ailələr artıq kök atıblar, onların əvəzinə tamamilə yeni nəsil yetişir və bu yeni nəsil 1989-cu ildə Tyananmen meydanında tətil edənlərdən prinsipial şəkildə fərqlənir.  Honq Konqda kütləvi etiraz aksiyaları əvvəllər də keçirilib. Lakin Honq Konqun öz suallarına hansı cavabı verəcəyindən yalnız onun çiçəklənməsi və Çində sabitlik yox, həm də beynəlxalq birliyin daha bir qaynar nöqtə "qazanıb-qazanmayacağı" məsələsi asılıdır. Elə bu yerdə Honq Konqdakı üsyanın əsl səbəbləri, güman ki, üzə çıxacaq - səbəb, həqiqətən, sırf seçki mexanizmilə bağlı narazılıqdır (əslində, elə ABŞ-ın özündə də prezident seçicilər kollegiyası tərəfindən seçilir), yoxsa seçki daha dərin hadisələr üçün yalnız bəhanədir?



MƏSLƏHƏT GÖR:

657