Müəllif: NURANİ Bakı
Ermənistan müxalifəti ölkənin regionlarında silsilə mitinqlərin keçirilməsilə "qızmar payız" təşkil edəcəyi vədinə sadiqdir. İrəvanda hələ "Maydan" və ya "Təhrir" ssenarilərini reallaşdırmaq mümkün olmayıb. Lakin Serj Sarqsyanın "yaxın ətrafı", deyəsən, əməlli-başlı əsəb keçirməyə başlayıb. Hər halda, baş nazir Ovik Abramyan parlamentin tribunasından müxalifəti birbaşa 1 mart 2008-ci il hadisələrinin təkrarlana biləcəyilə hədələyib. Hökumət başçısı bildirib ki, Ermənistan müxalifəti hakimiyyətlə konstruktiv dialoqa nail olmaq üçün heç bir addım atmır, bəzən hökumətin təkliflərini arqumentlərlə deyil, ehtirasları coşdurmaqla qarşılayır, bununla da, məsələni parlamentin zalından kənara daşımağa çalışır. "Belə qənaətə gəlmək olar ki, müxalifət 1 mart 2008-ci il hadisələrinin təkrarlanmasını arzulayır", - deyə Abramyan qeyd edib. Əslində, kənardan hər şey dialoqa çağırış kimi görünməli olsa da, baş nazirin bəyanatındakı hədəni duymamaq mümkün deyil.
Bununla yanaşı, müxalifətin etirazlarının sosial narazılıq dalğasına çevrilməkdə olması Ermənistan hakimiyyətində əməlli-başlı əsəb yaradır. Kiçik sahibkarların qiyamını məhz bu cür qiymətləndirmək olar.
Ölkədə kiçik və orta sahibkarlıq fəaliyyətilə məşğul olan şəxslərin narazılığına parlamentin "Dövriyyədən vergi" haqqında qanunu qəbul etməsi olub. Əslində, kənardan hər şey yaxşı görünür. Qanuna əsasən, oktyabrın 1-dən dövriyyəsi 58 milyon dramadək (113 min avro) olan müəssisələr üçün dövriyyədən vergitutma 3,5%-dən 1%-ə endirilir. Amma bunun əvəzində sahibkarlar Maliyyə Nazirliyinə hər mala görə hesabat və hesab-faktura təqdim etməlidirlər. Əks təqdirdə, onlar vergi xidməti tərəfindən cərimə olunacaqlar. İlk baxışdan bu qanun kiçik biznesin üzərindəki "vergi yükü"nü azaltmalı idi. Amma sahibkarlar onu böyük qəzəblə qarşılayıblar. Əvvəlcə İrəvanın "Malatiya", "Razdan" və "Firdousi" bazarlarının işçiləri Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər. Ticarətçilərdən biri jurnalistlərə açıqlamasında deyib: "Qanuna görə, bizə cəmi 1% gəlir düşür. Biz bu qanunun ləğvini tələb edirik. Onun bizə faydası yoxdur. Hökumət bizə onsuz da işləmək imkanı vermir, indi, üstəlik, bir az da boğmağa başlayır. Mən kimdənsə mal götürürəm, satılmayan malları geri qaytarıram. Vergi əməkdaşları gəlir, malın olmadığını görür və məni cərimələyir. Bu ədalətlidir?" Digər ticarətçilər bundan sonra kassa aparatı almaq məcburiyyətində qalacaqlarını söyləyirlər. Nəticədə, sahibkarlar onlara seçim imkanı verilməsini tələb edirlər: hesabatın təqdimatı ilə 1% vergi, yaxud hesabatsız 3,5%.
Etirazlar nəticəsində baş nazir narazı sahibkarlarla görüşmək məcburiyyətində qalıb. Amma görüşdən sonra O.Abramyan ticarətçilərin narazılıqlarının "əsassız və yersiz" olduğunu bəyan edib. O, hökumətin məqsədinin kiçik və orta sahibkarlıq fəaliyyətilə məşğul olanların sıxışdırılması olmadığını iddia edib. Baş nazirin sözlərinə görə, burada məqsəd əksinə, onların maraqlarına uyğun hərəkət edilməsi, iri sahibkarların vergiyə cəlb olunmasıdır. "Bizim hədəfimiz iri bizneslər olmalıdır", - deyə baş nazir qeyd edib. O, Maliyyə Nazirliyinə kiçik və orta biznesdə əsassız yoxlamalara yol verilməməsini tapşırıb. Baş nazirin sözlərinə görə, iqtisadiyyatın bu sektorunun sıxışdırılması haqda fikirlər "təxribatçılar" tərəfindən yayılır.
Amma bütün bunlar sahibkarları sakitləşdirməyib. Üstəlik, etirazlar Gümrünü də bürüyüb və orada yerli bazarın yüzlərlə işçisi işə çıxmaqdan imtina edib.
Baş verənlərin mənası, ümumilikdə, aydındır. Gümrüdə və İrəvanda sanki sahibkarların "vergi yükü"nü azaltmalı olan qanuna etiraz olaraq keçirilən aksiyalar Ermənistan iqtisadiyyatının bu gün vergi və hüquq müstəvisində olmadığının bariz göstəricisidir. Bununla yanaşı, Ermənistan hökuməti bu gün üzləşdiyi iqtisadi kollaps fonunda büdcəni doldurmaq üçün yeni yollar tapmalıdır. Bu yaxınlaradək İrəvan bu işin öhdəsindən xarici kreditlər və qızıl ehtiyatının satışı ilə gəlirdi. Bu gün artıq onun qızıl ehtiyatları satılıb qurtarıb, kredit reytinqi isə o həddədir ki, xaricdən borc almağa ümid etməyinə dəyməz. Belə olan vəziyyətdə yerli biznesdən daha çox "qoparmaq" cəhdi gözlənilməz deyil.
Bu yerdə baş nazir Ovik Abramyanın bu ilin mayında ölkənin ən iri 100 sahibkarını "söhbətləşməyə" dəvət etdiyini də yada salmaq lazımdır. Həmin görüşün səhəri gün o, hökumətin iclasında Ermənistanın biznes sahəsində təmiz oyun qaydalarına keçməsi üçün iyulun 1-dək vaxtının olduğunu, artıq maliyyə naziri Qaqik Xaçatryana prosesə nəzarət etməyi tapşırmışdı. "Razılaşdıq ki, biznesdə şərtlər hamı üçün eyni olsun. Biznesin özünün başqa formada işləməyə cəhd etməsi üçün onlara iyulun 1-dək vaxt verəcəyik. Bundan sonra lazım gələcəyi təqdirdə, səlahiyyətlərimiz çərçivəsində rıçaqlardan istifadə etmək məcburiyyətində qalacağıq", - deyə hələ o zaman baş nazir bildirmişdi. Amma, deyəsən, yerli oliqarxlar hökumətlə kifayət qədər tez bir zamanda "razılığa gəliblər". Syunikə (Zəngəzur) məşhur Suren Xaçatryanın ("Tülkü") qubernator təyin edilməsi bunun göstəricisidir. Belə vəziyyətdə Ermənistanda "kiçik və orta biznes"in taleyi əvvəlcədən həll olunmuş hesab edilə bilər. Belə olan təqdirdə, Ermənistan hökumətinin və onun kriminal diktaturasının hər şeyi tanış üsullarla həll etməyə çalışması heç də təəccüblü deyil. Çaşıb qalmış irəvanlı müşahidəçilərin sözlərinə görə, İrəvanın qızıl bazarının direktoru Vaqarş Abramyan etiraz aksiyasında iştirak etmiş ticarətçilərin piştaxtalarını dağıdıb. "Çorrord işhanutyun" qəzeti öz mənbələrinə istinadən yazır ki, Abramyan daha sonra ona boyun əyməyən işçilərin əmək müqavilələrini ləğv etmək qərarına gəlib. O, bunu aparılacaq tikinti işlərilə əsaslandırıb. Məsələn, qəzetin yazdığına görə, satıcılar Vaqarş Abramyandan bu mövzuda məktub alıblar: "Nəzərinizə çatdırırıq ki, maliyyə ehtiyaclarımızın ödənməsi məqsədilə aparılacaq tikinti işlərilə əlaqədar olaraq, müqaviləniz 15 gün ərzində ləğv olunacaq". Bundan başqa, elə həmin qəzetin məlumatına görə, İrəvanın qızıl bazarının sahibi işçiləri üçün 2 qayda müəyyənləşdirib: banklardan qızıl külçələrin alınması qadağan olunub, bazara qızılın Abramyan tərəfindən tədarük olunacağı açıqlanıb. İndi işçilər qızılı məhz Abraamyandan və onun müəyyənləşdirdiyi qiymətlər əsasında almalıdırlar.
"Bunadək qızıl satıcıları zərgərlik məmulatlarının hazırlanması üçün banklardan münasib qiymətlərlə qızıl ala bilirdilərsə, bu gün onlar külçələri yalnız Vaqarşdan və daha baha qiymətə almaq məcburiyyətindədirlər. Bu tələbə əməl etməyən satıcı müqavilənin pozulacağı və bazardan çıxarılacağı ilə hədələnir", - deyə qəzet yazır.
"Vaqarş və Vordiner Konsern" MMC-nin rəhbəri, İrəvanın Qızıl məmulatları yarmarkasının (qızıl bazarı) yaradıcısı və direktoru Vaqarş Abraamyanın əməlləri vandalizmdən başqa bir şey deyil. Bunu isə Ermənistanın "Kiçik biznes sahəsində sahibkarlar birliyi"nin sədri Stepan Aslanyan keçirdiyi mətbuat konfransında bəyan edib. "Siz quldar yox, sahibkarsız. Ticarətçilər sizin üçün qul deyillər ki, onlara mitinqə getmək və ya getməmək haqda əmr verəsiniz", - deyə Aslanyan qeyd edib. O, ölkənin siyasi qüvvələrini baş verənləri qiymətləndirməyə və pisləməyə çağırıb.
Amma Ermənistanda hər hansı köklü dəyişikliklərin baş verəcəyini gözləməyə dəyməz.
MƏSLƏHƏT GÖR: