11 Mart 2025

Çərşənbə axşamı, 10:25

XƏZƏR SAKİTLƏŞDİ

"Caspian Bridge" Analitik-İnformasiya Mərkəzinin (Qazaxıstan) Beynəlxalq ekspertlər qrupunun rəhbəri Aleksandr Knyazev

Müəllif:

07.10.2014

- Xəzəryanı dövlətlərin başçıları Həştərxanda siyasi bəyannamə imzalayıb və bu sənədi Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində irəliləyiş kimi qiymətləndiriblər. Sammitin nəticələrini siz necə qiymətləndirirsiniz?

- Xəzərin hüquqi statusu ilə bağlı yekun razılaşma hələ bir sıra digər məsələlərin razılaşdırılmasından sonra imzalanacaq. Müsbət məqam bəyannamədə milli ərazi statusu qazanan konkret parametrlərin, sahilyanı zonaların uzunluğunun göstərilməsi, neytral zonanın müəyyənləşdirilməsi və s.-dir. Hələlik bu məsələlər hüquqi deyil, dövlət başçılarının razılığı ilə siyasi nöqteyi-nəzərindən müəyyənləşdirilsə belə, bunu müsbət hal saymaq olar. Yəni bu sammitdə dövlət başçıları Xəzərin federal və ya digər prinsiplərlə bölüşdürülməsi kimi alternativlərdən imtina ediblər. İranın xüsusi mövqeyilə bağlı məsələ də həllini tapıb. Sammitdə Xəzərin gələcək statusunun müəyyənləşdirilməsi prinsipi müəyyənləşdirilib.

- Həştərxan razılaşması Xəzər şelfində karbohidrogen yataqlarının işlənməsinin təhlükəsizliyi üçün zəmanətdirmi? Ötən dövrlərdə İranla Türkmənistan Azərbaycanın dənizdəki neft və qaz yataqlarına iddialar ortaya qoyublar...

- 15 millik ərazidə yerləşən yataqlarla bağlı heç bir hüquqi problem yoxdur. Bu zona faktiki olaraq Xəzəryanı dövlətlərin suveren zonasıdır və onlar oradakı yataqlardan istədikləri şəkildə istifadə edə bilərlər. Bu ərazidən kənarda yerləşən yataqlara gəlincə, 5 sahilyanı dövlət başçısının Həştərxanda ortaya qoyduqları xoş məram tərəflərin kompromis variant axtaracaqları ümidini yaradır. Məsələn, bu, yataqların birgə işlənməsi ola bilər. Həştərxan razılaşması mübahisəli məsələlərin kompromis həlli üçün baza yaradır.

- Razılaşma Xəzərdə gəmiçiliyə və balıqçılığa hansı təsirləri göstərəcək?

- Düşünürəm ki, gəmiçilik məsələsi xeyli asanlaşacaq. Məsələ ondadır ki, dəniz hövzəsinin böyük bir hissəsi neytral zona olacaq. Sektorlar əsasında bölünmə zamanı Qazaxıstanla İranın sərhədi ya Azərbaycan, ya da Türkmənistan sektorundan keçməli idi. Bu isə gəmiçilikdə tamamilə başqa rejimdir. Bu halda yeni razılaşmalar, əlavə çətinliklər labüd olacaqdı. Xəzərin ümumi səthi gəmiçiliyi, birbaşa əlaqələri, dövlətlərarası ticarət münasibətlərini xeyli yüngülləşdirir.

- Həştərxan görüşündən sonra Xəzərdə hərbiləşmə dayandırılacaqmı?

- Əldə olunmuş razılaşmalar yekun razılaşmanın imzalanmasından sonra Xəzərdə hərbiləşməyə son qoyulacağını düşünmək üçün əsas verir. Məsələ ondadır ki, hərbi nöqteyi-nəzərdən Rusiya Silahlı Qüvvələri Xəzərdə hökmranlığa malikdir. Rusiya KTMT çərçivəsində Qazaxıstanın Xəzərdə təhlükəsizliyinin qarantıdır. Moskva Xəzər hövzəsində sülh olmasında maraqlıdır. Böyük sahilyanı əraziyə malik olan Rusiya bu regiona daxili su hövzəsi kimi yanaşır. Onun hərbi gücünü artırması dənizin statusunun müəyyənləşməməsilə bağlı idi. İndi tərəflər ümumi hövzənin neytral statusa malik olması haqda razılığa gəliblər. Bu, orada hərbi mövcudluğun artırılması məsələsini gündəmdən çıxarır. Daha bir vacib məqam tərəflərin Bakı Bəyannaməsində olduğu kimi, Həştərxanda da Xəzərdə yalnız sahilyanı dövlətlərin hərbi mövcudluğunun mümkünlüyünə dair vahid mövqe ortaya qoymalarıdır.

- Həştərxan razılaşması fonunda Trans-Xəzər qaz kəməri kimi layihələrin perspektivi necə görünür?

- Məlum olduğu kimi, Rusiya və İran bu layihənin reallaşdırılmasına qarşıdırlar. Onlar bunu rəqib layihə kimi görürlər. Amma razılığa gəlmək imkanı hər zaman var. Hazırda Türkmənistan hasil etdiyi qazın əsas hissəsini Çinə satır və bu istiqamətdə ixracın artırılması üçün imkanlar var. Qazaxıstanın isə Xəzər vasitəsilə tranziti artırmağa xüsusi ehtiyacı yoxdur. Azərbaycana gəlincə, o, Qazaxıstan neftinin və Türkmənistan qazının tranzitinin artırılmasında maraqlıdır. Burada müxtəlif alternativ variantlar var. Məsələn, Rusiya Azərbaycana daha səmərəli tranzit şərtləri təklif edə bilər. Rusiyanın digər sahələrdə də müəyyən güzəşt addımları atması mümkündür.


MƏSLƏHƏT GÖR:

563