
QƏDİM, MEHRİBAN ŞƏHƏR
Köhnə bakının əsası məhz burada, dənizin düz kənarındakı yüksəklikdə qoyulub
Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Burada şəhərin xüsusi ruhu var. Hər bir küçəyə sanki tarixin izləri, burada yaşamış və yaşayan insanların enerjisi hopub. İçərişəhər şəhər içində şəhərdir. Uşaqlıqda buralara maraqlı macəralar vətəni kimi baxırdıq, hətta çox qorxulu olsa da, adam istəyirdi ki, bu dolanbaclarda itsin, nağıllar aləminə qədəm qoysun. Girintili-çıxıntılı küçələr insanı özünə dartır və heyran qoyurdu. Kələ-kötür divarlar və evlərdən gələn özəl ətir, demək olar ki, burdan keçənlərə indii də hipnoz kimi təsir göstərir.
Qarşıdakı küncə qaçaraq arxanca gələn valideynlərin yavaşdan etdiyi söhbətini, demək olar ki, eşitmirsən. Onların arxada olması adamda özünəinam yaradır. Amma maraq qorxuya üstün gəlir. Bir də görürsən, onların səsi heç gəlmir, deməli, "uzaq getmisən". Uşaq dünyasında "uzaq" anlamı fərqli məkan ilə qəbul edilir, səni adı ilə çağıran ananın həyəcanlı səsini eşidirsən. "Ana, mən burdayam!" - deyirsən. Anlamağa başlayırsan ki, bu döngəyə qədər gəldiyin yolu heç xatırlamırsan. Tək ümidin səni səsinə görə tapmağa çalışan anana qalır. O da tapır. Baxışları çox sərtdir. "Sənə demişdim axı, məndən uzağa getmə, bu küçələrdə aza bilərsən".
Azmaq və itmək. Hə. Hərdən bu şəhərdə sən, hətta balaca olmayanda da itmək istəyirsən. Bu, öz keçmişinə, sinəni sızladacaq qədər tanış olan, hər kəsin gənc olduğu qayğısız və rahat günlərə səyahət kimi bir şeydir. Həm də ki bu qala divarları və onların içərisindəki aura. Onlar həmişə hardasa əsrarəngiz qalacaq.
Hər kəs hərdən öz doğma şəhərində heç kimin tanımadığı, öz fikirləri ilə baş-başa qalmış, özünə qapanmış və bir anlığa da olsa, özünü unutmuş yad birinə çevrilmək istəyir. Amma bu şəhərin sərhədlərindən içəri girmək yetərlidir ki, heç də həmişə nizamlı olmayan həyat nəticəsində yaranmış daxili ruhi çarpıntılar harmoniya qazanmağa başlayır, şəhərin yorucu vurnuxması isə qala divarlarından kənarda qalır.
İçərişəhər Bakının ürəyidir. Səslər də, insanların məişəti də özəldir, hətta iqlimi də tamam fərqlidir. Bu yerin niyə İçərişəhər adlandırıldığını anlayırsan. Bura həddindən artıq fərdidir, çünki çox sayda sirlərin qoruyucusudur. Onun divarlarında, torpağının altında və üstündə, görəsən, nə qədər sirr saxlanır? Bu elə bir sirr saxlancıdır ki, heç vaxt onun yiyəsini ələ verməz.
İçərişəhər və dəniz ətri. Zaman onlara hökm edə bilmir. Adam buraya təkrar-təkrar gəlmək istəyir. Qəribədir ki, Bakı dənizin düz yanında ola-ola, Odlar Yurdu kimi qəbul edilir, amma dənizin dərinlikləri də bu odun mənbəyi rolunu oynaya bilir. Buradan, Qız Qalasının üstündən Bakının möhtəşəmliyini və İçərişəhərin həssaslığını qavramaq olur. Günəşin istisi, Bakı küləyinin mehi, şəhərin uğultusu, dənizin sakitliyi və ürəyin döyüntüləri bir-birinə qarışır. Əbədi yaşamaq istəyirsən!
MƏSLƏHƏT GÖR: