
FƏXRİ QONAQDAN SÜRPRİZ
Emin Ağalarov "Eurovision" müsabiqəsində yalniz 76 yaşinda iştirak edəcək
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Müğənni və bəstəkar Emin Ağalarov "Eurovision-2012" mahnı müsabiqəsində fəxri qonaq qismində çıxış edəcək. Səhnəni onunla 2 azərbaycanlı musiqiçi, həmçinin, azərbaycanlı və rus rəqqaslar paylaşacaqlar.
Ümumilikdə, Emin Ağalarovun şousuna, təxminən, 70 nəfər cəlb olunacaq. "SeaBreeze" otelində keçirdiyi mətbuat konfransında Emin gözlənilən çıxışı və yaradıcılıq planları haqqında ətraflı danışıb. KİV təmsilçiləri ilə görüşdə Emin Ağalarovun prodüseri Devid Benbric və ifaçının konsert şousunun rejissoru Piter Berd də iştirak ediblər.
"Baku Crystal Hall" səhnəsinə çıxmaq imkanı qazandığı üçün çox şad olduğunu deyən Emin ümid edir ki, məhz bu tədbir üçün hazırladığı sürpriz nömrə müsabiqənin qonaqlarının xoşuna gələcək. İfaçı ilə yanaşı, müsabiqənin səhnəsində azərbaycanlı musiqiçilər də çıxış edəcək və demək, artistin şousu milli musiqi kaloritləri ilə zəngin olacaq. Emin "Eurovision" şousunda "Never Enough" mahnısını ifa edəcək. Onun sözlərinə görə, həyat yoldaşı Leyla Əliyeva məhz bu mahnını bəyənir.
Piter Bred isə bildirib ki, bu mahnı formatına görə, Avropa dinləyicisi və tamaşaçısına yaxın olacaq. Jurnalistlərin Eminin nə zaman "Eurovision" yarışına Azərbaycan təmsilçisi kimi qatılmaq qərarı verəcəyinə dair sualına ifaçı zarafatla belə cavab verib - uzun illər sonra - Böyük Britaniya təmsilçisi Engelbert Hamrerdink kimi, 76 yaşında.
Yeri gəlmişkən, E.Ağalarov bildirib ki, bu ingilis müğənninin yaradıcılığını, ifa tərzini çox bəyənir.
"Eurovision 2012"nin favoritləri haqqında da danışan Emin, Səbinə Babayevaya azarkeşlik etdiyini və yarışın növbəti dəfə Azərbaycanda keçirilməsini istədiyini bildirib.
"Eurovision" çərçivəsində Böyük Britaniyanın ən yüksək reytinqə malik radioverilişləri - Bakıya səyahət edərək, "Avrosonq"un sirlərini açacaq Qrehem Norton şousu və Ken Bryus şousuna da qatılacaq.
Eminin yaxın planlarına Bakıda növbəti videoklipin çəkilişi də daxildir. Onun yeni albomundakı mahnıların birində Xəzər dənizi haqqında cümlə var və ola bilsin, həmin mahnının klipi Bakıda çəkilsin. Mayın 27-də isə ifaçı "Euroclub"da solo-konsert verəcək.
MƏSLƏHƏT GÖR: