
ÖZÜNÜ DOĞRULDAN YATIRIM
"Avroviziya-2012": Bakının qonaqlarını müsabiqə tarixində ən möhtəşəm şou gözləyir
Müəllif: Nurlanə QULİYEVA Bakı
"Avroviziya" Bakıya gəlir!!! 15 may 2011-ci il tarixdə gecədən xeyli keçmiş bütün bakılılar sevinc içində idi, şəhər bir neçə gün bayram etdi və nəhayət Azərbaycanda böyük şouya - mahnı müsabiqəsinə hazırlıq başlandı. Həmin sevinc dəqiqələrində, yəqin ki, çox az adam Avropanın hər tərəfindən gəlməli olacaq minlərlə turisti qəbul etmək, Avropa tamaşaçısına əsl şou göstərmək üçün hansı iri həcmdə işlər görülməsi, bunun nə qədər maliyyə və insan ehtiyatı tələb etdiyi barədə düşünüb.
Bu günsə skeptik ehtimallar, təşkilatçıların narahatlığı və icraçıların gərgin əməyi arxadadır, cürətlə demək olar: biz bunu bacardıq!
Əlbəttə, maliyyə baxımından "Avroviziya" həmişə bahalı layihə sayılıb. Onda hətta sadə iştirak belə iri məbləğə başa gəlir, ölkənin müsabiqəni təşkil etməsindən danışmağa isə dəyməz. Bununla belə, hər bir iştirakçı ölkə qələbəyə can atır. Çünki aydındır ki, xərclər tamamilə özünü doğruldur, hətta dərhal və pul axını şəklində olmasa da. Bu, bir neçə gün ərzində ölkənin uğurlarını, onun mədəniyyətini və tarixini, iqtisadi imkanlarını və turizm potensialını nümayiş etdirmək üçün unikal şansdır. Bu, ölkənin imicinə, gələcək perspektivlərinə iri yatırımdır və onlar mütləq geri qayıdacaq.
Bu, necə baş verir
Olimpiya Oyunlarından və futbol üzrə dünya çempionatından sonra, "Avroviziya" müsabiqəsini ölçücə üçüncü televiziya hadisəsi adlandırmaq olar. Aydındır ki, bu cür irimiqyaslı tədbir iri kapital yatırımı olmadan baş tuta bilməz. Konkret rəqəmlərdən danışdıqda, bütünlükdə, "Avroviziya" ölkələrə on milyonlarla dollara başa gəlir.
Bildirmək gərəkdir ki, ilk başdan müsabiqənin büdcəsi başlıca olaraq milli şirkətlərin yayım hüququ üçün ödədiyi məbləğdən formalaşırdı. Amma müsabiqənin təşkili üçün çəkilən xərclər ildən-ilə artır, buna görə də hazırda müsabiqənin büdcəsi həm müsabiqəni keçirən ölkənin, həm də təşkilatçının - Avropa Yayım Birliyinin (The European Broadcasting Union - EVU) birgə yatırdığı vəsaitdən formalaşır.
Müsabiqəni qəbul edən ölkəyə müsabiqənin təxmini büdcəsi tövsiyə edilir. Tövsiyə edilən büdcənin yarısını EVU verir. Qalan məbləği isə qəbul edən ölkənin özü ayırmalıdır. Ölkə bu məbləğdən az pul xərcləyə bilməz, bundan artıq xərcləməyə icazə var. EVS tərəfindən təqdim edilən məbləğ müsabiqə üçün lazımi avadanlıq icarəsi üçün yetərli olan minimal məbləğdir.
Müsabiqənin mövcud olduğu müddət ərzində "Avroviziya"nın müxtəlif yerlərdə texniki dəstəyini təmin edən peşəkarlar qrupu da yaradılıb. Müsabiqədə istifadə edilən texnikanın istehsalçısı olan firmalar da müəyyənləşib. Müsabiqəni qəbul edən ölkələrin milli televiziyaları üçün isə yayımı təmin etməkdən başqa iş qalmır.
EVS-in ayırdığı pul, əsasən, iştirakçı ölkələrin müsabiqənin keçirilməsi üçün verdikləri vəsaitdən və beynəlxalq sponsor sazişlərindən formalaşır. Amma teleşirkətlərin heç də hamısı yayım haqqını almaq imkanında deyil, buna görə də təşkilatçılar qərara alıblar ki, şounu lazımi səviyyədə keçirməyə və yoxsul ölkələrə yayım haqqını ödəməkdə yardım etməyə qadir iri sponsorlar cəlb edilməlidir.
Müsabiqəni qəbul edən ölkələr yarış üçün vəsaiti haradan götürəcəklərinə özləri qərar verirlər. Bu onların öz büdcəsindən və ya cəlb etdikləri vəsaitlərdən ayrıla bilər.
Müsabiqənin keçirilmə xərcləri iştirak edən ölkələrin sayından, ölkə ərazisində lazımi avadanlığın, meydanın olmasından və onların icarə qiymətindən, sponsorların marağından, ev yiyəsi olan teleşirkətin təşkil etdiyi şounun səviyyəsindən və bir sıra başqa amillərdən də asılıdır.
Qəbul edən ölkənin xərcləri sponsor sazişləri, bilet satışı, reklamlar və sms səsverməsindən gəlirlər hesabına örtülür.
Müsabiqənin keçirilməsini reqlamentləşdirən bir sıra marketinq şərtləri mövcuddur. Zalın içində yayım gerçəkləşdirən və telesəsvermə həyata keçirən şirkətlərə məxsus olandan başqa reklam yerləşdirmək qadağındır. Artıq "Avroviziya" müsabiqəsi keçirilmiş ölkələrdə müəssisələrdə onun təchizatçısı olmaq uğrunda rəqabət gedir. Bu, foto və poliqrafiya xidmətlərinə, qida məhsullarına, geyim predmetlərinə aiddir. Başqa sözlə, giriş biletləri də daxil olmaqla, ticarət markasının yerləşdirilməsi üçün bütün imkanlar istifadə edilir.
Müsabiqədə iştirak da az məbləğə başa gəlmir: klip çəkilişi, promotur, musiqiçilərin seçilməsi və səfərlər milyon dollarlara başa gələ bilər. Hər bir ölkə yalnız təmsilçisinin müsabiqədə iştirakı üçün tutarlı məbləğ ödəməlidir. "Avroviziya" vergisi hər bir ölkə üçün müxtəlifdir və məbləğ ölkənin iqtisadi inkişafı, ərazisi, potensial tamaşaçılarının sayı nəzərə alınmaqla hesablanır.
Oynamağa dəyər
"Avroviziya" həmişə yüksək səviyyəli yarış sayılır, axı o, varlı Avropa ölkəsində - İsveçrədə yaranıb, orada sabitlik və zən-ginlik adi həyat prioritetidir.
Azərbaycan ötən il "Avroviziya"da qalib gəldi və heç bir şübhə olmadan ölkəyə bu müsabiqəni keçirmək həvalə edilib. Bu göstərir ki, ölkə iqtisadiyyatı tam təhlükəsiz səviyyəyə qalxıb. Sirr deyil ki, "Avroviziya"nın keçirilməsini heç zaman şübhəli iqtisadi inkişafa malik ölkələrə etibar etməyiblər.
Bəli, Azərbaycan avropalı qonaqları və tamaşaçıları təəccübləndirəcək çox pul sərf edib. Birincisi, müsabiqə üçün xüsusi kompleksin - "Bakı Crystal Hall"un tikintisi, onun ətrafında infrastrukturun yaradılması, yol infrastrukturunun yaxşılaşdırılması, otel sayının artırılması, bütünlükdə, turizm kompleksi sahəsində işlərin gücləndirilməsi, İT-texnologiyaları sahəsində işlər və s. görülməlidir. Bu, əlbəttə, vəsait tələb edir və iqtisadiyyatın sabitliyi sayəsində bu vəsaitlər tapılıb və yatırılıb.
"Avroviziya-2012"nin maliyyə xərcləri yalnız beynəlxalq mahnı müsabiqəsindən sonra elan olunacaq. Bu gün yalnız Nazirlər Kabinetinin 2012-ci ildə beynəlxalq və milli tədbirlərin keçirilməsi xərclərinə büdcə ayrılmasının təsdiqi barədə
10 fevral tarixli fərmanı məlumdur. Fərmana görə, 77 milyon manat ayrılıb və bunun 50 milyon manatı ($ 60 milyon) "Avroviziya-2012" beynəlxalq mahnı müsabiqəsi üçün nəzərdə tutulub.
"Avroviziya-2012"nin rəsmi tərəfdaşları - Heydər Əliyev Fondu və müsabiqənin işçi qrupu tərəfindən yayılmış məlumata görə, yerli sponsorlar kimi, "Gilan Holding", "Kapital Bank" və "Silk Way" seçilib. Müsabiqənin baş sponsoru "Azercell"dir, beynəlxalq sponsorların sırasında - Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və "Swarzkopf" şirkəti yer alır. Müsabiqənin turizm tərəfdaşı Azərbaycan Turizm Assosiasiyasıdır. Bundan əlavə, Avropa Yayım Birliyi Azərbaycanın aparıcı şirkətlərindən biri olan ARDNŞ-i "Avroviziya-2012"nin rəsmi tərəfdaşı elan edib.
Beləliklə, dövlət və iri özəl biznes nümayəndələri birgə səylərlə yalnız bir il ərzində, demək olar ki, inanılmaz həcmdə işin həyata keçirilməsi üçün hər şey ediblər və dünyaya Odlar Yurdunun adına layiq böyük bir şou təqdim olunacaq. Əlbəttə ki, bu kontekstdə bir çoxlarını başqa sual maraqlandırır: xərclər geri ödənilə biləcəkmi?
Bu gün birmənalı şəkildə bildirmək olar: pul baxımından bütün investisiyaların ani qaytarılması barədə düşünməyə dəyməz, bu, sadəcə mümkün deyil. Bilet satışından da gəlirlər olacaq, qiymətlər məşqlər üçün 60-100 manat və final üçün 160-240 manat arasında dəyişir. Ölkəyə bir neçə min turistin gəlməsindən də gəlirlər olacaq (mehmanxanalarda qalacaqlar, turist səfərləri olacaq, infrastrukturdan istifadə ediləcək, restoran biznesi qazanacaq və s.), amma bunlar bütün xərcləri əhatə etmək üçün kifayət deyildi.
Ancaq "Avroviziya-2012"nin çoxmilyonluq teletamaşaçı auditoriyası, minlərlə turist və yüzlərlə jurnalist ölkəmiz haqqında dünyaya danışacaq, başqa sözlə, bu müsabiqə Azərbaycanın və onun turizm potensialının ən böyük reklamı olacaq. Amma bu, əlbəttə, gələcəkdə böyük dividendlər gətirəcək, faktik olaraq iqtisadiyyatın neftdənkənar bölməsinin bütün istiqamətlərinin inkişafına səbəb olacaq. Nəhayət, "Avroviziya-2012"dən gələn dolayı gəlirlər hələ uzun illər ölkə büdcəsini dolduracaq ki, bu da müsabiqəni müstəqillik illərində Azərbaycanın ən yaxşı investisiyalarından birinə çevrilməsi deməkdir.
MƏSLƏHƏT GÖR: