24 Noyabr 2024

Bazar, 20:58

QİTƏLƏR BİRLƏŞƏCƏK

Bakı-Tiflis-Qars nəqliyyat marşrutu geniş Avrasiya regionunda yükboşaltma üçün effektli vasitəyə çevrilə bilər

Müəllif:

21.10.2014

Gələn ilin ortalarından Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu dəhlizilə yükdaşımalarına başlamağı planlaşdırırlar. Dəmir magistral bu yaxınlarda "Yeni Bakı" limanında açılmış bərə terminalı ilə birlikdə TRASECA nəqliyyat sisteminin imkanlarını xeyli artıracaq. Bakı, Ankara və Tiflisin bundan sonrakı məqsədi yeni marşruta daha çox həcmdə yük cəlb etməkdir. Bakıda keçirilmiş "Bakı-Tiflis-Qars dəmir yolu xətti: tarixi İpək Yolunun inkişafında yeni imkanlar" mövzusunda Beynəlxalq konfransda da bu məsələnin həllinə dair müzakirələr aparılıb.

Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yol sistemlərini birləşdirəcək strateji əhəmiyyətli transregional magistralın formalaşdırılması istiqamətində 2007-ci ilin fevralından start götürmüş işlər sona yaxınlaşır. Azərbaycan artıq Bakı-Böyükkəsik dəmir yolu magistralının 317 kilometrlik hissəsində yolların və dəmir yol nəqliyyatı vasitələrinin rekonstruksiyası və modernləşdirilməsi işlərini başa çatdırıb. Külli miqdarda kapital qoyuluşu tələb edən bu layihənin əsas məqsədi dəmir yollarının daşıma qabiliyyətinin artırılması, həmçinin yeni siqnalizasiya sisteminin tətbiqi, qatarların hərəkət prosesinin tamamilə avtomatlaşdırılması və nəticədə, qərb istiqamətində hərəkətin saatda 80 kilometrdən 100-120 kilometrədək artırılmasıdır - belə olduqda, yüklərin daşınma müddəti ən azı 30 faiz qısalacaq.

Yolun Türkiyə hissəsində də tikinti işləri başa çatmaq üzrədir - buradakı layihə işlərinin 83%-i artıq yekunlaşıb və ilin sonuna qədər dəmir yolunun 79 kilometrlik hissəsi artıq istifadəyə veriləcək. 

Gələn ilin əvvəlinədək isə Gürcüstan ərazisindəki bütün obyektlər hazır olacaq. Burada 183 kilometrlik Axalkalaki-Marabda-Tiflis dəmir yolunun modernləşdirilməsi işləri, demək olar ki, başa çatıb, Türkiyə sərhədinədək olan 30 kilometrlik yola relslər çəkilib və 4,5 kilometrlik sərhədboyu tunelin tikintisi yekunlaşmaq üzrədir.

Layihə iştirakçıları əmindirlər ki, bu ilin sonunadək yeni dəmir yolu dəhlizi ilə ilk test qatarı yola düşəcək, gələn ilin ortalarına isə artıq BTQ-dən kommersiya məqsədləri üçün istifadə etmək mümkün olacaq.

Təxminən, 2015-ci ilin ikinci yarısından etibarən Azərbaycan və onun TRASECA nəqliyyat dəhlizi üzrə tərəfdaşları - Türkiyə, Gürcüstan və Qazaxıstan "Iron Silk Way" yeni transregional marşrutunu işə sala biləcəklər. Bu marşrutun logistikası BTQ dəmir yol xəttinin və "Yeni Bakı" limanındakı gəmi terminalının potensialına, Aktaudakı modernləşdirilmiş limanın, Türkiyənin dəmir yol magistrallarının, o cümlədən ötən il İstanbulda istismara verilmiş "Mərmərə" sualtı tunelinin imkanlarına əsaslanır. Bu nəqliyyat infrastrukturunun formalaşması effektli logistika sayəsində vaxt itkisini minimuma endirərək Avropa ilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında yük dövriyyəsini artırmağa, eyni zamanda həcmli Çin bazarını da bu prosesə cəlb etməyə imkan verəcək.

Bu proseslərə hazırlaşan Azərbaycan və onun BTQ dəhlizi üzrə tərəfdaşları yeni marşrutun populyarlaşdırılması, geniş Avrasiya regionundan buraya potensial yükdaşıyanların cəlb olunması üçün səylərini əsirgəmirlər.

"İqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam uyğun olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Həmin xətt öz növbəsində multimodal nəqliyyat imkanlarını genişləndirəcək, eləcə də sərnişin və yükdaşımalarının həcminin artmasını təmin edəcəkdir", - deyə prezident İlham Əliyevin "Bakı-Tiflis-Qars dəmir yolu xətti - İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar" Beynəlxalq Konfransının iştirakçılarına müraciətində bildirilir.

Bu forumu "Iron Silk Way" transregional marşrutunun iştirakçı-dövlətləri və Avropa və Mərkəzi Asiya dövlətləri üçün BTQ dəhlizinin kommersiya imkanlarının ilk effektli beynəlxalq prezentasiyası saymaq olar.

 "BTQ potensialından istifadə edilməsində maraqlı olan ölkələr 2007-ci ildə Azərbaycan-Türkiyə və Gürcüstan arasında imzalanmış üçtərəfli hökumətlərarası sazişə qoşula bilərlər", - deyə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib. Onun sözlərinə görə, yeni nəqliyyat dəhlizi daha da inkişaf üçün lazımi potensiala malikdir: "Proqnozlara görə, yaxın 2-3 il ərzində yükdaşımalarının həcmi 3 milyon ton təşkil edəcək, 10 ildən sonra isə bu rəqəm 10 milyon tona çatacaq".

Beynəlxalq ekspertlər də öz rəylərində nikbindirlər: BTQ dəhlizinin yükdaşıma gücü pik anında 17 milyon tona çatdırıla bilər. Artıq yaxın gələcəkdə bu göstəricinin 1 milyon sərnişin və 6,5 milyon ton yük səviyyəsində olacağı gözlənilir. 

Deyəsən, yeni nəqliyyat dəhlizinin imkanları region dövlətləri və beynəlxalq strukturların diqqətindən kənarda qalmayıb. TRASECA-nın baş katibi Eduard Biryukovun sözlərinə görə, BTQ dəhlizi və Xəzəryanı ölkələrdəki modernləşdirilmiş limanlar Çin və Mərkəzi Asiya mallarının Avropa bazarlarına çıxarılması üçün TRASECA dəhlizinin tərkib hissəsi olacaq. 

İlk mərhələlərdə "Iron Silk Way" marşrutunu əsasən postsovet ölkələri, xüsusilə də Dünya okeanına çıxışı olmayan Mərkəzi Asiya dövlətləri yükləyəcəklər. Revers istiqamətində isə bu dəhliz Köhnə Qitədən Azərbaycan, Gürcüstan, Mərkəzi Asiya və Əfqanıstana sənaye və istehlak mallarının daşınması üçün çox cəlbedici görünür. Yaxın perspektivdə bu dəhliz Çindən Türkiyəyə, daha sonra da Yaxın Şərq və Cənubi Avropa bazarlarına yük daşınması (əsasən, konteynerlərin) üçün də əlverişli ola bilər. 

Əfqanıstanın nəqliyyat və vətəndaş aviasiyası naziri Davud Əli Nəcəfinin sözlərinə görə, onun ölkəsi yeni dəmir yolu marşrutuna çox maraq göstərir, çünki bu marşrut "dəniz limanlarına çıxışı olmayan bütün Mərkəzi Asiya dövlətlərinə yüklərin həcmi və daşınma sürətini artırmağa, onların təhlükəsizliyini təmin etməyə imkan verəcək". 

Asiya və Avropa arasında daşınmaların həcminin artırılmasında BTQ dəmir yolu dəhlizinin vacib rolundan danışan Litvanın nəqliyyat və kommunikasiyalar naziri Rimantas Sinkyaviçusla onun belaruslu həmkarı Aleksey Avramenko, perspektivdə bu marşruta Baltik dənizindən gələn yük axınının da qoşulmasını mümkün hesab ediblər. 

Tədbirin sonunda "Bakı-Tiflis-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar" mövzusunda Beynəlxalq konfransın Yekun Bəyannaməsi qəbul olunub. 

Forum iştirakçıları tarixi İpək Yolunun bundan sonrakı inkişafında yeni dəmir yolu marşrutunun imkanlarına diqqət yönləndiriblər. Yekun sənəddə tərəflər Avrasiya nəqliyyat bağlarının bərpasının inkişafının və Böyük İpək yolunun bütün aspektləri üzrə əməkdaşlıq səviyyəsinin yüksəldilməsini zəruri hesab ediblər, eyni zamanda tərəflər dövlət-özəl tərəfdaşlıq mexanizmlərindən istifadə etməklə, nəqliyyat infrastrukturunun inkişafı üçün beynəlxalq maliyyə institutları və bankların vəsaitlərinin cəlb olunması üçün səy göstərməyin vacibliyini də vurğulayıblar.


MƏSLƏHƏT GÖR:

616