
SUSMAQ HEÇ DƏ QIZIL DEYİLMİŞ
Sözün düzünü danışanda da düzgün taktika seçilməlidir
Müəllif: Tamerlan ŞALBAROV Bakı
Şərq psixologiyasında bildirilir ki, enerji itkisinin əsas mənbəyi nitqdir. Xristianlıqda deyilir: "İnsanın ağzından nə girdiyi yox, nə çıxdığı önəmlidir". Bir çox zahidlər və müqəddəslər tənha yerlərə gediblər ki, heç nə onları boş söhbətlərə qatılmağa vadar etməsin.
Biz insana ilk qiyməti onun danışığına görə veririk. Danışıq insanın kim olduğunu göstərir. Yoqa, Şərq psixologiyası və fəlsəfəsi ilə məşğul olan, demək olar ki, istənilən kəs müdrik Patancalini və onun yoqa haqqında monumental əsəri "Yoqa-sutra"nı tanıyır. Amma çox az adam bilir ki, onun heç də dahiyanəlikdə geri qalmayan əsərləri nitq mədəniyyətinə - doğru danışmaq və nitqi doğru qurmaq qaydalarına həsr edilib. Kamilliyə can atan hər bir insan öz bədənini müalicə edən həkimə, öz nitqini qaydada saxlayan qrammatika mütəxəssisinə, öz şüurunu təmizləyən filosofa çevrilməlidir. Bu cür insanın həyatında fiziki nasazlığa, özünüdərkdə laqeydliyə və rabitəsiz nitqə yer ola bilməz. Bütün biznes məktəblərində danışmaq və dinləmək mədəniyətini çox ciddi öyrədirlər.
Hətta cinayət dünyasında bandit ierarxiyasına tabe olmaq üçün dili nəzarətdə saxlamaq lazımdır. İnsan danışmadıqca, onu tanımaq çətindir. Axmağı müdrikdən yalnız onlar danışdıqdan sonra ayırmaq mümkündür. Nitqin çox güclü enerjisi var. Mütəxəsssislər deyirlər ki, küçə söyüşləri ilə danışan, kobud və təhqiramiz davranan insanlarda bədənin incə yerlərində qara ləkələr yaranır ki, bu, bir-iki ildən sonra xərçəng şişlərinə çevrilə bilər. Daha uğurlu insanlar isə adətən, xoş danışırlar və öz nitqlərini nəzarətdə saxlamağı bacarırlar. Şərq psixologiyasında deyilir ki, nitqin ustalığı doğrunu xoş sözlərlə deməkdədir.
Şərqdə öz nitqini nəzarətdə saxlamağı bacarmayan insanı Qərbdə, hətta professor olsa belə, çox primitiv sayırlar. Anlamaq gərəkdir ki, əgər biz kimisə tənqid ediriksə, deməli, bu insanın mənfi karmasını və xasiyyətinin pis keyfiyyətlərini öz üzərimizə götürürük. Karma qanununa görə belədir. Təriflədiyimiz şəxsiyyətlərin də xüsusiyyətlərini götürürük. Buna görə də hətta Qərb psixoloqları yalnız uğurlu və ahəngdar adamlar barədə düşünməyi məsləhət görürlər. Amma qəlbdə həsəd və eqoizm çox olduqca, yaxşı şeylər barədə danışmaq da bir o qədər çətin olur.
Biz heç kimi tənqid etməməyə alışmalıyıq. Bir pasient vardı ki, müəyyən ilin ulduz falına görə onun ciddi xəstəliyi olmalı idi, amma onda hər şeyin normal olduğu aşkarlandı. Pasientə il ərzində nə iş görəcəyi barədə sual verəndə, bildirmişdi ki, bu il heç kimi tənqid etməyəcək. Dediyinə görə, görüb ki, onun həyatı bundan sonra real olaraq yaxşılaşıb. İkinci səviyyə pis şeylər barədə düşünməməkdir. Fikrimizdə nə qədər qeybət olursa, bir o qədər də dilimizə sirayət edir. Daha bir səviyyə isə tənqidi qəbul etməkdir. Ağlın qabiliyyətlərindən biri də istənilən vəziyyətdə özünə bəraət qazandırmaqdır. İnsanın yüksək səviyyəsi onunla ölçülür ki, o öz ünvanına tənqidi sakitliklə dinləyir.
Məntiqli nitqin ilk qaydası - kiməsə kəskin söz deməzdən öncə 10-a qədər sayın. Bu, ağılsızlıq kimi görünə bilər. İlk zamanlar, çətin ki, 3-ə qədər saya bilərik. Başqa tərəfdən əgər siz kiçik bir pauzadan sonra cavab versəniz, onda cavabınız daha məntiqli olacaq. Çünki bizi söyəndə və ya tənqid edəndə ağlımıza ilk gələn şey özümüzə bəraət qazanmaq və kəskin cavab vermək istəyi olur. Mənəvi özünütəkmilləşdirmə ilə məşğul olan insan çox az və həyat üçün lazım olan praktiki şeylərdən məntiqli danışır. Önəmli qayda şikayət etməkdən yaxa qurtarmaqdır. Sevgiyə doğru ilk addım təşəkkürdür. Bu dünyada təşəkkür edən azdır. İnsanlar əsasən şikayət edirlər - istər gizli, istərsə də açıq şəkildə olsun. Bir şeyi unutmayın: biz əgər kiməsə də təşəkkür etmiriksə, deməli, tənqid etməyə başlayırıq. Bir sufi deyimi var: "Cəhənnəm elə yerdir ki, orada heç kimə yardım etmək və ya xidmət göstərmək mümkün deyil". Səadəti biz təmənnasız xidmət edərkən, öz qəlbimizin bir hissəsini bəxş edərkən əldə edə bilərik. Sevgisiz etdiyimiz hər bir iş ilk baxışdan nə qədər alicənab görünsə də, yalnız bədbəxtçilik və dağıntı gətirir. Hər bir hal bir dərsdir, hər saniyə bizim öyrənməyimizə yönəlib.
Nə vaxt ki, bizim iradlarımız peyda olur, o zaman ürək çakramız (fırlanqac) bloka salınır. Ən tez-tez edilən şikayətlər taledən, ətrafdakılardan olur, özündən və dünyadan narazılıq kimi büruzə olunur. Şikayətlər yalnız sözdə deyil, həm də fikirdə, ünsiyyət üslubunda və tonunda, bütünlükdə həyata münasibətdə olur. Hər bir hadisə bizə öz üzərimizdə işləmək üçündür. Ahəngdarlığımız nə qədər azalarsa və gərginliyimiz artarsa, bir o qədər sərt dərslərlə üzləşərik. Nə zaman ki biz hadisəni qəbul edirik və rahatlaşırıqsa, o zaman çətinlik sürətlə həll olunur.
Gerçək dinclik biz istənilən hadisəni qəbul edən zaman ifadə olunur. Nə cür olur-olsun, biz taleyin istənilən hədiyyəsini qəbul edirik. Əgər bizim şüurumuz hər şeydə Yaradanın iradəsini görüb, qəbul edərsə, bu bizi təkamülə doğru aparar. Bizi tənqid edən hər kəs öz müsbət karmasını bizə verir və mənfi karmamızı aparır. Buna görə də Şərq psixologiyasında həmişə hesab edilib ki, bizi tənqid edəndə çox yaxşıdır. Bizim karma ilə nitq necə işləyir? Siz əgər nəsə eləməyi qərara almısınızsa, heç kimə bu barədə deməyin. Əgər bu barədə danışsanız, bunun başvermə ehtimalı, xüsusilə də, paxıl və acgöz insanla fikirlərinizi bölüşmüsünüzsə, işin alınma ehtimalı 80% azalır. Niyə az və düşünülmüş danışan insanlar çox şeylərə nail olurlar? Çünki onlar enerji itirmirlər.
Nitqlə bağlı başqa sadə qayda - əgər biz kiməsə yaxşılıq etdik və bu barədə başqaları qarşısında qürurlandıqsa, o zaman biz müsbət karmanı və bu əməllə qazandığımız bütün xeyirxahlıq meyvələrini itiririk. Bizim həmişə seçimimiz var: ya biz ümumi insan kütləsinə qoşularaq, həyatı irad və şikayətlərin cəhənnəminə çevirməklə qapalı qəlblə yaşamalıyıq, ya da ağzımızı yalnız xeyirxahlıq üçün açmağa alışmalı, səadəti yalnız bəxş etməklə əldə etməyin mümkünlüyünü anlamağa çalışmalıyıq. Bizə bu dünyada hazırda geniş imkanlar bəxş edilib. Ona görə də gəlin, bu gündən özümüzə söz verək ki, bütün səviyyələrdə öz nitqimizə nəzarət edəcək və bütün səviyyələrdə təkmilləşməyə can atacağıq.
MƏSLƏHƏT GÖR: