25 Noyabr 2024

Bazar ertəsi, 17:29

TOXUN ACDAN XƏBƏRİ VAR

Azərbaycan beynəlxalq ərzaq təhlükəsizliyi proqramlarının gerçəkləşdirilməsi üzrə donor dövlətlər sırasına salınıb

Müəllif:

01.05.2012

Böhrandansonrakı dövr-də baza ərzaq məhsullarının qiymətlərin yenidən artımı və  qıtlığı güclənib, özü də bu proseslər daha çox "üçüncü dünya" ölkələrinə toxunub. Bakıda aprelin ikinci ongünlüyündə keçirilmiş Avropa Komissiyasının kənd təsərrüfatı üzrə sessiyası və  BMT-nin ərzaq və Kənd Təsərrüfaıt Təşkilatının (FAO) 28-ci regional konfransı qlobal məsələnin həllinə - "ac olmayan dünya"nın əldə edilməsinə həsr olunmuşdu. 

 

Dünyanın "1 saylı" problemi 

BMT-nin məlumatına görə, dünya üzrə aclıq keçirənlərin sayı, demək olar ki, milyard insana çatıb. Yoxsul ölkələrdə ərzaq çatışmazlığı  həm də onunla kəskinləşib ki, ötən il - ilyarım ərzində ərzaq qiymətləri böhrandansonrakı dövr üzrə ən yüksək səviyyəyə qalxıb. Özü də bahalıq üzündən ərzaq səbətinin azaldılması yalnız Afrikanın, Asiyanın və Latın Amerikasının ənənəvi yoxsul ölkələrində deyil, həm də Cənubi və Şərqi Avropa regionunun bir sıra ölkələrində, həmçinin, postsovet məkanında müşahidə edilir. Beynəlxalq ekspertlərin fikrincə, qiymətlərin artımı və ərzaq istehsalının həcminin azalması aqrar bankların konservativ siyasəti, zəif inkişaf etmiş dövlətlərdə fermerlərin büdcədən subsidiyalaşdırılmasının azaldılması ilə bağlıdır. İri şəhərlərin əhalisinin sürətli artımı, həmçinin, təbii fəlakətlərin sayının artması və münbit torpaqlar potensialının azalması da öz sözünü deyir. 

Avropanın, Şimali Amerikanın və Latın Amerikasının, Cənub-Şərqi Asiyanın və Okeaniyanın rifahlı və intensiv inkişaf edən dövlətləri artıq bir neçə ildir, dünyanın daha yoxsul ölkələrində aclıq probleminin həlli üçün fəal tədbirlərin vacibliyi məsələsini müzakirə edirlər. O cümlədən, FAO inkişaf etmiş ölkələrə hər il öz büdcələrindən yoxsul ölkələrin aqrar bölməsinin inkişafı üçün $30 mlrd ayırmağı, həmçinin, daxili kənd təsərrüfatı subsidiyalaşdırılmasını ləğv etməyi və dünya ərzaq ticarətini liberallaşdırmağı təklif edir. Dünyanın varlı ölkələrinə, həmçinin, yoxsul ölkələrə ekstensiv təsərrüfat üsullarının aradan qaldırılmasında və intensiv, qənaətcil aqrar texnologiyaların tətbiqinə sərmayə yatırmaqda yardım etmək tövsiyə edilir. 

Nəhayət ki, FAO resurslarının daha effektiv istifadə edilməsi üçün gündəliyə bu təşkilatın köklü dəyişikliyi, ilk öncə, onun regional bölmələrinin mərkəzdən uzaqlaşdırılması, Ərzaq Təhlükəsizliyi üzrə Dünya Komitəsinin (ƏTDK) fəaliyyət mexanizmlərinin və uzun-müddətli siyasətinin formalaşdırılmasında milli hökumətlərin iştirakının gücləndirilməsi məsələləri də çıxarılıb. 

Bakıda keçirilmiş beynəlxalq forumda BMT-nin və Avropa Birliyinin (AB) ərzaq təhlükəsizliyi məsələləri üzrə cari fəaliyyəti və regional siyasəti müzakirə edilib. BMT-nin ərzaq və Kənd Tə-sərrüfatı Təşkilatının 28-ci regional konfransı  aprelin 19-dan 20-nə kimi keçirilib. Bir gün öncə isə nümayəndələrin bir qismi Avrokomissiyanın kənd təsərrüfatı üzrə sessiyasında ərzaq təhlükəsizliyi məsələlərinin müzakirəsinə qoşulub. 

Beynəlxalq forumun açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev son 15 ildə keçirilmiş, ölkəni əsas ərzaq məhsullarının 80-90%-i ilə təmin etməyə imkan vermiş  aqrar islahatlardan danışıb. Onun sözlərinə görə, yeyinti sənayesinin intensiv inkişafı Azərbaycana ərzaq ixracını dəfələrlə artırmağa, özü də yalnız postsovet məkanı bazarlarına deyil, həm də Avropanın, Şimali Amerikanın və Asiyanın bazarlarına girməyə imkan yaradıb. Son illərdə Azərbaycanın aqrar siyasəti ərzaq inflyasiyası "idxal"ına yol verməməyə və ölkə tərəfindən maksimum ərzaqla özünü təminə nail olmağa yöənlib. Bu məqsədlərlə 2008-ci ilin avqust ayından 2015-ci ilə qədər ölkənin ərzaqla etibarlı təmini üzrə Dövlət Proqramı gerçəkləşdirilir. Bütün bunlar aqrar bölmənin lazımi istiqamətdə inkişafına imkan yaradır.

Bununla yanaşı, bu sahədə dünyanın ümumi vəziyyəti hələ də normalardan çox uzaqdır. "FAO-nun məlumatına görə, planet üzrə aclıq keçirənlərin sayı artıq 925 mln nəfərə çatıb. Həmin  problemlər bu əsrin ortalarından daha da kəskinləşə bilər, onda bəşəriyyətin qarşısında daha 2 mlrd insanı doydurmaq problemi dayanacaq", - deyə FAO-nun baş direktoru  Joze Qratsiano da Silvu bildirib. Bahalıq üzündən ərzaq səbətinin azalması yalnız Afrikanın və Asiyanın yoxsul ölkələrində deyil, həm də xammal və insan resursları ilə zəngin olan Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində də müşahidə edilir. FAO-nun son məlumatlarına görə, bizim regionda insanların tam qidalana bilməmə göstəricisi  26% təşkil edir, yoxsulluq səviyyəsi isə 30%-dən 77%-ə kimi dəyişir. 

 

Bir  tikə  yardım 

Təbii ki, bu statistikaya differensial yanaşma gərəkdir. Tutaq ki, yarımçıq qidalanma və yoxsulluq müəyyən çalarlarla özünü Tacikistanda, Qırğızıstanda və Ermənistanda göstərirsə, əksinə, Qazaxıstan və Azərbaycan haqda  daha yüksək həyat səviyyəsinə görə, bunları demək mümkün deyil. 2005-2007-ci illərin statistikasına əsaslanaraq, FAO hələ bir il qabaq Azərbaycanı ən aşağı aclıq səviyyəsinə malik (ildə 5%-dən az) ölkələrin sırasına salıb. 

"Bizim ölkənin ərzaq təhlükəsizliyi sahəsində əldə etdiyi uğurlar FAO-nun yüksək qiymətinə layiq görülüb və həm də bu təşkilat Azərbaycanı donor ölkələr siyahısına salıb. Biz üçüncü ölkələrdə əqdlərin bağlanmasında və layihələrin maliyyələşdirilməsində iştirak etməklə  regional səviyyədə ərzaq təhlükəsizliyini təmin edəcəyik. Bu cür layihələrin gerçəkləşdirilməsi üçün vəsaitlərin bir hissəsini FAO, qalan hissəsini isə bizim hökumət ayıracaq", - deyə bununla bağlı kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib. 

Beynəlxalq forumun yekunlarından biri olaraq, aprelin 20-də Azərbaycanla BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlıq sazişi bağlanıb. Əldə olunan anlaşmaya görə, FAO-nun bizim ölkə ilə əməkdaşlığı balıqçılıq sahəsini, bitkiçilikdə xəstəliklərin, o cümlədən, heyvanlarla yoluxdurulan xəstəliklərin yayılmasına qarşı mübarizəni əhatə edir. Birgə layihələr əhalinin sağlamlığının təmini sahəsini, fermer təsərrüfatlarının dəstəklənməsi üzrə normativ aktları, ticarət prosesində torpaq yiyələrinin iştirakının genişlənməsini, onlar tərəfindən istehsal edilən məhsulun satış bazarlarına çıxışının asanlaşdırılmasını nəzərdə tutur. 

Azərbaycanda, həmçinin, FAO-nun regional ofisinin açılması da planlaşdırılıb ki, bu da yalnız bizim ölkədə layihələrin gerçəkləşdirilməsinə istiqamətlənməklə qalma-yacaq, həm də BMT-nin strukturlarının dəstəyi ilə Azərbaycanın qonşu ölkələrlə texniki tərəfdaşlığının qurulmasına da yardım edəcək. 

Milli nümayəndə heyətlərinin çıxışlarının, demək olar ki, leytmotivi aclıq və kənd təsərrüfatının ekstensiv inkişafı məsələsinin həllində FAO-nun fəaliyyətinin effektivliyinin artırılması olub. O cümlədən, söhbət xırda fermer təsərrüfatlarının və kooperativlərin dəstəklənməsindən, istehsal sahələrində və satış bazarlarına girişdə bütün maneələrin keçilməsindən gedir. Və əlbəttə, Mərkəzi Asiyanın və Cənubi Qafqazın bəzi yerlərində potensial imkanlardan 40% aşağı olan  məhsuldarlığın artırılması üçün yeni texnologiyaların tətbiqi də bura daxildir. Məhsuldarlığın artırılması birmənalı şəkildə kənddə yoxsulluğun səviyyəsini aşağı salacaq, ancaq bu məsələdə də ölçülmüş ehtiyatlı yanaşma gərəkdir. Belə ki, ənənəvi olaraq zəhərli kimyəvi maddələrin və qeyri-üzvi gübrələrin istifadəsi yüksək olan Avropa Birliyində bu cür kimyəvi maddələrin istifadəsi 30-35 il ərzində, ən azı, daha 20% də artacaq. 

"Ancaq kənd təsərrüfatında kimyəvi gübrələrin nəzarətsiz artırılması yeraltı suların çirklənməsinə, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sistemində təhlükəli tullantıların yığılmasına səbəb olur.  Artıq bu gün Şərqi Avropanın, Qafqazın və Mərkəzi Avropanın on iki ölkəsində, təxminən, 200 min ton pestisid tullantısı yığılıb ki, bu da utilizə edilməyən zəhərli kimyəvi maddələrin planetar həcminin, təxminən, 40%-ni təşkil edir", - deyə FAO-nun direktoru Joze Qratsiano da Silvu bildirib. AB və FAO-un digər tərəfdaşları tərəfindən kimyəvi tullantıların təhlükəsiz idarə edilməsi məsələlərində region dövlətlərinə yardım ediləcək. Eyni zamanda, FAO-nun əsas trendi kiçik fermer təsərrüfatlarında becərilən sahələrin artırılması hesabına deyil, yeni innovasiya yanaşmalarının və zəif ekosistem, məhdud təbii resurslar üçün həddindən artıq risk daşımayan daha dayanıqlı yanaşmaların tətbiqi vasitəsilə kiçik fermer təsərrüfatlarında istehsalın intensivləşdirilməsinin stimullaşdırılmasdır. 

Ümid edək ki, dünya birliyi tərəfindən qəbul olunan tədbirlər yaxın 20 ildə bəşəriyyəti aclıq təhlükəsindən xilas edəcək. Buna  ümid də var, çünki əlimizin altında dünyanın onlarca inkişaf etməkdə olan ölkəsi kimi, ərzaq təhlükəsizliyi problemini həll etməyi bacarmış Azərbaycanın uğurlu aqrar islahatlar  təcrübəsi  var.



MƏSLƏHƏT GÖR:

423