Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Bəllidir ki, Azərbaycanın vergi qanunvericiliyi daim təkmilləşir və 2008-ci ildən başlayaraq, Vergi Məcəlləsinə düzəlişlər dövlət büdcəsindən ayrıca qəbul edilir ki, bu da büdcə proqnozlarına baxılması və təsdiqi prosesini yüngülləşdirir, həmçinin, vergiödəyicilərinə daha öncədən gözlənilən dəyişikliklərlə tanış olmaq imkanı yaradır.
Belə düzəlişlərin növbəti zərfi ölkə Parlamentinə mayın 15-nə kimi təqdim edilməlidir. İndi bəllidir ki, fiziki şəxslərin gəlir vergisi dərəcələrinin azaldılması, vergitutma bazasının genişləndirilməsi, bir sıra vergi növləri üzrə (o cümlədən ƏDV üzrə) dərəcələrin dəyişdirilməsi, nağdsız hesablaşmaların stimullaşdırılması üçün vergi güzəştlərinin təqdim edilməsi və nağd hesablaşmaların məhdudlaşdırılması gözlənilir.
Gücümüz çatan yük
Vergi dərəcələrinin azalması meyli Azərbaycanda artıq bir neçə ildir, davam edir və ölkənin iqtisadi inkişafının sürətləndirilməsinə, əlverişli investisiya rejiminin yaradılmasına və sahibkarlığın inkişafının stimullaşdırılmasına yönəlib. 6-7 il qabağın göstəriciləri ilə müqayisədə, ölkədə vergi növləri azalıb, mənfəət vergisi dərəcəsi və s. də aşağı salınıb.
Azərbaycanda vergi dərəcələri üzrə son dəyişiklik 2010-cu ildə gerçəkləşdirilib. Nəticədə, mənfəət ver-gisinin dərəcəsi 22%-dən 20%-ə enib. Fiziki şəxslərdən gəlir vergisi dərəcəsinin maksimum səviyyəsi isə 35%-dən 30%-ə, özəl sahibkarlar üçünsə 20%-ə qədər düşüb. Beləliklə, mənfəət vergisinin faiz dərəcələri 20 il ərzində 35%-dən 20%-ə, ƏDV isə 28%-dən 18%-ə, fiziki şəxslərdən isə gəlir vergisi 55%-dən 30%-ə düşüb.
Bütün bu növlər üzrə vergi yükünün azaldılması iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına səbəb oldu və son hesabda onlar üzrə büdcə gəlirlərinin artımı üçün əlverişli şərait yaratdı. Bütün dünyada olduğu kimi, Azərbaycanda da vergi dərəcələrinin bundan sonra da azaldılmasının çox sayda tərəfdarı var. Onların arqumentlərini üç kateqoriyaya bölmək olar:
- qonşu ölkələrə baxanda Azərbaycanın vergi yükü nisbətən yüksəkdir, buna görə də azaldılmalıdır - biznes dairələri bu fikirdədirlər;
- Azərbaycan birbaşa vergiləri (o cümlədən, fiziki şəxslərdən tutulan gəlir vergisini) azaltmalı və dolayı vergiləri (ƏDV) cari səviyyədə saxlamalıdır - beynəlxalq iqtisadiyyat institutları belə düşünürlər;
- və nəhayət, hökumət bu mövqedədir ki, Azərbaycan qonşu ölkələr arasında özünü daha rəqabətqabiliyyətli ölkə kimi göstərməli və sərmayələr üçün cəlbedici olmalıdır.
Yada salaq ki, məhz vergilərin sadələşdirilməsi, vergiödəyicilərin xərclərinin azaldılmasına görə, Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının son "Doing Business-2012" hesabatında bizim ölkə 69-cu yerdən 66-cı yerə, vergilərin ödənilməsi səviyyəsinə görə isə 105-ci yerdən 81-ci yerə qalxıb.
Bununla yanaşı, etiraf etmək lazımdır ki, Azərbaycanda vergi yükü problemi elə də kəskin olaraq dayanmır. Beynəlxalq təcrübə göstərir ki, vergi ödəyicisindən tutulan vergilər onun toplam gəlirlərinin 30-40%-ni ötürsə, onda iqtisadi fəallıq dərəcəsi aşağı düşür, uyğun olaraq, ölkəyə yatırılan sərmayələrin həcmi azalır.
Belə deyək ki, bizim ölkədə vergi yükü səviyyəsi 20%-i keçmir. Bu da nisbətən aşağı göstəricidir. Əgər Azərbaycanda hazırda ƏDV dərəcəsi 18% səviyyəsindədirsə, MDB-nin başqa ölkələrində, məsələn, Rusiya və Belarusda bu, 20%, Ermənistanda 26%, Ukraynada və Tacikistanda 25% təşkil edir. Avropa Birliyinin bir sıra ölkələri də 2012-ci ildən ƏDV dərəcələrinin artırılması siyasətini yürüdürlər və ya bu barədə niyyət bildiriblər.
Ancaq məhz son faktların fonunda ekspertlər bu fikrə gəlirlər ki, mənfəət vergisinin və ƏDV-nin dərəcələrinin daha da aşağı salınması dünya böhranı zamanında bizim ölkədə iqtisadiyyata yeni güc verər, xəzinəyə vergi daxilolmalarını artırar. Qərb ekspertlərinin araşdırmaları göstərir ki, mənfəət vergisi dərəcəsinin 10% aşağı salınması büdcəyə daxilolmaları azaldır, amma bu, ötəri əlamətdir, daha sonra isə daxilolmaların əlavə 5% artması müşahidə edilir. Uzunmüddətli perspektivdə isə bu, əmtəə istehsalı, iş və xidmət səviyyəsini qaldırmağa, əhalinin məşğulluğunu yüksəltməyə imkan verir. Nəticə olaraq, vergiyə cəlb olunan baza artır və dövlətin gəlirləri çoxalmağa başlayır.
Amma istənilən halda, hələ ki hökumət ƏDV və mənfəət vergisi dərəcələrini dəyişmək fikrində deyil, özü də mənfəət vergisinə görə bizim ölkədəki vəziyyət qəbuledilən sayılır. Çünki Beynəlxalq Valyuta Fondu (BVF) sanır ki, 20%-lik dərəcə normaldır, Rusiyanın və regionun digər ölkələrinin analoji göstəricilərinə uyğundur (yalnız Gürcüstanda bu, 15% təşkil edir).
Eyni zamanda, fondun fikrincə, 2010-cu ildə Azərbaycanda fiziki şəxslərdən gəlir vergisinin maksimal dərəcəsinin 35%-dən 30%-ə endirilməsi Qazaxıstan (10%) və Rusiya (13%) ilə müqayisədə yetərli deyil, Gürcüstan isə fiziki şəxslərdən gəlir vergisini sosial vergi ilə birləşdirərək, toplam göstəricini 20%-ə qədər endirib.
Bu, nəzərə alınaraq, fiziki şəxslərin gəlir vergisinin 30%-dən aşağı salınması və vergiyə cəlb olunan aylıq gəlirin maksimum həddinin 2008-ci ildə qəbul edilmiş 2000 manat səviyyəsindən qaldırılması məsələsi yenidən gündəmdədir. Vergilər naziri Fazil Məmmədovun fikrincə, aparılmış hesablamalara görə, dövlət büdcəsinin gəlirləri üçün fiziki şəxslərin gəlir vergisinin aşağı salınması elə də xüsusi önəm kəsb etməyəcək, amma yenə də sosial ədalət prinsipini nəzərə almaq lazımdır. O sanır ki, 2000 manat səviyyəsində aylıq gəlir sabitdir, buna görə də 14%-lik dərəcə qəbuledilən səviyyədir. "Bütünlükdə, sosial bərabərliyin təmin edilməsi üçün fiziki şəxslərin gəlir vergisinin dərəcəsi bir-iki pillə aşağı və ya yuxarı ola bilər", - deyə nazir vurğulayır.
Həmçinin, bu gün hökumətə əmlak, torpaq, mədən vergilərinin dərəcələrinə yenidən baxılması və fiziki şəxslərdən tutulan gəlir vergisinin yavaş-yavaş azaldılması ilə bağlı çoxsaylı müraciətlər də daxil olur. Bununla bağlı, Maliyyə Nazirliyində hesab edirlər ki, torpaq və əmlak vergiləri ilə bağlı əsas məsələ torpaq və əmlak qiymətlərini real bazar qiymətləri səviyyəsinə gətirməklə vergitutma bazasının genişləndirilməsidir. Bu həm də bələdiyyə büdcələrinin real potensialını qiymətləndirməyə, həmçinin, onların müstəqil fəaliyyətinə imkan yaradacaq. Qeyd edək ki, büdcə gəlirlərində torpaq vergisinin payı 1995-ci ildəki 4,4%-dən indiki 2,5%-ə qədər aşağı düşüb. Ancaq bu sahədə potensal hələ də yüksəkdir, onun səmərəli istifadəsi, bu sahəyə sərmayə yatırımının yüksəlməsi torpaq vergisinin büdcə gəlirlərindəki xüsusi çəkisini artıracaq.
Yeni məcəllə olacaq
Yaxın illərin fiskal siyasətinin əsas tərkib hissələrindən biri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən büdcə xərclərinin bütünlüklə vergi daxilolmaları hesabına ödənilməsi və Dövlət Neft Fondundan transfertlərin yalnız iri layihələrə yönəldilməsi ilə bağlı irəli sürülmüş məsələnin gerçəkləşdirilməsi olacaq. Bu, dövlət büdcəsi gəlirlərinin önəmli səviyyədə artmasını nəzərdə tutur ki, bu da təbii ki, vergi yükünün artırılması hesabına deyil, iqtisadi artım templərinin yüksəldilməsi, vergi nəzarətinin gücləndirilməsi yolu ilə vergiyə cəlb edilən bazanın genişəndirilməsi, sahibkarlarla tərəfdaşlıq münasibətlərinin yaradılması və iqtisadi inkişafı stimullaşdıran vergi inzibatçılığının tətbiq edilməsi hesabına mümkündür.
Vergilər nazirinin fikrincə, ölkədə vergiyə cəlb etmək üçün böyük potensial var və bununla bağlı Vergilər Nazirliyi transfert qiymətlərinin formalaşdırılması kimi həssas bir sahədə vergi nəzarətinin tətbiqi məqsədi ilə araşdırmalara başlayıb. Transfert qiymətlərin vergiyə cəlb edilməsi sahəsində qabaqcıl təcrübənin öyrənilməsinin məqsədi vergi ödənişindən yayınmalara qarşı mübarizədir. Məsələ bundadır ki, transfert qiymətlər iri şirkətlərin törəmə müəssisələri arasında əməliyyatlar zamanı yaranır və bu, xərclərin süni şəkildə artırılmasına yönəlir. Buna görə də Azərbaycan qanunvericiliyi Vergi Məcəlləsinə düzəlişlər, həmçinin, ayrıca qanun layihəsi şəklində təkmilləşdirilməsi üçün müxtəlif ölkələrin bu sahədə təcrübəsini öyrənir.
Bu il, həmçinin, ölkədə özəl notariusların vergi ödəməsi mexanizminin təkmilləşdirilməsi də nəzərdə tutulur. Vergilər və Maliyyə nazirlikləri arasında artıq notariusların rüb ərzində əldə etdiyi ümumi gəlir həcmindən 10 faizlik vergi tutulması barədə razılıq əldə edilib və bu zaman xərclərin məbləği ümumi məbləğdən çıxılmır.
Əlavə vergi güzəştlərinə gəldikdə isə, bu il onları da gözləməyə dəyməz. Bəllidir ki, iqtisadiyyatın ayrı-ayrı sahələri, o cümlədən, kənd təsərrüfatı istehsalçıları və bank sektoru artıq uzun müddətdir, vergi güzəştləri və preferensiyaları ilə işləyir. İqtisadi inkişafın müəyyən mərhələsində bir sıra güzəştlərin verilməsinə ehtiyac var idi ki, bu da həmin istiqamətlərdə müəyyən hədəflərə çatmağa imkan yaratdı. Məsələn, aqrar bölmə təmsilçilərinə təqdim edilən güzəştlər nəticəsində kənd təsərrüfatında xərclər xeyli azaldı və vəsaitlərin yetərincə böyük bölməsi kənd təsərrüfatı məhsulları istehsalçılarının sərəncamında qaldı. Qlobal iqtisadi böhran zamanı maliyyə itkilərinin azaldılması məqsədi ilə bank və sığorta bölmələrinə verilən güzəştlər də bu cür səmərəli oldu ki, (üç il ərzində kapitallaşmaya yönəldilən gəlir vergi tutulmasından azad edildi) bunun nəticəsində də banklar və sığortaçılar öz likvidliklərini bərpa etdilər.
Ancaq vergilər nazirinin birinci müavini Natiq Əmirovun sözlərinə görə, iqtisadi inkişafın müəyyən mərhələsindən sonra bu güzəştlər yenidən qiymətləndirilməlidir. Aparılan təhlillər göstərir ki, bu gün iqtisadiyyata verilən güzəşt və prefensiyalar nəticəsində yığılmamış vergilərin həcmi yığılan vergilərin toplam həcminin, təxminən, 25-30%-ni təşkil edir. Buna görə də bu gün iqtisadiyyata təqdim edilən güzəşt və preferensiyaların monitorinqinin aparılmasının vacibliyi ortaya çıxır. Əmirov sanır ki, yalnız bundan sonra müəyyən etmək olar ki, hansı sahədə güzəştləri saxlamaq olar, hansının önəmi nədir, hansılarını isə davam etdirmək mümkündür.
"Bu gün vergi güzəştləri əldə etmək istəyən çox sayda fəaliyyət növü var. Bank, liziqn bölməsindən tutmuş, kitab istehsalçısına qədər hamı vergi güzəşti istəyir. Düşünürük, güzəştlər ünvanlı olmalıdır", - deyə nazir müavini bildirir. Məhz buna görə Vergilər Nazirliyi Nazirlər Kabinetinə müraciət edib ki, ƏDV-dən azad etmək üçün dövlət əhəmiyyətli nəşrlərin siyahısını versin. Bu siyahı əsasında vergi qanunvericiliyinə ƏDV-dən azadedilmə ilə bağlı izahetmələr əlavə ediləcək.
Və nəhayət, Vergi Məcəlləsinin son illər məruz qaldığı yeni dəyişikliklər və düzəlişlər də nəzərə alınmaqla, hökumətdə düşünürlər ki, ortamüddətli perspektivdə yeni Vergi Məcəlləsinin işlənməsi zəruridir. Xatırladaq ki, indiki VM 11 iyul 2000-ci il və 1 yanvar 2001-ci il tarixlərdə təsdiq edilib.
Məcəllənin yeni versiyasının işlənməsi zamanı aparıcı rolu, yəni ekspert komissiyası, daha doğrusu, vergi idarəetməsi, vergi siyasəti və vergi qanunvericiliyi sahəsində yaradılmış işçi qruplar oynayacaq. Bunlar avqust 2008-ci il tarixdə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi fonunda vergi sisteminin təkmilləşdirilməsi üzrə tədqiqatların aparılması və tövsiyələrin hazırlanması üçün yaradılıb.
Komissiyanın vəzifələri sırasına ölkənin investisiya cəlbediciliyinin artırılması üçün fiskal siyasətin rolunun öyrənilməsi üzrə, vergi ombuds-manıinstitutunun təkmilləşdirilməsi, iqtisadiyyatda vergi yükünün təhlili və optimallaşdırılması üzrə təkliflər hazırlanması daxildir.
"Biz hesab edirik ki, vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində ictimai təşkilatlarla və biznes çevrələri ilə sıx əməkdaşlıq etməklə, onların təkliflərinin öyrənilməsi ilə ortamüddətli perspektivdə vergi qanunvericiliyi bazasında müəyyən dəyişikliklər əldə edə biləcəyik", - nazir Məmmədov bildirib.
İlk növbədə, onun fikrincə, ölkənin uzunmüddətli strateji inkişaf planlarının uğurla həyata keçirilməsinin əsas şərti olan vergi sistemi, sabit və proqnozlaşdırılan olmalıdır.
Bir sözlə, istənilən halda, bu il qəbul edilmiş yeniliklər və düzəlişlər iqtisadiyyatın əsaslandığı qanunvericilik bazalarından biri olan yeni Vergi Məcəlləsinin formalaşmasına öz töhfəsini verəcək.
MƏSLƏHƏT GÖR: