
"SÜDDƏN YANAN, SUYU DA ÜFÜRƏ-ÜFÜRƏ İÇİR"
"The moscow times" qəzetinin yazarı Maykl Bomun "R+"a müsahibəsi
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
ABŞ-da prezidentliyə namizədlərin irəli sürülməsi prosesi başa çatmaq üzrədir. Artıq ekspertlər, demək olar ki, birağızdan Ağ evə rəhbərlik uğrunda mübarizənin hazırkı demokrat Prezident Barak Obama ilə respublikaçı Mitt Romni arasında gedəcəyini bildirir. Hələlik reytinqə görə, Obama nominal rəqibini üstələyir. Amma analitiklər vəziyyətin Romninin xeyrinə dəyişə biləcəyini də istisna etmirlər.
Xarici siyasətə aid məsələlərdə respublikaçı senator daha sərt mövqe nümayiş etdirir. Onun seçkiqabağı şüarı özü-özlüyündə bunu təsdiqləyir: "Amerikanın ləyaqətini bərpa etməli!".
Romni "ABŞ-ın əsas geosiyasi düşməni"nin adını çəkməyə də macal tapıb. Onun nəzərində bu, Obama administrasiyasının münasibətləri "yeniləşdirməyə" çalışdığı Rusiyadır.
ABŞ-ın Cənubi Qafqaz, İran və ərəb dünyası ilə bağlı bundansonrakı siyasəti nədən ibarət ola bilər? Bütün bunlar haqda jurnalımıza Rusiyada nəşr olunan ingilisdilli "The Moscow Times" qəzetinin yazarı Maykl BOB danışıb.
- Qlobal iqtisadi böhran və "ərəb baharı" fonunda hələ ötən ildən bir çox analitiklər ABŞ-ın Cənubi Qafqaz istiqamətində siyasi fəallığının azalacağını proqnozlaşdırırdı. Necə düşünürsünüz, bu proqnozlar doğruldumu? Vaşinqtonun Cənubi Qafqazla bağlı strateji planları nədən ibarətdir?
- Hazırkı Amerikanın siyasətində Corc Buşun prezidentliyi dövrü ilə müqayisədə Cənubi Qafqaza az yer ayrılıb. Respublikaçı prezidentin zamanında Cənubi Qafqazda demokratiyanın genişləndirilməsi xarici siyasi proqramın bir hissəsi idi. Amma Barak Obama bu regionu Amerika siyasətinin gündəliyindən çıxardı. Bu, heç də Cənubi Qafqazın ABŞ üçün vacib olmadığı anlamına gəlmir. Sadəcə, qlobal maliyyə böhranı şəraitində bu regionla bağlı layihələr Barak Obama administrasiyasının ümumi xarici siyasi tablosuna uyğun gəlmir. Başqa sözlə, indi onlar üçün Cənubi Qafqazdan daha vacib məsələlər var.
- Belə çıxır ki, ABŞ-ın növbəti prezidentinin kim olacağından çox şey asılıdır? Yeri gəlmişkən, prezident seçkisində Barak Obamanın rəqibi, güman ki, senator Mitt Romni olacaq. Ondan Cənubi Qafqaz regionu ilə bağlı hansı mövqeni gözləmək olar?
- Qeyd etmək lazımdır ki, Azərbaycanda ABŞ-ın prezident kürsüsündə kimin əyləşməsindən asılı olmayaraq hər zaman Vaşinqtonun strateji maraqları baxımından diqqətdə saxladığı sahə var. Bu, enerji sahəsidir. İqtisadiyyat Amerika prezidentlərinin istəkləri və düşüncələrindən asılı deyil. Doğrudur, siyasət və hərbi aksiyalar dövlət başçısının idarəsindən asılıdır. Amma enerji sahəsinə münasibətdə ABŞ-ın birmənalı prioritetləri mövcuddur.
- Amma regionda ABŞ-ın enerji maraqları üçün təhlükə də var. Onların arasında Ermənistan - Azərbaycan münaqişəsində davam edən "nə hərb, nə sülh" şəraitini göstərmək olar. ABŞ-ın bu münaqişənin həllində fəallığının artacağını gözləmək olarmı?
- Münaqişələrin həlli - diplomatik sahə, təhlükəsizlik məsələsidir. Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakdan imtina etməyəcək. Bu, əsas prioritet olmasa da, ABŞ-ın ümumi xarici siyasətinə aid məsələdir. Vaşinqton problemin diplomatik yollarla həllinə cəhdləri dəstəkləyir. Bu məsələdə özünə xal qazanmaq, özünü sülhməramlı kimi göstərmək mümkündür. Gələcəkdə ABŞ-ın bu çətin problemin həllində daha fəal olması heç də istisna deyil.
- Azərbaycanda nəhəng qaz yatağı olan "Şahdəniz"in ikinci fazasına start verilib. ABŞ və Aİ "Nabucco" qaz kəməri layihəsinin reallaşdırılması ümidlərini bu layihə çərçivəsində həyata keçiriləcək qaz hasilatı ilə bağlayırdı. Amma görünən odur ki, son zamanlar bu layihə yerində saymağa başlayıb. ABŞ bundan sonra da "Nabucco"nun reallaşdırılması üçün lobbiçilik edəcəkmi?
- Düşünürəm, "Nabucco" layihəsinə ABŞ-ın dəstəyi azalmayacaq. Onun məsələyə siyasi dəstəyinin azalacağını da gözləmək olmaz. Çünki enerji resurslarının nəqlində alternativ marşrutlara ehtiyac var. Bakı-Tbilisi-Ceyhan layihəsində olduğu kimi, "Na-bucco" qaz kəmərinin çəkilişi üçün də maliyyə dəstəyi özəl investorlara bağlıdır. "Nabucco" üçün təbii resursların kifayət edib-etməyəcəyi isə başqa məsələdir.
- Hazırda Amerika-İran münasibətləri son həddədək gərginləşib. Cənub qonşumuza güc tətbiqi təhlükəsi nə qədər realdır?
- Bu ehtimal çox azdır. Məsələ ondadır ki, İran İraq və ya Liviya deyil. Ağ ev "süddən yanan, suyu da üfurə-üfürə içər"" prinsipi ilə hərəkət edir. ABŞ artıq İraqda özünü "yandırıb". Hesab edirəm, ABŞ-da keçiriləcək prezident seçkisinədək heç nə baş verməyəcək. Barak Obama İrana qarşı hərbi əməliyyatlara əl atmayacaq. Respublikaçı namizəd isə seçicilərinə İranın nüvə obyektlərinə zərbələr endiriləcəyinə söz verib. Amma ümumilikdə, hazırkı namizədlərdən hər hansının prezidentliyi dövründə İrana hərbi müdaxilənin olması ehtimalı çox azdır.
- Yeri gəlmişkən, Liviya haqda. ABŞ Müəmmar Qəddafiyə qarşı etirazları dəstəklədi və hətta onun rəqiblərinə hərbi dəstək də verdi. Lakin "ərəb baharı"nın yaşandığı bütün ölkələrdə hakimiyyət tədricən islamçıların əlinə keçməkdədir: Tunisdə "Ən-Nahda", Misirdə "Müsəlman qardaşlar", hətta Liviyada Milli Keçid Şurası, demək olar ki, keçmiş radikallardan formalaşıb. Bu, Qərbin maraqlarına nə dərəcədə uyğundur?
- Belə bir fikir var: "Nə tökərsən aşına, o da çıxar qaşığına". "Ərəb baharı"nın başlanğıcında baş verənlərin nə ilə yekunlaşacağını heç kəs proqnozlaşdıra bilməzdi. ABŞ həmişə Mübarəki dəstəkləyib və bunu iki şər arasında onun daha müsbət olması üzündən edib. Söhbət "Müsəlman qardaşlar"ın simasında müxalifətdən gedir. Mübarək demokrat olmasa da, dünyəvi insan idi. ABŞ da radikal axınların güclənməsinə imkan verməmək üçün daim onu dəstəkləyirdi. Amma Misirdə xalq qiyama qalxan zaman Vaşinqton köhnə müttəfiqini dəstəkləyə bilmədi. Digər tərəfdən, radikal təşkilatlarla bağlı narahatlıqlar da var idi və indi də davam edir. Amma milyonlarla insan nümayişlərə çıxıbsa, nə etmək olar? Təlatümlərin başlanması ilə ABŞ Mübarəklə məcburi dostluqdan imtina etməli oldu. Orada inqilab baş verdi və bu halda heç nə etmək olmazdı.
- Liviyada isə NATO müxalifətin yolunu bombardmanlarla açdı. İndi orada da hakimiyyət ənənəvi olaraq ABŞ-a dost münasibət bəsləməyən, İsrail ilə düşmən olan islamçıların əlinə keçir...
- Qəddafi kifayət qədər dünyəvi şəxs idi və son illər Mübarək kimi, o da Qərblə dostluq edirdi. Adətən, ABŞ dünyəvi, yoxsa dini diktatoru dəstəkləmək seçimi qarşısında qaldıqda birincini seçir. Amma Benqazidə və Liviyanın digər şəhərlərində nümayişlərin başlanmasından sonra, Qəddafinin bütün "müsbət"ləri "mənfi"lərə çevrildi. Siyasi nöqteyi-nəzərdən dünyəvi diktatoru dəstəkləmək məqsədəuyğun deyildi.
- Belə olan təqdirdə Suriyada hadislərin sonrakı inkişafı necə ola bilər? NATO-nun Liviyada havadan hücuma bənzər Qərbin və ya Ərəb Ölkələri Liqasının da məsələyə hərbi müdaxiləsi müm-kündürmü?
-Suriyanın hazırkı prezidentinin vaxtı artıq bitmək üzrədir. Onun gedişi sadəcə zaman məsələsidir. Hökumət tərəffdarları da tədricən müxalifət tərəfinə keçir. Amma ən çətin günlər diktatorun gedşindən sonra başlayacaq. Liviya təcrübəsi də göstərdi ki, diktatorun devrilməsindən sonra müxtəlif qruplar arasında hakimiyyəti ələ almaq uğrunda mübarizənin ən sərt mərhələsi başlayır. Unutmaq olmaz ki, Suriyadakı proseslərə də radikal dini qruplaşmalardan tutmuş, ən müxtəlif qüvvələr cəlb olunublar. Bildiyiniz kimi, İran Suriyada çox fəallıq göstərir. Hazırkı rejimin devrilməsi ilə proseslərin Misir ssenarisi üzrə inkişaf edəcəyi də istisna edilə bilməz. Qərbin hərbi müdaxiləsinə gəlincə, Barak Obama belə bir planın əleyhinədir. Çox ola bilsin ki, yaxın zamanlarda müxalifətin silahlandırılmasına dair rəsmi razılaşma da əldə edilsin, amma hazırda Qərb tərəfdə belə bir qərarın olduğunu demək olmaz. Ancaq bu o demək deyil ki, müxalifətə silah-sursat ötürülmür, sadəcə mümkündür ki, bu, gizli yollarla edilir.
MƏSLƏHƏT GÖR: