15 Mart 2025

Şənbə, 01:39

YARIMÇIQ QALMIŞ PARTİYA

1958-ci ildən bəri ilk dəfədir ki, Fransanın dövlət başçısı prezident seçkisinin növbəti turuna lider kimi deyil, ikinci olaraq keçir

Müəllif:

01.05.2012

Beşinci respublikanın tarixində bu yubiley - sayca onuncu prezident seçkisi yalnız Fransanın deyil, bütünlükdə Avropanın tarixi üçün əhəmiyyətli bir dövrdə keçirilir. Köhnə dünyanın siyasətində Parisin çəkisini nəzərə alsaq, aydındır ki, bu seçki çətin böhran dövrünü yaşayan Avropa İttifaqında (Aİ) ümumi vəziyyətə birbaşa təsir göstərəcək. Seçkinin ilk turunda qələbə qazanmış sosialistlərin lideri Fransua Ollandın Yelisey sarayına mümkün gəlişindən ən müxtəlif gözləntilərin olması da bununla bağlıdır.

 

"Mən ümumi maraqların imtiyazlardan üstün olmasını istəyən bütün fransızların namizədiyəm"

Fransa Sosialist Partiyasından prezidentliyə namizəd Fransua Olland seçkinin ilk turunda 28,63% səs qazanıb. İkinci yeri hazırkı dövlət başçısı, Qollun "Xalq hərəkatı uğrunda ittifaq" partiyasının lideri Nikolya Sarkozi tutub (27,18).

Sonrakı yerlərdə ultrasağçı "Milli cəbhə"nin namizədi Marin Le Pen (17,9%), "Sol cəbhə"nin lideri Jan-Lyuk Melanşon (11,11%), mərkəzçi "Demokratik hərəkat"ın namizədi Fransua Bayru (9,13%) gəlirlər. 

Ekoloq Yeva Joli (2%), müstəqil qollçu namizəd Nikolya Dyupon-Enyan (1,97%), "Yeni antikapitalist partiyası"nın namizədi, mexanik Filip Putu (1,3%), trotskiçi "Fəhlə mübarizəsi" partiyasının namizədi Natali Arto (0,66%) və müstəqil iddiaçı Jak Şeminad (0,26%) seçkinin autsayderləri olublar.

Beləliklə, mayın 6-na təyin edilmiş ikinci turda F.Olland və ilk turda ondan 1,5% az səs toplamış N.Sarkozi mübarizə aparacaqlar. Bununla da 1958-ci ildən bəri ilk dəfədir ki, Fransanın dövlət başçısı prezident seçkisinin ikinci turuna ikinci yerdə kedir. Amma əsas bu deyil. Son 20 ildən artıq dövrdə ilk dəfə olaraq, sosialist siyasətçi prezident seçilmək üçün real şans əldə edib.

"Mən ölkədə hakimiyyətin sağçılardan solçulara keçdini, fransızlara firavan həyat ümidini qaytaracaq yeni prezident ola bilmərəm. Mən nümunəvi respublika arzusunda olan bütün fransızların namizədiyəm. Mən ümumi maraqların imtiyazlardan üstün olmasını istəyən bütün fransızların namizədiyəm", - deyə Olland bildirib.

Sosialistlərin lideri solçu ideyaları ilə ölkənin təhsil, səhiyyə və vergi sistemində islahatlar aparmaqda israrlıdır. O, Fransa ordusunu Əfqanıstandan çıxarmağı da qarşısına vəzifə olaraq qoyub. Seçki kampaniyasında Olland "Dəyişikliklər - indi!" şüarını seçmişdi. Hazırkı prezidentdən fərqini hər kəsə nümayiş etdirməyə çalışan Olland prezident və hökumət üzvlərinin əməkhaqqını 30% azalt-mağı da təklif edir.

"Bəzi insanlar pulu sevir. Məni isə daha çox insanlar maraqlandırır", - deyə Olland bildirib. Bu zaman Sarkozinin adını çəkməyib və bunun özü də təsadüf deyil. Olland bildirir ki, ona qarşı hansısa konkret şəxs deyil, Fransada ədalət və firavanlığın qurulmasına mane olmağa çalışan böyük bir qüvvə dayanır: "Mənim əsas rəqibimin adı, siması, partiyası yoxdur. O, heç kəsi təmsil etmir. Amma hamını o idarə edir. Mənim rəqibim maliyyə dünyasıdır".

Sosialistlərin lideri bildirir ki, qələbə qazanacağı təqdirdə o, Fransa banklarını qanunvericilik əsasında kreditləşdirmə və investisiyalaşdırma ("möhtəkir əməliyyatlar") əməliyyatlarının bir-birindən ayırmağa məcbur edəcək. Olland hesab edir ki, bu, yeni maliyyə böhranı risqinin azalmasına imkan verəcək.

Ollandın Fransa daxilində həyata keçirilməsini vacib saydığı tədbirlər ölkə çərçivəsindən kənara çıxır. Belə ki, Olland Fransanın hazırkı prezidenti Nikolaya Sarkozi və Almaniyanın federal kansleri Angela Merkelin təkidi ilə "büdcə paktı" istiqamətində aparılan böhranla mübarizənin səmtini tamamilə dəyişməyi planlaşdırır.

"Büdcə paktı" avrozonaya daxil olan dövlətlərdə maliyyə intizamının sərtləşdirilməsini nəzərdə tutur. Onun reallaşdırılmasını yalnız Fransa ilə Almaniya deyil, Avropanın digər aparıcı iqtisadiyyatları - Böyük Britaniya, İtaliya və İspaniya da dəstəkləyir. Həmin dövlətlərin liderlərinin Fransada keçirilmiş prezident seçkisində namizədlərdən birini - Nikolya Sarkozini açıq şəkildə dəstəkləməsi də bununla bağlı idi. Angela Merkel isə bu məqsədlə hətta şəxsən Parisə səfər etmişdi. Avropanın aparıcı fövqəldövlətləri Aİ çərçivəsində alternativ görmədikləri kursun dəyişdiriləcə-yindən narahatdır. Onlar hadisələrin bu cür inkişafının qarşısını almaq üçün, hətta Fransanın mümkün yeni prezidenti Fransua Olland ilə münasibətləri korlamağa da hazırdırlar.

Fransa sosialistlərinin lideri isə Aİ-də borc və maliyyə böhranını "büdcə paktı"nın əvəzinə, ilk növbədə, Almanyianın tətbiq etdiyi sərt iqtisadi tədbirlərdən imtina hesabına aradan qaldırmağı təklif edir. Olland bildirir ki, Avropa ölkələrnin fiskal terrora deyil, iqtisadi inkişafın stimullaşdırılmasına ehtiyacı var.

Əlbəttə ki, Fransua Olland hakimiyyətə gələcəyi təqdirdə, real vəziyyət qarşısında qalaraq məsələyə yanaşmasını dəyişməsi mümkündür. Üstəlik, Fransa Avropadakı ümumi vəziyyətdən,  bu vəziyyət isə böyük ölçüdə Paris-Berlin dialoqunun istiqamətindən çox asılıdır. Ola bilsin, Olland Avropa arenasında solçu baxışlarını reallaşdırmasının yalnız ümumilikdə Avropada yox, Fransanın özündə də vəziyyəti qarışdıra biləcəyi qənaətinə gəlsin. Bu, qitə üçün inteqrasiya proseslərinin ləngiməsi ilə nəticələnəcəksə, Fransada sistemli sarsıntılara səbəb olacaq. Bu üzdən Olland yalnız cüzi islahatlarla kifayətlənmək, hazırkı düzənin əsaslarına toxunmamaq qərarına gələcək. Yəni o da indiyədək dəfələrlə kapitalist ölkələrində hakimiyyətə gəlmiş solçuların yolu ilə gedəcək.

Əlbəttə ki, bütün bunlar mümkündür. Amma məsələyə yalnız hipotezlər kontekstində yanaşmayaq. Bu baxımdan aydındır ki, Fransua Ollandın seçkidə tam qələbə qazanması üçün Fransanın bütün solçu qüvvələrinin dəstəyi lazımdır. Bu üzdən də o, ikinci turadək olan vaxtdan istifadə edərək, bütün solçuların lideri kimi, mövqeyini gücləndirməyə çalışır. Və artıq bu öz nəticələrini verir. Artıq "sol cəbhə"nin lideri Jan-Lyuk Melanşon və "yaşıllar"ın namizədi Yeva Joli ikinci turda Ollandı dəstəkləyəcəklərini bəyan ediblər.

 

"Sözüm "Milli cəbhə"nin seçicilərinədir: sizi eşitdim"

Hazırkı prezident Nikolya Sarkozi isə məğlub olmağa hazırlaşmır. Şübhəsiz, onun reytinqinin bu qədər azalmasına və ilk turda ikinci yeri tutmasına ölkədə işsizliyin səviyyəsinin artması və vətəndaşların həyat səviyyəsinin aşağı düşməsi (böhran yalnız Fransada yox, bütünlükdə Avropada yaşanır və son illərdə "Köhnə dünya" ölkələrində keçirilmiş seçkilərin hökumətlərin məğlubiyyəti ilə nəticələnməsi də təsadüf de-yil) səbəb olub.

Sarkozinin reytinqinin düşməsində onun ölkəyə rəhbərliyi dövründə Parisin Vaşinqtonun xarici siyasətinin nüfuz dairəsinə düşməsi də öz sözünü deyib. Çünki bu, əksər fransızlar üçün qeyri-populyar tendensiyadır. Fransanın NATO-ya qayıdışını da məhz bu tendensiyanın nəticəsi saymaq olar.

İstənilən halda, Sarkozi ikinci turda millətçi kozırlardan istifadə edəcək. Məhz bu məqsədlə o, bütün sağçı qüvvələri dəstəyə çağırır. Sarkozinin miqrasiyanın qarşısının alınmasına, Fransa sərhədlərinə nəzarət edilməsinə çağırışlarında, hətta ölkənin Şen-gen zonasını tərk edə biləcəyinə dair bəyanatına səbəb də budur.

Sarkozinin son bəyanatlarında məqsəd ilk turda "Milli cəbhə"nin namizədi Marin Le Penə səs vermiş şəxslərin səsini əldə etməkdir. Ultrasağçılar Nikolya Sarkozini dəstəkləyəcəkmi?  Güman ki, mayın 6-da keçiriləcək ikinci turun əsas intriqası da məhz bu olacaq. Hələlik hazırkı prezidentin millətçiləri öz tərəfinə çəkə bilib-bilməyəcəyi tam aydın deyil. Amma hər halda, Marin Le Penin seçki qərargahının rəhbəri Florian Filippo ilk turdan dərhal sonra bildirib ki, "milli cəbhə" Sarkozi ilə Olland arasında seçim etməyi mümkün saymır. Amma son anda Le Pen və tərəfdarlarının hakimiyyətə solçuların gəlişinə imkan verməmək məqsədilə Sarkozinin xeyrinə seçim etməsi mümkündür. Çünki ultrasağçılar solçuları özlərinə düşmən sayır. Sarkozi də məhz buna ümidlidir.

Təəccüblüdür ki, hələ ilk tur ərəfəsində hazırkı prezident "milli cəbhə" elektoratının bir hissəsini öz tərəfinə çəkmək ümidi ilə bu partiyanı destruktivlikdə günahlandırır, onu az qala, qanunsuz elan edirdi. İndi isə o deyir: ""Milli cəbhə"nin seçicilərinə hörmət edilməlidir. Onlar öz nöqteyi-nəzərlərinə səs veriblər. Bu, iztirab, böhran səsidir".

Əsas rəqibi haqda isə Sarkozi belə danışır: "Eşitmişəm ki, cənab Olland onları ("milli cəbhə" tərəfdarlarını - N.N.) məzəmmət edir. Halbuki o, "küçədə qarşınıza varlı adam çıxarsa, ciblərini soyun!" deyən cənab Melanşon ilə danışıqlara hazırdır. Bu yaxşıdır? Normaldır? Respublikaçıya xasdır? Amma iztirab çəkənlər öz narazılıqlarını bildirə bilməz? Mən "Milli cəbhə"nin seçicilərinə səslənirəm: sizi eşitdim".

Adi hesablama göstərir ki, Marin Le Penin partiyasının ikinci turda Sarkoziyə səs verməsi onun 46% səs qazanmasına səbəb olacaq. Üstəlik, mərkəzçi Fransua Bayrunun tərəfdarlarının bir hissəsi də hazırkı dövlət başçısını dəstəkləyərsə, Sarkozi yarışdan qalib çıxa bilər. Məşhur siyasi xadimlərdən biri, baş nazir Alen Jüpe məhz bunu nəzərə alaraq deyir: "Partiya hələ sonadək oynanılmayıb".

 

"Fransa uğrunda döyüş yenicə başlayır"

Seçkinin ilk turunda namizədi üçüncü yeri qazanmış "Milli cəbhə"nin uğurunu Fransada prezident seçkisinin əsas sürprizlərindən biri saymaq olar. Bu seçkidə Fransa millətçiləri tarixlərinin ən yüksək nəticəsini göstəriblər. Bu, şübhəsiz, ilk növbədə, Marin Le Penin xidmətidir. O, hətta "milli cəbhə"nin yaradıcısı olmuş atası Jan-Mari Le Penin 2002-ci ildə ikinci tura yüksəldiyi seçki zamanı yığdığı səsdən daha çox səs qazanıb. Bu, ilk növbədə, fransızların, xüsusilə Afrika və müsəlman ölkələrindən miqrasiyanın artdığı bir şəraitdə, öz vətənlərinin taleyindən keçirdikləri narahatlıqla bağlıdır. Onlar hesab edir ki, bu miqrasiya fransızların xeyrinə olmayacaq ciddi etnodemoqrafik dəyişikliklərə aparıb çıxara bilər. Dayanmaq bilməyən miqrasiyanın qarşısını almağa, Fransanın orijinallığını saxlamağa söz verən Le Pen bununla bir çox həmvətəninin ürəyindən xəbər verir. Üstəlik o, Fransa siyasətinin yeni simasıdır və dövlətin başında qollçularla sosialistlərin daimi əvəzləməsindən, lakin strateji kursun dəyişməz qalmasından bezmiş insanlar Marin Le Pendə təsəlli tapır.

Bu üzdən Le Penin "Fransanın əsl vətənpərvərləri"nə müraciətini zarafata salmaq lazım deyil: "Fransa uğrunda döyüş hələ yenicə başlayır. İstənilən halda, yaxın iki həftədə artıq heç nə əvvəlkitək olmayacaq. Biz maliyyəçilərlə multikulturalistlərin monopoliyasını dağıda bildik. "Milli cəbhə" yeganə əsl azad partiya olub və belə də qalır".

Beləliklə, Fransanı kifayət qədər maraqlı dövr gözləyir. Bu, yalnız seçki dövrünə yox, yaxın illərə də aiddir. Bu illərdə Fransa iqtisadi böhran və sivilizasiyalararası ziddiyyət fonunda sağçılar, solçular və digər siyasi qüvvələrin mübarizəsinə səhnə olacaq. Şübhəsiz, bu mübarizə bütünlükdə Avropadakı inteqrasiya proseslərinə təsirini göstərəcək. Çünki bu prosesin ənənəvi olaraq aparıcı qüvvəsi və ruhlandırıcılarından biri məhz Fransadır.



MƏSLƏHƏT GÖR:

531