12 Mart 2025

Çərşənbə, 22:33

İNTEQRASİYA KÖÇÜRÜLMƏ DEMƏK DEYİL

"İnsanlar çoxalmaq və inkişaf etmək imkanını itirdikdə miqrasiya edirlər: Azərbaycanda bu, əlbəttə ki, belə deyil"

Müəllif:

01.05.2012

Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfir Roland KOBİAnın "R+"a müsahibəsi

 

 

-Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa 1996-cı ildə başlayıb. Ötən dövrdə hansı uğurlar qazanmışıq, bu yolda maneələr çoxdurmu?

- Əslində, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin kökü 1992-ci ilə - Aİ-nin respublikanın yeni müstəqillik əldə etdiyi dövrdə ona humanitar və ərzaq yardımı göstərdiyi, ərazilərin minalardan təmizlənməsinə yardım etdiyi dövrə gedib çıxır. Əlbəttə ki, 20 illik əməkdaşlıq dövründə çox şey dəyişib və bu gün Aİ çox geniş təşəbbüslər spektrini dəstəkləyir. Azərbaycanla Aİ arasında yetkin münasibət var. Əməkdaşlıqdan başqa, siyasi gündəm də mövcuddur. "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində bir sıra sahələrdə bərabər tərəfdaşlar kimi əməkdaşlıq edirik. Buraya siyasi dialoqdan tutmuş, iqtisadiyyata, ticarətə; enerji sahəsinə, eləcə də təhsilə, demokratikləşməyə qədər, həmçinin də sosial sahəyə və mədəniyyətədək bir sıra sahələr daxildir.

Son illərdə münasibətlərimiz xeyli inkişaf edib. Azərbaycan və onun prezidentinin tədricən Avropaya inteqrasiya yolu ilə getmək qərarını alqışlayırıq. Bu, uzunmüddətli perspektivi olan qarşılıqlı öhdəliyə çevrilib. Məsələn, Azərbaycan hüquqi bazasını Aİ standartlarına yaxınlaşdırmaqda maraqlı olduğunu təsdiqləyib. Bu lazımdır. Azərbaycanın Aİ ilə əməkdaşlığın genişləndirilməsindən tam səmərə əldə etməsi üçün islahatların davam etdirilməsi vacibdir. Aİ-nin rolu Azərbaycanı bu qərarının icrasında müşayiət etməkdən ibarətdir. Aİ nəinki böyük vahid bazara (500 milyon insan) malikdir, o həm də müqavilələrə əməl olunmasına, qanunun aliliyinə zəmanət verir, bazarda alıcılıq qabiliyyətini, tələbatı təmin edir. Bu həm satıcılar, həm də alıcılar üçün ideal bazardır. Aİ Azərbaycana ən əhatəli assosiasiya rejimi təklif edib və biz bu istiqamətdə danışıqlar aparırıq. Bu, ölkənin gələcəkdə Avropaya qoşulması, həm siyasi, həm də coğrafi baxımdan qazanc əldə etməsi üçün böyük imkandır.

- Aİ-nin "Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq etdiyi ölkələrin reytinqini müəyyənləşdirsək, Azərbaycan orada neçənci pillədə qərarlaşar?

- Prinsipcə, biz ölkələri qiymətləndirmirik. Çünki onların hər birinin güclü və zəif tərəfləri var. Hamı ilə differensial yanaşma əsasında əməkdaşlıq edirik: hər bir ölkənin öz dəyəri, maraqları və prioritetləri var. Bizim üçün yeganə ümumi məqam onlarla çiçəklənmə və sabitliyə köməklik göstərmək məqsədilə əməkdaşlıq etməyimizdir. Bu, filantropiya deyil. Əlbəttə ki, biz bunda maraqlıyıq. Ticari-iqtisadi göstəricilərə nəzər salsaq, görərik ki, Azərbaycan Qafqaz regionunun ən güclü iqtisadiyyatıdır. O, Şərq ölkələri arasında Aİ-nin Ukraynadan sonra ikinci böyük ticarət tərəfdaşıdır. İndi isə icazə verin deyim ki, Aİ-nin Bakıdakı səfiri kimi, Azərbaycan mənim öz prioritetlərim arasında ilk yerdədir!

- Azərbaycan və Aİ viza rejiminin sadələşdirilməsinə dair rəsmi danışıqlara başlayıb. Viza rejiminin sadələşdirilməsi deyərkən nələr nəzərdə tutulur?

- Aİ-nin viza rejiminin sadələşdirilməsinə dair təklifi bir daha təsdiqləyir ki, Aİ-ni Azərbaycana çəkən yalnız enerji resursları yox, həm də Azərbaycan və Avropa xalqlarının yaxınlaşdırılmasına səmimi şəkildə hazır olmasıdır. Söhbət bir-birini daha yaxşı tanımağa cəhddən, insanlar arasında mübadilədən, qarşılıqlı anlaşma və etibardan gedir. Söhbət yeni imkanlardan və əlaqələrin təkmilləşdirilməsindən gedir. Bu, Avropa İttifaqı ilə daha sıx inteqrasiyanın əsasıdır. Bu, Aİ ölkələrinə giriş qaydalarının sadələşdirilməsi prosedurundan keçəcək: viza rüsumu azaldılacaq, vizalar daha uzun müddətə veriləcək, təqdim edilməli olan sənədlərlə bağlı tələblər sadələşdiriləcək, tələbələr, idmançılar, alimlər və başqa ayrı-ayrı vətəndaş təbəqələri isə vizalarının daha tez bir zamanda hazırlanmasından irəli düşəcəklər.

Əlbəttə, bu, ikitərəfli proses olmalıdır. Azərbaycan vətəndaşlarının keçməli olduqları Aİ ölkələrində, Aİ-də sizin ölkənizə gəlmək üçün viza alarkən də narahatlıqlar və çətinliklər olur. Hazırda bizdə mövcud olan prosedurlar çox sərtdir və məqsəd bir sıra regionlardan güclü miqrasiya axınının qarşısının alınmasıdır. Məhz bu üzdən viza rejiminin sadələşdirilməsi readmissiya sazişinin reallaşdırılması ilə bir vaxtda həyata keçiriləcək. Bu, miqrant axınını idarə etməyin mümkün olması üçün vacibdir. Amma biz eyni zamanda, onu da anlayırıq ki, yaxşı idarəolunan mobillik həm Aİ, həm də onun tərəfdaşları qarşısında geniş imkanlar açır. Yenə də məsələyə differensial yanaşırıq. Sadələşdirilmiş viza rejimi/readmissiya sazişinin işə salınması Azərbaycanın Aİ-yə sıx inteqrasiyasının aşkar əlamətidir. Biz qapılarımızı Azərbaycanın üzünə açırıq!

- Bəzi ekspertlər viza rejiminin sadələşdirilməsi nəticəsində azərbaycanlıların Aİ-yə kütləvi miqrasiya edə biləcəyindən narahatdır. Belə ehtimal varmı?

- Mən 2,5 ildir ki, burada çalışıram və fikrimcə, azərbaycanlıların mentalitetini kifayət qədər yaxşı bilirəm. Bu mənə belə nəticə çıxarmağa imkan verir: viza rejiminin sadələşdirilməsindən sonra, Azərbaycan vətəndaşları Avropaya kütləvi şəkildə miqrasiya etmək istəməyəcəklər. İnsanlar artmaq və inkişaf etmək imkanı olmadıqda miqrasiya edirlər: Azərbaycanda isə bu, əlbəttə ki, belə deyil. İqtisadi inkişaf saysız-hesabsız potensial imkanlar açır, ələlxüsus da nəzərə alsaq ki, Azərbaycan bazarı getdikcə liberallaşır.

Viza rejiminin sadələşdirilməsi insanlar və biznes nümayəndələri arasında əlaqələri genişləndirəcək,  bu isə ölkədə iş yerlərinin gələcəkdə də artmasına kömək edəcək. Bu üzdən də Aİ ölkələrinə kütləvi insan axınının olacağını düşünmürəm. Yəqin ki, Aİ-yə gedəbilmənin asanlaşmasından daha çox insan xeyir görəcək. Bu isə sonda sizin bölgənizlə imzalayacağımız razılaşmanın məqsədidir. Nəzarət edilməli olan yeganə məsələ Aİ-yə getmək üçün Azərbaycandan tranzit kimi istifadə etməyə çalışacaq qeyri-Azərbaycan vətəndaşlarının qeyri-leqal immiqrasiyası olacaq.

- Dediniz ki, viza rejiminin sadələşdirilməsi readmissiya sazişinin reallaşdırılması ilə bir vaxtda baş verəcək. Readmissiya özündə nələri birləşdirir?

- Viza rejiminin sadələşdirilməsi və readmissiya sazişi bir prosesin tərkib hissələridir. Onları bir medalın iki üzü də  saymaq olar. Hər iki məsələ bərabər müzakirə olunacaq və eyni vaxtda razılaşdırılacaq. Readmissiya qeyri-qanuni miqrantların öz ölkələrinə qaytarılmasının tənzimlənməsi, bu geriqaytarılmaların şərtlərinin razılaşdırılmasıdır. Bu, xüsusi imkanlar, qanunların və sərhəd prosedurlarının adaptasiyasını tələb edir. İndi bu razılaşmaya həmişəkindən daha çox ehtiyac var. O, ölkələrə qeyri-qanuni miqrasiya ilə strukturlaşdırılmış, proqnozlaşdırılan və mədəni mübarizə aparılmasına kömək edir.

- Azərbaycanla Aİ arasında assosiasiya razılaşması haqda danışıqların gedişini necə qiymətləndirirsiniz?

- Assosiasiya haqda razılaşmaya dair danışıqlarda müəyyən irəliləyiş əldə edilib. Amma biz danışıqların tempini artırmaq imkanları əldə etmək istəyirik. Problemlərdən biri assosiasiya razılaşmasının münasibətlərimizi hazırda tənzimləyən hüquqi bazanı əvəzləməli olmasıdır. Bu üzdən o, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrini əhatə etməlidir - siyasi dialoq, ədalətlilik və insan haqları; təhlükəsizlik, ticarət və iqtisadiyyat; enerji, sosial sahənin inkişafı və sair. Sahələr konkret məsələlər üzrə onlarca ekspertin qarşılıqlı şəkildə işləməsini tələb edir. Odur ki, proses çətinliyi ilə iddialarının müqayisəsi mümkün olan bir işdir. Amma sadaladıqlarımız məsələnin yalnız bir hissəsidir. Danışıqların aparıldığı və ya tezliklə başlanacağı bir sıra digər razılaşmalar da var. Misal kimi, vitse-prezident Kallasın (Avropa Komissiyasının nəqliyyat üzrə vitse-prezidenti Siym Kallas - "R+") 2011-ci ildə Azərbaycan Prezidenti, Baş naziri və nəqliyyat nazirinə təklif etdiyi aviasiya razılaşmasını ("Açıq səma") göstərmək olar. Onlar bu təklifə çox müsbət yanaşdılar və indi biz bu istiqamətdə danışıqlara başlanması üçün Azərbaycanın qərarını gözləyirik.

- Aİ  2012-ci ildə Azərbaycanda hansı layihələri gerçəkləşdirməyi düşünür?

- Komissar Füle (Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Füle - "R+") bu yaxınlarda əməkdaşlığımızı müzakirə etmək üçün Azərbaycana gəlmişdi. O, Azərbaycanın bütün müvafiq strukturları ilə bu haqda müzakirələr aparıb. Hansı layihənin reallaşdırılacağı yalnız Aİ-nin istəyindən və ya seçimindən asılı deyil. Bu, qarşılıqlı prosesdir. Azərbaycanda reallaşdırılacaq layihələr və proqramlar ölkənin tələbləri və siyasətinə uyğun seçilir.

2012-ci ildə dəniz administrasiyası, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti və digər qurumlarla birgə bir sıra ikitərəfli layihələrə başlamağı planlaşdırırıq. Əsas prioritetlərin müəyyənləşdirilməsi və lazımi dəstəyin göstərilməsi üçün hökumətlə əl-ələ işləyirik. Göstərdiyimiz yardımlar həm də bir sıra sahələrdə gözlənilən islahatlara əsaslanır.

Paralel olaraq vətəndaş cəmiyyətini təmsil edən tərəfdaşlara da dəstək verilir. Bu günlərdə yerli QHT-lərlə 16 yeni layihə imzalanıb və onlar 2012-ci ildə reallaşdırılacaq. Bu məqsədlə Aİ 2,7 milyon manatdan artıq vəsait ayırıb. Bu layihələr əlil və görmə qabiliyyətini itirmiş uşaqlara daha geniş imkanların yaradılmasından tutmuş, müstəqil KİV-də əsas məsələlərin işıqlandırılması, hüquq müdafiəçilərinə dəstəkdən tutmuş, ətraf mühitin mühafizəsinə qədər geniş sahəni əhatə edir. Tərəfdaş ölkələrdə vətəndaş cəmiyyətini təmsil edən təşkilatlarla əməkdaşlıq Aİ-nin əsas prinsiplərindən biridir. Vətəndaş cəmiyyətinə aid olan təşkilatlar da siyasətin əsas istiqamətlərinin hazırlanması ilə əlaqəlidir. Hazırda mən "Şərq tərəfdaşlığı"nın "yol xəritəsi"ni nəzərdə tuturam. Bu işdə Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli töhfələrindən yararlanmışıq.

Gördüyünüz kimi, Aİ və Azərbaycan üçün 2012-ci il də 2011-ci il qədər gərgin keçəcək.


MƏSLƏHƏT GÖR:

455