15 Mart 2025

Şənbə, 01:19

"ŞƏRQ TƏRƏFDAŞLIĞI" QARABAĞDA İLİŞİB

Avropa İrəvanın nəzərinə çatdırır ki, Azərbaycan torpaqlarının işğalı Avropaya inteqrasiya yolunda əsas maneədir

Müəllif:

01.05.2012

Hələ 2008-ci ilin mayında Avropa İttifaqının (Aİ) Ümumi Məsələlər və Xarici Əlaqələr üzrə Şurasına "Şərq tərəfdaşlığı" layihəsi təqdim olunmuşdu. Ondan bir il sonra Praqada artıq "Şərq tərəfdaşlığı" proqramı üzrə təsis toplantısı da keçirildi. Layihənin əsas məqsədi Aİ-nin  6 postsovet respublikası - Ukrayna, Moldova, Beralus, Azərbaycan, Gürcüstan və Ermənistanla yaxınlaşdırılması idi. Proqram çərçivəsində Avropa Komissiyasının (AK) nəzarəti ilə viza razılaşmaları, azad ticarət və strateji tərəfdaşlıq mövzularında diskussiyalar aparılır. Layihənin uğurla reallaşdırılması və Avropaya inteqrasiya prosesinin sürətləndirilməsi məqsədilə Aİ sözügedən dövlətlərə, ümumilikdə, 2 milyard avro maliyyə yardımı da ayırıb. Qurum bu məbləği 16 milyardadək artırmaq niyyətindədir.

Bununla yanaşı, Aİ proqrama üzv dövlətlərin qarşısında bir sıra siyasi-iqtisadi və hüquqi xarakterli tələblər də irəli sürür. Bu tələblər xüsusilə insan haqlarına əməl olunması və demokratik prinsiplərin möhkəmləndirilməsi sahəsinə aiddir. Aİ ilə "Şərq tərəfdaşlığı" iştirakçıları arasında assosiativ razılaşmanın imzalanması yalnız bu sahədə islahatların aparılması halında mümkündür.

Amma bu layihənin uğur qazanması yalnız Aİ ilə postsovet ölkələrinin sıx və konstruktiv münasibətlərindən yox, həm də "şərqli qonşular"ın öz aralarındakı qarşılıqlı anlaşma və əməkdaşlıqdan asılıdır.

Layihə iştirakçısı olan 3 respublika ərazisində separatçı rejimlər mövcuddur və bu respublikalar etnik, dövlətlərarası münaqişə şəraitində yaşayır. Söhbət Azərbaycan, Gürcüstan və Moldovadan gedir. Gürcüstan (Abxaziya və Cənubi Osetiya) və Moldovadakı (Dnest-ryanı bölgə) separatçı rejimlər "Şərq tərəfdaşlığı" layihəsinin iştirakçısı olmayan Rusiya tərəfindən fəal şəkildə dəstəklənirsə, Azərbaycan torpaqlarının 20%-ni layihə iştirakçısı olan Ermənistan işğal edib. Bununla yanaşı, İrəvan mütəmadi olaraq qonşu Gürcüstana da ərazi iddiaları irəli sürür. Ermənistanın bu siyasəti "Şərq tərəfdaşlığı" layihəsini apriori iflasa düçar edir. Çünki tərəfdaşlıq anlayışının özü dövlətlərin bir-birlərinin ərazi bütövlüyünə hörmət etməsini, konstruktiv dialoqu və qarşılıqlı səmərəli əməkdaşlığı nəzərdə tutur.

Varşava sammiti zamanı Aİ prezidenti  Herman van Rompeyin Aİ-də rifahın həm də qurumun Şərq qonşularındakı sabitlikdən asılı olduğunu söyləməsi də təsadüf deyildi. Maraqlıdır ki, son iki ildə Aİ-də bu məsələnin aktuallığı getdikcə daha çox təsdiqlənir.

Xüsusilə  2010-cu il mayın 20-də Avropa Parlamenti (AP) "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb" adlı 2216 saylı qətnamə qəbul edib. Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayrılır. Orada Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və ona bitişik rayonlarından dərhal çıxarılması tələb olunur, münaqişənin beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyü prinsipləri əsasında həllinin, qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasının təmini, onların öz doğma yurd-yuvalarına qayıtmasının vacibliyi bildirilir. Qətnamədə İrəvana siq-nal olaraq yer almış ayrıca bənddə Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı əhalisinin "münaqişənin siyasi aləti kimi" sürgündə saxlanması təcrübəsinə son qoyulmasının vacibliyi də bildirilir.

Bu il aprelin 18-də sanki həmin qətnamənin davamı olaraq, AP-nin plenar iclasında Avropa Şurası, Avropa Komissiyası və xarici siyasət üzrə Avopa xidməti Aİ-nin Ermənistanla assosiativ saziş haqda danışıqlara dair tövsiyələrin əks olunduğu daha iki qətnamə də qəbul edib. Sənəddə AP-nin 2010-cu il mayın 20-də qəbul etdiyi qətnaməsindəki prinsiplər təsdiqlənir, münaqişə tərəfləri problemin həlli üçün ciddi səylər göstərməyə çağırılır. Sənəddə bildirilir ki, Azərbaycanla Ermənistan arasında münaqişənin həll olunmamış qalması sabitliyi pozur, regionun inkişaf perspektivlərinə kölgə salır, həmçinin, Avropanın qonşuluq siyasəti, "Şərq tərəfdaşlığı" proqramının inkişafına mane olur. Qətnamə Aİ-ni Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olunmasına, tərəflər arasında mədəniyyətlərarası dialoqun inkişafı, gənclər və tələbələr mübadiləsi yolları ilə qarşılıqlı inamın möhkəmləndirilməsinə köməklik göstərməyə çağırılır.

Amma ən vacibi başqa məqamdır. Qətnamədə bildirilir ki, Azərbaycan və Ermənistanla bilavasitə assosiativ razılaşmanın imzalanması üçün başlıca şərt erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması, həmin ərazilərin işğaldan azad edilməsi və Azərbaycanın nəzarətinə qaytarılması, qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsi, həmçinin, onların təh-lükəsizliyinin təmin olunmasıdır.

Bununla da AP İrəvana nümayiş etdirdiyi destruktiv mövqenin Dağlıq Qarabağ münaqişəsinin həllində əsas maneə olduğunu, bunun da öz növbəsində "Şərq tərəfdaşlığı" proqramının uğurla icrasını əngəllədiyini, Azərbaycan və Ermənistanla assosiativ razılaşmanın imzalanmasına imkan vermədiyini göstərir.

Qeyd edilməlidir ki, Avropanın ayrı-ayrı ölkələri də Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasından narahatlığını ifadə edir. Məsələn, bu ilin fevralında Almaniyada Bundestaqın XDİ/XSİ partiyaları fraksiyasının xarici siyasət üzrə işçi komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd qəbul edib. "Dağlıq Qarabağda 20 illik münaqişə: münaqişənin sülh yolu ilə həllində yeni stimul" adlanan sənəddə bildirilir ki, Ermənistan silahlı qüvvələri nəinki Dağlıq Qarabağı, ona bitişik 7 Azərbaycan rayonunu da işğal edib. Sənəddə beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul etdiyi vurğulanır: "Bu baxımdan, münaqişənin tezliklə və sülh yolu ilə həllinə dəstək Almaniyanın və Aİ-nin mövqeyidir. Dağlıq Qarabağda 2010-cu ildə keçirilmiş seçkini nə Almaniya, nə də Aİ tanıyıb. ATƏT-in Minsk qrupunun 20 illik səylərinə baxmayaraq, çətin status-kvodan çıxış yolları tapılmayıb. BMT-yə üzv olan bütün ölkələr  digər dövlətlərin ərazi bütövlüyünün və siyasi müstəqilliyinin pozulması hallarından qaçmalıdır. Onlar BMT-nin məqsədlərinə zidd hər hansı zorakılıq əməlinə yol verməməlidir".

Yuxarıda qeyd olunanlara əsaslanan işçi qrup federal hökuməti ATƏT, NATO və BMT ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinə diqqəti artırmağa çağırır. Azərbaycanla Ermənistan arasında siyasi və iqtisadi yaxınlığın təmini, regionda münaqişənin həlli "Şərq tərəfdaşlığı"nın özülü hesab olunmalıdır. Sənəddə Rusiyanın münaqişə zonasındakı status-kvoya son qoyulması üçün daha konstruktiv mövqe nümayişinə çağırılması da tövsiyə olunur. Almaniyalı deputatlar hesab edir ki, münaqişənin həlli üçün Türkiyənin regiondakı daha ədalətli və konstruktiv mövqeyindən istifadə olunması üçün Ankaraya dəstək verilməlidir. Daha bir vacib çağırış Aİ-nin münaqişənin həllində rolunu artırmasına, ATƏT-in Minsk qrupunda Fransanı əvəzləməsinə dəvət olunmasıdır.

Qeyd etmək lazımdır ki, bu tövsiyəni AP da əsas kimi götürüb. Bu il martın 22-də AP-nin xarici münasibətlər komissiyası ATƏT-in Minsk qrupunda Fransanın mandatının Aİ-nin mandatı ilə əvəzlənməsinə dair sənəd qəbul edib. İndi bu məsələdə yekun qərarın qəbulu üçün sənəd AP-nin plenar iclasında təsdiqlənməlidir.

Yuxarıda sadalanan bütün sənədlərin qəbuluna Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakını artırmaq cəhdi kontekstində baxmaq lazımdır. Bunun üçün isə kifayət qədər əsas var. Əsas məqamlardan biri Avropanın enerji təhlükəsizliyinin təminində Cənubi Qafqaz və Xəzər regionunun əhəmiyyətinin ciddi şəkildə artmasıdır. Bu baxımdan, Aİ üçün bütün göstəricilərinə görə Cənubi Qafqazın lideri, BMT TŞ-nin qeyri-daimi üzvü olan Azərbaycanla sıx tərəfdaşlıq münasibətləri xüsusi aktuallıq qazanır. Çünki Azərbaycan həm etibarlı enerji resursları təchizatçısı, həm də tranzit ərazisidir. Amma Dağlıq Qarabağ münaqişəsinin çözülməmiş qalması və münaqişə zonasında hərbi əməliyyatların bərpası ehtimalının yüksək olması səmərəli regional layihələrin reallaşdırılması perspektivini ciddi təhlükə altına alır. Məhz bu üzdən hazırkı status-kvo Aİ-nin maraqlarına cavab vermir və bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filipp Lefor da Bakıya son səfəri zamanı dilə gətirmişdi: "Avropa İttifaqı regiondakı ağır vəziyyətdən son dərəcə narahatdır. Hesab edirik ki, hazırkı status-kvo dəyişdirilməli, problem tezliklə ədalətli həllini tapmalıdır. Regionda münaqişənin təkrar alovlanmasına imkan vermək olmaz".

Bundan başqa, artıq qeyd olunduğu kimi, Ermənistanın təca-vüzkar siyasəti "Şərq tərəfdaşlığı" layihəsinin reallaşdırılmasına da maneə yaradır və bu, beynəlxalq hüququn vahid subeykt kimi bacarığını kölgə altına alaraq, onun imicinə zərbə vurur. Aİ-nin dialoq və münaqişə tərəfləri arasında inam atmosferinin yaradılması istiqamətindəki bütün səyləri isə yenə də Ermənistanın destruktiv mövqeyi üzündən hələ ki nəticə vermir.

Bu baxımdan, Aİ-nin açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirən Fransanı əvəzləmək istəyi tam məntiqidir. Fransanın aparıcı siyasi fiqurları və qüvvələrinin "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbuluna dair vədləri və cəhdləri, Fransada ksenofobiyanın sürətlə artması son zamanlar onu ATƏT-in Minsk qrupunda zəif bəndə çevirib. Aİ-nin Azərbaycan və Türkiyə ilə əməkdaşlıqda maraqlı olan əksər üzvləri isə ermənipərəst Fransanın bu məsələlərdəki şəxsi mövqeyinin vahid Avropanın mövqeyi kimi qəbul olunmasına qarşıdır.

Amma Aİ ATƏT-in Minsk qrupunda Fransanı əvəzləmək niyyətini gerçəkləşdirə biləcəkmi? Aİ-nin ATƏT-in Minsk qrupunun tərkibinə dəyişiklik etmək mandatı yoxdur. Bunun üçün, ilk növbədə, münaqişə tərəfləri və Minsk qrupuna üzv ölkələrin razılığı lazımdır. İrəvan Paris kimi müttəfiqini itirməyə, çətin ki, razılaşsın. Digər yandan, BMT yeni formatın mandatını təsdiqləyəcəkmi? Amma Vaşinqtonun məsləhətləri və Fransadakı daxili siyasi atmosferin vəziyyəti Aİ-nin xeyrinə dəyişəcəyini istisna etmək olmaz. Bu halda, BMT-nin vəziyyətlə barışması da mümkündür.

Əsas məqamlardan biri də Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin həllində iştirakının nə qədər effektiv olacağıdır. Xatırladaq ki, hazırda o, Dnestryanı münaqişənin həlli üzrə "5+2" formatında müşahidəçi statusuna malikdir. Aİ-yə daxil olan 27 ölkə arasında Dağlıq Qarabağ münaqişəsinə vahid yanaşmaya nail olmaq çətindir. Amma yenə də birmənalı şəkildə ermənipərəst mövqe nümayiş etdirən Fransa ilə müqayisədə belə format daha qəbulediləndir.



MƏSLƏHƏT GÖR:

492