
MİFLƏRİN DAĞILMAQ VƏRDİŞİ VAR
Müəllif: Redaksiya
ABŞ Prezidenti Barak Obama Ağ evin hər il aprelin 24-də ölkəsindəki erməni icmasına müraciətdən sonra, həmin icma tərəfindən hücumlara məruz qalmış nə ilk, nə də son rəhbəridir. Bu qədər nəhəng bir dövlətin başçısı ermənilərin gözləntilərinə xüsusi diqqət ayırdığı üçün minnətdarlıq almaqdansa, tənqid və hədələrlə üzləşir. Amerikanın siyasi dairələrində nüfuza sahib erməni diasporu, təbii ki, ABŞ prezidentlərinin hadisələri öz adı ilə çağırmasından məmnun qalmırlar.
Bu il də belə oldu. 1915-ci ildə Osmanlı İmperiyası dövründə baş vermiş hadisələrlə bağlı ermənilərə müraciət edən Barak Obama bütün digər sələfləri kimi, "erməni soyqırımı" ifadəsini işlətmədi.
"Mən 1915-ci il hadisələrinə münasibətimi birmənalı şəkildə ifadə etmişəm. Bu tarixi hadisə ilə bağlı fikrim dəyişməyib. Faktların hərtərəfli, doğru və ədalətli tədqiq olunması bizim maraqlarımıza uyğundur. Keçmişdə baş verənləri öyrənmədən gələcəyə getmək olmaz. Bəziləri artıq bu cəsarətli addımı atıb. Biz artıq bu yolu keçmiş erməniləri və türkləri alqışlayır, ümid edirik ki, digərləri də öz hökumətlərinin köməyi və mənim dəstəyimlə bu yolu seçəcək", - deyə Barak Obama bildirib və bununla da ermənilikdən nəinki təqdir, hətta hədələr almağa başlayıb.
Tarixə qiymət verən ABŞ prezidentinin eyni zamanda onu alimlərin hərtərəfli və obyektiv araşdırması olmadan dəyərləndirməyə çalışmaması tamamilə məntiqlidir. Amma onun bu mövqeyi arxivlərini tarixçilərin üzünə açmaqdan qəti şəkildə imtina edən Ermənistan və erməni lobbisinin məqsədlərinə isə ziddir. Məsələn, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, "erməni soyqırımı faktı heç bir halda heç zaman müzakirə predmeti ola bilməz".
Amerika erməni assambleyası (AAA) isə öz növbəsində, ABŞ Prezidentinin "illik ənənəvi müraciətində erməni soyqırımına lazımi tərifi verməməsindən, onu "Mets Yeqerna" (böyük qətliam) adlandırmaqla kifayətlənməsindən" son dərəcə məyus olduğunu bəyan edib.
Amma Obama yalnız tənqidlə "canını qurtara" bilməyib. O, qarşıdan gələn prezident seçkisində erməni icmasının dəstəyindən məhrum olacağı ilə də hədələnib. "Barak Obama noyabrda keçiriləcək prezident seçkisi öncəsi erməni soyqırımını tanımaq üçün son şansını əldən verdi", - deyə "Armenia Today" ABŞ-ın erməni təşkilatlarının mövqeyini dərc edir. Onların proqnozuna görə, 2008-ci ildən fərqli olaraq, bu dəfə ABŞ-da yaşayan ermənilərin əksəriyyəti səsini hazırkı prezidentə verməyə bilər.
"Ay Dat" təşkilatının Vaşinqton ofisinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elizabet Çulcyan "Azatutyun" radiosuna açıqlamasında deyib: "2008-ci ildə ABŞ-ın erməni icması Obamanın vədlərinə inanaraq ona səs verdi. Obama deyirdi ki, erməni soyqırımını tanıyacaq, Ermənistanla ABŞ arasında əlaqələri gücləndirəcək. O, Qarabağ məsələsində düzgün və ədalətli mövqe tutacağını da vəd edirdi. Amma Barak Obama bu vədlərinin heç birini yerinə yetirmədi".
Qarabağa gəlincə, Çulcyan hesab edir ki, Obama bu məsələdə Metyu Brayzanı ölkəsinin Azərbaycandakı səfiri təyin etməklə açıq-aşkar ermənilərin xeyrinə olmayan addım atdı. "Biz Barak Obamanın Bakıdakı səfir postuna kimin namizədliyini irəli sürdüyünü gördük - Metyu Brayza. İndi tam aydındır ki, həmin dövrdə o, azərbaycanpərəsrt mövqe tutub", - deyə "Ay Dat"ın Vaşinqton ofisinin mətbuat katibi keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd etmək lazımdır ki, M. Brayza öz missiyasını başa vurub və artıq Obamanın ABŞ-ın Azərbaycandakı səfiri postuna Riçard Morninqstarın namizədliyini irəli sürdüyü bəllidir. ABŞ Prezidentinin seçimi özü-özlüyündə Vaşinqtonun regiondakı prioritetlərinin nədən ibarət olduğunu göstərir. Nəzərə alsaq ki, ABŞ Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi olmuş R. Morninqstarın Azərbaycanla çox sıx əlaqələri var, Çulcyanın məntiqinə əsasən, Ermənistanın bu dəfə də narahatlıq keçirməyə əsası olmalıdır. Amma bu, ayrıca söhbətin mövzusudur.
İndi isə ona diqqət yetirmək lazımdır ki, Obamanın son müraciəti yalnız ənənəvi olaraq ermənilər arasında məyusluq yaratmayıb, həm də dövlətlə diasporun münasibətlərində, həmçinin, diasporun öz daxilində böhrana səbəb olub. Obamanın çıxışından sonra, Ermənistan KİV-də yer almış məqalələr də bunu təsdiqləyir.
"Məsələ ondadır ki, ABŞ rəsmən erməni soyqırımını tanımasa da, hər il aprelin 24-də Amerika prezidentləri bununla bağlı xüsusi müraciətlə çıxış edir. Bunun fonunda bizim strateji müttəfiqimizin (Rusiyanın - "R+") mövqeyi maraqlıdır. Bu ölkə rəhbərliyi, deyəsən, aprelin 24-də dost erməni xalqının faciəsini yada salmır. Həmin gün onlar hər hansı bəyanat və müraciət səsləndirməyə, bununla da strateji müttəfiq adlandırdıqları xalqı dəstəkləməyə heç bir cəhd göstərmədilər. Və erməni xalqı da bununla əlaqədar kifayət qədər tələbkarlıq nümayiş etdirmir. Sanki belə də olmalıdır. Əvəzində, istədiyimiz diqqəti göstərmədikləri üçün ABŞ-dan, Fransadan və ya digər dövlətlərdən inciyirik", - deyə analitik Ovannes Mandakuni yazır. - "Bu faktın özü Ermənistanın dövlət siyasətinin hansı səviyyədə olduğunu yaxşı göstərir".
Daha bir erməni qəzeti "Lraqir" bu haqda kinayə ilə yazır: "Kim Kardaşyan Qleydeylin meri postunu tutmaq uğrunda mübarizəyə qoşulacağını bəyan edib. Erotika ulduzu, hətta demək olar ki, pornoulduz erməni icmasına xeyir verməyə çalışır. ABŞ-da həmişə kifayət qədər güclü və nüfuzlu erməni icması olub - biznesmenlər, siyasətçilər, lobbiçilər. Bu icmadan indi nə qalıb?".
Göründüyü kimm, vaxtilə bütün dünyaya səpələnmiş erməniləri birləşdirmiş ideya bu gün onlar arasında parçalanma yaradan amilə çevrilib. Qüdrətli erməni lobbisi haqda mif də elə "erməni soyqırımı" mifi ilə birlikdə dağılır.
MƏSLƏHƏT GÖR: