
"ŞƏRQİN PARİSİ"ndə "FRANSA İNCİLƏRİ"
Azərbaycanlılar məşhur fransız rəssamlarının əsərlərini bakıda öz gözləri ilə görmək üçün fantastik imkan əldə ediblər
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Yəqin ki, hamımız Fransada olmağı arzulayırıq. Məşhur Eyfel qülləsini görmək, Monmartrda gəzmək, Luvr və Orse muzeylərində dünya incəsənətinin incilərinə tamaşa etmək/. Amma məlum olub ki, bütün bunlar üçün Fransaya yollanmaq heç də vacib deyilmiş. Hazırda bütün bunları Bakıda da görmək mümkündür. Martdan başlayaraq maya qədər bakılılar Azərbaycandan kənara çıxmadan Fransanın məşhur ustalarının incəsənət əsərlərini öz gözləri ilə görmək üçün fantastik imkan əldə ediblər. Bunun üçün Bakının mədəni həyatının son dərəcə vacib hadisələrindən birinə çevrilmiş sərgiyə baş çəkmək kifayətdir. Söhbət "Fransa inciləri" sərgisindən gedir. Qeyd edək ki, Milli İncəsənət Muzeyində açılmış sərgi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehrban Əliyevanın, həmçinin, Mədəniyyət və Turizm Nazirliyi və Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın dəstəyi ilə mümkün olub. Sərgi Azərbaycan Milli İncəsənət Muzeyi, Dövlət Muzeyləri Birliyi-Böyük Sarayı tərəfindən Luvr, Orse muzeylərinin, Fransa Milli Kitabxanasının, Milli Mebel və Milli Qobelen, Bove və Savonri manufakturalarının, qəsrlər üzrə dövlət təsisatının, Versal sarayının və bir çox digər Fransa muzeylərinin iştirakı ilə təşkil edilib.
Sərgidə nümayiş olunan 400-dək nadir eksponat fransızların yaradıcılıq dünyasının ideyalarını, zövqünü, incəliklərini görməyə və qiymətləndirməyə imkan verir. Sərgi təşkilatçıları ziyarətçilərin Bakıda Fransa ruhunu hiss etmələri üçün əllərindən gələni ediblər. Zalların hər biri intibah dövründən bu günümüzədək olan dövrün müəyyən əsrinə aid incəsənət nümunələrini özündə əks etdirir. Burada nəinki fransalı ustaların möhtəşəm işlərini görmək, hətta bu və ya digər dövrə aid musiqiləri dinləmək də mümkündür. Bunun üçün sadəcə, qulaqcıqları taxmaq və gözəl musiqini dinləmək kifayətdir.
İncə zövqün ardıcıllığı
Sərgiyə baş çəkənlər Edqar Deqa, Oqyust Roden, Anri Tuluz-Lotrek, Jan-Batist Simeon Şarden, Ejen Delakrua, Oqyust Renuar kimi məşhur rəssamların əsərləri ilə tanış olmaq imkanı əldə ediblər. Bakılılar fransalı dizaynerlər, məşhur brendlərin müəllifləri, məşhur tarixi afişalarla tanış olmaq imkanı da qazanıblar. Bakıya gətirilmiş əsərlər arasında indiyədək heç zaman məxsus olduğu muzeydən kənarda nümayiş etdirilməmiş eksponatlar da var. Sərginin qeyri-adiliyi həm də orada Fransa tarixinin çox böyük bir dövrünün əks olunmasıdır. Burada Fransa mədəniyyətinin intibah dövründən bu günədək olan zamanını özündə əks etdirən nadir əsərlər nümayiş olunur. Qeyd edək ki, Bakıdakı nümayiş başa çatdıqdan sonra, bu zəngin kolleksiya Qazaxıstanda nümayiş etdiriləcək.
Sərginin baş kuratoru, əhəmiyyətinə və kolleksiyasının həcminə görə Luvrdan sonra ikinci olan Korsikadakı Feş muzeyinin direktoru Filipp Kostamanyon layihənin əsas məqsədi haqda sualı belə cavablandırıb: "Fransa yaradıcılığın fasiləsiz davam etdiyi ölkədir. Fransızlar həmişə və hər işdə dəyişməz olaraq, ilk plana incə zövqü qoyur. Bununla yanaşı, həm bizim ölkəmiz, həm də digər ölkələr üçün məhz Fransa inqilabı dönüş nöqtəsi olub. Ekspozisiyalarımızla insanlara bu inqilabın səbəblərini, bizi müasir demokratik cəmiyyətə gətirmiş yolun çətinliklərini nümayiş etdirməyə çalışırıq".
Bu möhtəşəm sərgiyə baş çəkənləri ilk olaraq, Frigiya ilahəsi Kibeleyə həsr olunmuş qeyri-adi gözəlliyə malik qobelen və məşhur Fontenblo məktəbinin təmsilçisi olan naməlum rəssamın "Qadın geyimi" rəsmi "qarşılayır". Fontenblo məktəbi - kral I Fransiskonun və onun varislərinin dövründə Şimali Avropada renessansın mərkəzi sayılan Fontenblo sarayında işləmiş rəssamlar, memarlar, zərgərlər qrupunun adıdır. Qızılı-mavi qammada hazırlanmış qobelen isə hersoginya Toskanskaya üçün toxunmuşdu.
Güzgü qarşısında əyləşmiş yarıçılpaq gənc qadının əks olunduğu "Qadın geyimi" əsərinin müəllifinin adı haqda isə heç bir məlumat yoxdur. Yalnız o məlumdur ki, rəssamın "modeli" kral ailəsindən olub. Gənc modelin boyunbağı və aksessuarları da bundan xəbər verir.
Nikolya Pussen (1594-1665) Fransanın XVII əsrə aid ən böyük rəssamıdır. O, demək olar ki, bütün ömrünü vətənindən kənarda yaşasa da, əsil fransız rəssamıdır. Parisin izdihamı onu sıxırdı, despotik saraydan uzaqda yerləşən İtaliyada isə o, rahat şəkildə yaradıcılıqla məşğul ola, o dövrün fransız mədəniyyətini "ümumbəşəri" formada əks etdirə bilirdi. Pussenin Luvrdakı bütün əsərləri haqda danışmaq mümkün deyil. Yalnız XIV Lüdovik kolleksiyasında onun 31 rəsmi var. İndiyədək muzey onun onlarca əsəri ilə zənginləşib.
Bizi Fransaya daha çox heyran edən növbəti zal - rokoko və yaradıcılığa, gözəlliyə, incəliyə xüsusi məhəbbətlə yanaşan XIV Lüdoviq dövrünü əks etdirir. Onun hökm-ranlığı dövründə fransız xalqı incəsənət və elm sahəsində, sənaye və ticarətdəki nailiyyətləri ilə gö-rünməmiş uğurlar əldə etdi. Versal sarayı (Lüdovik kral iqamətgahını Versala köçürmüşdü) dahi kralı, hətta zəif cəhətləri ilə də yamsılamağa çalışan, demək olar ki, bütün müasir dövlətlər üçün həsəd və təəccüb predmeti oldu. Sarayda bütün saray həyatını nizamlayan etiket tətbiq olundu, Versal kübar həyatın mərkəzinə çevrildi. Bu mərkəzdə isə hər şey Lüdoviqin və onun çoxsaylı məşuqələrinin zöv-qünə uyğunlaşdırılmışdı.
Versalda bitib-tükənməyən ballar günlərlə davam edirdi. Kral öz sarayının əzəmətinin tarixdə qalmasını o qədər istəyirdi ki, saray rəssamlarına Versalın peyzaj rəsmlərinin çəkilməsini tapşırmışdı.
Sərgidə bizə o zamanların dəbi və üslubu haqda fikir yürütməyə imkan verəcək estamplar da var. Bu, sanki sarayda nələrin və hansı formada geyinilməsinə icazə verildiyini göstərən özünəməxsus dəb jurnalının səhifələridir.
Diqqəti cəlb edən əsərlərdən biri "Rəqqasə Kamarqo" rəsmidir. O, həmin dövrün ən məşhur rəssamı olmuş Nikola Lankrenin əl işidir. O, 1719-cu ildə Rəssamlıq və Heykəltəraşlıq Kral Akademiyasına "zərif süjetlər ustası" kimi üzv qəbul edilib. Lankre rokoko ruhunda mənzərələr, janr və teatr kompozisiyaları, portretlər çəkirdi. Onun işləri nəfis kolorit, dekorativ, yumşaq rəssamlıq üsulu ilə fərqlənirdi.
Fırça ustasının əsərində yaratdığı qadın - Mariya Anna Küpi de Kamarqo dövrünün ən məşhur balerinalarından olub. Şəkildə rəssam bütün diqqətini rəqs edən aktrisanın gözəl, incə bədən quruluşuna yönəldib. O, əsərə baxanların diqqətinin qəhrəmandan yayınmaması üçün oradakı ikinci dərəcəli personajları ümumi şəkildə göstərib.
Bununla belə, əsərdə janr səhnələri və eyni zamanda, teatr mənzərəsi də var. Real həyatla teatrın bu qarışıqlığı XVIII əsr üçün nümunəvidir. Çoxlu sayda süni güllərlə bəzədilmiş qızılı paltarlı balerina tamaşaçılar qarşısında publika önündə olduğu kimi rəqs edir.
Lankre əsərlərində bir-birini çox gözəl tamamlayan yaşıl, mavi, sarı, qəhvəyi və çəhrayı tonlardan istifadə edib. Onun "Rəqqasə Kamarqo"su digər ermitaj əsərləri arasında xüsusilə fəqlənir və şübhəsiz, XVIII əsr fransız rəssamlığının ən yaxşı nümunələrindən biridir.
Kral zanbağı
Rokoko zalının divarını bəzəmiş qobelenin inanılmaz gözəlliyi adamı sadəcə valeh edir. Bu incəsənət əsərini şəxsən görmək lazımdır! Parlaq, rənglərlə zəngin olan əsər günəş-kralın qardaşları Filipp və Kolberlə birlikdə qobelen manufakturasına necə baş çəkdiyini göstərir. Onun ətrafında toplaşmış sex işçiləri krala gözəl mebelləri, xalçaları və rəsm əsərlərini göstərir. Yeri gəlmişkən, "qobelen" Fransada XVII əsrdə peyda olub. 1662-ci ildə burada Qobelen qardaşlarının kral manufakturası açılıb. O, Parisin bütün emalatxanalarını özündə birləşdirirdi. Şpalerin ilk sənaye istehsalı belə yaranıb. Bu ailənin başçısı, boyaqçı Jil Qobelen Fransa kralı I Fransisin çarlığı dövründə Reymsdən Parisə köçmüş, bu şəhərdən bir qədər aralıda yun müəssisəsi açmışdı. Onun varisləri XVI əsrdə bu obyekti qoruyub-saxlamaqla yanaşı, həm də onu o dövrdə Flandriyanı şöhrətləndirən xalça toxuculuğuna qədər genişləndirmişdilər.
XIV Lüdovik boyaqçı və toxuculuq sexlərini aldı, ona status verdi, ciddi maddi vəsaitlə, yeni bina ilə təmin etdi; beləliklə, "Kral qobelen manufakturası" yaratdı. Onun istehsal etdiyi məhsullar elə baha idi ki, demək olar, yalnız kral sarayları üçün bəzək əşyaları tikilir və məhsullar çox nadir hallarda satışa çıxarılırdı. Heç bir gəlir əldə etməyən manufakturanın saxlanması üçün ciddi vəsat tələb olunmasına baxmayaraq, o, Fransada indiyədək hakimiyyətdə olmuş bütün hökumətlərin dövründə mövcudluğunu qorudu və hazırda Fransanın fəxri sayılan rəssamlıq qurumu kimi fəaliyyət göstərir.
Vaxtilə yalnız tarix kitablarında gördüyümüz daha bir məşhur əsər - rəssam İzodor Pilsin "Ruje de Lil ilk dəfə "Marselyoza"nı ifa edir" rəsmidir. Sən demə, Böyük Fransa inqilabının ən məşhur mahnısı - inqilabçıların himninin müəllifi Klod Jozef Ruje de Lil adi hərbi mühəndis imiş.
Bu patriotik əsərin yanında Böyük Fransa inqilabının vacib sənədi, insanın fərdi hüquqlarını müəyyən edən insan və vətəndaş hüquqları Bəyannaməsini görmək mümkündür. Bu bəyannamə 1789-cu ildə Milli Müəssislər Məclisi tərəfindən qəbul edilib. Sənədin əsas ideyası anadəngəlmə hər kəsə verilən bərabərlik və azadlıq konsepsiyasından ibarətdir. Bə-yannamədə insan və vətəndaşların təbii hüquqları kimi şəxsiyyət, söz azadlığı, etiqad azadlığı, əsarətə təzyiq göstərmə hüquqları göstərilir.
Yeri gəlmişkən, bu bəyannamə hazırda da Fransada konstitusion hüquqların əsasını təşkil edir.
Ejen Delakruanın "Talma Neron rolunda" əsəri də az maraq doğurmur. O, sərgi iştirakçılarına bir sıra maraqlı faktları agah edəcək. Məsələn, Luvrda xü-susi olaraq Delakruanın şəkillər zalı var. Əsərdə əks olunmuş Talma Fransua dövrünün ən populyar aktyoru olub. Böyük Fransa inqilabı zamanı o, "Respublika Teatrı"nın yaradılmasında iştirak edib. Napoleon Bonapart danışıq və hərəkət manerasını məhz ondan götürmüşdü.
Sevgi təcəssümü
Bakıda keçirilən "Fransa inciləri" səgrisində rəsmləri nümayiş olunan ən məşhur fransız rəssamlarından biri də Pyer Oqyust Renuardır. Fransa tərəfi Azərbaycana onun "Güzgülü qadın" əsərini gətirib. Ekskursiya rəhbərinin bizə bildirdiyinə görə, Renuar ailəvi olaraq Parisə köçmüş limojlu dərzi ailəsində doğulub. O, 13 yaşından farfordan divar naxışları vurmaqla çörəkpulu qazanıb. Bir müddət sonra isə yelpik və pərdələr bəzəməyə başlayıb. Kimin ağlına gələrdi ki, zaman keçəcək və bu oğlan Fransanın ən məşhur rəssamlarından birinə çevriləcək?
Qonşu zalda 100 ildən artıq yaşı olan rəngarəng afişalara rast gəlirik. Bu fərqli şedevrlərin müəllifi Anri de Tuluz-Lotrekdir. O, Fransanın ən məşhur aristokrat ailələrindən birinin yeganə övladı olub. Tuluz-Lotreklər nəslinin tarixi minilliklərə gedib çıxır. Anri uşaqlıqda çox xəstələnib. Aristokrat ailələrdə qəbul olunmuş yaxın qohumların evliliyi gələcək nəslin sağlamlığına təsirsiz ötüşməyib. Nəticədə, yetkinlik yaşında Lotrekin boyu 150 santimetrə güclə çatırdı. Amma o zaman insanların orta boyu indiki dövrlə müqayisədə on santimetrlərlə kiçik olduğundan, rəssamı cırtdan saymırdılar (o zaman kişilər belə boyla orduya da çağırılırdı).
Anrinin başı bədəninə uyğun olmayacaq dərəcədə böyük idi və nəticədə, belə təəssürat yaranırdı ki, böyük kişinin bədəni uşaq ayaqlarının üzərindədir. Amma Lotrek böyük istedada malik idi. O, afişa janrının inkişafına böyük töhfə verib, müasirləri onun yaradıcılığını çox yüksək qiymətləndirib. Lotrek ömrüboyu cəmi 30-dək afişa yaradıb.
Zalın mərkəzində Rodenin məşhur "Öpüş" heykəli qoyulub. Bir-birinə sarılmış sevgililərə baxarkən sevgi mövzusunun bundan yaxşı ifadəsini təsəvvür etmək çətindir. Bu cütlüyün pozasında son dərəcə böyük incəlik, ismət, eyni zamanda, şəhvət və ehtiras cəmləşib.
"Öpüş" üçün model rolunu Rodenin sevgilisi Kamilla Klodel oynayıb. Bu gözəl və ağıllı qız heykəltəraş olmaq arzusunda idi. Onu Rodenin yanına qıza heykəltəraşlıq dərsi keçən Alfred Buşe gətirmişdi. Onların sevgi macərası çox emosional və ehtiraslı olub.
Fransanın moda və kostyum muzeyi isə Bakıda keçirilən sərgidə Koko Şanel, Kristian Dior və İv Sen Loran kolleksiyalarından bir neçə geyim nümayiş etdirib. Təsəvvür edin, bu nadir geyimlərin dizaynı üzərində dünya modasını müəyyənləşdirən ən məşhur fransız dərzilər çalışıblar. Yeri gəlmişkən, geyimlərin yaşı çox olsa da, hələlik, necə deyərlər, trenddədir.
Yaxınlıqda nadirliyinə görə bu geyimlərdən geri qalmayan fotoları saxlayan stellajlar qoyulub. Kolleksiyada 140 foto var. Onların yaşı 1848-ci ildən, yəni Fransa fotosənətinin əsasını qoymuş Daqerra və Nyepsin dövründən başlayır. 70-ci illərin nəsilləri fotorobotlarda tanış simalar da görə bilərlər - Jerar Filipp, Alen Delon, Bricit Bardo, Jan-Pol Belmando və Fransa kinosunun digər ulduzları. Hamısı hələ də əvvəlkitək cavandır.
MƏSLƏHƏT GÖR: