Müəllif: Nurlanə QULİYEVA Bakı
10-12 apreldə Bakıda "SOCAR"ın (ARDNŞ) təşə-bbüsü ilə yeni neft-qaz emalı və neft-kimya kompleksinin (OGPC) yaradılması ilə bağlı yeni layihəsinin təqdimatına və müzakirəsinə həsr edilmiş forum işə başlayıb. Forumun təşkilatçıları kimi, "Iteca Caspian" və "INBC Consulting" şirkətləri çıxış ediblər.
Forumun məqsədi potensial lisenziyalar, mühəndis-layihə, təchizat, tikinti və başqa podratçı şirkətlər də daxil olmaqla, geniş çevrədə şirkətlərə layihə haqqında məlumat çatdırmaq olub. Yada salaq ki, "OGPC" layihəsi çərçivəsində gücü uyğun olaraq 10 milyon ton neft və 10 milyard kubmetr qaz olan neftayırma və qaz emalı zavodlarının tikintisi nəzərdə tutulur. Layihəyə, həmçinin, ildə 2 milyon tona yaxın baza polimerlərinin istehsalını nəzərdə tutan neft-kimya istehsalı da daxildir. Yeni kompleks üçün, həmçinin, ümumi zavod təsərrüfatının tikintisi planlaşdırılır ki, buraya avtonom enerji bloku da daxildir. Bütünlükdə kompleksin konfiqurasiyasına 20-dən artıq texnoloji lisenziyanın istifadə edilməsi ilə 30-dan artıq qurğu daxil olacaq. Layihənin texniki-iqtisadi əsaslandırması (TİƏ) "Technip", "Foster Wheeler AG", "UOP" kimi iri şirkətlərin iştirakı ilə işlənib.
Bütün yeniliklər - yaxşı unudulmuş köhnəlikdir
Şəksiz ki, "OGPC" XXI yüzilliyin ikinci onilliyində Azərbaycanın həm görülən işlərin miqyasına, həm də investisiya həcminə görə ən iri layihələrindən biri olacaq (kompleksin istismara açılması 2020-ci ilə planlaşdırılır), layihəyə qoyulacaq sərmayələr $15 mlrd səviyyəsində qiymətləndirilir. Buna görə də yuxarıda sadalanan forumun xarici şirkətlərdə yaratdığı maraq başadüşüləndir. Özü də meqalayihə bahalı olmasına baxmayaraq, kommersiya cəhətdən də cəlbedicidir: 7-8 ildən sonra öz xərcini çıxaracağı gözlənilir.
Bundan başqa, Prezident İlham Əliyev forum iştirakçılarına açılış salamında bildirib ki, Azərbaycan dünyada etibarlı enerji təchizatçısı kimi tanınır, nüfuzlu neft şirkətləri ilə bağlanmış sazişlər, əməkdaşlıq müqavilələri və neft-qaz layihələrinə yatırılmış sərmayələr öz bəhrəsini verib və sərmayəçilərin ümidlərini doğruldub. "Bu gün bizim əsas öhdəliklərimizdən biri çağdaş standartlara cavab verəcək neft-qaz emalı və neft-kimya məhsulları istehsalı üzrə yeni kompleksin tikintisidir", - Prezident İlham Əlyevin məktubunda qeyd olunub.
"SOCAR" prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, son illərdə Azərbaycanda neft hasilatı 6 dəfə artaraq, ildə 50 mln tona çatıb, gündəlik hasilat 140 min tona qədər qalxıb. "Qaz hasilatının həcmi "Şahdəniz" yatağının "Mərhələ-1" layihəsinin gerçəkləşdirilməsi hesabına artmaqda davam edir. Son illərdə respublikada qaz hasilatı 5,2 dəfə artıb. Hazırda "Mərhələ-2" layihəsinin gerçəkləşdirilməsinə hazırlıq üzrə işlər başa çatdırılır və bu layihə çərçivəsində minimum hasilat həcmi ildə 16 mlrd kubmetr olacaq. Bütünlükdə, Azərbaycanın təsdiq edilmiş karbohidrogen ehtiyatları 4,5 mlrd ton şərti yanacaq təşkil edir, proqnozlaşdırılan ehtiyatlar isə 10 mlrd ton ş.y.-dır", - deyən R.Abdullayev vurğulayıb ki, hazırda yeni neft-qaz strukturlarının işlənməsi davam edir. Onların sırasında 340 mlrd kubmetr qaz və 5 mln ton kondensat ehtiyatı olan "Abşeron" yatağını göstərmək olar.
Nəzərə alınsa ki, indi işləyən neftayırma zavodları, sadəcə, artan tələbatı ödəyə bilmirlər və 1959-cu ildə tikilmiş qaz emalı zavodunun gücü indi də yetərli deyil. Bütün bu müəssisələr mənəvi baxımdan köhnəlib və dünya standartlarının tələblərinə cavab vermir. Yəni yeni neft-kimya kompleksinin tikintisi ən vacib məsələdir.
Əlbəttə ki, "SOCAR" bu ildən mövcud neftayırma zavodlarının modernləşdirilməsi üzrə işlərə başlayacaq. Şirkətin emal üzrə vitse-prezidenti Davud Məmmədov bildirib ki, modernləşdirmə 2015-ci ildə başa çatacaq. Amma bu, yalnız yeni kompleks hazır olana kimi ölkənin neft emalı sahəsini müəyyən qədər dəstəkləmək məqsədi güdür. ARDNŞ təmsilçisinin sözlərinə görə, bu olmasa, gələcəkdə Azərbaycan neft idxalçısına çevrilə bilər. Bu, sadəcə absurd olardı, nəzərə alaq ki, hazırda bizim "SOCAR" xaricdə, o cümlədən, Türkiyədə neftkimya komplekslərinin ən iri investorlarından biridir.
Mənfisiz müsbətlər
Azərbaycanda yeni kompleksin tikintisinə 2013-cü ildə başlanacaq və hazırda layihənin hazırlanması üzrə işlər görülür. "Layihə işləri yekun mərhələsindədir. Bu il tender proseduru gerçəkləşdiriləcək ki, 2013-cü ilin birinci rübündə bünövrəni qoyaraq tikintiyə başlamaq mümkün olsun", - deyə R.Abdullayev bildirib.
Qeyd edək ki, neft-qaz emalı və neft-kimya kompleksinin tutacağı ümumi sahə 1500 ha təşkil edəcək. Bəllidir ki, o, Bakıdan 60 km aralı Səngəçal terminalının yanında yerləşəcək. Kompleksin 2018-2020-ci illərdə istismara açılması planlaşdırılır. Burada ARDNŞ-in öz yataqlarından əldə etdiyi qazın, həmçinin, "Azəri-Çıraq-Günəşli" yataqlarından əldə edilən səmt qazının və lazım olarsa, "Şahdəniz" yatağından "SOCAR"ın payına düşmüş qazın emalı da gerçəkləşdiriləcək.
İkinci mərhələdə neft-kimya kompleksi istismara açılacaq, daha sonra isə gücü 10 milyon tona çatacaq neftayırma zavodu (NAZ) istifadəyə veriləcək. NAZ-larda "A-92", "A-95", "A-98" markalı avtomobil benzinlərinin, reaktiv və dizel yanacaqlarının istehsalı planlaşdırılır. Yeri gəlmişkən, dizel yanacağının istehsalına xüsusi diqqət yetirilir ki, gələcəkdə Azərbaycana dizel yanacağı ilə işləyən daha qənaətcil avtomobillərin idxalı stimullaşdırılsın. Dünya üzrə ən bahalı yanacaq sayılan reaktiv yanacağa gəldikdə isə, ölkə daxilində böyük həcmdə bu yanacaqdan istehsal edilməsi yerli aviaşirkətlərin kommersiya effektivliyini artıracaq və ölkəyə böyük gəlirlə gətirəcək.
Beləliklə, faiz hesabı ilə kompleksdə əsas obyekt neftayırma zavodu olacaq. Neft məhsulları, əsasən, artan daxili tələbatın ödənilməsi üçün istifadə ediləcək, həmçinin, ixraca gedəcək - dizel yanacağı, aviasiya kerosini və benzin ixrac ediləcək. Əsas satış bazarı Aralıq dənizi ölkələri, Türkiyə və Gürcüstan olacaq. Həmçinin, neft-kimya məhsullarının 90%-i ixrac ediləcək. Yüksək inkişaf templəri və neft kimya məhsullarına böyük tələbat olması baxımından, Türkiyə çox cəlbedici bazardır. Başqa satış ölkələri isə MDB və Aralıq dənizi ölkələri olacaq.
Əsas odur ki, bütün məhsullar yüksək dünya standartlarına cavab verəcək, istehsalat da ekoloji təhlükəsizliyin yüksək dünya standartlarına tam uyğun aparılacaq. Bundan başqa, Sahil qəsəbəsində kompleksin yanında fəhlələr üçün xüsusi şəhərcik tikilməsi planlaşdırılır. Özü də mənzillər pulsuz paylanacaq ki, bu da gənc insanlarda həmin müəssisələrdə işləməyə həvəs yaradacaq. Layihənin sosial üstünlükləri sırasına əlavə iş yerlərinin açılışını, bu sahədə mütəxəssislərin peşəkar səviyyəsinin artırılmasının stimullaşdırılmasını, yeni kadrların hazırlanmasını və s. də aid etmək olar.
"Layihənin uğurla gerçəkləşdirilməsi ölk? iqtisadiyyatına müsbət təsir göstərir və bir sıra istehsal sahələrinin inkişafına imkan yaradacaq, həmçinin, çox sayda yüksək ixtisaslı mütəxəssislərin peyda olmasına səbəb olacaq", - deyə "SOCAR"ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.
Qeyd edək ki, yeni kompleks istismara verildikdən sonra, mövcud NAZ-lar və digər analoji müəssisələr söküləcək ki, bu da Bakı və Sumqayıtda şəhərsalma və inkişaf üçün də əlavə imkanlar yaradacaq.
Pul məsələsi
İşin maliyyə tərəfinə və bu meqalayihənin kimin pulu ilə gerçəkləşməsinə gəldikdə isə, R.Abdullayevin sözlərinə görə, "OGPC"nin əsas səhmdarı "SOCAR" olacaq. "Başqa səhmdarların iştirakı məsələsi də müzakirə olunur. Şirkətlərdən təkliflər var, amma biz bunu dəyərləndirməliyik", - deyə R. Abdullayev bildirib. Bununla yanaşı, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı-direktoru Şahmar Mövsümov bildirib ki, fond ölkədə yeni neft-qaz emalı və neft-kimya kompleksinin tikintisinə maliyyə dəstəyi göstərməyə hazırdır.
"SOCAR"ın "OGPC" layihəsi üzrə departament başçısının müavini Fuad Əhmədov bildirib ki, yeni kompleksin tikintisi üçün bütün maliyyə mənbələrinə baxılacaq. O, həmçinin qeyd edib ki, layihənin potensial maliyyələşdirmə mənbəyi kimi, "SOCAR"ın nizamnamə fondunun vəsaitləri, ARDNF, ixrac kredit agentlikləri, kommersiya bankları və s. çıxış edir. "Bütün mənbələrə baxılacaq, bunun nəticəsində müvafiq qərar çıxarılacaq", - deyə F.Əhmədov bildirib. Onun sözlərinə görə, layihənin ehtimal edilən ($15 mlrd) dəyərindən $12,4 mlrd.-ı birbaşa sərmayələr nəticəsində təmin ediləcək, $2,6 mlrd.-ı isə tikinti zamanı əldə edilən faiz gəlirləri olacaq. Daxili gəlirlilik dərəcəsi 13% olacaq ki, F.Əhmədov bunu yaxşı göstərici sayır. Onun sözlərinə görə, maliyyələşdirmənin əsas hissəsi 2016-2017-ci illərə, yəni daha intensiv tikinti dövrünə düşəcək.
Bununla yanaşı, ekspertlərin fikrincə, layihənin gerçəkləşdirilməsinə xüsusi müvəqqəti hüquqi rejim haqqında qanunun qəbulu müsbət təsir göstərə bilər. "Layihənin gerçəkləşdirilməsinə xarici sərmayə, podratçılar və subpodratçılar cəlb ediləcəyindən, yeni kompleksin tikintisi zamanı gecikmələrin qarşısının alınması məqsədi ilə xüsusi hüquqi rejimin yaradılması vacib sayılır. "SOCAR" artıq ölkə hökumətinə xüsusi iş rejimini tənzimləyən qanunvericilik bazasının yaradılması ilə bağlı müraciət edib", - deyə "OMNI" hüquq şirkətinin idarəedici tərəfdaşı Ceyhun Bayramov bildirib.
İstənilən halda, yuxarıda deyildiyi kimi, "OGPC" sərmayəçilər üçün ən cəlbedici layihələrdən biri olacaq. Buna sübut kimi, layihə üzrə keçirilən təqdimat forumuna olan marağı göstərmək olar. Ona görə də layihənin gerçəkləşdirilməsi ilə bağlı maliyyə çətinliyi olmamalıdır. Yalnız daha əlverişli tərəfdaşlar seçmək və layihəyə "yaşıl" işıq yandırmaq qalır.
MƏSLƏHƏT GÖR: