15 Mart 2025

Şənbə, 01:16

BRHÇC: KİMƏ QARŞI BİRLƏŞİRİK?

İqtisadiyyatı sürətlə inkişaf edən dövlətlərin birliyi dünya arenasında nüfuzunu getdikcə artırır

Müəllif:

15.04.2012

Suriyada baş verənlər, Fransa və ABŞ-dakı seçki kampaniyası, həmçinin, İran ətrafındakı vəziyyət fonunda analitiklərin kifayət qədər vacib saydığı hadisə, demək olar ki, nəzərə çarpmadı. Söhbət BRHÇC ölkələrinin Hindistanda keçirilmiş 4-cü sammitindən gedir.

Sammit dünya KİV-də o qədər də geniş işıqlandırılmadı. Buna toplantının qapalılığı, görüşlərin qeyri-formal xarakter daşıması, iqtisadi və siyasi xarakterli məsələlərin "pərdə-arxası"nda müzakirə edilməsi səbəb oldu.

Xatırladaq ki, BRHÇC sürətlə inkişaf edən 5 dövlətin birliyidir. Bunlar Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasıdır. Bu birlik çərçivəsində əməkdaşlıq faktik olaraq 2006-cı ilin sentyabrında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası zamanı Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə sözügedən dövlətlərin XİN başçıları arasında baş tutmuş ilk görüşiylə başlayıb. Həmin görüşün sonunda tərəflər müxtəlif sahələrdə dördtərəfli (həmin vaxt CAR bu dövlətlərin sırasında deyildi) əməkdaşlığın inkişafında maraqlı olduqlarını bəyan etmişdilər.

Dünya miqyasında əhəmiyyətini anlayan BRHÇC (dünya əhalisinin 45, ümumdaxili məhsulun isə 25%-i onların payına düşür) üzvləri bazarlarının dollardan asılılığını mümkün qədər azaltmağa çalışır. Nyu-Dehlidə keçirilmiş sammitdə birlik ölkələri arasındakı ticarətdə milli valyutadan istifadəyə dair razılaşmanın imzalanmasında da məqsəd budur. Xatırladaq ki, bu ölkələr arasında ticarət dövriyyəsinin həcmi ildə 28% artır.

Son görüşdə əsas mövzu birlik üzvlərinin müasir dünya düzənindən narazılığı olub. Onlar hesab edir ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) rəhbərliyində inkişaf etməkdə olan dövlətlərin iştirakı genişləndirilməlidir. Xatırladaq ki, ənənəvi olaraq, DB-nin rəhbəri ABŞ-dan, BVF-nin rəhbəri isə Avropadan seçilir. Prezident Obama inkişaf etməkdə olan dünya üçün öz namizədini irəli sürməyə çalışır. Bu, koreyaəsilli amerikalı, uzun müddət Ümumdünya Səhiyyə Təşkilatının QİÇS-lə mübarizə bölməsinə rəhbərlik etmiş professor Cim Yonq Kimdir. Amma BRHÇC-nin bu posta öz namizədi var və qurum hesab edir ki, o, daha nüfuzlu şəxsdir. Söhbət nigeriyalı xanım Nqozi Okonco-İvealadan gedir. Bu qadın əvvəllər öz ölkəsinin xarici işlər və iqtisadi əlaqələr naziri postlarını tutub. Qərb ekspertlərinin "BRHÇC ölkələrinin mövqeyinin dünyadakı hazırkı sabitliyə təhlükə yaratdığına" dair bəyanatları bəlkə də bununla bağlıdır. Onlar hesab edir ki, Qərb dövlətləri Rusiyanı BRHÇC sıralarını tərk etməyə həvəsləndirməli, onun Avropa İttifaqına qəbuluna çalışmalı, amma bu, Moskvanın Avropa dəyərlərini qəbul etməyə razılaşması halında baş verməlidir.

Qərb analitikləri Braziliya ilə ikitərəfli əməkdaşlığa dair birbaşa danışıqlara başlanılmasını da lazım bilir. BRHÇC üzvləri arasında Braziliya mədəni, coğrafi və tarixi baxımdan Qərbə daha yaxın olduğundan, onun digər üzv ölkələrdən "qoparılması" çağırışlarına daha tez-tez rast gəlinir. Amma Braziliyanı avroatlantik məsləyin nümayəndəsi saymaq olmaz. O, bir çox ölkələrlə əməkdaşlıq etməklə, xarici siyasətdə öz xəttini qoruyub-saxlamağa çalışır. Fələstin problemi ilə bağlı onun Qərbin aparıcı dövlətlərinin mövqeyinə uyğun gəlməyən həssaslıq nümayiş etdirməsini buna nümunə saymaq olar.

Qərb ekspertlərinin fikrincə, daha bir təhlükə Çinin BRHÇC-yə üzv olduğu üçün daha müstəqil siyasət yürütməsi və getdikcə Pekinin siyasi təşəbbüslərinin Moskvadan daha çox dəstək alması ilə bağlıdır.

Bütün bunlarla yanaşı, birlik üzvlərinin münasibətlərindəki harmoniya və həmrəylik haqda danışmaq da mümkün deyil. Bunun bir neçə səbəbi var. Birincisi, Çinin iqtisadi və strateji inkişafı Rusiya, xüsusilə də Hindistan üçün bir nömrəli geosiyasi problemdən başqa bir şey deyil. Bu konteksdə Hindistanla Çin arasında çox çətin olan münasibətləri qeyd etmək lazımdır. Onları regionda siyasi və iqtisadi liderlik uğrunda əsas rəqiblər adlandırmaq olar.

Hindistan da neytrallıq siyasətinə sadiq qalmaqla, bir çox xarici siyasi məsələlərdə birmənalı siyasət yürütmür. Onun Suriya probleminə münasibəti deyilənlərə bariz nümunədir. Təşkilatın Rusiya və Çin kimi qüdrətli fövqəldövlətlərindən fərqli olaraq, Hindistan bu məsələdə Qərb və Ərəb Dövlətləri Liqası ilə həmrəy mövqedən çıxış edir.

Əsas xarici siyasi məsələlərdə həmrəyliyin olmaması və öz aralarındakı rəqabətlə yanaşı, BRHÇC-nin perspektivinə şübhə yaradan daha bir məqam onlar arasında sabit iqtisadi əməkdaşlığın yoxluğudur. Bu, əsasən, birlik üzvlərinin coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsi ilə əlaqələndirilir.

Sadalanan problemlərlə yanaşı, onu da qeyd etmək lazımdır ki, bu qrupun mövcudluğu dünya iqtisadiyyatını canlandırmağa imkan verəcək. Mütəxəssislər  bildirir ki, yaxın zamanlarda BRHÇC ÜDM-in inkişafına görə bütün digər liderləri geridə qoymaq iqtidarındadır. Bu üzdən dövlət başçıları arasında keçirilən hər bir görüş ekspertlərin diqqətini daha çox cəlb edir.

Rusiyanın hazırkı Prezidenti Dmitri Medvedev Nyu-Dehlidəki son görüşü zamanı bildirib ki, BRHÇC perspektivdə qlobal idarəetmə sisteminin aparıcı mərkəzlərindən birinə çevrilə bilər. "Rusiya hesab edir ki, BRHÇC yeni münasibətlər modeli kimi təqdim olunmalıdır. Hansı ki burada münasibətlər köhnəlmiş stereotiplər, "körpü" və ya "vasitəçi" konstruksiyası vasitəsilə qurulmur". Prezident bildirib ki, "sammit iştirakçıları, ilk növbədə, BVF daxil olmaqla, beynəlxalq maliyyə institutlarında tezliklə islahatların aparılmasının vacibliyi haqda razılığa gəliblər".

Qurum dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə mövqelərini möhkəmləndirmək niyyəti ilə daha bir addım atıb: iştirakçı ölkələr yeni layihə - "BRHÇC Bankı" adlı yeni inkişaf bankının yaradılması qərarına gəliblər.

Sammitin sonunda qəbul olunmuş Dehli bəyannaməsində bildirilir ki, əsas məqsəd - "BRHÇC ölkələrində, həmçinin, bazar iqtisadiyyatı formalaşan digər inkişaf etməkdə olan dövlətlərdə sabit inkişaf və infrastruktur sahəsində layihələr üçün resursların səfərbər olunmasıdır".

 

Dollar üçün təhlükə

Analitiklər hesab edir ki, BRHÇC forumunun ən əhəmiyyətli hadisəsi "BRHÇC milli valyutaları ilə kredit xətlərinin açılmasının ümumi qaydaları haqda əsas razılaşma"nın əldə edilməsidir. Razılaşma iştirakçıları Çin İnkişaf Bankı, Hindistanın İxrac-İdxal Bankı, Braziliya Milli Sosial-İqtisadi İnkişaf Bankı, Rusiya "Vneşekonombank"ı və Cənubi Afrikanın İnkişaf Bankıdır. İndi bu maliyyə təşkilatları dollardan istifadə etməməklə bir-birini kreditləşdirə, birgə layihələrə investisiya ayıra bilər.

Ekspertlər hesab edir ki, milli valyutalarla qarşılıqlı kreditləşdirməyə dair razılaşma gələcəkdə strateji əhəmiyyət daşıyacaq. Əgər adları çəkilən banklar razılaşmanın şərtlərinə əməl edərsə, bu, Amerika dollarının BRHÇC üzvləri iqtisadiyyatından kənarlaşdırılması demək olacaq. Bu dövlətlərin dinamik inkişafını, onların artan nüfuzunu nəzərə alsaq, belə vəziyyət nəinki ABŞ-ın iqtisadi durumuna, həm də BVF və DB kimi maliyyə institutlarının vəziyyətinə də ciddi təsir göstərə bilər.

BRHÇC liderləri oxşar razılaşmanı hələ bir il əvvəl imzalamağa hazırlaşırdılar. O zaman bu təklif Hindistandan gəlmişdi. Lakin Avropada maliyyə böhranının yaşandığı həmin dövrdə Çin dünya maliyyə sistemindəki vəziyyətini daha da yaxşılaşdırmaq imkanı qazanmışdı. Yunanıstan, Portuqaliya və İspaniyanın borclarını almaq əvəzində, Pekin BVF-də geniş səlahiyyətlər istəyirdi. Amma dünya maliyyə elitasından rədd cavabı alan Pekin alternativ beynəlxalq bank sistemi yaradılması üzərində işləri davam etdirmək qərarına gəldi.

2011-ci ilin dekabrında Yaponiya ilə Çin iki ölkəyə məxsus şirkətlər arasındakı əməliyyatlarda ABŞ dolları əvəzinə öz valyutalarından istifadəyə kömək etmək haqda razılıq əldə edib. Milli valyutalarla hesablaşmaya keçid bu bazara  - Çinlə Yaponiya arasındakı dövriyyə 148 milyard dollar təşkil edir - ABŞ dollarının girməsinin qarşısını alır.

Nyu-Dehlidə imzalanmış razılaşmaların effektivliyi isə daha ciddi nəticələr verəcək: dolların qlobal valyuta kimi nüfuz dairəsi daha da məhdudlaşacaq.

 

Dünya siyasətinə ümumi baxış

Hindistanda keçirilmiş sammit iqtisadi məqamlarla yanaşı, həm də çoxsaylı siyasi müzakirə və bəyanatlarla yadda qalıb. Birlik üzvləri Suriyada bitmək bilməyən problemin dinc yolla həllinə dəstək verib, İranın nüvə proqramı ilə bağlı böhranın hər hansı hərbi müdaxilə olmadan çözülməsinin vacibliyini bəyan edib.

"Qərbi Asiyadakı vəziyyətlə bağlı dərindən müzakirələr apardıq və belə qərara gəldik ki, Suriya və İran problemlərinin həlli yalnız dialoq yolu ilə tapıla bilər. 2012-ci il fevralın 4-də BMT TŞ-də qətnamə layihəsinin qəbulu üzrə keçirilmiş səsvermə kimi prinsipial məsələdə Hindistan Rusiya və Çinin obstruksiyasını dəstəkləməsə də, biz beynəlxalq ictimaiyyətin Əfqanıstanda mövcudluğunu davam etdirməli olduğuna dair razılığa gəldik", - deyə Hindistanın Baş naziri Manmohan Sinqh bildirib.

Və əlbəttə ki, İran problemi. Gözlənildiyi kimi, BRHÇC üzvləri İran ətrafındakı böhranın müzakirəsinə xeyli vaxt ayırıb. "İranla bağlı vəziyyətin münaqişəyə çevrilməsinə yol vermək olmaz. Onun faciəvi nəticəsi heç kimin maraqlarına cavab verməyəcək", - deyə Dehli bəyannaməsində bildirilir. BRHÇC liderlərinin fikrincə, "siyasi və iqtisadi baxımdan son dərəcə əhəmiyyətli regionun dinc inkişafı və çiçəklənməsində aparıcı rol İrana məxsusdur".

"Biz İranın beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi, buna öz töhfəsini verəcəyini gözləyirik", - deyə sənəddə bildirilir: "Biz İranın nüvə enerjisindən beynəlxalq öhdəliklərə əməl etməklə, dinc məqsədlərlə yararlanma hüququnu tanıyırıq. Bununla bağlı məsələlərin siyasi və diplomatik vasitələrlə, həmçinin, maraqlı tərəflərlə, eyni zamanda, MAQATE ilə İran arasında dialoqla, BMT TŞ-nin mövcud qətnamələrinin tələblərinə uyğun şəkildə həllinə tərəfdarıq".

BRHÇC liderləri dialoq mexanizminin yaradılmasını, perspektivdə isə beynəlxalq təhlükəsizlik sahəsində praktik əməllərin koordinasiyasını vacib hesab edir. Onların fikrincə, belə mexanizm milli təhlükəsizlik məsələlərinin kurasiyası ilə məşğul olan rəsmi şəxslər arasında mütəmadi görüşlərin keçirilməsini, həmçinin, ekspertlər səviyyəsində məsləhətləşmələri özündə əks etdirə bilər.

BRHÇC ölkələrinin iqtisadi və maliyyə imkanlarını cəmləsək, ABŞ-ı geridə qoymaq iqtidarında olan nəhəng iqtisadi mərkəz meydana gəlir. BRHÇC ölkələrindən olan analitiklərin fikrincə, onların birliyi XXI əsrdə mümkündür, hazırda iqtisadi strukturlarda dominatlıq edən ölkələr isə XX əsrə aid vəziyyəti əks etdirir, BRHÇC-yə müxtəlif istiqamətlərdə mane olmağa çalışırlar.

Qeyd etmək lazımdır ki, 5 inkişaf etməkdə olan dövlət arasında siyasi əməkdaşlıq çox da uzaq olmayan keçmişdə qurulsa da, onların siyasi əməkdaşlığı  inkişaf edəcəyi təqdirdə birliyin beynəlxalq əhəmiyyəti xeyli artacaq. Eyni zamanda, digər inkişaf etməkdə olan ölkələrlə belə əməkdaşlığın qurulması da çox vacibdir.

Beləliklə, inkişaf etməkdə olan dünyanın əsas "kərpicləri" olan BRHÇC ölkələri həqiqətən də qlobal təhlükəsizliyin təmini və bu dövlətlərin maraqlarının müdafiəsində dinamik qüvvəyə çevrilə bilər.

 

 

BİZİM ARAYIŞ

 

 

BRHÇC sürətlə inkişaf edən 5 dövlətdən ibarət qrupdur - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası. Onlar əməkdaşlığa, faktik olaraq, 2006-cı ilin sentyabrında başlayıblar. Həmin vaxt Nyu-Yorkda bu dövlətlərin XİN başçıları arasında ilk görüş keçirilib.



MƏSLƏHƏT GÖR:

478