
OLMAYAN DEMOKRATİYANI NECƏ GÖSTƏRƏSƏN?
Serj Sarqsyan və ətrafı, hətta belə işlərin öhdəsindən daim "məharətlə gələn" ermənilər üçün artıq müşkülə çevrilmiş bu sual ətrafında baş sındırır
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Mayın 6-da Ermənistanda parlament seçkisi keçiriləcək. Artıq namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsi başa çatıb. İndi Ermənistanda partiyalar və seçki birlikləri seçkiqabağı platformalarını açıqlayır, debatlara hazırlaşır, mitinqlər keçirir, tərəfdarlarını səfərbər edir. Ermənistan hakimiyyəti prezident Serj Sarqsyan və onun komandası timsalında çətin seçim qarşısındadır. Onların diletant siyasəti, hakimiyyətin əlindən yeyən korrupsiyalaşmış və kriminallaşmış oliqarxiyanın özbaşınalığı nəticəsində vəziyyət son dərəcə təhlükəli həddə çatıb. On minlərlə erməni ölkəni tərk edərək, çörəkpulu axtarışına çıxır. İqtisadiyyat 2008-ci il böhranından heç cür qurtula bilmir və durğunluq vəziyyətindədir. Əhalinin həyat səviyyəsi getdikcə aşağı düşür. Büdcəni doldurmaq üçün vəsait yoxdur. Həmişəki kimi, ümid yenə də xarici yardımlaradır. Lakin hakim elita üçün problem ondan ibarətdir ki, seçki demokratik meyarlara uyğun keçirilməyəcəyi təqdirdə, pul da verməyəcəklər. Odur ki, Serj Sarqsyan və ətrafı, hətta belə işlərin öhdəsindən daim "məharətlə gələn" ermənilər üçün də çətin olan bu məsələ ətrafında baş sındırır: demokratiya yoxdursa, onu necə göstərəsən?
Ermənistan parlamenti qarışıq seçki sistemi ilə formalaşır. O, 41-i birmandatlı şəkildə seçilən 131 deputatdan ibarətdir. Ölkənin yeni seçki qanunvericiliyinə əsasən, hər 6 deputatdan 1-i qadın olmalıdır.
Xatırladaq ki, Ermənistandan bundanəvvəlki parlament seçkisi 2007-ci ilin mayında keçirilmişdi. O zaman parlamentə 5 partiya düşmüş, onlardan üçü - hakim respublika partiyası, "çiçəklənən Ermənistan" və "orinats yerkir" hakim koalisiya yaratmışdı. Əvvəlcə "daşnaksütyun" partiyası hakim koalisiyada təmsil olunsa da, sonradan onu tərk edib və son iki ili "irs" partiyası kimi, müxalifətdə keçirib.
Hazırda hakim respublika partiyası parlamentdə 63 deputatla təmsil olunur. "Çiçəklənən Ermənistan"ın 26, "orinats yerkir"in 8, "daşnaksütyun"un 16, "irs" partiyasının isə 7 mandatı var.
Ermənistan mərkəzi seçki komissiyası (MSK) parlamentdə təmsil olunmuş partiyalarla yanaşı ("irs" seçkiyə "azad demokratlar" partiyası ilə birgə qatılıb), əsas müxalifət qüvvəsi olan erməni milli konqresinin (EMK) seçki siyahısını, həmçinin, bir sıra kiçik partiyaları da (demokrat partiyası, kommunist partiyası və "birləşmiş ermənilər") qeydiyyata alıb.
Mojaritar dairələrə gəlincə, EMK-nin 37, respublikaçılar partiyasının 33, "çiçəklənən Ermənistan"ın 15, "orinats yerkir"in 11, "daşnaksütyun"un 7, "irs"in 6 namizədi deputatlıq uğrunda məhz bu dairələrdə mübarizə aparacaq. Yerli və əcnəbi analitiklərin fikrincə, yeni parlamentə düşməyə əsas namizədlər hakim RP və "Çiçəklənən Ermənistan", eyni zamanda, müxalifətçi EMK-dir. "Orinats yerkir", "irs-azad demokratlar" bloku və "daşnaksütyun" seçki baryeri səviyyəsində ləngər vurur. Ermənistanda bu, 5%-dir.
Respublika partiyasının proporsional seçki siyahısına prezident Serj Sarqsyan başçılıq edir. İkinci yerdə parlamentin sabiq spikeri, partiyanın seçki qərargahının rəhbəri Ovik Abramyan, üçüncü yerdə isə baş nazir Tiqran Sarkisyan gəlir. Siyahıya bir sıra siyasi partiya və ictimai təşkilatların liderləri də daxil edilib.
RP yalnız proporsional sistem üzrə 37-40% səs qazanmağa ümidlidir. Bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim partiyanın mətbuat katibi Eduard Şarmazanov Ermənistanın ikinci kanalının efirindən bəyan edib. Respublikaçılar mojaritar dairələrdən də seçiləcək deputatları ilə birlikdə yeni parlamentdə də çoxluğu əldə saxlamaq niyyətindədir. Serj Sarqsyanın və ona yaxın oliqarxların məhdudiyyəsiz maliyyə imkanlarını, həmçinin, inzibati və informasiya rçaqlarına nəzarətin onların əlində olduğunu nəzərə alsaq, respublika partiyasının və onun liderinin mövqeləri kifayət qədər möhkəm təsir bağışlayır. Çünki klassik postsovet "hakimiyyət partiyası" olan RP özünəməxsus məmurlar, oliqarxlar və kriminalitet birliyidir. Partiyanın 150 min üzvünün olduğuna dair bəyanatlar, şübhəsiz ki, şişirtmədir, amma on minlərlə tərəfdarı var. RP ideoloji cəhətdən özünü millətçi mühafizəkar partiya kimi təqdim edir. Onun daxilində müxtəlif "güclü fiqurlar"a, həmçinin, eks-prezident Robert Köçəryana meyilli olan qruplar da var. Partiyanın ən ciddi çatışmazlığı ictimaiyyət arasında reytinqinin aşağı olması, cəmiyyətin bu partiyadan yorulması, həmçinin, onun kütlə ilə işləyə bilməməsi və bunu heç arzulamamasıdır.
"Çiçəklənən Ermənistan"a gəlincə, o, formal olaraq hakim koalisiyanın üzvüdür. Lakin partiya bu seçkidə müəyyən qədər müxalifətçilik olmasa da, müstəqillik nümayiş etdirir. Eks-prezident R.Köçəryan administrasiyasının dəstəyi ilə yaradılmış partiya üzvlərinin sayı haqda iddiası Ermənistan miqyasında fantastik sayıla bilər: 370 min nəfər. Real olaraq isə partiyanın on minlərlə üzvünün olduğunu söyləmək mümkündür. "Çiçəklənən Ermənistan"ın faktik olaraq ideologiyası yoxdur. Onu partiyanın lideri, Ermənistanın ən zəngin oliqarxlarından biri, milli olimpiya komitəsinin prezidenti Qagik Sarukyanın şəxsi vəsaiti hesabına həyata keçirilən geniş xeyriyyəçilik əvəzləyir. Partiyanın seçki siyahısına da Sarukyan başçılıq edir. Siyahıda Sarukyanın dostları olan çoxlu sayda oliqarxlar, onların maliyyələşdirdiyi ziyalılar, tanınmış idmançılar və digər şəxslər də var.
"Çiçəklənən Ermənistan"ın namizədlər siyahısında Ermənistanın sabiq XİN başçısı Vardan Oskanyanın da peyda olması Ermənistandakı siyasi bataqlığı əməlli-başlı silkələdi. İndiyədək heç zaman bu partiyanın üzvü olmamış Oskanyan indi siyahıda ikincidir. O, eks-prezident Robert Köçəryana yaxın şəxsdir və erməni KİV Oskanyana gələcəkdə "çiçəklənən Ermənistan"ın parlament fraksiyasını eks-prezidentin maraqlarına xidmətə yönəldəcək şəxs kimi baxır.
Qeyd edək ki, V.Oskanyan hazırkı hakimiyyətin həm xarici siyasətini, həm də iqtisadi sahədəki addımlarını tənqid edir. Son illərdə hökumətdə təmsil olunmaması, "çiçəklənən Ermənistan"ın digər funksionerlərindən fərqli olaraq, hökumətin fəaliyyətindəki çatışmazlıqlara görə məsuliyyət daşımaması da Oskanyana belə tənqidlər üçün manevr imkanı verir.
Amma "çiçəklənən Ermənistan" partiyası onun nümayiş etdirdiyi müxalifətçiliyin siyasi texnoloji gediş olduğunu maskalamaq iqtidarında deyil. Burada məqsəd seçici səsləri qazanmaq, seçkidən sonra isə RP-yə dəstəyi prezident S.Sarqsyana "baha qiymətə" satmaqdır.
Ermənistanda hazırkı rejimə real müxalifət EMK-dir. O, 18 siyasi partiyanı, onlarca ictimai təşkilatı və minlərlə partiyadan kənar birbaşa üzvləri birləşdirən ictimai-siyasi birlikdir. EMK-də aparıcı qüvvə erməni ümumxalq hərəkatı (EÜH), "respublika" partiyası və Ermənistan xalq partiyasıdır (EXP). Şübhəsiz, EMK-də liderlik eks-prezident Levon Ter-Petrosyana məxsusdur. Qurumun koordinatoru isə uzun illərdir, onun köməkçisi olan Levon Zurabyandır. EMK xarici siyasi orientasiyasının nədən ibarət olduğunu açıq şəkildə göstərməsə də, Ermənistanda və dünyada o, qərbpərəst qüvvə kimi qəbul edilir.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kompromisə gedilməsinin vacibliyini inkar etməyən L.Ter-Petrosyan Madrid prinsiplərini tənqid edir. Ter-Petrosyan bildirir ki, Minsk qrupunun, onun prezident olduğu dövrdə qəbul etdiyi və bu üzdən də hakimiyyətdən uzaqlaşdırıldığı ikinci planı daha yaxşı idi.
Sabiq prezident, ümumilikdə, Ermənistan-Türkiyə münasibətlərinin qaydaya salınmasını dəstəkləyir. Amma o, tarixi məsələlərlə bağlı erməni-türk komissiyasının yaradılmasını nəzərdə tutan Sürix protokollarına qarşıdır.
Amma EMK-nın və onun lideri Ter-Petrosyanın əsas tənqid hədəfi hazırkı iqtidarın və onu təcəssüm etdirən simaların korrupsiyalaşması və kriminallaşmasıdır. Çoxminlik mitinqlərdə o, mövcud rejimin çök-dürülməsinə, ölkədə vətəndaşların hüquq və azadlıqlarının təmin olunacağı konstitusion quruluşun bərpasına çağırışlar səsləndirir. L.Ter-Petrosyan bildirir ki, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri normallaşmadan İrə-van iqtisadi böhranı aşmaq, dayanıqlı inkişaf yoluna çıxmaq iqtidarında deyil. Bu münasibətlərin normallaşması isə məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir.
İkinci planda olan siyasi qüvvələr arasında Ermənistanın qədim partiyası olan "daşnaksütyun" fərqlənir. O, ciddi maliyyə imkanlarına malikdir. Partiyanın bir sıra telekanallara, radiostansiyalara, internet-saytlara və informasiya agentliklərinə təsir imkanları var. Amma əksər erməni və əcnəbi analitiklər hesab edir ki, seçkidə "daşnaksütyun"un 5%-lik minimal baryeri aşmaq şansları "irs-azad demokratlar" bloku qədər azdır. İrəvan ağsaqqallar şurasına son seçkidə "daşnaksütyun"un minimal baryeri keçə bilməməsini bu baxımdan nümunə kimi qeyd etmək olar.
"Orinats yerkir"ə gəlincə, ümumi rəy ondan ibarətdir ki, bu partiya təkbaşına parlamentə düşmək iqtidarında deyil. Onu parlamentə yalnız öz məqsədlərini gerçəkləşdirmək üçün respublika partiyası və hakimiyyət "daşıya" bilər.
Ermənistandakı siyasi düzənin seçkiyədək ciddi dəyişikliyə məruz qalacağı inandırıcı deyil. Üstəlik, əhalinin böyük hissəsində apatiya və bədbinlik hökm sürməkdədir. ABŞ-ın Ermənistandakı səfiri Con Heffern bu günlərdə bildirib ki, Milli Demokratiya İnstitutunun (NDI) sorğusu Ermənistanda normal seçkinin keçəcəyinə vətəndaşların yalnız 12%-nin inandığını üzə çıxarıb. Səfir təəccüblə seçkiyə belə münasibədə olan insanların səsverməyə necə qatılacağını anlamadığını söyləyib.
"Sosiometr" adlı sosioloji mərkəzin rəhbəri Aqaron Adibekyan isə ABŞ səfirinin açıqlamasını sərt şəkildə tənqid edərək, öz məlumatlarını açıqlayıb. Onun dediyinə görə, Ermənistanda əhalinin 29,9%-i seçki zamanı nəticəyə təsir göstərəcək ciddi pozuntuların olacağını düşünür, 27,3% isə hesab edir ki, proses zamanı baş verəcək cüzi pozuntular seçkinin nəticəsinə təsir göstərməyəcək. Adibekyanın sözlərinə görə, onun rəhbərlik etdiyi təşkilat tərəfindən aparılan sorğu ölkədə seçicilərin yalnız 10,6%-nin səsini "satmağa" hazır olduğunu göstərib. Görünür, dünyagörüşü sarıdan axsayan Adibekyan bu rəqəmi pozitiv hesab edir, halbuki hər 10 seçicidən birinin utanmadan "satılmağa" hazır olduğunu etiraf etməsi (hələ bunu boynuna almağa utananları da unutmayaq), Ermənistanın və qarşıdan gələn seçkilərin "demokratik"liyinin səviyyəsini göstərir.
Ermənistan vətəndaşlarının əhəmiyyətli bir hissəsi hakim rejimə, onun keçirdiyi seçkilərə və ölkənin perspektivinə münasibətini əlləri ilə deyil, ayaqları ilə göstərir. Ölkənin miqrasiya xidməti yalnız bu ilin ilk rübündə Ermənistanı tərk etmiş insanların sayının 25 min nəfərə çatdığını bildirir. Son illər ərzində miqrasiyada mənfi saldo durmadan artır. 2008-ci ildə bu rəqəm 23 000 olubsa, 2009-cu ildə 25 000-ə, 2010-cu ildə 46 000-ə, 2011-ci ildə 43 820-yə yüksəlib. Lakin ölkədə seçici siyahılarının açıqlanmasından sonra məlum olub ki, hazırda Ermənistanda 2 milyon 485 min 844 səsvermə hüququ olan vətəndaş var. 2008-ci ildə keçirilmiş prezident seçkisi ilə müqayisədə bu, 170 min nəfər artıqdır. Məhz bu məqam ekspertlərdə ciddi şübhə yaradır. Onların qiymətləndirməsinə görə, hazırda Ermənistan əhalisinin sayı 2,5-2,6 milyonu ötmür, ölkədə daimi yaşayanlar isə 2,3 milyon nəfərdir. Demək, seçicilərin real sayı 650-670 min nəfər artıq göstərilir və bu, hakimiyyətin seçkidə manipulyasiyalara, saxtakarlıqlara getməsi üçün resursdur. Bu baxımdan, seçkidə iştirak edən bütün partiyaların hakim RP istisna olmaqla, dəqiq seçici siyahılarının nümayişini tələb etməsi təəccüblü deyil. Onlar siyahılardan "ölülər"in və hazırda ölkədə yaşamayanların çıxarılmasını tələb edir.
S.Sarqsyan və komandası isə qarşıdan gələn seçkidə "demokratik seçki" görüntüsü yaratmaq arzusu ilə alışıb-yanır. Məqsəd Qərbdən əlavə maliyyə yardımları almaqdır. Bununla yanaşı, hakim rejim hakimiyyətdən heç bir halda imtina etmək fikrində olmadığını da gizlətmir. Tələsik şəkildə "Fövqəladə vəziyyətin hüquqi rejimi haqda" qanunun qəbulu bunun göstəricisidir. Qanun fövqəladə vəziyyət elan olunacağı təqdirdə, asayişin bərpası üçün silahdan istifadəyə icazə verir.
EMK təmsilçilərindən biri, müxalifətçi qəzetin baş redaktoru və vaxtilə siyasi məhbus olmuş Nikol Paşiyan bununla əlaqədar tam haqlı olaraq bildirib ki, S.Sarqsyan həqiqətən azad, ədalətli seçki keçirmək istəsəydi, əslində, mitinqlərin dağıdılmasına əsas verən bu qanunu yox, məsələn, səs vermiş şəxslərin barmağının mürəkkəbə batırılması və s. kimi qanunları qəbul edərdi. Bu halda fövqəladə vəziyyətin elan olunmasına, xüsusilə də kütləvi iğtişaşların qarşısının alınmasına heç bir ehtiyac qalmazdı.
İstənilən halda, Ermənistanda seçkiyə hazırlıq davam edir. Seçkinin hakim rejimin devrilməsi ilə nəticələnəcək fundamental dəyişikliklərə yol açacağını gözləmək olmaz. Amma seçkinin Ermənistana, hakimiyyət konfiqurasiyasına və hakim personalar arasında ierarxiyanın düzümünə necə təsir göstərəcəyi, hakimiyyətin özünə lazım olan nəticələri nə dərəcədə qəddarlıq və kobudluqla əldə edəcəyindən asılıdır. "Çiçəklənən Ermənistan" parlamentdəki deputatlarının sayını artırarsa, "daşnaksütyun" parlamentə düşə bilərsə, RP-nin deputatları arasında eks-prezident R.Köçəryanın gizli tərəfdarları çox olarsa, onun yeni hökumətə başçılıqetmə məsələsini sərt şəkildə qoyacağını gözləmək mümkündür. Əks təqdirdə, "çiçəklənən Ermənistan" və "daşnaksütyun" RP-ni dəstəkləməkdən imtina edə, 2013-cü ildə keçiriləcək prezident seçkisində Robert Köçəryan üçün siyasi platformaya çevrilə bilər. Belə olacağı təqdirdə, L.Ter-Petrosyanın rəhbərlik etdiyi EMK-nin yalnız R.Köçəryanın hakimiyyətə qayıdışına imkan verməmək üçün S.Sarqsyanla situativ ittifaq yaratması da mümkündür.
Ermənistanın yeni parlamentində siyasi mövqelərin konfiqurasiyası oraya "orinats yerkir" partiyası və "irs-azad demokratlar" blokunun namizədlərinin düşə bilib-bilməyə-cəyindən asılı olacaq. Artıq qeyd etdiyimiz kimi, S.Sarqsyanın köməyi olmadan onların mandat qazanması mümkün deyil və müvafiq olaraq, bu partiyalar məhz prezidenti dəstəkləyəcək. Vəziyyətə konkret aydınlıq mayın 6-dan sonra - seçkinin nəticələrinin elan olunmasından sonra gələcək. Amma Ermənistanın "siyasi terrari"sində hələ çox sürprizlərin yaşana biləcəyi də istisna olunmur.
MƏSLƏHƏT GÖR: