25 Noyabr 2024

Bazar ertəsi, 17:24

RİSK ETMƏK RİSQİ

Reytinq agentliklərinin fikrincə, Azərbaycanın bank sektoru dünya böhranından sonra yavaş-yavaş bərpa olunur

Müəllif:

01.04.2012

Azərbaycan bank sektoru dünya iqtisadi böhranını inamla başa vurdu və bərpa olmağı bacardı, amma müəyyən problemlər və risklər hələ də qalmaqdadır. Bu nəticəyə beynəlxalq reytinq agentliyi "Fitch Ratings"in martın sonunda açıqlanmış hesabatını hazırlayan ekspertlər də gəliblər. 

Ekspertlər sanırlar ki, dünya maliyyə böhranının tüğyan etdiyi dövrlərlə müqayisədə, Azərbaycan banklarında  kredit qabiliyyətinin göstəriciləri sabitləşib  və hazırda da yüksək olan neft qiymətləri sektorda aktivlərin keyfiyyətini və likvidliyi dəstəkləyir. Amma eyni zamanda  kreditlərin qiymətsizləşdirilməsi səviyyəsi böhrandanəvvəlki yüksək templərdən sonra nəzərəçarpacaq qalır. Problemli kreditlər üzrə vəsaitlərin geri qaytarılması isə zəif korporativ idarəetmə və korporativ sektorda zəif şəffaflıq üzündən, həmçinin, əmlak bazarında əvvəlki kimi mürəkkəb durum ucbatından çətin olaraq qalmaqdadır. 

"Gəlirliliyin məhdud olması  və bir çox hallarda zəif kapitallaşma bankların zərərləri absorbsiya etmək imkanını məhdudlaşdırır, bank sistemi isə neftin qiymətinin hər hansı önəmli mənfi dəyişməsi səbəbindən, yüksək səviyyədə risk asılılğında qalmaqdadır", - deyə agentlikdə sanırlar.

Ümumiyətlə, bank sistemində  problemlərin olması Azərbaycan üçün də yad deyil: burada etiraf edirlər ki, bu sektor hələ də Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilə bilməyib. 

 

Reytinq  mövqeyi 

Qeyd edək ki, elə ilk başdan reytinq agentlikləri Mərkəzi Bankın (AMB) və digər yerli bankların dünya böhranı şəraitində davranışını müsbət qiymətləndiriblər. O cümlədən, "S&P" böhran dövründə AMB-nin siyasətini "ölçülmüş və tədbirli" adlandırıb. "Azərbaycanın bank sistemi böhranı yetərincə sakit başa vurub. Hətta çox iri bankların öz öhdəliklərinə görə defolt vəiyyətinə düşdüyü Rusiya, Qazaxıstan və Ukraynadan fərqli olaraq, Azərbaycanda müflislik qeydə alınmayıb", - deyə agentliyin aparıcı analitiki Viktor Nikolski bildirib.

Bununla belə, təlatümlərsiz də əlbəttə ki, ötüşülmədi  və onlar müəyyən dərəcədə əvvəlki kimi, yenə də bütövlükdə sektorun inkişafına təsir edir. Xüsusi problem kimi vaxtıkeçmiş borcları göstərmək olar. Belə ki, "Fitch" reytinq verdiyi bankların göstəricilərinin araşdırılmasına əsaslanaraq qeyd edir ki, problemli (vaxtı 90 gündən çox keçmiş) kreditlər göstəricisi 2011-ci ilin sonunda yüksək - 14% səviyyəsində sabitləşib. Amma struktur dəyişdirilmiş və vaxtı uzadılmış kreditlərin 11% təşkil etməsi kreditlərin qiymətdən düşməsinin sonrakı etirafı üçün potensialın olmasını göstərir. Əməliyyat mühitinin çatışmazlıqları ilə yanaşı, aktivlərin keyfiyyətinə çox vaxt banklarda kreditlərin verilməsinin zəif standartları da təsir göstərir. Kiçik və orta biznes, fiziki şəxslər sahəsində borc-götürənlər uğrunda rəqabətin güclənməsi də  bu seqmentdə sərtliyi daha  az olan anderraytinq standartlarının qəbulu risqini də yaradır. 

Agentlik qeyd edir ki, kapitalın gəlir hesabına zəif generasiyası  böyük ehtimalla daha zəif artım, daha əvvəlki dövrlərdə verilmiş kreditlərin qiymətdən düşməsinin daha sonrakı etirafı, rəqabətin gücləndirilməsi fonunda, həmçinin, bankların çoxunun məhdud miqyasının və yüksək xərc bazasının olmasının nəzərə alınması ilə davam edəcək. Kapitalın gəlir hesabına zəif generasiyasının sübutu kimi, 2011-ci ildə sektorda aktivlərin rentabelliyinin, orta hesabla, 1% səviyyəsində olmasını göstərmək olar. 

"Fitch"in proqnozlarına görə, əgər mənfi xarici təlatümlər olmasa, ölkənin bank sistemi zəif bərpasını davam etdirəcək. Bu isə bütünlükdə müxtəlif depozitlər bazasının yüksək artımı hesabına əlverişli likvidliklə dəstəklənəcək. Bu zaman agentlik tərəfindən reytinq verilən Azərbaycan banklarının dayanıqlıq reytinqi hazırda "b" kateqoriyasında və ya aşağı səviyyədədir, həmçinin, "Fitch" ortamüddətli perspektivdə hansısa bir önəmli yüksəliş gözləmir. 

Başqa bir reytinq agentliyi - "Moody's" isə ölkənin kredit bazarında Azərbaycanın özəl bank bölməsinin payının artmasını müsbət qiymətləndirir. "Ölkənin özəl banklarının payına düşən kredit qoyuluşlarının həcmi 2010-cu ildəki 55% göstəricidən 2011-ci ildə 64%-ə qalxıb. Bu, özəl bank sektoru üçün müsbət meyildir", - deyə agentlikdən bildiriblər. Ölkənin özəl bölməsində əməliyyat miqyasının artması bu bankları gücləndirib və onların yeni müştərilər cəlb etməsinə imkan yaradıb. Bu isə onların maliyyə göstəricilərini, o cümlədən, rentabellik və effektivlik göstəricilərini yaxşılaşdırıb. Belə ki, 2010-cu ildə vergitutmadan öncəki bank gəlirlərinin  54%-i Azərbaycanın özəl banklarının payına düşdüyü halda, bu, 2011-ci ildə 63%-ə qalxıb. Başqa sözlərlə, bu iqtisadiyyat bölməsinin keyfiyyətli artımı üçün hələ də nəzərəçarpacaq problemlərin olmasına baxmayaraq, reytinq agentlikləri Azərbaycanın bank sektorunun inkişafında müsbət irəliləmələri görürlər. 

 

Yaxşı nədir, pis nədir?

Ümumiyyətlə, əvvəlcə deyildiyi kimi, müəyyən pis məqamların olmasını Azərbaycanda da inkar etmirlər. Bu yaxınlarda ölkənin Prezident Administrasiyasının iqtisadi siyasət məsələləri üzrə müşaviri Vahid Axundov bildirib ki, bank sektoru hələ də Azərbaycan iqtisadiyyatı üçün lokomotiv rolunu oynamır. "Bank sektoru hələ ki iqtisadiyyatın lokomotivi ola bilməyib, bu gün müşahidə edilən iqtisadi fəallıq isə əsasən, büdcə vəsaitləri hesabına dəstəklənir. Bank kreditləri bahalı və qısamüddətlidir", - deyə o vurğulayıb. Onun sözlərinə görə, bu problemlərin aradan qaldırılması üçün əlverişli biznes mühitinin yaradılması vacibdir, irimiqyaslı və hərtərəfli dəyişikliklər aparılmalıdır. 

"Maliyyə bölməsinin əsas tapşırıqları sırasına dövlət vəsaitlərinin effektiv məqsədli istifadəsi, dövlət büdcəsindən maliyyələşdirilən investisiya layihələrinin ciddi ekspertizası, bu proseslərdə şəffaflığın təmin edilməsi, neft büdcəsində kəsirin azaldılması və inflyasiyanın optimal çərçivədə saxlanılmasıdır", - deyə V.Axundov vurğulayır.

Qeyd edək ki, keçən il büdcə vəsaitləri hesabına ölkə iqtisadiyatına 5038,5 mln manat yatırılıb (artım 52,8% olub), bank kreditləri hesabına isə yatırımlar  897 mln manat təşkil edib (artım 37,5%) təşkil edib.

Bank bölməsində durumun yaxşılaşdırılmasının daha bir aləti isə banklararası kredit bazarının inkişafı və dəstəklənməsi, o cümlədən, xarici şoklardan qorunmasıdır. Bakı Banklararası Valyuta Birjası (BBVB) rəhbərinin müşaviri Zahid Məmmədov hesab edir ki, banklararası kreditlər yetərincə iri həcmlərdə vəsait cəlbi üçün unikal alətdir, çünki bu bazarda likvidliyin təmin edilməsi məsələsi daha təbii yolla həll edilir. Bir qayda olaraq, banklararası kredit bazarının funksiyası bankların likvidliyinin tənzimlənməsidir. 

Bununla yanaşı, problemlərin olmasına baxmayaraq, ekspertlər əmindirlər ki, dünya iqtisadi böhranının ikinici dalğası Azərbaycanın bank sektoruna ciddi təsir göstərməyəcək. Əsas səbəb yenə də yerli bankların qlobal bazara zəif inteqrasiyası ilə bağlıdır, buna görə də böhran yaranarkən güclü risk idxalının yaranması gözlənilmir. Bundan başqa, Azərbaycan Bank Tədris Mərkəzinin başçısı Cavanşir Abdullayevin fikrincə, sektorun AMB kimi çevik və institusionallaşdırılmış tənzimləyicisi var. "Həm bankların, həm də tənzimləyicilərin böhran durumlarının idarəedilməsi ilə bağlı təcrübəsi mövcuddur. Bundan əlavə, ölkədə bütün bankların aktivlərindən üç dəfə artıq ehtiyat var ki, bu da sektoru müdafiə etmək üçün yetərlidir", - deyə C.Abdullayev bildirib. O əmindir ki, Azərbaycanın bank sektoru sabitdir, onda böyük təlatümlər müşahidə edilmir və "sürprizlər" gözlənilmir. 

Belə çıxır ki, mövcud problemlər müəyyən mənada xarici risklər barədə xəbərdarlıq etməklə, bütünlükdə ölkənin bank sektorunun işinə yarayıb. Amma istənilən halda, dövlət müşaviri V.Axundovun  bildirdiyinə görə, qlobal böhran bir daha aydın göstərdi ki, balanslaşdırılmış sosial-iqtisadi inkişaf prosesinin bütün cəhətlərinə yenidən baxılmalıdır və əvvəllər aksiom sayılan bir sıra konsepsiyaların sübut edilməsinin vacibliyi yaranır. 

"Optimal münasibətlər və optimal trayektoriyalar statik xarakterli deyil, onlar zamanın tələbinə uyğun olaraq daim dəyişir və yeni xüsusiyyətlər qazanır. Bunu qlobal maliyyə böhranı da bir daha təsdiq edib. Məsələn, bank sektorunun statusu və münasibətləri, borc öhdəlikləri bazarı, dövlətin sosial-iqtisadi proseslərə müdaxiləsi rejimi və başqa məsələlər bu gün kəskin müzakirələrin predmetidir və yenidən qiymətləndirilir. Bu, öz növbəsində, iqtisadi siyasətin dəyişməsinə və yeni funksional, institusional və başqa struktur dəyişikliklərinə gətirəcək", - deyə V. Axundov bildirib. 

Başqa sözlə, bu gün bank sektorunda olan problemlər qlobal dəyişikliklər və çağırışlar fo-nunda və  xarici risklər nəzərə alınmaqla tənzimlənnməlidir. Və burada yalnız bazar tənzimləyicisi ilə deyil, həmçinin, araşdır-maçılar, nəzəriyyəçi alimlər və xarici ekspertlər ilə birlikdə iş aparılmalıdır.



MƏSLƏHƏT GÖR:

465