15 Mart 2025

Şənbə, 20:00

İŞIQ UCU

Kofi Annanın planı Suriyanı müharibədən xilas edəcəkmi?

Müəllif:

01.04.2012

Suriya böhranının qaranlığında yeni işartı görünməkdədir. BMT-nin xüsusi nümayəndəsi, qurumun sabiq baş katibi Kofi Annanın sülhməramlı missiyası Suriyada vətəndaş müharibəsindən və ölkənin daxili işlərinə kənar hərbi müdaxilədən qaçılmasının mümkün olacağına yeni  ümidlər yaradıb. Doğrudur, ümidlər çox azdır, amma bunun az da olması faktının özü sevindiricidir.

 

Annan planı

BMT Təhlükəsizlik Şurası martın 21-də Annanın təkliflərinə dəstək bəyanatını yekdilliklə qəbul edib. Orada Suriyadakı münaqişə tərəflərindən silahlı zorakılığın dərhal dayandırılması, hakimiyyətlə müxalifət arasında siyasi dialoqun başlanması, zərərçəkən rayonların dinc sakinlərinə humanitar yardımların əldə edilməsi imkanının yaradılması, vəziyyətin monitorinqi üçün effektiv vəziyyətin təşkili tələb olunur. Sənəd Suriya Prezidenti Bəşər Əsədi və müxalifət nümayəndələrini "könüllü olaraq" BMT-nin xüsusi nümayəndəsi ilə işləməyə çağırır.

BMT TŞ-nin qətnamələrindən fərqli olaraq, bəyanatlar mütləq qaydada icraolunmanı nəzərdə tutmur. Amma bəyanata ciddi önəm qazandıran məqamlar da var: o, Annanın Rusiya və Ərəb Dövlətləri Liqası (ƏDL) ilə birgə hazırladığı təkliflər əsasında hazırlanıb, daha sonra isə Qərbin aparıcı dövlətləri və Təhlükəsizlik Şurasının digər üzvləri ilə razılaşdırılıb. Başqa sözlə, bütün maraqlı xarici qüvvələr sonda Yaxın Şərqdə yeni böyük müharibəyə aparıb-çıxara biləcək hazırkı durumdan çıxış yolları ilə bağlı ortaq fikrə gəlib.

Bu baxımdan, məsələyə dair bir tərəfdə Rusiya və Çin, digər tərəfdə Qərb və ƏDL-nin strateji olmasa da, taktiki razılığa gəlmələri son dərəcə maraqlıdır. Məlum olduğu kimi, Moskva ilə Pekin ikinci tərəfin BMT TŞ-də Suriya ilə bağlı irəli sürdükləri qətnamələrin qəbulunu əngəlləyirdi. Hansı ki, həmin qətnamələrin qəbulu Suriyanın daxili işlərinə kənar hərbi müdaxiləyə, hadisələrin Liviya ssenarisi üzrə inkişafına aparıb çıxara bilərdi.

Rusiyanın BMT TŞ-nin bəyanatını imzalamasından sonra, dünya KİV-də belə bir fikir yayılıb ki, Moskva Suriya ilə bağlı mövqeyini dəyişib və vaxtilə Liviya lideri Müəmmar Qəddafini satdığı kimi, indi Əsədi də sata bilər. Amma bu dəfə Rusiyanın mövqeyi təslimçiliyə oxşamır. Moskva, sadəcə, Qərbin Suriyaya hərbi müdaxiləsindən qaçmağın yeganə yolu kimi, Annan planından istifadə etməyə çalışır. Rusiya Prezidenti Dmitri Medvedevin Moskvada Annanla görüşü zamanı səsləndirdiyi bəyanat da bunu təsdiqləyir. Medvedev bildirib ki, BMT xüsusi nümayəndəsinin missiyası "Suriyada vətəndaş müharibəsindən qaçmaq üçün son şansdır".

Kreml anlayır ki, Annan planı iflasa uğrayacağı təqdirdə, Qərb və onun ərəb müttəfiqlərinin Suriyaya qarşı aqressiyası real şəkil alacaq, böyük ölçüdə bunun üçün hətta BMT TŞ-də Rusiya və Çinin razılığına ehtiyac da qalmayacaq. Qərb fövqəldövlətlərinin BMT-dən kənar atdıqları belə addımlara kifayət qədər nümunələr də göstərmək olar. Amma təxminən, 10 il əvvəl həyata keçirilmiş antisəddam hərbi kampaniyasını yada salmaq kifayətdir.

Bununla yanaşı, TŞ-nin bəyanatında onun bütün üzvlərinin məsələyə dair yekdil mövqeyi əks olunsa da, unutmaq olmaz ki, beynəlxalq siyasətin əsas oyunçularının hədəfləri əvvəlkitək fərqli olaraq qalır. Rusiya üçün Suriyanın Yaxın Şərqdəki əsas tərəfdaş kimi qalması vacibdir və o, bu ölkənin Qərbin nüfuz dairəsinə daxil olmasına imkan vermək istəmir. Qərb üçün isə Əsəd rejiminin devrilməsinə nail olmaq, Dəməşqin iranpərəst mövqeyinə son qoymaq prinsipial əhəmiyyət daşıyır. Bununla yanaşı, ABŞ və Avropa İttifaqı üçün Əsədin oyundan kənarlaşdırılmasının, hətta Suriyanın bir neçə hissəyə parçalanması ilə də reallaşdırılmasının qəbuedilən olduğu görünür (artıq Liviyada belə vəziyyət müşahidə olunmaqdadır).

 

"Bütün suriyalıları danışıqlar masası arxasına əyləşdirmək"

BMT TŞ-də Suriya ilə bağlı bəyanatın yekdilliklə qəbulundan sonra, Annan planına Suriya rəhbərliyinin necə yanaşacağı ciddi önəm daşımağa başlamışdı. Bir neçə gün düşünən Əsəd martın 27-də ölkəsindəki bir neçə min nəfərin ölümünə səbəb olmuş böhranın həllində bəlkə də taleəhəmiyyətli qərar qəbul etdi. Suriya Prezidenti Kofi Annanın münaqişənin sülh yolu ilə həlli planını qəbul etməyə razılaşdı. Anannın sözlərinə görə, o, rəsmi Dəməşqdən planla bağlı müsbət cavab alıb və onu öyrənməklə məşğuldur.

Bununla yanaşı, o da aydındır ki, dünya ictimaiyyətinin dəstəklədiyi plana yalnız Əsədin razılıq verməsi Suriyadakı vəziyyətdən çıxmaq üçün kifayət deyil. Vəziyyəti çətinləşdirən Suriya müxalifətinin prezidentin dərhal və qeyd-şərtsiz istefa tələbidir. Əlbəttə, Əsəd bu tələblə razılaşmaq fikrində deyil. Bu vəziyyətdə Annanın "bütün suriyalıları danışıqlar masası arxasına əyləşdirmək" çağırışı son dərəcə aktualdır.

Odur ki, suriyadaxili qarşıdurmanın əsas iştirakçılarının mahiyyətini araşdırmaq vacibdir. 

Suriya rejimi ilə bağlı vəziyyət az-çox aydındırsa, Suriya müxalifəti, sözün əsl mənasında, müəmmadır. Suriya müxalifətinin əksər nümayəndələrinin çoxu martın 27-də İstanbulda keçirilmiş konfransda Suriya Milli Şurasını (SMŞ) Suriya xalqının "rəsmi təmsilçisi" kimi tanıyıb. Bu struktur Suriyanın müxtəlif müxalifət partiyaları və qruplarını, əsasən, ölkədən kənarda yaşayan siyasətçiləri və ictimai xadimləri özündə cəmləyir. Lakin Qərbin kifayət qədər ciddi dəstəyinə rəğmən, SMŞ hələ də ortaya dəqiq fəaliyyət proqramı qoymayıb. Bu, belə düşünməyə əsas verir ki, SMŞ-də yığışan qüvvələri Əsədin istefası tələbindən başqa heç nə birləşdirmir. Bu üzdən SMŞ hakimiyyətə gələcəyi təqdirdə, Suriya dövlətinin bütöv-lüyünün qarantı olacağını düşünmək mümkün deyil.

Hər halda, məlumdur ki, SMŞ-də Əsəddən narazı olanlar cəmləşib. Orada həm liberallar, həm "Müsəlman qardaşlar", həm radikal islamçılar, eləcə də hətta separatçı  kürdlər də var. Üstəlik, bu müxtəliflikdən narazı olanlar SMŞ-ni tərk edərək daha bir qurum yaradıblar - "Suriya vətənpərvərləri qrupu". Onlar da Suriya müxalifətində əsas rola iddia edirlər. Əsəd hökumətinə qarşı hərbi mübarizə aparan "Suriya azadlıq ordusu"ndan 2 yüksəkrütbəli zabit arasında liderlik uğrunda gedən mübarizəni də buraya əlavə etmək olar. Söhbət müxalifətin tərəfinə keçmiş və Türkiyəyə qaçmış briqada generalı Mustafa Əhməd əş-Şeyx və polkovnik Riyad əl-Əshəddən gedir.

BMT TŞ-nin bəyanatı və onun Əsəd rejimi tərəfindən qəbulundan sonra belə, Suriya daxilində dialoqun olmaması bu ölkədəki qarşıdurmanın eskalasiyası üçün zəmin yaradır. Rəsmi Dəməşq, hətta xüsusi icazə olmadan əlində silah tuta bilən kişilərin (yaşı 18-42 arasında olan) ölkəni tərk etməsinə qadağa qoyub. Bu, Suriya hökumətinin ümumi səfərbərliyə hazırlaşdığını düşünməyə əsas verir. Üstəlik, bu, Dəməşqin müxalifətlə dialoqa və müvafiq olaraq münaqişəyə dinc yolla son qoyulmasına o qədər də inanmadığını göstərir.

Güman ki, vəziyyətin düzəlməsinə Suriya rəhbərliyinin ölkədə demokratik dəyişikliklər etməyə hazır olduğunu göstərməyə hesablanmış addımları da kömək etməyəcək. Bu ilin mayında ölkədə parlament seçkisi elan edilib. Seçkidə Suriyada qeydiyyatdan keçmiş bütün siyasi partiyalar, həmçinin, xaricdə yaşayan müxalifətçilər də (onların özləri bundan imtina edib) iştirak edə biləcəklər. Bu, Suriyada bir neçə ay əvvəl qəbul edilmiş yeni konstitusiyaya əsasən keçirilmiş ilk seçki olmalı idi. Məhz yeni konstitusiya ölkədə rəsmi qeydiyyatdan keçmiş siyasi partiyalara parlamentə seçilmək hüququ verir.

Lakin martın 26-da Suriya Parlamenti seçkinin təxirə salınması üçün Prezident Əsədə müraciət edib. Parlamentarilərin  fikrincə, bu, hökumətin seçkiöncəsi vəd olunmuş "tammiqyaslı islahatlar" aparması üçün vaxt qazanması baxımından vacibdir. Bununla yanaşı, deputatlar bildirir ki, seçkinin təxirə salınması yeni yaradılmış partiyalara səsverməyədək daha çox tanınmaq imkanı yaradacaq.

Bu da göstərir ki, Əsəd rejimi çox çətin dövrə hazırlaşır. Və müxtəlif məqsədlərə can atan bütün maraqlı xarici qüvvələrin dəstək verdiyi Annan planı, bu böhrandan çıxmaq üçün şans verir. Qalır yalnız BMT-nin xüsusi nümayəndəsinin bu gün üçün aktual saydığı məsələlərə nail olmağın yollarını tapmaq. İndi əsas məsələ hakimiyyətlə müxalifəti bir masa arxasına oturtmaqdır. Çünki Suriya "düyünü"nün açılıb-açılmayacağı məhz bundan asılıdır.



MƏSLƏHƏT GÖR:

471