
ÇƏTİN QONŞULUQ
İran və Azərbaycan - növbəti qarşılıqlı ittihamlar
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Bakı ilə Tehran arasında münasibətlər hələ Azərbaycanın dövlət müstəqilliyini tanıdığı ilk anlardan da alınmamışdı. Və o zaman İran bu hadisədən o qədər də sevinmədiyini elə ilk gündəncə gizlətməmişdi. O vaxtlar Azərbaycanın müstəqilliyi Türkiyə və Pakistan tərəfindən tanındığı halda, İranın Moskvadakı səfiri bildirmişdi ki, onun ölkəsi Bakı ilə münasibətləri yalnız iflic vəziyyətinə düşmüş SSRİ hökuməti vasitəsilə saxlayacaq.
Azərbaycana Xalq Cəbhəsinin rəhbərlik etdiyi dövrdə isə ölkələrimiz arasında münasibətlər aşkar şəkildə ədavətli xarakter aldı. Yalnız mərhum prezident Heydər Əliyevin səyləri nəticəsində vəziyyəti bir qədər düzəltmək mümkün oldu. Amma Tehranla Bakı arasında ziddiyyətlər hələ də qalmaqdadır. Tərəflərin fikir ayrılığına səbəb olan konkret amillər sırasında, ilk növbədə, Xəzərin statusu məsələsini göstərmək olar. Tehran dənizin bərabər olaraq 20%-lik paylara bölünməsində israr edir. Bu isə dünyada qəbul edilmiş normalara uyğun deyil və əslində, Tehranın Azərbaycan və Türkmənistan hesabına öz sektorunu artırmaq niyyətindən irəli gəlir. Bu yanaşmanın digər Xəzəryanı ölkələr üçün qəbuledilməz olduğunu anlayan iranlılar məsələyə dair aparılan danışıqlarda yekun razılaşmanın əldə edilməsini bütün vasitələrlə uzadır. Tehranın fikrincə, bu, Qərbin Xəzər hövzəsində iqtisadi, xüsusilə də hərbi iştirakını tam istisna etməsə də, ən azı çətinləşdirəcək.
Amma tərəflər arasında Xəzərlə bağlı maraqların haçalanması nə qədər önəmli olsa da, həlledici olan siyasi-ideoloji xarakterli ziddiyyətlərdir. Azərbaycan Respublikasının müstəqil dövlət kimi mövcud olması faktına İran özünün elementar milli hüquqlardan məhrum edilmiş 20 milyondan artıq azərbaycanlı vətəndaşı üçün pis nümunə kimi baxır. Azərbaycan rəhbərliyinin dünyəvi xarakterli dövlətçilik prinsiplərini qəti şəkildə müdafiə etməsi və kənardan ölkəyə dini təsirlərin qarşısını sərt şəkildə alması İran mollakratiyasında qıcıq və kin yaradır. Azərbaycanda İranın nüfuzu çox azdır və Qərbin, Türkiyənin, Rusiyanın təsir imkanlarına uyğun gəlmir. Bu, həmçinin Bakının daxili, xüsusilə də xarici siyasətdə Tehranın "məsləhətləri və arzuları"nı nəzərə almaması da ikitərəfli münasibətlərdə gərginliyin artmasına səbəb olur.
Odur ki, məsələ yalnız Azərbaycanın dünyəviliyi seçməsində deyil. Suriyadakı ələvi rejimi də kifayət qədər dünyəvidir. Prezident Bəşər Əsəd mərhum atası Hafiz Əsəd kimi, "Müsəlman qardaşlar" təşkilatının simasında müxalifəti ən rəhmsiz və qanlı vasitələrlə susdurur. Ələvilər özlərini islamın şiə cərəyanına aid etsələr də, bu, yalnız ona görə edilib ki, Suriya Konstitusiyasına əsasən, prezident yalnız müsəlman olmalıdır. Əslində isə Suriyanın hakim elitasının etiqad etdiyi ələviliyin İranda qəbul olunmuş Cəfəri məzhəbinin şiəliyi ilə nə rəsmi, nə ehkam, nə də ayin baxımından hər hansısa əlaqəsi yoxdur. Amma Suriya İranın müttəfiqidir. Dəməşq sakitcə İran xarici siyasətinin təsiri altında hərəkət edir və özünü nəinki İsrailə, həm də digər ərəb dövlətlərinə qarşı qoyub. Bu, İrana beynəlxalq ictimaiyyət tərəfindən sərt tənqid olunan və sanksiyalara məruz qalan Bəşər Əsəd rejiminin öz xalqına qarşı apardığı bitib-tükənməz müharibəyə hərtərəfli dəstək verməsi üçün kifayət edib.
Azərbaycanın da Suriya kimi mövqe tutması isə tam istisnadır. İranın ictimai və dövlət quruluşu, həmçinin, onun islamçı rəhbərliyinin yürütdüyü xarici siyasi xətt bu ölkəni dünyadan təcrid vəziyyətinə salıb və sərt sanksiyalarla üz-üzə qoyub. İranın ictimai dövlət modeli, beynəlxalq məsələlərlə bağlı davranış manerası nə Azərbaycan hökumətini, nə də onun əksər vətəndaşlarını cəlb edir. Bu da təəccüblü deyil.
Bizim seçimimiz müasirləşmənin sürətləndirilməsi və Avropaya inteqrasiyadır. İranla münasibətlərə gəlincə, Azərbaycan onu mehriban qonşuluq, qarşılıqlı iqtisadi əməkdaşlıq, bir-birinin siyasi və ideoloji seçiminə hörmət əsasında qurmağa üstünlük verir. Azərbaycan, ərazisindən İrana heç bir təhlükənin yaranmayacağına dair öhdəlik götürüb. Rəsmi Bakı hesab edir ki, bu, İranın bizə qarşı fobiyalarından xilas olması üçün kifayətdir.
İran siyasətçiləri və ayətullalarının bizə ABŞ və İsraillə, Avropa İttifaqı və NATO ilə münasibətləri necə qurmalı, hansı dini və təhsil siyasətinə üstünlük verməli olduğumuza dair öyüd-nəsihət vermək cəhdləri isə xalqın tam dəstəyi ilə Azərbaycan rəhbərliyi tərəfindən nəzakətlə, amma qəti şəkildə rədd edilir. Hətta xristian Ermənistanın da İrana müəyyən "yaltaqlıq"la yanaşması fonunda, şiə Azərbaycanının iranlıların "öyüd-nəsihət"lərinə "etinasız" yanaşması, İran mollakratiyasını qıcıqlandırmaya bilməz. Bu, yalnız dünyaya deyil, İran əhalisinin özünə də Tehranın tətdiq etdiyi islam modelinin rəqabətqabiliyyətli olmadığını nümayiş etdirir.
Azərbaycan dünya siyasətinin vacib problemləri ilə bağlı prinsipial mövqe nümayiş etdirir və beynəlxalq təşkilatlarda da həmin mövqedən çıxış edir; məsələn, Tehran və Moskvanın narazılığına baxmayaraq, Azərbaycan BMT TŞ-də Suriya ilə bağlı qətnamənin qəbuluna dəstək verib. Bakı bunu Qərbə xoş gəlmək üçün etməyib. O, sadəcə, ərəb dövlətlərinin özləri tərəfindən irəli sürülmüş və Azərbaycanın yaxın tərəfdaşları olan Türkiyə və Pakistan tərəfindən dəstəklənən sənədin qəbuluna onlarla həmrəy şəkildə səs verib. Azərbaycanın İranın nüvə obyektlərinə hərbi zərbələrin endirilməsinin yolverilməzliyi ilə bağlı mövqeyi də ardıcıldır. Amma o, BMT TŞ-nin qərarı ilə Tehrana qarşı qəbul edilmiş qətnamələrin tələblərini yerinə yetirir.
Ümumiyyətlə, BMT-də Azərbaycanın İranla bağlı fəaliyyəti simmetrikdir. İki il əvvəl BMT Baş Assambleyasında Azərbaycanın işğal altındakı ərazilərinə dair qətnamə səsə qoyulan zaman, zalda olan iranlı nümayəndələr qeydiyyatdan keçməyərək, bu cür primitiv üsulla Azərbaycanı açıq şəkildə dəstəkləməkdən yayınmışdılar. Müvafiq olaraq, Baş Assambleyada İranla bağlı qətnamə səsə qoyulan zaman isə bizim nümayəndəmiz eyni addımı atdı.
Tehranın xoşuna gəlməsə də, Azərbaycan öz silahlı qüvvələrini ardıcıllıqla NATO standartlarına keçirir, Şimali Atlantika Alyansı ilə tərəfdaşlıq proqramını reallaşdırır. Amerika və Türkiyənin köməyi ilə biz hərbi infrastrukturumuzu müasirləşdirmişik, hazırda isə İsraillə hərbi-texniki əməkdaşlıq proqramı inkişaf etdirilir. Bu yaxınlarda Bakının "İzrael aerospeys indastriz" ilə 1,6 milyard dollarlıq müqavilə imzaladığı da məlum olub. O, HHM və RMS vasitələrinin, pilotsuz uçuş aparatlarının, yüksək dəqiqliyə malik silahların alınmasını, həmçinin, şəxsi heyətə təlimlərin keçirilməsini nəzərdə tutur. Bu, hər iki dövlət üçün, həm də ümumilikdə, region səviyyəsində nəhəng razılaşmadır. Onun reallaşdırılacağı zaman Azərbaycanın hava hücumundan və raketdənmüdafiə sistemi daha güclü olacaq, bu isə nəinki Ermənistandan gələn təhlükəni tam neytrallaşdırmağa imkan verəcək, həm də İran və Rusiya üçün də çətin aşılan maneəyə çevriləcək.
Tehranın buna son dərəcə qıcıqla reaksiya verməsi də təəccüblü deyil. Cənub qonşumuzun narahatlığını aradan qaldırmaq üçün bu ilin martında Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbi-yev İrana rəsmi səfər də edib. Orada nazir iranlı həmkarı ilə danışıqlar aparıb, həmçinin, Prezident Mahmud Əhmədinejadla da görüşərək söhbətləşib. Görünür, Tehrana eşitdikləri kifayət qədər inandırıcı gəlib ki, səfərin sonunda keçirilən mətbuat konfransında çıxış edən İranın müdafiə naziri Əhməd Vahidi "Azərbaycanın İsraildən silah almasının yeni məsələ olmadığını" etiraf edib: "Bunun İran-Azərbaycan münasibətlərinə heç bir aidiyyəti yoxdur. İran Azərbaycana hərbi sahədə bütün yardımları göstərməyə, həmçinin, birgə hərbi təlimlər keçirməyə hazırdır".
Əlbəttə ki, bu cür sakitləşdirici sözlər zaman-zaman İranın müxtəlif ayətullaları, siyasətçiləri və ya generalları tərəfindən Azərbaycanla bağlı səsləndirdikləri məsuliyyətsiz bəyanatlardan yaxşıdır. Amma bununla yanaşı, İran sərhədimizə yaxın ərazidə hələ də silahlı qüvvələrinin böyük bir qrupunu saxlamaqdadır. Bu üzdən ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı proqramı reallaşdırdığımız indiki dövrdə bu vəziyyətə də etinasız yanaşmamalıyıq. Çünki Tehran islam həmrəyliyindən nə qədər uca səslə danışsa da, Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla hərtərəfli münasibətləri inkişaf etdirir, bu işğal nəticəsində yaranmış və qorunub-saxlanılan status-kvonu bundan sonra da davam etdirməsi üçün İrəvana dolayısı ilə dəstək verir.
Azərbaycana sivil yollarla təsir etməyi bacarmayan İran bizə qarşı saxta informasiya-təbliğat müharibəsinə başlayıb. Bu mənada Azərbaycan dilində yayımlanan "Səhər-2" telekanalını qeyd etmək kifayətdir. Formal olaraq "müstəqil" adlandırılan, əslində, hökumət kanalı olan "Səhər-2"nin xəbərlər bloku və xüsusi verilişləri o qədər qərəzli və kinli olur ki, Azərbaycanda çoxları onu "Səhər" yox, "Zəhər" adlandırır.
Psixoloji təzyiqin bir hissəsi kimi, dünyada terrorçu təşkilat kimi tanınmış "Hizbullah"ın Təbriz bölməsinin katibi höccətülislam Ruhulla Becaninin senzuradankənar bəyanatını göstərmək olar: o, Təbrizdəki Azərbaycan kosulluğunun ünvanına hədədolu bəyanat səsləndirib.
Bundan bir müddət əvvəl isə Azərbaycan rəhbərliyinin ünvanına eyni dərəcədə yersiz xəbərdarlıqla Tehranda İran Baş Qərargahının rəisi Firuzabadi, Ərdəbildə isə ayətulla Ameli çıxış etmişdilər.
Bütün bu söz atışmaları səmərəsiz əməllərdir və qarşılıqlı soyuqluğu daha da artırır. Hələ ötən il informasiya-təbliğat qarşıdurmasını sakitləşdirmək məqsədilə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti də Tehrana getmişdi. O zaman İranda keçirilən görüşlər və aparılan danışıqlar zamanı sanki qarşılıqlı anlaşma da əldə edilmişdi. Lakin İran tərəfinin sonradan atdığı addımlar, təəssüf ki, bunun əksini göstərdi.
Azərbaycan-İran münasibətlərində daha bir ağrılı problem narkotik vasitələrin transərhəd dövriyyəsidir. Tehran öz ölkəsində narkomaniya ilə amansız mübarizə aparır. Bunu təsdiqləmək üçün hər il İranda narkotiklə əlaqədar cinayətlərdə ittiham olunan 500-dək insanın edam olunduğunu qeyd etmək kifayətdir. Amma bununla yanaşı, bizim sərhədimiz vasitəsilə narkotik qaçaqmalçılığında artım müşahidə olunmaqdadır. Bunu yalnız İran xüsusi xidmət orqanlarının narkotikdən öz agenturasını maliyyələşdirmək və Azərbaycana zərər vurmaq üçün istifadəsi kimi qiymətləndirmək olar.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin bu yaxınlarda keçirdiyi xüsusi əməliyyat nəticəsində, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) tapşırığı ilə casusluq fəaliyyəti ilə məşğul olan 22 nəfərlik qrupun ifşası və zərərsizləşdirilməsi də bunu bir daha təsdiq edir. Təəssüf ki, İran tərəfi danılmaz faktları etiraf etmək və üzr istəmək əvəzinə, qarşılıqlı ittihamlara və diplomatik demarşlara üstünlük verir; məsələn, ingilis qəzetlərinin birində dərc olunmuş anonim müsahibəyə istinad edən Tehran Azərbaycanı guya iranlı nüvə alimini qətlə yetirmiş İsrail agentlərinə şərait yaratmaqda təqsirləndirir. Bir müddət əvvəl isə Tehrandakı səfirimiz Cavanşir Axundov İran XİN-ə dəvət olunub və orada ona İİKK-yə casus-terrorçu şəbəkəsi yaratmaq, Bakıda terror aktı hazırlamaqla bağlı ittihamlarla əlaqədar etiraz bildirilib.
Azərbaycan XİN isə təbii ki, İranın əsassız iddiaları və ittihamlarını rədd edib.
İranın nüvə proqramı ilə bağlı yaranmış vəziyyət onsuz da yaxşı olmayan Bakı-Tehran münasibətlərini daha da gərginləşdirir. Tehran nüvə proqramı ilə bağlı MAQATE-nin irəli sürdüyü tələblərə əməl etməkdən boyun qaçırır və bununla da beynəlxalq ictimaiyyətin məsələyə dair narahatlığının aradan qalxmasına imkan vermir. MAQATE-nin İrana qarşı ittihamları isə artır. "Associated Press" agentliyi MAQATE-nin peykdən çəkilmiş şəkilləri təhlil etmiş adı açıqlanmayan ekspertinə istinadən xəbər verir ki, İranın Parçin nüvə obyektində neytron detonatorunu sınaqdan keçirdikdən sonra yayılmış radiasiyanın izlərini itirməklə məşğul olduğuna dair şübhələr var. Bu onunla bağlıdır ki, İran uzunsürən müqavimətdən sonra martın 16-da, nəhayət, MAQATE inspektorlarını bu obyektə buraxmağa razılıq verib. Ekspertlər birmənalı olaraq iddia edirlər ki, neytron detonatoru yalnız nüvə silahının istehsalı işində lazımdır.
Sanksiyalarla paralel olaraq, İranın nüvə obyektlərinə hərbi zərbələrin endirilməsi risqi də artır. KİV və ekspertlər bu məsələdə "ola bilsin ki" terminindən yox, "nə zaman?" terminindən daha çox istifadə edir. İsrailin artıq yayda, ABŞ-da prezident seçkisi kampaniyasının ən qızğın vaxtında İrana qarşı təkbaşına hərbi əməliyyatlara başlaya biləcəyinə dair fikirlər var. Əməliyyatın ABŞ-dakı seçkilər vaxtına təsadüf etməsi, Təl-Əvivin hərbi istəklərini əngəlləməyə çalışan Barak Obamanın əl-qolunu bağlayacaq. Yeri gəlmişkən, İsrailin ABŞ-ın dəstəyi olmadan təkbaşına İranla müharibə aparmaq gücündə olmadığını düşünən ekspertlər heç də haqlı deyillər. "Global Fire Power"in məlumatları göstərir ki, nəinki kəmiyyət, eyni zamanda, keyfiyyət baxımından da hərbi üstünlük İsrailin tərəfindədir. İsrail təyyarələri və tanklarının İranınkılardan üstün olduğuna heç bir şübhə yoxdur. Nüfuzlu ekspertlər hesab edir ki, İsrail yüzlərlə nüvə başlığına və onları hədəfə çatdıracaq müasir daşıyıcılara malikdir. İranda isə hələ bir dənə də belə silah yoxdur. Üstəlik, Vaşinqton da İsraili nə qədər səbirli olmağa çağırsa da, İran yaxınlığında hərbi gücünü artırmağa davam edir.
Bu vəziyyətdə Azərbaycan nə etməlidir? Bizim hadisələrin gedişinə ciddi təsir göstərmək, həmçinin, coğrafiyanı dəyişmək imkanımız yoxdur. Belə olan təqdirdə, özümüz üçün riskləri azaltmaqla məşğul olmalıyıq. Ermənistanın ABŞ və İsrailə əli çatmayacaq İranın nüvə obyektlərinə hücuma görə qəzəbini Azərbaycanın üzərinə tökəcəyinə dair xəyalları əbəsdir. BMT TŞ-yə üzvlük Azərbaycanın beynəlxalq mövqelərini gücləndirib. Bizim ciddi valyuta-maliyyə ehtiyatlarımız var, müdafiə potensialının artırılması üçün bütün mümkün tədbirlər görülür.
Müttəfiqlik əlaqələri də işə salınıb. İran NATO, ABŞ və İsrailə düşmən qüvvə kimi baxırsa, o, çətin ki, Türkiyə və Pakistandan xoş münasibət görsün. İrandakı bəzi "dəliqanlılar"ın "çaşmaması" üçün, fevralda Azərbaycana Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Necdet Özel, onun ardınca isə Pakistan Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Xalid Şamim səfər etmişdilər. Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşündə o, ölkəsinin Azərbaycanın müttəfiqi olduğunu və Bakını hər zaman dəstəklədiyini açıq şəkildə dilə gətirib.
Bu diplomatik xəttin davamı olaraq, apreldə Azərbaycana Pakistan Prezidenti Asif Əli Zərdarinin səfəri də gözlənilir.
Göründüyü kimi, vəziyyətin sabitləşdirilməsi üçün bütün nüfuzlu regional qüvvələr işə qoşulub. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Seulda keçirilmiş nüvə təhlükəsizliyinə dair sammitdən dərhal sonra martın 28-29-da İrana səfər etdiyini də xatırladaq. Səfərdə məqsəd İran rəhbərliyi ilə ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi idi. Bu səfər zamanı, çətin ki, Azərbaycan-İran münasibətləri də diqqətdənkənar qalsın.
Amma ən vacibi İranın nüvə proqramıdır. Türkiyə diplomatiyası bu problemin sülh yolu ilə həlli üçün çox çalışsa da, hələ ki bu cəhdlər nəticəsizdir. İranla "altılıq" (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında danışıqların ikinci mərhələsinin aprelin əvvəlində İstanbulda keçiriləcəyi bəyan olunub. Tehran öz növbəsində "Türkiyəyə siyasi etibarının olduğunu" bildirir. Odur ki, İranın nüvə proqramı ilə bağlı problemin sülh yolu ilə həlli şanslarının mövcudluğuna və yalnız onlardan istifadə olunacağına ümid edək.
Azərbaycan bəlkə də bunda İranın digər qonşularından daha çox maraqlıdır.
MƏSLƏHƏT GÖR: