
AŞIQ ƏLƏSGƏRİN GÖYÇƏSİ
Bu gün onun ruhu narahatdır, çünki nəvə-nəticələri doğma yurda həsrət qalıb
Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
Bu dünyanın çox illərini yola salmışdı. Gərdişi-dövranın hər üzünü görmüşdü. Aşiqliyi də vardı, aşıqlığı da. Hər ikisi fitrətdən bəxş olunmuşdu ona. Uzun illər neçə-neçə el şənliyi, toy məclisi onun sazı, sözü ilə yadda qalmışdı. İndi də hara gedirdisə, baxışlarda ehtiram, məhəbbət görürüdü. Ancaq qoca aşıq darıxırdı. Çünki Göyçə mahalından uzaq düşmüşdü. Dünyaya göz açdığı, adına, gözəlliyinə şeirlər, mahnılar qoşduğu o mahal deyildi bura. Yurdu talan edilmişdi Aşıq Ələsgərin...
Göyçə gölünün sahilləriboyu geniş ərazini əhatə edən, təbiətin bütün gözəlliklərindən pay alan o mahal yağıların əlində idi. Başı çox bəlalar çəkmişdi Aşıq Ələsgər yurdu Göyçənin. XIX əsrin əvvəllərində Rusiya çarlığına müharibə yolu ilə birləşdirilənədək İrəvan xanlığının, sonralar İrəvan quberniyasının tərkibində olmuşdu. İndi isə...
Sakinləri torpağa bağlı idi Göyçənin. Göyçəlilərin çörəyi Göyçənin geniş çöllərindən, bərəkətli torpağından çıxırdı. Əkinçiliklə, maldarlıqla, arıçılıqla, bağçılıqla, xalçaçılıqla, balıqçılıqla məşğul olurdular. Bir də o yurdun balaca uşağından, qocasınadək hər kəs saza, sözə vurğun idi. Ona görə də elə əzəldən “Aşıqlar yurdu Göyçə” deyirdilər adına.
Göyçə mahalının Ağkilsə kəndində yaşayan Alməmməd kişi də sazın, sözün qiymətini bilən adam idi. Şairliyi də vardı. Aşıqlar onun şeirlərini ustadnamə kimi oxuyurdular. Amma Alməmməd kişi ailəsini əkinçiliklə, dülgərliklə dolandırardı. Əkin-biçin işləri başa çatandan sonra Kəlbəcərin meşələrindən ağac gətirər, xış, boyunduruq, cəhrə, nəhrə, qaşıq, çömçə düzəldib satardı. Külfəti böyük idi: Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı vardı. 8 nəfərlik ailə tək Alməmməd kişinin qazancı ilə ehtiyac içində, bir qarın ac, bir qarın tox dolandırdı. Uşaqlar böyüdükcə ailənin qayğıları da artırdı.
Ələsgər Alməmməd kişinin böyük oğlu, ilk övlad payı idi. O, 1821-ci ildə Novruz bayramı günü dünyaya gəlmişdi. Evin böyük uşağı olduğundan atasının da köməyinə birinci o çatdı. 14 yaşında Kərbəlayi Qurban adlı bir varlının evində nökərçilik eləməyə başladı. Mülayim, xoşrəftar adam idi Kərbəlayı Qurban. Ələsgər onun evində 4 il nökər oldu. İşgüzarlığı, mərifəti ilə o qədər hörmət qazandı ki, onu oğul gözündə görməyə başlayan Kərbəlayi Qurban: “Kaş Ələsgər bu evdən heç getməyəydi” - deyə düşündü.
Ələsgər isə... Bu evdə ürəyindən vurulmuş kimi gəzib-dolanırdı. Kərbəlayi Qurbanın qızı Səhnəbanı ilə bir-birlərinə sevdalanmışdılar. Gənclər kimsəyə açmasalar da, tezliklə bu məhəbbət dilə-ağıza düşdü. Bu xəbər Kərbəlayi Qurbana da çatdı. O, çox şad oldu. Ələsgərlə Səhnəbanı evləndirib oğlanı evində həmişəlik saxlamaq fikrinə düşdü.
Ancaq Kərbəlayı Qurbanın qardaşı Məhərrəm Səhnəbanını öz oğlu Mustafaya almaq niyyətdəydi. Çox varlı olduğuna görə mahalda adına "Pullu Məhərrəm" deyilən bu əzazil, rəhmsiz adam iki gəncin məhəbbətindən xəbər tutanda qəzəbləndi. Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurdu. Səhnəbanını isə oğlu Mustafaya aldı.
Onda gördü ayrılığın sərt üzünü Ələsgər. Sevgilisinin həsrətindən xəstə düşdü. Oğlunun halını görən Alməmməd kişi düşündü ki, qoy Ələsgər meylini saza salsın... Ona Kəlbəcərin Qanlıkənd kəndindən bir saz alıb gətirdi. Alməmməd kişi yanılmamışdı. Ələsgərin barmaq ları saza çox tez yatdı. Dərdini sazla dindirməyə başladı.
O vaxta qədər xüsusi təhsil ala bilməmişdi. Ancaq başqa göyçəlilər kimi o da kiçik yaşlarından gördüyü müxtəlif məclislərdə mollaların hədisələrini, dərvişlərin nağıllarını, aşıqların dastanlarını çox eşitmişdi. Güclü yaddaşı sayəsində onların hamısını hafizəsində saxlamışdı. Saz sənətin bir çox sirrini də kənd camaatının içində, el sənətkarların, ağsaqqalların yanında öyrənmişdi. İlk şeirlərini də yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləmişdi. Sevgilisinin ayrılığı isə onu saza, şeirə daha artıq bağladı. Atası Ələsgəri qızılvəngli Aşıq Alının yanına apardı.
Beş ilədək bu ustad aşığa şəyirdlik etdi. Aşıq Alı ona aşıqlıq sənətinin sirlərini, el şənlikləri, toy məclislərini müstəqil idarə etməyi öyrətdi. Şəyirdlik dövrü bitdi.
Ələsgər aşıq kimi çox tez adlandı. Bir gün Göyçənin Qızılbulaq kəndində, Böyük Ağanın evində qurulan məclisdə gənc aşıqla təcrübəli aşıq - keşmiş şəyirdlər ustad deyişdilər. Sonralar bu məclis barədə dastanlar deyildi. Kimi Aşıq Alının öz şəyirdini daha da şöhrətləndirmək, el içində ucaltmaq qəsdilə ona məğlub olduğunu, bəziləri isə gənc aşığın söz döyüşündə ustadını endiyini söylədi. Olanı isə bu idi: qaydaya görə deyişmədə məğlub olan öz sazını qalibə təslim etməlidir və Aşıq Alı da sazını Aşıq Ələsgərə uzatdı.
Gənc aşıq böyük bir sınağa çəkilmişdi. Aşıq Alı kimi ustada üstün gəlmək, sazını əlindən almaq dastanlara sığmayan hünər olardı. Ancaq o gün Aşıq Ələsgər yalnız aşılıq sənətində deyil, mərifət elmində də kamil olduğunu göstərdi. Ustadının qarşısında baş əyib ehtiramla dedi:
Bir şəyir ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar.
XIX əsrin 50-ci illərindən aşıqlar yurdu Göyçədə Aşıq Ələsgərin adı ustad aşıqlarla qoşa çəkilməyə başladı. Tezliklə şöhrəti qonşu mahallara da yayıldı, Azərbaycanın hər yerində məşhurlaşdı. Çox keçmədi ki, Türkiyədə, İranda, Dağıstanda da ustad sənətkar kimi tanındı. Çiynində sazı müxtəlif mahalları gəzib-dolaşır, xalqın şad günündə, toy-düyünündə çalıb-oxuyur, ağır vəziyyətdə görəndə kədərlənir, səbəbkarlara lənətlər yağdırırdı.
Bədahətən dediyi şeirlər dillərdə dolaşırdı. Ətrafına şəyirdlər toplaşırdı. Ustad aşıq onlara aşıqlıq sənətinin sirlərini öyrədirdi.
Aşıq Ələsgər təkcə gözəl səsi, bənzərsiz ifası ilə deyil, mərifəti, ədəbi ilə də məclisdəkiləri heyran qoyurdu. Onun şeirlərində böyük bir sevgi var idi. Gəzdiyi yerlərdə, keçirdiyi məclislərdə cazibədar gözəllər görür, onları vəsf edirdi.
Ucabay, enlikürək, qüvvətli idi. Qara gözləri, qalın çatma qaşları, dolu sifəti vardı. Əyninə uzun ətəkli arxalıq, üstündən çuxa, ayağına məs t geyər, başına buxara papaq qoyar, saqqal saxlayardı. Solaxay idi. Sazı sol əli ilə çalar, sağ əlini pərdələr üzərində gəzdirər, zil səsi ilə məlahətli oxuyardı.
Artıq yaşı 40-a çatmışdı. Hələ də evlənməmişdi. İlk məhəbbətini - Səhnəbanını unuda bilmirdi Aşıq Ələsgər. Ərki çatanlar ona öyüd-nəsihət verirdilər.
Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evləndi. 3-4 il sonra Yanşağa köçdü, bir il orada qaldı. Yenidən doğma kəndinə qayıtdı. O uzun müddət Göyçəsiz qala bilmir, Göyçəsiz darıxırdı.
...İllər ötürdü. Aşıq artıq böyük bir ailənin sahibiydi. Nigar, Xeyransa, Gülnisə, Bəsti, Əsli, Zümrüd adlı altı qızı, Bəşir, Əbdüləzim, Qalib adlı üç oğlu var idi. Oğlanlarının üçünün də şairlik təbii var idi. Ancaq övladlarından aşıqlıq edən yalnız Aşıq Talıb oldu.
O, aşıq idi. El-obanın toyunda, şənliklərində iştirak edirdi. Ancaq bir əli də torpaqda idi. Yer şumlayar, taxıl əkir, ot biçir, xırmana gedirdi. Atası kimi onun da əlindən dülgərlik gəlirdi.
XX əsr onun da ömrünə təlatümlərlə gəldi. Qafqazda siyasi-ictimai mühit gərginləşmi şdi. Bundan istifadə edən ermənilər 1905-ci ildə yenə fitnə-fəsadlar törədir, türkləri qətlə yetirirdilər. Yaranmış vəziyyət Dədə Ələsgəri çox kədərləndirir, ona zəmanədən şikayətdolu şeirlər dedirdirdi.
Qoca yaşlarında Aşıq Ələsgərin həyatında bir-birinin ardınca bədbəxt hadisələr baş verdi. 1908-ci ildə xalası oğlu Molla Rəhim 28 illik Sibir sürgünündən Ağkilsəyə qayıdanda Aşıq Ələsgərin oğlu Bəşir bilmədən onu güllə ilə vurub öldürdü. Bu faciədən yanıb-yaxılan aşıq Molla Rəhimin cənazəsi üzərində göz yaşları içərisində “Kəsildi” rədifli qoşmasını söylədi.
1915-ci ildə isə qardaşı oğlu və ən sevimli şəyirdi Aşıq Qurban cavan yaşında vəfat etdi. Bu itki Aşıq Ələsgərə o qədər ağır təsir etdi ki, bundan sonra aşıqlıq sənətindən əl şəkdi, bir daha əlinə saz almadı.
Bir il sonra oğlu Bəşir kəndin koxası Məmməd Qasım ı güllə ilə vurdu. Səbəbi də bu idi ki, Ələsgərin ortancıl oğlu Əbdüləzim onu işə gəndərmək istəyən koxanın sözünə baxmamışdı. Koxa Əbdüləzimi qamçı ilə döymüşdü. Bu xəbəri eşidən Bəşir də koxanı güllə ilə vurub qaçdı. Ələsgərin qardaşı oğlu ilə və oğlu Əbdüləzimi təqsirli bilib həbs etdilər. Aşıq on bir ay divanxanaların qapısına ayaq döydü, Tiflisə getdi, dustaqları həbsdən azad etdirə bildi.
Koxa Aşıq Ələsgərin dostu, Göyçənin Qanlı kəndindən olan Hacı Nağı həkimin müalicəsilə sağaldı. Barışıb düşmənçiliyə son qoydular. Amma Bəşir çar hakimiyyəti devrilənədək qaçaq oldu.
Dərd dərd üsündən gəlirdi. 1917-ci ildə də qardaşı oğlu vəfat etdi. 1918-ci ilin martında Aşıq Ələsgərin köksünə bir yara da vuruldu. Ermənilər yenə dövranın çaxnaşmalarından istifadə edib türklərin qətlinə fərman verdilər. Yenə türk obalarını viran qoydular. Göyçəlilər ağır günlər yaşadılar. Ermənilər əllərinə keçən türk övladlarını vəhşicəsinə qətlə yetirirdilər. Qalanlar elindən, evindən didərgin düşdülər. Canını götürüb qaçanların çoxu dağ aşırımlarında borana düşərək dondular. Aşıq Ələsgərin nakam sevgilisi, eşqini qəlbində gəzdirdiyi, hələ də onu görəndə gizli-gizli köks ötürən Səhnəbanı belə qurbanlardan biri oldu.
...1921-ci il idi. Üç il idi bu dərdlərlə yaşayırdı aşıq. Göyçədən didərgin düşəndən sonra iki il ailəsi ilə birlikdə Kəlbəcərin Yanşaq kəndində qaldı. Onun çal-çağırlı günləri artıq xəyal olmuşdu. Dəyirmançılıq eləyirdi Dədə Ələsgər. Sonra Tərtərə köçdülər. Hər yerdə hörmət görürdü. Ancaq Dədə Ələsgərin gözü-könlü Göyçədəydi. Srınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı. Göyçə yarası qövr elədikcə dərdini şeirə çevirirdi.
Qədim Göyçə mahalının isə başı hələ də qovğadaydı. Azərbaycan Xalq Cümhuriyyəti illərində tarixi Azərbaycan torpağı kimi onun tərkibində oldu. Ancaq 1918-1919-cu illərdə daşnakların türklərə qarşı törətdikləri qırğınlar nəticəsində Göyçə mahalının var-yoxu talandı, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçmək məcburiyyətində qaldı.
Ermənistanda şura hökuməti qurulduqdan sonra ermənilər yenə müvəqqəti sakitləşdilər. Göyçəlilər Göyçəyə döndülər. 1921-ci ildə Aşıq Ələsgər də Tərtərdən Ağkilsəyə döndü. Ömrünün son illərini doğma kəndində yaşadı. Bir zamanlar günlərini toylarda, şənliklərdə keçirən Dədə Ələsgər indi qocalıqla yol-yoldaşı olmuşdu. Ötən günlərin xiffətini çəkir, qocalıqdan, xəstəlikdən şikayətlənirdi.
Onun adına elə sağlığında dastanlar qoşulurdu. Deyirlər ki, öləcəyi günü də qabaqcadan xəbər vermişdi Aşıq Ələsgər. O bu dünyaya baharda gəlmişdi, elə baharda da dünyadan köçdü. 1926-cı ilin 7 martında 105 yaşında doğulduğu kənddə vəfat etdi. Ağkilsə qədiristanlığında dəfn olundu.
O, xalqına böyük bir ədəbi xəzinə qoyub getdi. Aşıq şeirinin bütün növlərində şeirlər qoşmuşdu. Özü də bilirdi ki, Azərbaycan xalqı yaşadıqca onun əsərləri yaşayacaq, qoşmalarını, gəraylılarını, dodaqdəyməzlərini, müxəmməslərini, qıfılbəndlərini, təcnislərini, divanilərini, ustadnamələrini aşıq lar həmişə toylarda, el şənliklərində oxuyacaqlar. O, çoxlu aşıqlar yetişdirmişdi. Özü bu dünyada olmayandan bəri də şairlər, aşıqlar Aşıq Ələsgərin əsərləridən dərs alır, sənətkarlığın sirlərini öyrənirlər. Cismani yoxluğunda da xalqına bu qədər gərək olan, bu qədər sevilən sənətkar xoşbəxt sayılmalıdır, amma...
1980-ci illərin sonunda erməni daşnakları yenidən qədim Qərbi Azərbaycan torpağında yaşayan türklərə qarşı hücuma keçdilər. Onları ev-eşiklərindən, yurd-yuvalarından didərgin saldılar. Türklərin qədim, tarixi abidələrini yerlə yeksan etdilər, məzarlıqlarını belə dağıtdılar. Azərbaycanın böyük sənətkarı Aşıq Ələs-gərin də məzarı ermənilər tərəfindən dağıdıldı. Bu gün ruhu nigarandır Aşıq Ələsgərin. Çünki onun nəvə-nəticələr Göyçəyə həsrətdilər. Göyçəlilər yurd-yuvalarından ayrı düşüblər. Göyçə göyçəlilərsiz qalıb...
MƏSLƏHƏT GÖR: