Müəllif: Ramin ABDULLAYEV Baku
Azərbaycan iqtisadiyyatının hər sahəsində olduğu kimi, qənnadı məmulatları sənayesində də son dövrdə ciddi irəliləyişlər əldə olunub. Çox qısa müddət ərzində böyük uğurlara imza atan “Şirin” şirkəti bu inkişafin bariz nümunəsidir.
Fabrikin fəaliyyəti və gələcək perspektivləri ilə bağlı dolğun məlumat əldə etmək üçün müəssisəyə baş çəkərək, respublikamızı beynəlxalq səviyyədə uğurla təmsil edən, “Şirin” brendini yaradan şirkət rəhbəri Tahir Əliyevlə görüşüb, şirkətin fəaliyyəti və gələcək planları haqda ətraflı söhbət etdik.
– Tahir müəllim, 6 ildən də az bir müddət əzrində Azərbaycanın lider brendinə çevrilən “Şirin” fabrikinin fəaliyyəti ilə bağlı məlumat verməyinizi xahiş edərdik...
– “Şirin” MMC qənnadı fabrikı 2006-cı ilin iyun ayında təsis edilmiş və Azərbaycan ərazisində yüksəkkeyfiyyətli qənnadı məmulatları istehsalçısıdır.
İlk gündən indiyədək missiyamız yerli və xarici bazara müasir standartlara cavab verən yüksəkkeyfiyyətli malların istehsalı və təklifindən ibarətdir.
İstehsal prosesində Avropanın müasir firmalarının avadanlıqlarından istifadə olunur. Alman və İtaliya istehsalı olan avadanlıqlar məhsulumuzun ən yüksək standartlara cavab verməsinə gətirib çıxarır. Həmçinin, istehsal prosesində dünyanın aparıcı şirkətlərinin məhsulu olan kakao dənələri və ədviyyatlardan da istifadə olunur. Məmulatlarımızın çeşidləri bunlardır: şokoladlı konfetlər, konfetlər dəsti və karamel.
İstehsal xətlərimiz tamamilə avtomatlaşdırılıb. Kompyuter özü bunkerdən xam maddələrin hansı miqdarda məhsula əlavə edilməsinə qərar verir. Heç bir insan əli dəymir.
Fərqli texnologiyaya malik bu avadanlıqlar müxtəlif növ şokoladlı konfetlərin istehsalına imkan verir. Bura pomadalı və tökmə şokoladlı konfetlər daxildir.
Bundan başqa, ən çox sevilən südlü karamel də çeşidə daxildir. Son iki ildə karamel məhsulunun sırasına şüşəli və pomadaiçlikli karamellər də əlavə olunub. Fabrikin istehsal tarixində ən mühüm hadisədən biri isə draje məhsullarının istehsalına başlanılması oldu.
Modern avadanlıqda. keyfiyyətli inqridiyentlər və düzgün saxlama şəraiti hesabına, ən incə zövqə cavab verəcək bir məhsul əldə edirik. Hal-hazırda “Şirin” MMC-də dörd sex fəaliyyət göstərir. 150-dən çox işçimiz var.
Bir başqa vacib məqam isə bundan ibarətdir ki, məhsullarımızın resepturası alman mütəxəssisləri tərəfindən işlənilir. Ardından laboratoriya kimi fəaliyyət göstərən seximizdə sınaqdan keçirilir və ancaq mütəxəssislərimiz tərəfindən təsdiqlənəndən sonra, kütləvi istehsala icazə verilir. Bəzən elə olur ki, lazımi dadı almaq üçün 60 reseptura hazırlanır.
Həmçinin, qeyd etməliyəm ki, məhsullarımızın tərkibində spirt və donuz yağı yoxdur. Buraxılan məhsullar dövlət standartlarına və elmi-texniki tələblərə cavab verir. İstehsal olunan mallar Uyğunluq Sertifikatına və Gigiyenaya Əsaslanan Sertifikata malikdir.
– Hər bir şirkətin uğurunun ardında peşəkar marketinq və doğru satış strategiyası dayanır. Bu istiqamətdə nə kimi işlər görülüb?
– Azərbaycanın bütün bölgələrində 9 mindən artıq satış nöqtəsi ilə işləyirik. Satış komandamızda isə 80-dən artıq nümayəndəmiz fəaliyyət göstərir. Beləliklə, Naxçıvandaxil hər bir bölgəmizdə məhsullarımızı istifadəçilərə çatdırma imkanına sahib olmuşuq. Prioritemiz daxili bazardır. Bəzən elə olur ki, xarici müştərimizin sifarişini daxili tələbatı ödəmək naminə gözlədirik.
Onu da qeyd etmək istərdim kı, istehsalçı bir firmanın idxalla əlaqədə olması vacib amillərdəndir. “Şirin” MMC-nin məhsullarının 46 faizi ixraca yönəlib.
Hazırda ABŞ, Qazaxıstan. Monqolustan, Gürcüstan, Qirğızıstan və Özbəkistanda Azərbaycan brendi olaraq tanınmışıq. Rusiya və Ukraynada da bir sıra şirkətlər “Şirin” məhsullarına böyük maraq göstərir.
Şirkətimizə daxil olan zənglər və aldığımız e-maillər istifadəçilərimizin məhsulumuzun keyfiyyətindən razı qaldığını sübut edir və bu da çox sevindiricidir. Bəzən insanlar məhsulun üzərini oxumayanadək malın həqiqətən də Azərbaycan məhsulu olduğuna inanmırlar.
Ümumiyyətlə, nə istehsal edirsən-et, ilk növbədə, bazardakı tələbat araşdırılmalıdır. Düzgün marketinq işinin qurulması uğur üçün çox vacibdir. Məhsulun xarici görünüşü və müştərilərin damaq dadı kimi məqamlar da böyük əhəmiyyət kəsb edir. İş prosesimiz üçnövbəli təşkil olunsa da, tələbatı qarşılaya bilmirik. Hazırda istehsal etdıyimiz məhsullar anbarlarda yığılmır; məsələn, şokolad yağı bazarına baxdığımızda, Azərbaycanda bu sahədə çox da böyük tələbatın olmadığının şahidi olarıq. Bazar araşdırmaları göstərir ki, ölkəmizdə bu sahəyə yatırılan sərmayə istənilən effekti verməyəcək. Ancaq məsələn, qonşu Türkiyə bunun əksinədir - şokolad yağına kifayət qədər böyük tələbat var. Çünki insanlar bu məhsulu gündəlik olaraq tükədirlər.
Başqa maraqlı məqama da diqqət yetirmək istərdim. Dünyaca məşhur “Nestle” şirkəti Rusiya bazarına girəndə, bu şirkət Avropa dadında olan dondurma çeşidlərini müştərilərə təklif etmək istədi. Ancaq baxdılar ki, brend kimi, “Nestle” olmalarına baxmayaraq, məhsul satışi yüksək səviyyədə deyil. Yeni bir araşdırma keçirdilər və gördülər ki, məhsulun dadında yanlışlığa yol veriblər. Brend məşhur olsa da, satış azdır.
Dərhal yeni bir mal istehsal etdilər və Rusiya bazarında liderlər cərgəsinə daxil oldular.
Onu da qeyd etmək istərdim ki. “Şirin” MMC “Koroğlu” Şirkətlər Qrupunun törəmə müəssisəsidir. Hal-hazırda 26 xarici şirkətin məhsullarını Azərbaycan bazarında satan “Koroğlu” şirkətindən marketinq sahəsindəki təcrübəsi də bizim üçün çox yararlı olmuşdur.
– Sonda yaxın gələcəyə yönəlik planlarınız haqda məlumat verməyinizi xahiş edərdik...
– Yaxın gələcəkdəki layihələrimizə gəlincə, Azərbaycanda olmayan, Rusiya və Ukrayna bazarında böyük rəğbət qazanan yüksəkkeyfiyyətli məhsul növlərinin respublikamızda daha keyfiyyətli şəkildə istehsalını təşkil etməkdir. Sözügedən layihəni 2012-ci ilin sonuna qədər reallaşdırmaq niyyətindəyik.
Gələn ilin sonuna qədər isə “Şirin” MMC olaraq, fəaliyyətimizi genişləndirərək, qida sektorunun digər sahələrini də əhatə etməyi düşünürük.
MƏSLƏHƏT GÖR: