25 Noyabr 2024

Bazar ertəsi, 17:30

VITIS VINIFERA — HƏYAT TİNGİ

Azərbaycan sahibkarları üzümçülüyün və şərabçılığın bizim ölkədəki keçmiş şöhrətini dirçəldirlər

Müəllif:

15.03.2012

"Bu sənin həyatının üzüm tingidir... Bu sənin ailənin tingidir. Onu ək. O böyüyəcək...".  Bu sözlər həyəcanverici "Göylərdə səyahət" filminin sonunda səslənir və yəqin ki, hər bir insanın həyatına önəmli təsir göstərib. Onlar filmin qəhrəmanları üçün baş vermiş xüsusi faciədən sonra səslənirdi - onların bütün üzüm bağı yanmışdı və yalnız bir ting salamat qalmışdı. Film 1990-cı illərin əvvəlində Azərbaycanın üzüm bağlarının başına gəlmiş hadisəyə bir qədər bənzəyir...  

Təəssüf ki, Azərbaycan üzümçüləri bu ecazkar meyvənin milli növlərinin heç də bütün nümunələrini qorumağı bacarmamışdılar, amma onun becərilmə və emal mədəniyyəti, demək olar ki, yoxa çıxmayıb. Hər şey göz qabağındadır, "Fireland`s Vine-yards" şirkəti paytaxt Bakı yaxınlığında yerləşən Novxanı torpaqlarında, duzlu Masazır gölü sahilində gözoxşayan üzüm bağları salmağı bacarıb. Bununla da göstərib ki, əmək təbiətin çətinliklərinə sinə gərə bilər və üzümçülük üçün ekstremal olan təbii şəraitdə yeni keyfiyyət əldə edilir. Beləliklə, dünya üzrə üzümçülüyün və şərabçılığın inkişaf meyillərinin qavranmasına əsaslanmaqla, yerli üzüm növlərinin və torpağın xüsusiyyətlərini, regional iqlim fərqlərini nəzərə almaqla, Azərbaycan üzümçülüyünün və şərabçılığının keçmiş şöhrətini bərpa etmək tamamilə real və yaxın perspektivin işidir. 

Azərbaycanın üzümçülükdə doğrudan da böyük ənənələri olub, ölkədə xüsusilə 1970, 1980-ci illərin əvvəllərində böyük üzüm bağları salınıb və ildə 2 mln tondan çox üzüm yığılıb. Daha sonra Qorbaçovun alkoqol əleyhinə kampaniyası başlayıb və bunun nəticəsində, nədənsə, yalnız Azərbaycanda üzüm bağları kəsilərək məhv edilib. "Nə Ukraynada, nə Gürcüstanda, nə Ermənistanda, nə də Moldovada bu cür vicdansızlığa yol verilib. Bu, ondakı sovet rəhbərliyinin Azərbaycana mənfi münasibətinin təzahürü idi", - deyə Azərbaycan Prezidenti İlham Əliyev vurğulayır. 

Üzüm bağlarının məhv edilməsi üzündən, Azərbaycanda hazırda cəmi 130 min ton üzüm istehsal edilir, bundan başqa, bu meyvənin bir sıra yerli (avtoxton) növləri birdəfəlik yoxa çıxıb. Ancaq üzümçülüyün inkişafı üzrə Dövlət Proqramı, yerli sahibkarlar tərəfindən üzümçülüyə böyük maraq olduğu nəzərə alınarsa, artıq yaxın illərdə nəzərəçarpacaq müs-bət dəyişikliklər baş verəcəyini gözləmək olar. 

"Fireland`s Vineyards" ("Odlar Yurdunun üzümlükləri") şirkətinin direktoru Elmar Səidov bildirir ki, ölkədə üzümçülük və şərabçılıqla məşğul olan şirkətlər yalnız kəmiyyət göstəricilərini artırmağı deyil, həm də istehsal edilən məhsulun keyfiyyətini yaxşılaşdırmağı düşünürlər. Çünki bizim üçün ənənəvi olan keçmiş SSRİ bazarında Yeni Dünyadan olan şərab istehsalçılarının artan rəqabəti müşahidə edilməkdədir.

Diqqətəlayiqdir ki, alkoqol əleyhinə kampaniyadan və SSRİ-nin dağılmasından sonra salamat qalan üzüm bağlarını və emal müəssisələrini satın almış bir sıra iş adamları onların profil istiqamətini qorumağa cəhd ediblər. Bu da üzümçülüyün və şərabçılığın bərpası üçün bünövrə olub. Amma heç də hamı istehsalı çağdaş standartlar üzrə yenidən təşkil etməyi bacarmayıb. Buna baxmayaraq, çox sayda nümunələr var ki, "irsən" götürülmüş üzümlüklərdən bacarıqla istifadə edilib və Fransa, İtaliya, Çili, Avstraliya şərablarına şöhrət gətirmiş bir sıra növlərin istifadə edilməsi ilə yeni üzüm bağları da salınıb. Eyni zamanda, bəzi şirkətlər çağdaş texnologiyalar bazasında üzüm-çülük və şərabçılıq məhsullarının istehsalı, emalı və satışının tam mərhələli prinsiplərinə əsaslanan şərabçılığın inkişafı üçün yaradılıb. "Fireland`s Vineyards" şirkətində də bax, belə çətin yolla getməyi qərara alıblar. 

- Biz 2006-cı ildə yeni üzümlüklər üçün torpağı emal etməyə başlayanda, bu, çoxlarına fantastika kimi gəlirdi. Novxanı kəndində Masazır və Mirzələdi duz gölləri yaxınlığında üzümlük becərmək təbiətə qarşı açıq-aydın çıxmaq demək idi. Prinsipcə, əgər insanlığın tarixinə baxılarsa, görmək olar ki, onun inkişafının ən yaxşı mərhələləri müəyyən stress durumlarından - müharibələrdən, təbii fəlakətlərdən və s.-dən sonra başlayıb. Bu, üzümə də aiddir - Abşeronun küləkli, qumlu, susuz və qızmar iqliminin ekstremal şəraitində o özünü tam başqa tərəfdən "göstərir". Amma bu üzümü böyütməyin yetərincə mürəkkəb iş olduğu ortaya çıxdı. Layihənin gerçəkləşdirilməsinin ən başlanğıcında bizə təqdim edilmiş sahədə torpağın müfəssəl tədqiqatını apardıq. Məlum oldu ki, bütün sahəni götürdükdə, geologiya və torpağın tərkibi fərqlənir ki, bu da bizim öhdəmizə götürdüyümüz işi yetərincə çətinləşdirirdi, hər bir torpaq növünə müvafiq aqrotexniki üsullar tətbiq etmək və uyğun qələmlər lazım idi. Qeyd edim ki, bizə təklif edilən sahə keçmişdə də üzümlük olmuşdu, amma onlar məhv edilmişdi və bundan xatirə kimi yalnız yerin səthində şırımlar qalmışdı. 2006-cı ildə biz bu sahədə bütün hazırlıq işlərini apardıq, sahə üçün konkret sortlar müəyyən etdik, bizim seçimə uyğun gələn  tinglər sifariş verdik. 

- Amma bizə məlumdur ki, orada Azərbaycanın üzüm sortları əkilməyib...

- Təəssüf ki, həmin vaxt bu, böyük problem idi, indi də elədir. Biz yerli üzüm sortlarının calaq edilmiş tinglərini istehsal edən şirkət tapa bilmədik. Buna görə də dünyada qəbul edilən sortlara müraciət etməyi qərara aldıq və bizim şəraitdə becərmək üçün hanısının daha çox uyğun gəldiyini öyrənməyə başladıq. Qeyd edim ki, Avropanın istənilən üzüm-çülük ölkəsində institular var ki, onların üzümçülük üçün yararlı olan bütün sahəsi müəyyən üzüm sortunun və uyğun olaraq şərab növünün istehsalı üçün daha cəlbedici olan kateqoriyalara bölünüb. Bunlar bütün göstəricilər, o cümlədən, tinglərin nə qədər və nə cür əkilməsi, məhsulun yığılması və ondan necə şərab düzəldilməsi göstəriciləri üzrə qanunvericiliklə möhkəmləndirilmiş mənbə zonalarıdır.  Bu, "adın mənşəyinin nəzarəti sistemidir" və yuxarıda qeyd edildiyi kimi, Avropanın bütün tanınmış üzüm-çülük ölkələrində bu mövcuddur. Bu təsərrüfatlar göstərilən prin-siplərə riayət edirlər, yəni onlar adın mənşəyinin nəzarəti sisteminə uyğun olaraq, öz şərablarını adlandırmağa müvafiq statusa və hüquqa malikdirlər. Burada dəqiqləşdirmək lazımdır ki, şərabın adı və onun bazarda təklif edilməsi zamanı istifadə edilən brend tamamilə müxtəlif şeylərdir. Şərabın adı üzümün becərildiyi və emal edildiyi bölgəni göstərir. 

Bu praktikanı öyrənmək üçün  xaricdə - İtaliyada və Fransada çox sayda təsərrüfatlara baş çəkərək biz üzüm növlərini, suvarma üsullarını, aqrotexniki tədbirlərin texnologiyasını və şərab istehsalı üçün baza avadanlığını müəyyən etdik. Məsləhətçilərimizlə birlikdə üzümlüklərə xidmət sistemində aqrotexniki əməliyyatların çoxunu mexanikləşdirməyə imkan verən çağdaş üzüm kollarını dəstəkləmə sistemi işləmişik və ümid edirəm, 2013-cü ildə məhsul yığımı zamanı biz üzümdərən maşınlardan istifadə edə bilərik. Biz Azərbaycanda hal-hazırda tək olan üzüm tinglərinin mexaniki əkmə maşınını almışıq, 2007-ci ilin yazında Novxanıda və Şamaxı-Ağsu yolunun yaxınlığında yerləşən dağ kəndi Muğanlıda yerləşən 112 hektar ərazidə 10 müxtəlif sortdan olan 600 min ting əkmişik. 

- İlk məhsul nə zaman alındı?

- 2010-cu ildə, dördüncü vegetasiya dövründən sonra. Müəyyən mənada bu, sınqt məhsulu idi. Biz yoxlayırdıq ki, kişmiş sortlar Abşeron şəraitində özünü necə göstərəcək. Aydın oldu ki, onların bəziləri bizim şəraitə dəqiqliklə uyğunlaşıblar, başqaları isə dadını və ətrini dəyişdiriblər. İstənilən halda,  məhsul yığıldı və həmin zaman bizim müəssisənin birinci növbəsi qəbul və emal üçün hazır idi, ona görə də yığılmış azhəcmli məhsul emala verildi. Artıq sonrakı il, yəni 2011-ci ildə görülən işlə bağlı müəyyən nəticələrə malik olduğumuza görə, aqrotexniki xidmət və şərab istehsalı protokollarına lazımi düzəlişləri edə bildik. Əlbəttə, bu isə öz növbəsində, 2011-ci ilin məhsuluna müəyyən keyfiyyət və kəmiyyət məsəlsində müsbət təsirini göstərdi. Bu zaman qeyd olunmalıdır ki, bütün üzüm yığımı prosesi əllə aparılır. Onlar ayrıca "yeşik"lərdə şərab istehsalı zavodunun üzümlük ərazisində yerləşən qəbul məntəqəsinə göndərilir, bununla da üzümün keyfiyyətinin qorunması ən yüksək səviyyədə təmin edilir. 

Aqrotexniki işlərin və üzümün emalı üzrə protokolların bütün mərhələlərində biz "Agriman by Tecnovite" şirkəti ilə bağladığımız sazişə uyğun olaraq ixtisaslı məsləhətlər alırıq. Bu şirkət İtaliyanın məşhur Toskaniya bölgəsində üzümlük-lərin yaradılması və tikintisi xidmətləri üzrə qəbul edilən bazar lideridir. Onun Kianti (Chianti), Brunello di Montalçino (Brunello di Montalcino) və Bolqeri (Bolgheri) növləri çox məşurdur.

- Sizin məhsul yerli bazara istiqamətlənib?

- Biz yerli bazarın tələbatını öyrənməyə davam edirik - istehlakçıların istəkləri sosial statuslarına, alıcılıq qabiliyyətlərinə, dünyagörüşlərinə və başqa amillərə uyğun olaraq güclü fərqlənir. Şəksiz ki, istehsalçı istehlakçının çoxunun fikrini nəzərə almalıdır, amma spesifik ərzaq seqmentlərində başqa istehlakçılar da var, onlar azlıq təşkil edirlər, amma onların da zövq seçimləri nəzərə alınmalıdır. 

Bizim ümumi vəzifəmiz şərab istehlakçısının istehlak və anlayış mədəniyyətinə həm də keyfiyyətin yüksəldilməsi və şərab məhsullarının çoxçeşidliliyi yolu ilə düzəliş etməkdir. Bunun üçün biz mövsüm ərzində, demək olar ki, hər gün üzümlüklərin vəziyyətini öyrənirik, üzümü heyranlıq və qürur doğuran şərab istehsalına imkan verən optimal parametrlər uyğunluğuna gətirməyin yollarını araşdırırıq. 

Bu, böyük zəhmətdir. Çünki konkret bir sortun Abşeronun konkret iqlim şəraitində özünü necə aparacağı ilə bağlı bizdə heç bir statistik göstərici və məlumat yoxdur. Belə deyək  ki, Avropa şərabçıları üçün nisbi anlamda "pis hava" anlayışı yoxdur.  Onlar bütün mövsüm ərzində hava şəraitinin hər bir konkret inkişaf ssenarisi üzrə üzümə qulluq və emal üsulları barədə protokollar yaradıblar. 

Biz isə hələ yolun başlanğıcındayıq. Bu gün bizim başlıca vəzifələrimizdən biri yalnız müvafiq məlumatlar bazası yaratmaq deyil, həm də gələcəkdə bizim düşüncələrimizi yerinə yetirməyi bacaran layiqli ardıcıllar yetişdirməkdir. Necə deyələr, bu bizim qlobal məqsədimizdir. Amma qısamüddətli perspektivdə biz istənilən başqa biznes qurumu kimi, əlbəttə ki, öz məhsulumuzu sataraq layiqli gəlir əldə etmək istəyir və buna can atırıq. Bunun üçün bütövlükdə məhsul istehsalını artırmağı və yatarılan sərmayələrin öz vaxtında qaytarılmasını təmin etməyi planlaşdırırıq.    

Beləliklə, ilkin və premial sektorlarda təbii kəmşirin şərablar bazarına çıxmağa hazırlaşırıq. 2013-cü ildə isə məhdudseriyalı şərab nümunələrinin ilkin nümunələri bazarına çıxmağı nəzərdə tuturuq. Əlbəttə, onların istehsal həcmi xeyli azdır, amma onlar Azərbaycan istehlakçısına layiq olan parlaq nümunələrdir. Və bizim sonrakı addımlar bazarın reaksiyasından asılı olacaq. 

Düşünürəm ki, şərabçılıq məhsulları istehsalı sahəsində işləyən şirkətlərin ümumi səyi nəticəsində biz çox tezliklə tanınacağıq və istehlakçıların etibarını  qazanacağıq, xarici bazarlarda Azərbaycanın şərabçılıq sektorunun layiqli təmsilçisi olacağıq. Həm ənənəvi bazarlarda, həm də artıq çoxdan şərabın keyfiyyətini anlamaq və onu istehlak etmək mədəniyyətinin formalaşdığı bazarlarda. Bizim işimiz Odlar Yurdunda üzümçülüyün və şərabçılığın dirçəldilməsi ümmanında bir damla olacaq.



MƏSLƏHƏT GÖR:

553