Müəllif: İlahə MƏMMƏDLİ Bakı
SSRİ Əmanət Bankının Azərbaycan bölməsində qalmış əmanətlərin indeksasiyası, nəhayət ki, öz əksini tapıb: demək olar ki, 6 illik gözləmədən sonra dondurulmuş əmanətlərin verilməsi qaydaları və şərtləri müəyyən edilib.
Prezident İlham Əliyevin keçmiş Azərbaycan SSR Əmanət Bankının 1 yanvar 1992-ci il tarixinə əmanətçisi olmuş Azərbaycan vətəndaşlarına və onların varislərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında 14 mart tarixdə dərc olunmuş fərmanına görə, bilavasitə pulların verilməsinə 2012-ci ilin iyun ayında başlanacaq və bu, 31 dekabr 2013-cü ildə başa çatacaq.
Proses başlayıb
Başlanğıc üçün qeyd edək ki, hələ 2005-ci ilin oktyabr ayında verilmiş Prezident Sərəncamı ilə SSRİ Əmanət Bankının Azərbaycan bölməsində əhalinin (1 yanvar 1992 vəziyyətinə) olan əmanətlərinin indeksasiyasının aparılmasına hazırlıq üçün Baş nazir Artur Rasizadənin rəhbərliyi altında dövlət komissiyası yaradılıb, amma bu proses düz altı il çəkib. Bildirmək gərəkdir ki, dövlət komissiyası, hətta müvafiq qanun layihəsi və indeksasiya mexanizmi hazırlayıb. Bu zaman prosesin 8-10 il ərzində başa çatması nəzərdə tutulub. Yəni Azərbaycan hökuməti taym-aut götürməyi qərara alıb və məsələ praktiki olaraq dondurulub.
Bu illər ərzində əsas problem "köhnə" əmanətlərin qaytarılma mexanizminin müəyyən edilməsi olub. Keçmiş SSRİ Əmanət Bankında əmanətlərin həcminin böyük olması və bu barədə tam məlumatsızlıq məsələni mürəkkəbləşdirirdi. Belə ki, Azərbaycan Parlament Aparatının rəhbəri Səfa Mirzəyevin sözlərinə görə, kisə-kisə sənədləri bir yerdən başqa yerə daşıyıblar, nəticədə onların bir qismi itirilib, bəzilərinin isə yerinə dublikat qoyulub. Həmçinin çox sayda saxta sənədlərin təqdim edilməsi faktları da var. Bu problemlər "Kapitalbank" və Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən hesabların invertarlaşdırmasının gedişində müəyyən edilib. Əmanət Bankının 1 yanvar 1992-ci il tarixinə olan əmanətçilərinin hesablarının invertarlaşdırılmasının nəticələri göstərib ki, bankda, təxminən, 2 mln vətəndaşın toplam 5,4 mlrd sovet rublu məbləğində əmanəti olub. Həm də Azərbaycan hökuməti AzSSR Əmanət Bankında əmanət sahibinin heç birini incitmək fikrində deyil və hətta həyatdan köçmüş əmanətçilərin varislərinə də kompensasiya verməyi lazım sayır, amma bunun üçün onlar lazımi sənədlər təqdim etməlidirlər.
Belə ki, keçən il dövlət başçısı hökumətə qəti sərəncam verib ki, bu məsələnin həlli uzanmasın, 2011-ci ilin sonunda isə "Əmanətlərin indeksasiyası haqqında" qanun layihəsinin təkmilləşdirilmiş variantının hazırlanmasına başlanılıb. Bu barədə ictimaiyyətə maliyyə naziri Samir Şərifov məlumat verib. Amma nəticədə belə görünür ki, məsələni daha da uzatmamaq, parlamentdə müzakirələrdən yan keçmək və s. qərara alınıb. Beləliklə, martın 14-də verilmiş fərman, həmçinin dövlət başçısı tərəfindən təsdiq edilmiş "Keçmiş SSRİ Əmanət Bankının Azərbayjan Respublikası Bankının Azərbayjan Respublikasının vətəndaşları olan əmanətçilərinə və onların varislərinə fərdi birdəfəlik ödəmələrin verilməsi qaydaları"nda nəzərdə tutulmuş indeksasiya əmsalı və mexanizmi çoxları üçün gözlənilməzlik oldu.
Mexanizmin özü
Beləliklə, fərmana görə, birdəfəlik ödənişlərin verilməsi üzrə müvəkkil bank kimi "KapitalBank" ASC sayılır və o, AzSSR Əmanət Bankının hüquqi varisidir. Birdəfəlik ödənişlərin verilməsi zamanı ortaya çıxa biləcək mübahisəli məsələlərin baxılması və bu işlərin üzərində ümumi nəzarət gerçəkləşdirilməsi üçün Nazirlər Kabinetinə buyurulub ki, 15 gün ərzində Maliyyə Nazirliyinin yanında müvafiq strukturların təmsilçilərinin iştirakı ilə xüsusi komissiya yaradılsın və o, ödənişlər başa çatana kimi fəaliyyət göstərsin. Həmçinin Nazirlər Kabinetinə xüsusi komissiyanın fəaliyyət qaydasını təsdiq etmək tapşırılıb.
Bundan başqa, Nazirlər Kabinetinə buyurulub ki, birdəfəlik ödənişlərin verilməsi üçün dövlət büdcəsindən müvafiq vəsaitlərin ayrılması və bu ödənişlərin verilməsi işlərinin təşkili üzrə məsələləri, həmçin fərmandan doğan başqa məsələləri həll etsin.
Maliyyə Nazirliyinə isə "KapitalBank" ASC-nin sifarişləri, həmçinin xüsusi komissiyanın qərarları əsasında dövlət büdcəsindən birdəfəlik ödənişlərin maliyyələşdirilməsini gerçəkləşdirsin.
Bundan başqa, birdəfəlik ödənişlərin verilməsi zamanı əmanətçilərin müraciətləri ilə bağlı operativ tədbirlərin gerçəkləşdirilməsi məqsədi ilə Maliyyə Nazirliyinə tapşırılıb ki, "qaynar xətt"in yaradılmasını təmin etsin. Həmçinin nazirlik KİV-də birdəfəlik ödənişlərin verilməsi barədə son durum haqqında KİV-də mütəmadi olaraq məlumatların yerləşdirilməsini gerçəkləşdirməlidir.
Əmanətlərin verilməsinin birbaşa qaydalarına gəldikdə isə, onlar əmanətlərin 15 avqust 1992-ci il tarixdə milli valyuta ilə hesablanması (1 Azərbaycan manatı - 10 sovet rublu) və 1 yanvar 2006-cı il tarixdə milli valyutanın denominasiyası (1 yeni Azərbaycan manatı (AZN) - 5000 manat) ilə nəzərdə tutulur, təsdiqedici sənəd kimi Əmanət Bankının əmanət kitabçası sayılır. Həmin dövrdə dünyasını dəyişmiş vətəndaşların əmanətləri üzrə kompensasiyanı onların qanuni varisləri alacaqlar.
Başqa sözlə, faktik olaraq sovet əmanətlərinə görə kompensasiya müəyyən edilib və hər 1 sovet rublu 0,1-0,375 yeni Azərbaycan manatına bərabərdir. Müəyyən edilmiş məbləğdən yuxarı əlavə ödənişlər 1 sovet rublu üçün 0,05 AZN, 0,08 AZN və 0,1 AZN məzənnəsi ilə ödəniləcək.
Məsələn, əgər əmanətin məbləği 2000 rubl təşkil edirsə, o, 4 qəpikə bərabərləşdiriləcək və uyğun olaraq onun üçün 300 manat veriləcək. Uyğun olaraq 1 min rubl qarşılığında əmanətçi 150 manat alacaq.
Əgər əmanətin məbləği 2 min rubldan 5 min rubla (10 qəpikə) qədər dəyişərsə, onda 2 min rubl qarşılığında 300 manat və üstəgəl bundan yuxarı hər bir qəpik üçün 50 manat veriləcək. Konkret deyək, əgər əmanət 3 min rubl təşkil edirsə, onda ona 300 manat + 100 manat veriləcək (1 min rubl = 2 qəpik).
5 min rubldan 10 min rubla (20 qəpikə) qədər olan əmanətlər aşağıdakı kimi hesablanacaq: 600 manat və bunun üstünə 5 min rubl çıxıldıqdan sonra qalan məbləğin üçtünə hər bir qəpiki üçün 40 manat gəlinir. Əgər məbləğ 10 min rubldan çoxdursa, onda əmanətçi 1 min manat və bunu üstünə göstərilən baza məbləğinin hər 1 qəpiyi üçün 25 manat gəlinir.
Ödənişlər nağd pulla və ya bank ödənişinin başqa formasında gerçəkləşdiriləcək, bundan sonra sovet əmanət hesabı bağlanacaq. 31 dekabr 2013-cü il tarixdən sonra ödəniş barədə heç bir müraciət qəbul edilməyəcək.
Beləliklə, əmanətlərin indeksasiyasının Azərbaycan variantının əsas üstünlüyü ondadır ki, qısa müddət ərzində, demək olar ki, bütün keçmiş əmanətçilər və ya onların varisləri öz pullarını ala bilərlər. Azərbaycan hökuməti isə nəhayət ki, keçmiş SSRİ-nin növbəti arzuolunmaz "miras"ından yaxa qurtara bilər.
ONLARDA NECƏDIR?
SSRİ-nin keçmiş respublikalarından Litva və Qazaxıstan öz vətəndaşlarına itirdikləri əmanətləri qaytarıblar. Litva birinci hesablaşıb. Pulların qaytarılmasına dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən gəlirlərin 80%-dən çoxu yönəldilib. Qazaxıstan da SSRİ Əmanət Bankı əmanətçilərinə borclarını qaytarıb, amma onlar üçün əlverişsiz formulda olub: 15 min sovet rubluna istiqraz şəklində cəmi $100 verilib. Moldova, Qırğızıstan və başqa keçmiş ittifaq respublikaları da öz borclarından imtina etmirlər. Bütün ölkələr keçmiş SSRİ-nin daxili borcuna xidmət edilməsi prinsipləri və mexanizmi haqqında 1992-ci ilin mart ayında MDB çərçivəsində imzalanmış Sazişə uyğun şəkildə fəaliyyət göstərirlər.
Bir sıra başqa MDB ölkələrində bu məsələdə işlərin nə yerdə olması barədə bir neçə misal göstərək.
Ukrayna. Rəsmi məlumatlara görə, SSRİ Əmanət Bankının Ukrayna əhalisi qarşısında borcları hər sovet rublu 1 qrivnaya bərabər götürülərsə 131 milyard qriven təşkil edir. 1996-cı ildə Ali Rada qiymətdən düşmüş əmanətlərin 1 rublun 1,05 qrivna nisbətində indeksasiyası haqqında qanun qəbul edib. Yerli ekspertlər hesab edir ki, əgər əmanətlərin ədalətli qaytarılması haqqında danışılarsa, onda bir rubl qarşılığında 100 Ukrayna qriveni verilməli idi. Keçən müddət ərzində insanlara cəmi 10,65 milyard qriven (8%-dən azacıq çox) qaytarılıb.
Belarus. Respublika yalnız indi SSRİ Əmanət Bankının əmanətlərinin qaytarılmasını davam etdirməyi planlaşdırır, amma bu ödənişlərin nə cür və hansı müddətə gerçəkləşdiriləcəyi indiyə kimi aydın deyil. 1998-1999-cu illərdə onların artıq kompensasiyası aparılıb. Hər 10 min rubl üçün $500 verilmişdi. Daha sonra ödəniş məbləği $22-ə qədər azaldı ki, bu da əmanətlərini belə məzənnə üzrə qaytarmaq istəyənləri azaltdı. Belarus hakimiyyəti əhalini əmin edir ki, əmanətləri inflyasiyanı və keçən illər üzrə bütün faizləri nəzərə almaqla tamamilə qaytarmağı düşünür.
Rusiya. Əhalinin dövlət tərəfindən zəmanət verilən əmanətləri bütövlükdə 345,5 milyard sovet rubludur və onları çağdaş rubla çevirdikdə 22 trilyon təşkil edir. Federal büdcənin son bir neçə ildəki xərcləri ilə tutuşdurduqda rəqəm nəhəngdir. 1995-ci ildə "Rusiya Federasiyası vətəndaşlarının əmanətlərinin bərpası və müdafiəsi haqqında" qanun qəbul edilib və qanuna görə, islahatdan əvvəlki əmanətlər daxili dövlət borcu sayılıb. Və artıq on beş ildir ki, borcun büdcə vəsaitləri ilə kompensasiya etmək yolunu seçən dövlət keçmiş əmanətçilərinə kompensasiya pulları verir və hər il bu məqsədlə dövlət xəzinəsindən ayrılan konkret məbləğ bildirilir, əhalinin müəyyən kateqoriyası üçün ödəniş növbəsi müəyyən edir. Ancaq sovet əmanətləri probleminin tam həlli əvvəlki kimi yenə də dalana dirənib və ondan necə çıxmaq tam aydın deyil. Maliyyə analitikləri hesablayıblar ki, əgər keçmiş əmanətçilərə hər il 85 milyard rubl verilsə, onda ödəniş prosesi, demək olar ki, 260 il çəkər!
MƏSLƏHƏT GÖR: