Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Son bir neçə ildə dünyada görünməmiş şəkildə qızıla tələbatın artması və uyğun olaraq, bu əlvan metalın qiymətinin qalx-ması müşahidə edilir. Bu meylin kökündə sərmayəçilərin Avropa və ABŞ-da həllini tapmayan borc problemləri üzündən ucuzlaşan dollar və avroda nominasiya edilmiş aktivlərdən uzaqlaşması dayanır. Yaranmış durumda bahalaşan qızıla bizim ölkə də maraq göstərir. Artıq 2010-cu ildən Mərkəzi Bankın rezervlərinin strukturuna qızıl aktivlər daxil edilib, bu ilin fevral ayından isə əlvan metallar almağa Dövlət Neft Fondu (ARDNF) da başlayıb.
Dünya meyli
Bu il martın 8-də Nyu-York əmtəə birjasının bölməsi olan COMEX-də qızıla aprel fyuçersləri bir Troya unisiyası (31,1 q) üzrə $1683,9-dan satılıb. Fevral ayına nisbətən bu əlvan metalın qiymətləri geriləsə də, bununla belə, birja trendləri birmənalı şəkildə bahalaşmadan xəbər verir. Gözlənilir ki, bu ilin iyun ayından sonra unsiyanın qiymətinin $1800-ı keçməsi tamamilə real olacaq. Bu cür proqnozlar tamamilə əsaslıdır. Nəzərə almaq lazımdır ki, yalnız son iki ildə qızıl 60% bahalışıb, özü də bu metal artıq beş ildir ki, durmadan bahalaşır və 1920-ci ildən bu yana ən davamlı bahalaşma dövrü olub.
Nüfuzlu analitiklərin və birja treyderlərinin fikrincə, yaxın beş il ərzində qızıl qiymətlərinin bahalaşması əsas meyl olacaq. O cümlədən, bu gün qızıl alınması üzrə müqavilələr onun bazardakı fiziki həcmini yüz dəfə üstələyir. Bu o deməkdir ki, qızıl fyuçersləri bazarında növbəti köpük üfürülür. Bu köpük nəzəri olaraq hələ çıxarılmamış və külçə kimi tökülməmiş əlvan metalla əsaslandırılır. Ortamüddətli proqnozlara görə, 2016-cı ilə kimi bir Troya unsiyası qızılın qiyməti $5 minə çatacaq. Bununla da fiziki olaraq qızıl çatışmazlığı üzündən yaxın dörd il ərzində ən azı üç dəfə onun qiyməti bahalaşacaq.
Qızılın qiymətlərinin bu cür artımı, ilk öncə, onu inflyasiyanın, siyasi səbatsızlığın və aparıcı dünya dövlətlərinin monetar siyasətinin zəifləməsinin yaratdığı risklərinin məhdudlaşdırılma aləti kimi istifadə etməyə yönəldir.
Əslində, qızılın qiymətinin qalxması spekulyativ tələbatla bağlıdır. Əlvan metalların uzunmüddətli bahalaşma meylinə gəldikdə isə bu, qlobal anlamda dünya bazarının sağlamlaşması perspektivləri ilə bağlı qeyri-müəyyənliyin qalmaqda davam etməsi ilə əlaqəlidir. Bundan başqa, qızılın başqa investisiya aktivlərindən asılılığı sıfır səviyyəsindədir, yəni yalnız mərkəzi banklar və iri şirkətlər üçün deyil, həm də sadə investorlar üçün də əlverişli diversifikasiya alətidir.
Mərkəzi Bankın ehtiyatı
Maraqlıdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, yetərincə uzun zaman dövründə qızıl ehtiyatlarının rezervləşdirilməsi məsələsində ehtiyatlı və təmkinli mövqeyə üstünlük verib. Hesab edilirdi ki, dövlətin valyuta ehtiyatlarının uzunmuddətli əsasda şaxələndirilməsi üçün qızıl yetərincə riskli aktivdir. Yalnız 2010-cu ildə Mərkəzi Bank (AMB) öz valyuta səbətinə yeni aktiv - əlvan metallar əlavə etmək barədə qərar qəbul edib. Özü də AMB qızılı heç də başqa dövlətlərin etdiyi kimi dünya bazarlarından almadı, sadəcə, Azərbaycan yataqlarından, o cümlədən, Gədəbəy rayonunda PSA tipli bir neçə saziş əsasında işlədilən yataqlardan əldə edilən qızılı özündə saxladı. 2009-cu ilin ortalarına "Anglo-Asian Mining PLC" şirkəti burada sənaye üsulu ilə hasilat gerçəkləşdirir, əldə edilən qızıl affinaj üçün İsveçrəyə yola salınır. Dünya bazarında "Ayrim" brendi ilə satılan qızılın bir hissəsi hasilatın pay bölgüsü sazişi əsasında saxlanmaq üçün AMB-yə gətirilir. Keçən ilin sonuna AMB-yə toplanmış qızıl ehtiyatı 513,6 kq təşkil edib, onların dəyəri isə ölkənin Maliyyə Nazirliyi tərəfindən $28,4 mln səviyyəsində qiymətləndirilir.
Bütünlükdə, üç ildən də az müddətə "Anglo-Asian Mining PLC" şirkəti bizim ölkədə 2,408 tona yaxın qızıl hasil edib. Sərmayəçilərin öz xərclərini çıxartmaq üçün müəyyən müddət keçdikdən sonra Azərbaycan qızıl yataqlarından gələn gəlirin 51 faizini əldə edəcək. Əgər qiymət proqnozu maksimum olan bir unsiyaya görə $5000-a çatarsa, hasilatın indiki səviyyəsində ölkənin il ərzində əldə edəcəyi vəsait $321,5 mln.-u keçəcək ki, bunun da böyük hissəsi hökumətin payına düşəcək. Hasilat illik 5 ton səviyyəsinə qalxdıqda isə hökumətin il ərzində əldə edəcəyi vəsait $803,8 mln olacaq ki, bu da ölkənin toplam neft gəlirlərinin 10%-i deməkdir.
Ancaq AMB-nin topladığı fiziki qızılın həcmi elə də çox deyil və çətin ki, yaxın iki-üç ildə bir neçə tonu keçsin. Bir çox dövlətlər qızılı rezervləşdirən zaman bir qədər fərqli yanaşmalar nümayiş etdirirlər. Son iki ildə rezervləşdirilən valyuta ehtiyatlarının strukturunda əlvan metalların, hər şeydən öncə, qızılın payını artırmağa can atan mərkəi bankların və oxşar səlahiyyətləri olan fondların və dövlət qurumlarının sayı yetərincə artıb. Dünya Qızıl Şurasının məlumatına görə, 2011-ci ildə dünya mərkəzi banklarının toplam qızıl ehtiyatları dinamik artıb və hazırda valyuta rezervlərinin tərkibində əlvan metalların orta payı 12% təşkil edir. Bütünlükdə, keçən ilin ortalarına mərkəzi banklar tərəfindən toplanmış fiziki qızıl 25,7 min tona çatıb. Maraqlıdır ki, bu istiqamət son zamanlarda yalnız ABŞ, Almaniya, İtaliya və Fransa kimi ənənəvi olaraq nəzərəçarpacaq səviyyədə əlvan metallar saxlayan dövlətlərdə aparıcı olmaqla kifayətlənmir. Sadalanan ölkələrdə fiziki qızılın payı uyğun qızıl-valyuta ehtiyatlarının üçdəikisidən dörddəüçünə qədər dəyişir. Bütünlükdə, yetərincə əminliklə ABŞ və avro zonası ölkələrinin "qızıl pariteti" haqqında danışmaq olar. Bu ölkələrin toplam qızıl ehtiyatları həm ABŞ dollarının və həm də avronun hipotetik "qızıl təminatı"na uyğun gəlir.
Dünyanın iri ölkələrinin qızıl ehtiyatlarının strukturu həddindən fərqlidir, amma iri iqtisadiyyatların bu göstəricisi ümumi daxili məhsula (ÜDM) görə ilk onluğa girən ölkələr sırasına uyğun gəlir. Yalnız Çin və Yaponiya istisnadır, bu ölkələr üçun monetar qızıl ehtiyatlarının həddindən aşağı göstəricisi səciyyəvidir.
Bununla yanaşı, son illərdə Asiya, Afrika və Cənubi Amerikanın bir çox inkişaf etməkdə olan ölkələri, bizim MDB qonşularımızın çoxu fəal şəkildə qızıl almağa başlayıblar. Özü də söhbət yalnız inkişaf etməkdə olan ölkələrdə hasil edilən, xarici və yerli qızıl hasilatı şikrətləri tərəfindən təbii sərvətlərin işlənilməsindən pay kimi hökumətlərə verilən qızılın rezervləşdirilməsindən getmir. Həm də bu ölkələrin sırasına təkcə Hindistan, Tailand, Venesuela, İran və Fars körfəzinin, Şimali Afrikanın neft ölkələri kimi dinamik inkişaf edən və həddindən artıq valyuta ehtiyatına malik dövlətlər daxil deyil və bu sırada iqtisadi göstəriciləri elə də göz qamaşdırmayan çox sayda ölkə var. Belə ki, bu ilin yanvar ayından Qazaxıstan, Türkiyə və Belarus tərəfindən də qızıl almağa maraq müşahidə edilib, onların aldığı qızılın toplam göstəricisi 538 min Troya unsiyasına barəbər olub.
Əsas toplayıcı
Dünya Qızıl Şurasının məlumatına görə, artıq keçən ildən dünyanın aparıcı dövlətlərinin mərkəzi bankları əlvan metalların təmiz alıcılarının sırasına daxil olublar. Bu ilin əvvəlindən bizim ölkə də dünya meylinin axarını izləmək barədə qərar əbul edib. Amma Azərbaycanda əlvan metalların əsas yığıcısı səlahiyyəti ARDNF-ə münasib görülüb.
İnvestisiya çantasının şaxələndirilməsi və onun gəlirliliyinin artırılması məqsədi ilə bu ilin fevral ayının 1-dən ARDNF qızıl yatırımlarına da başlayıb. Fond banklardan və marketmeyker olan başqa təşkilatlardan - London qiymətli metallar bazarının iştirakçılarının birliyi olan "London Bullion Market Association"in üzvlərindən qızıl külçələrin satın alınmasını gerçəkləşdirir. Assosiasiyaya iri banklar, qızıl hasilatçıları, qızıl və gümüş külçələr bazarında ixtisaslaşmış nəqliyyat və affinaj şirkətləri daxildir.
Dövlət başçısı tərəfindən keçən ilin dekabr ayında verilmiş fərmana əsasən, fonda toplam sərmayə portfelinin 5%-ə qədərini qızıla yatırmaq icazəsi verilib. Nəzərə alsaq ki, 2012-ci il üzrə fondun ortaölçülü investisiya çantası 23 mlrd manat ($29,258 mlrd) həcmində müəyyən edilib, onda bu rəqəmə əsaslanaraq demək olar ki, ARDNF beşfaizlik kvota çərçivəsində $1,462 mlrd.-lıq qızıl ala bilər. Cari qiymətlərlə (Troya unsiyasına görə $1683,9-dən) götürdükdə bu, 27 ton qızıl edir.
Təbii ki, alınan qızılın real həcmi xeyli az olacaq, çünki ARDNF üçün planlaşdırılan beşfazilik kvotanın doldurulaması bir- dəfələik əqdlə gerçəkləşdirilə bilməz və yetərincə uzun çəkəcək. Bir faktı nəzərə almaq lazımdır ki, cari ildə qızılın qiyməti yalnız qalxacaq, deməli ARDNF-in sözügedən məbləğ qarşılığında ala biləcəyi qızıl həcmi də azalacaq.
Bununla belə, hətta dünya bazarından qızıl alınması barədə qərar verən Azərbaycan hökuməti yenə də əvvəlki kimi, bu yetərincə riskli rezerv alətinə kifayət qədər ehtiyatlı yanaşmanın tərəfdarıdır. ARDNF aktivlərinin strukturunda onun payı beş faizlə məhdudlaşdırılıb və çox çətin ki, yaxın illərdə bizim dövlətdə dünya bazarında kütləvi şəkildə qızıl alınması və ya ARDNF-in valyuta ehtiyatlarının strukturunun köklü şəkildə dəyişdirilməsi barədə qərar verilsin.
Bizim hökumətin bu cür ehtiyatlı davranması yetərincə əsaslıdır, çünki qızılın qiymətinin durmadan qalxması bir sıra ekspertləri çəkindirir. Onlar hesab edirlər ki, sərmayəçilərin qızıla həddindən marağını fond möhtəkirlərinin əməlləri bir qədər artırır. Belə ki, Nyu-York universitetinin professoru Nuriel Rubininin sözlərinə görə, dünya iqtisadiyyatında qızılın qiymətinin qalxması üçün əsaslı səbəb, məsələn, hiperinflyasiya yoxdur. Bu gün faktik olaraq əlvan metalların qiymətinin qalxması sərmayəçilərin defolt riskləri, iqtisadiyyatın azalması qorxusu üzündən borc aktivlərinə sərmayə yatırmaqdan çəkinmələri üzündən baş verir.
Psixoloji stereotip öz işini görür, sərmayəçilərin çoxu hesab edir ki, qızıl ən təhlükəsiz aktivdir. Üç il qabaq da belə düşünürdülər ki, neft tarifləri heç zaman düşməyəcək, əmlak qiymətləri isə həmişə qalxacaq. Ancaq təcrübə göstərir ki, bu və ya digər əmtəənin və ya fond aktivinin spekulyativ bahalaşması gec, ya tez dayanır və çox vaxt sabun köpüyünün kəskin partlayışı ilə başa çatır.
Buna görə bir çox analitiklər bu fikirdədirlər ki, qızılın başına da bu iş gələcək - fikir ayrılıqları yalnız bu əlvan metalın qiymətinin maksimum səviyyəsi və qızıl qızdırmasının başaçatma müddəti barədə yaranır.
MƏSLƏHƏT GÖR: