Müəllif: Nurlanə QULİYEVA Bakı
Avrozonada heç cür sakitləşmək bilməyən iqtisadi böhran Köhnə Dünya ölkələrinin əksəriyyətini onlar tərəfindən qəbul edilmiş bazar münasibətləri əsasında iqtisadiyyatın idarəetmə prinsiplərindən geri çəkilməyə və tamamilə əks olan yeni oyun qaydalarına əl atmağa məcbur edib. Belə ki, yeni iqtisadi siyasətdə ən vacib elementlərdən biri dövlətin biznes strukturlarına maliyyə problemlərinin həllində, demək olar ki, açıq və hərtərəfli yardımı oldu. Halbuki elə bu yaxınlara qədər belə güzəştli borclar beynəlxalq maliyyə institutları (BMİ) tərəfindən kapitalist münasibətlərinin əsas şərtlərinin pozulması kimi dəyərləndirilirdi.
Azərbaycanda sahibkarlıq subyektlərinin inkişafının dövlət tərəfindən dəstəklənməsi artıq on ildən çoxdur ki, tətbiq edilir - 20 illik müstəqillik dövründə işlənmiş Azərbaycan iqtisadi inkişaf modeli bu siyasətin düzgünlüyünü sübut edib, çünki taleyüklü qərarların verilməsi zamanı kənardan tövsiyələr və xəbərdarlıqlar deyil, ilk öncə, milli maraqlar əsas tutulmalıdır.
Güzəştlər və maliyyə
Azərbaycanda sahibkarlığın inkişafında dövlətin rolu, demək olar ki, müəyyənedicidir: siyasi dəstəklə yanaşı, dövlət iş adamlarına iqtisadi yardım da edir. Uzun illər ölkədə yeni şirkət və müəssisələrə ayağa qalxmaq, möhkəmlənmək üçün, yeni istehsal sahələrinin yaradılmasının və inkişafının, ixracın və idxalın stimullaşdırılması üçün nəzərdə tutulmuş vergi və gömrük güzəştləri keçərli olub. Nə zaman məqsədə çatılıbsa, onda güzəştlərə də ehtiyac qalmayıb və ləğv edilib. İndi də birdəfəlik aksiyalar keçirilir. Məsələn, məhsul az olanda böhran astanasına yaxınlaşan taxıl idxalını stimullaşdarmaq üçün və s. tətbiq edilir.
Buna paralel olaraq kənd təsərrüfatı üçün güzəştlərin böyük hissəsi hələ də saxlanılır - bu sahə ölkə iqtisadiyyatı üçün strateji sahədir və həm ərzaq təhlükəsizliyinin təmin edilməsində, həm də bütünlüklə ölkənin regionlarının inkişafında əsas rol oynayır. SSRİ-nin dağılmasından sonra, aqrar sektorun bir çox sahələrində yaranan böhran durumu nəticəsində, burada sabit artım əldə etmək hələ də problemlidir. Buna görə də 1990-cı illərdə fermerlərin bütün vergilərdən azad edilməsi haqqında qəbul edilmiş güzəşt hələ də qüvvədədir, yalnız torpaq vergisi istisnadır. Bundan başqa, fermerlərə güzəştli şərtlərlə gübrə, yanacaq və texnika satılır, aqroservislər fəaliyyət göstərir, iribuynuzlu cins mal-qara gətirilərək fermerlərə verilir.
Məhz kənd sahibkarlarının gübrə ilə daha əlverişli şərtlər çərçivəsində təmin edilməsi üçün artıq azot gübrələri istehsalı üzrə zavodun tikintisi aparılır. Bu müəssisənin məhsulunun qiymətinin əlverişli olması üçün zavoda qaz güzəştli qiymətlərlə veriləcək.
Sadalanan tədbirlər sayəsində son illərdə bir çox məhsul növü üzrə yerli istehsal hesabına təminat səviyyəsi yüksəlib, həmçinin, yaxın 2-3 ildə aqrar sahədə daha yüksək nəticələr əldə etmək üçün əsas yaradılıb.
Yeri gəlmişkən, biznes üçün güzəştlər, o cümlədən, kənd təsərrüfatındakı güzəştlər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə danışıqlarda əsas çətinliklərdəndir. Məhz ÜTT-nin bu məsələdəki sərt mövqeyi bizim ölkəni ona üzv olmağa tələsdirmir. Başqa sözlə, Azərbaycan milli maraqlarını xarici tövsiyə və mövqelərdən üstün tutmaq prinsipindən geri çəkilmir.
Həmçinin bu prinsipin doğruluğu, yuxarıda deyildiyi kimi, göz qabağındadır. Prezident İlham Əliev də bu yaxınlarda çıxışlarının birində bildirib ki, bankları və iri müəssisələri müflislikdən xilas etmək üçün Avropanın çox ölkələrinin böyük öhdəliklər götürdüyünü, vəsait yatırdığını artıq indidən müşahidə etmək mümkün olur. "Biz bu siyasətə 2004-cü ildə başlamışıq. Xatırlayıram, həmin zaman biz çox vaxt beynəlxalq maliyyə qurumlarının kreditlərindən asılı olurduq. Bizə məsləhət verirdilər, tövsiyə edirdilər ki, dövlət bu işlərə qarışmamalıdır, özəl bölmə özü inkişaf etməli və dövlət kənarda qalmalıdır. Bu necə ola bilər? Bu bizim ölkədir. Dövlət, ya özəl olsun - bunlar Azərbaycan şirkətləridir. Biz onlara necə kömək etməyə bilərik?! Bizim dəstək önəmlidir", - deyə dövlət başçısı bildirib.
Maliyyə dəstəyi, kreditlərin verilməsi, həmçinin, xüsusilə də kiçik sahibkarlar üçün biznes-planların tutulması artıq çoxdan dövlətin işinə çevrilib. Biznesin maliyyə ilə təminatında xüsusi rol, əlbəttə ki, Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) məxsusdur. Əgər 2012-ci il də nəzərə alınarsa, yalnız fondun xətti ilə bu günə kimi güzəştli şərtlərə 900 mln manat həcmində kredit verilib. Onların mütləq çoxluğu regionlara, özü də demək olar ki, əksəriyyəti iqtisadiyyatın real sektoruna yönəldilib. Bu kreditlərin hesabına hazırda ölkədə 23 quşçuluq fabriki, 5 heyvandarlıq kompleksi, 14 soyuducu və 3 taxıl anbarı, 13 istixana kompleksi, 5 südçülük, 3 ət emalı və 4 konserv zavodu, 8 çörək-bulka zavodu və başqa müəssisələr tikilir. Bir sözlə, 2012-ci ildə SKMF kreditləri üzrə rekord göstərici əldə ediləcək: sahibkarlara güzəştli şərtlərlə 200 mln manat məbləğində güzəştli kreditlər veriləcək. Bunun 110 mln manatı kreditlərin geri qaytarılması hesabına təmin ediləcək ki, bu da biznesin kreditləşdirilməsi üzrə yaradılmış sistemin effektivliyindən xəbər verir.
Məhz dövlət dəstəyi ümumdaxili məhsulda (ÜDM) özəl bölmənin payının 83%-ə qədər yüksəlməsinə imkan yaradır. Yəni göründüyü kimi, Azərbaycan yetərincə qısa müddət ərzində bazar iqtisadiyyatına keçid dövrünü başa çatdırmağı bacarıb və sürətli inkişaf dövrü yaşayan ölkəyə çevrilməkdədir.
Xarici dəstək mərhələsi
Daxili istehsalın genişlənməsi, biznes strukturlarının güclənməsi ilə Azərbaycan sahibkarlığı getdikcə yeni inkişaf mərhələsinə - xarici bazarların mənimsənilməsinə, sabit ixracın təmin edilməsinə başlayır. Əlbəttə, hələ ki ölkənin ixrac bazarında əsas oyunçular kimi iri şirkətlər çıxış edir.
Hazırda xarici bazarların mənimsənilməsində ən böyük uğur Dövlət Neft Şirkəti tərəfindən qazanılıb. Ancaq "AZAL" aviaşirkətinin də bu təcrübəni davam etdirmək üçün yetərincə yaxşı şansları var. "O baxılmalıdır, ola bilər ki, hansısa başqa aviaşirkəti alıb başqa ölkələrdə iş qurmaq mümkündür. Bu da dövlət dəstəyi hesabına mümkün olacaq", - deyə İlham Əliyev hesab edir. Müəyyən müddətdən sonra bununla "Azərenerji" SC də məşğul ola bilər.
Eyni zamanda, dövlət ixrac potensialını həyata keçirməkdə özəl şirkətlərə yardım məsələsini də öz üzərinə götürməyə hazırdır. Bunun üçün artıq işlənmiş əməkdaşlıq sistemləri var; məsələn, hökumətlərarası komissiyalar və ya ikitərəfli biznes-forumlar şəklində. Amma təəssüf ki, Azərbaycan şirkətlərinin başqa ölkələrin bazarlarında möhkəmlənməsi ilə bağlı nəzərəçarpacaq nəticələr elə də çox deyil.
Bununla yanaşı, artıq 4-5 ildən sonra Azərbaycana öz ixrac imkanlarını tam reallaşdırmaq üçün ənənəvi, artıq "təsdiq edilmiş" bazarlarla yanaşı, əlavə xarici bazarlar da lazım olacaq. Buna görə də artıq bu gün məhsullarına xaricdə tələbat ola biləcək şirkətlərin dəstəklənməsinə yönəlmiş konkret proqramın gerçəkləşdirilməsinə başlanılmalıdır. Bundan başqa, İqtisadi İnkişaf və Xarici İşlər nazirlikləri bu gün bu məsələni birlikdə işləməli və xaricdə fəaliyyət məsələsində ixracyönümlü müəssisələr üçün müəyyən güzəşt şərtlərinin yaradılması üzrə yeni təkliflər rəsmiləşdirməlidirlər. Xarici siyasət sahəsində bu mövzu tərəfdaşlarla danışıqlarda daim mövcud olmalıdır. Onlara Azərbaycan şirkətləri üçün xüsusi güzəştli şəraitin yaradılmasından ötrü müraciət etmək olar.
"Biz hesab edirik ki, bu, ədalətli olacaq. Bizim banklar xarici bazarlara çıxır, çıxmalıdır və özü də daha sürətlə çıxmalıdır. Niyə bizim bir, beş və ya on ədəd bankımız başqa ölkələrdə işləməsin?! Niyə onlar oralarda aparıcı mövqelərə yiyələnməsinlər?! Əgər lazım gələrsə, dövlət tərəfindən siyasi və başqa dəstəklər veriləcək", - deyə dövlət başçısı çıxışlarının birində demişdi.
O cümlədən, 2013-2023-cü illərdə dövlət və özəl qurumların birgə fəaliyyəti yeni mərhələyə çıxacaq və bununla bağlı olaraq konkret hədəflərin müəyyən elilməsi ilə müvafiq plan işlənəcək. Dövlət isə biznesin inkişafına yardım göstərməyi davam etdirməklə, əslində, əsas iqtisadi öhdəliyi - sonrakı 10 il ərzində ÜDM iki dəfə artırmaq məsələsini həll edəcək.
MƏSLƏHƏT GÖR: