
SURİYA YOLAYRICINDA
Bəşər əsədin nə devrilməsi, nə də hakimiyyətdə qalması artıq suriyada sabitliyin tezliklə bərpasını təmin etmək iqtidarında deyil
Müəllif: Fuad HİLALOV Bakı
Vətəndaş münaqişəsi daha daxili və ya regional qarşıdurma deyil. Suriyadakı qeyri-sabitlik dünya fövqəldövlətləri arasında da qütbləşməyə səbəb olub. Bu Yaxın Şərq ölkəsində vəziyyət o həddə çatıb ki, orada tezliklə sabitliyin bərpasına nə Bəşər Əsəd rejiminin devrilməsi kömək edəcək, nə də onun hakimiyyətdə qalması.
Martın ilk həftəsinin sonlarında Suriyanın hökumət qüvvələri müqavimətçilərə sarsıdıcı zərbələr endirərək, indiyədək müxalifətçilərin nəzarətində olan əsas şəhər Homsu ələ keçirib.
KİV-in məlumatına görə, Homsda hökumət qüvvələrinə 300 fransalı legioner də müqavimət göstərib. Şəhərdə hələ də müqavimət ocaqları var. Amma artıq hökumətin vəziyyəti öz xeyrinə dəyişdiyi məlumdur.
Müxalifətçilər məğlubiyyətə uğramalarında "Suriyanın dostları" adlanan Qərb ölkələrini günahlandırır və onlardan lazımi dəstəyi almadıqlarını bildirir. Qərb isə öz növbəsində Suriya müxalifətini öz aralarında kifayət qədər əlaqə yarada bilməməkdə, Suriyanın Əsəddən sonrakı dönəminə fərqli baxmaqda və aşkar liderlərinin olmamasında günahlandırır.
Müxalifət düşərgəsində həqiqətən də xaos və qeyri-müəyyənlik hökm sürür. Liviyada söhbət şərq və qərb tayfaları arasında savaşdan gedirdisə, Suriyada etnik və dini qarışıqlıq rejimin əleyhdarlarına özlərinə lider, həmçinin, konkret fəaliyyət proqramı seçmək imkanı vermir.
Görünür, siyasi və hərbi müxalifət arasındakı ziddiyyətlərdən istifadə edən Əsəd hakimiyyəti əldə saxlamaq üçün əks-hücuma keçir. Suriya prezidenti iki səbəbdən vaxt udmağa çalışır. Birincisi, o, hərbi güc yolu ilə bu gün də 50-ci, 60-cı, 70 və 80-ci illərdə antiəsəd qüvvələrinin məskunlaşdığı əyalətlərdə öz mövqelərini bərpa etməyə çalışır.
İkinci cəhd isə legitimliyin siyasi yolla, yəni islahatlar vasitəsilə bərpasıdır.
Avropa İttifaqının XİN başçıları Suriyada fevralın 26-da yeni konstitusiyanın qəbulu ilə bağlı keçirilmiş referendumu "uğursuz oyun" və "gecikmiş addım" adlandırsalar da, qeyd etmək lazımdır ki, Əsəd hakimiyyətdə qalacağı təqdirdə, Suriyada siyasi sistem əvvəlki kimi olmayacaq.
Hazırkı prezidentin bir çox opponentləri Suriyada Liviya və ya İraq ssenarisinin təkrarlanmasına razılaşmayacaq. Suriyanın əsas hissəsində Qərbə antipatiya Əsədə olduğundan daha çoxdur və bu, sonda elə onun xeyrinədir. Silahlı toqquşmalar, əsasən, sünni ərəblərin məskunlaşdığı əyalət çərçivəsindən çıxmır. Bu üzdən, bütün ölkə ərazisində təlatümlərin yaşandığını iddia etmək düzgün olmazdı. Xristianlar və druzlar hazırkı prezidentə münasibətdə loyaldılar, çünki Əsəd öz əleyhdarlarını radikal fundamentalçılar kimi təqdim edir və müəyyən mənada bunda haqlıdır da. Ölkənin şimalında yaşayan kürdlərə gəlincə, vətəndaş qarşıdurmasının başlandığı dövrlə müqayisədə, indi onlar rejimə daha loyal münasibətdədir. Buna səbəb isə, Əsəd rejiminin onlara "demək olar ki, muxtariyyat" verməsidir. Bu gün kürdlər ölkənin şimalında yollara nəzarət etmək, blok-postlar qurmaq və onun keşiyində dayanmaq hüququna, həmçinin, digər dövlət imtiyazlarına malikdirlər.
Beynəlxalq qarışıqlıq
Beynəlxalq arenada da həm ayrı-ayrı dövlətlər arasında, həm də beynəlxalq təşkilatlarda Suriya probleminin həllinə münasibətdə bir qarışıqlıq var. ABŞ Prezidenti Barak Obama "hazırda Suriya probleminin sadə həllinin olmadığını" bəyan edib. Liviyada olduğu kimi, Suriyaya da NATO tərəfindən hərbi müdaxilə variantını istisna edən Obama bildirib ki, istənilən halda, Əsədin hakimiyyətdən getməsi zaman məsələsidir, çünki o, legitimliyini itirib.
Bu baxımdan, ABŞ-ın hakim dairələri Rusiya və Çini Əsədin devrilməsinə kömək etməyə çağırır. "BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyulmasından sonra, biz Rusiya və Çini Suriya xalqının tərəfində görmək istəyirik. Bu dövlətlər qan tökülməsinin qarşısını almalı, Bəşər Əsədə və Suriya hakimiyyətinə təsir göstərməlidir", - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland bildirib. Onun fikrincə, "yeganə islahat və dialoq Əsədin hakimiyyəti öz ailəsindən xalqa verməsi ola bilər". O bildirib ki, Suriya müxalifəti yalnız "hazırda ölkəyə rəhbərlik edən, lakin əlləri qana batmayan şəxslərlə dialoqa gedə bilər". V.Nuland bu sözlərlə göstərib ki, Amerika üçün ən vacibi məhz Əsəd rejiminin devrilməsidir və Vaşinqtonun hakimiyyətdəki başqa dairələrə etirazı yoxdur.
Suriya müxalifəti isə BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) xüsusi elçisi Kofi Annanın B. Əsəd hökuməti ilə dialoq təklifini rədd edib. Onlar bildirir ki, müxalifətçilərin qətliamının davam etdiyi şəraitdə hökumətlə danışıqlar qeyri-real və mənasızdır.
Dəməşqdə Annanla görüşən Bəşər Əsəd, öz növbəsində, silahlı müxalifətçiləri terrorçu adlandırıb və deyib: "Xaos və qeyri-sabitlik yaradan silahlı terrorçu qruplar varkən, siyasi dialoq və ya hər hansı siyasi addım uğur gətirə bilməz".
Rusiya ilə ərəb dövlətlərinin Suriyaya dair mövqeyində yaxınlaşma da hiss olunmaqdadır. Suriya böhranının tənzimlənməsinə dair martın 10-da Qahirədə Rusiya XİN başçısı Sergey Lavrov və onun ƏDL-dən olan həmkarlarının razılaşdırdıqları prinsiplərə, Annanın təşəbbüslərinə dəstəklə yanaşı, bir sıra digər məqamlar da daxildir: bütün tərəflərin zorakılığa son qoyması, ölkədəki vəziyyətin bitərəf şəkildə monitorinqinin aparılması, kənardan müdaxilənin olmaması və bütün suriyalılara maneəsiz olaraq humanitar yardımın paylanması. Halbuki Əsədi düşmən gözündə görən ərəb ölkələri əvvəllər Suriya müxalifətinə siyasi dəstəyin verilməsinə tərəfdar idi.
Ərəb dövlətləri arasında Əsədin ən radikal əleyhdarları İranın ənənəvi rəqibləri olan Qətar və Səudiyyə Ərəbistanıdır. Yeri gəlmişkən, Tehran Suriyanı Yaxın Şərqdə özünün son və yeganə dayağı sayır.
Yaxın Şərq arenasında daha bir əhəmiyyətli oyunçu hələ ki gözləmə mövqeyi nümayiş etdirən İsraildir. Bir tərəfdən, İsrail rəsmi Dəməşqin "Hizbullah" və Tehranla sıx əlaqələri baxımından Əsəd rejiminin devrilməsində maraqlıdır. Bundan başqa, iki ölkə arasında qeyri-sabit sülhün qorunub-saxlanmasına rəğmən, Əsəd Holland yüksəkliklərini Suriyaya qaytarmaq niyyətini dəfələrlə dilə gətirib. Bu baxımdan, onun prezidentlikdən getməsi və hakimiyyətə, məsələn, Burhan Qalyun kimi şəxsin gəlməsi, əlbəttə ki, İsrailin maraqlarına cavab verir. Amma digər yandan, Əsədin yerini israilpərəst siyasətçi yox, radikal islamçıların nümayəndəsi də tuta bilər. Təbii ki, İsrail üçün sərhədlərində ona qarşı aqressiv olan daha bir düşmənin peyda olması arzuolunmazdır.
Görünür, Suriyada böhranın yaranması ilə ən çətin durumda qalmış ölkə Türkiyədir. Ankara B.Əsədi hakimiyyətdən getməyə çağırır. 2003-cü ildə Qərbin İraqa hərbi müdaxiləsinə dəstək vermədikdən sonra, Ankaranın üzləşdiyi problemləri nəzərə alsaq, bu dəfə o, antiəsəd koalisiyasının mərkəzində durmağa çalışır. Amma onun regionda əsas rolu öz üzərinə götürmək istəyi Ankara üçün gözlənilməz sürprizlərə yol aça bilər. Son zamanlar PKK-nın fəallaşdığını nəzərə alsaq, Türkiyə cənub sərhədlərində daha bir təhlükəli zona ilə üzləşmək risqi ilə qarşı-qarşıyadır. İraqda kürdlərin müstəqillik əldə etməsindən sonra, onların Suriyada da mövqelərini gücləndirməsi Türkiyəni kifayət qədər pis vəziyyətdə qoyacaq.
Türkiyə Əsəd rejiminin devrilməsinə çalışan "Suriyanın dostları" qrupunun həmsədrlərindən biridir. Bu təşkilatın ideya ilhamvericisi isə Fransa Prezidenti Nikola Sarkozidir. Liviyada Müəmmar Qəddafi rejiminin devrilməsindən sonra, neft müqavilələrində böyük paylara sahib çıxmış Fransa regiondakı tarixi geosiyasi maraqlarını nəyin bahasına olur-olsun, geri qaytarmağa çalışır. Suriya müxalifətinin mühacirətdə olan əksər liderlərinin məhz Fransada məskunlaşması da təsadüfi deyil. Sarkozi Suriyaya hərbi müdaxilənin əleyhinə olmadığını gizlətmir. Amma o bunu yalnız BMT TŞ-nin müvafiq qətnaməsi əsasında mümkün sayır.
Aİ-nin digər üzvləri isə Suriyaya ordu yeridilməsinə qarşıdır. Məsələn, Almaniyanın xarici işlər naziri Gido Vestervellenin fikrincə, "genişmiqyaslı atışmadan qaçmaq lazımdır. Bu, bütün dünya ölkələri üçün faciəvi nəticələr verə bilər".
Mümkün ssenarilər
Dünyanın və regionun aparıcı fövqəldövlətlərinin davranışlarını nəzərə alsaq, Bəşər Əsəd rejiminin devrilməsi hansı nəticələr verə bilər?
Birinci variant - etnik və dini qarşıdurmalardır. Bu, sonradan vətəndaş müharibəsinə keçə, ölkədə 2003-cü ildən sonra İraqda olduğu kimi, sünnilərlə şiələr, ərəblərlə kürdlər arasında toqquşmalara gətirib çıxara bilər. 1975 və 1990-cı illərdə analoji vəziyyət qonşu Livanda da qeydə alınmışdı. Suriyada 2004-cü ildə Kamışlıdakı ərəb və kürdlər arasındakı toqquşmaların analoqu kimi, hakimiyyətdə olan ələvilərlə sünni çoxluq qarşı-qarşıya gələ bilər.
Hazırkı vəziyyətdən çıxış etsək, ikinci variant siyasi qeyri-sabitlik, hökumətin gücsüzlüyü, ölkənin kənar müdaxilələr qarşısında son dərəcə zəifliyi ola bilər. Güclü mərkəzi hakimiyyətin yoxluğu hər bir siyasi hərəkat və sosial qrupa xaricdən dəstəklə öz mövqelərini gücləndirmək imkanı verəcək. Başqa sözlə, hakimiyyətin zəifliyi nəticəsində yarana biləcək vakuumu xarici fövqəldövlətlər doldura bilər.
Üçüncüsü, hazırki vəziyyət federalizmə, hətta Suriyanın ərazi bütövlüyünü itirilməsinə aparıb çıxara bilər. Burada Amerikanın müdaxiləsindən sonra, ölkənin şimalında kürdlərin faktik olaraq separatçığı qanuniləşdirdiyi İraqı nümunə göstərmək olar. Rəsmi Bağdaddan, demək olar ki, tamamilə ayrılmış İraq kürdləri İraqın mərkəzi vilayətlərinə ərazi iddiaları səsləndirir.
Suriyada isə federalizmin tarixi kökləri var və bu gün onun bərpası üçün ictimai-siyasi şəraitin yarandığını söyləmək mümkündür. Xatırladaq ki, 1920-1941-ci illərdə Fransa mandatı zamanı Suriya bir neçə hissəyə bölünmüşdü: Dəməşq çarlığı, Aleppo çarlığı, Ələvilər Dövləti və Druzlar Dövləti.
Nəhayət, dördüncü variant - nizami orduya qarşı ayrı-ayrı silahlı birləşmələr və terror təşkilatları yarana bilər. Livana nəzər saldıqda hazırda "Hizbullah"ın gücünə və qüdrətinə görə milli ordudan xeyli üstün olduğunu əminliklə söyləmək mümkündür. İraq nümunəsində isə yarımnizami sayılsalar da, kürdlərin "pəşmərgə" qüvvələrini göstərmək olar.
Üstəlik, ölkənin cənubunda böyük bir əraziyə nəzarət edən qeyri-qanuni hərbi briqada - "Bədr" də mövcuddur.
MƏSLƏHƏT GÖR: