15 Mart 2025

Şənbə, 01:19

PUTİNLƏ YOLA DAVAM

Rusiya problemlərinin inqilab yox, təkamül yolu ilə həllinə səs verdi

Müəllif:

15.03.2012

Rusiyada martın 4-də keçirilmiş prezident seçkisi, gözlənildiyi kimi, heç bir sensasiya baş vermədən sona çatdı. Səsvermənin nəticəsinin əvvəlcədən proqnozlaşdırılması hakim partiyanın namizədi, hazırkı Baş nazir Vladimir Putinin həqiqətən də real alternativinin olmaması ilə bağlı idi. Bunu, ən azı, digər 4 namizədin fonunda əminliklə söyləmək mümkündür. Bununla yanaşı, seçki kampaniyasının gedişində və səsvermədən dərhal sonra baş verənlər Rusiyanın ciddi islahatlara ehtiyacı olduğunu təsdiqləyib. Üstəlik fikir müxtəlifliyi və bəzi hallarda sərt diskussiyalarla mü-şayiət olunan böyük siyasətin Rusiya efirlərinə qayıtması nəhəng şimal fövqəldövlətinin yeni demokratikləşmə mərhələsinə qədəm qoyduğunu göstərdi.

 

Səs faizləri və dəyişikliklər zərurəti 

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) səsvermədə Vladimir Putinin 63,75% səs qazandığını bəyan edib. Bu, 45 milyondan artıq səs deməkdir. Putinin əsas rəqibi, kommunistlərin lideri Gennadi Züqanova 17,18 faiz seçici səs verib. Üçüncü pilləni 7,92% səs qazanmış Mixail Proxorov tutub. Postsovet Rusiyasında prezident seçkilərinin ənənəvi iştirakçısı olan Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski 6,22, "Ədalətli Rusiya" partiyasının rəhbəri Sergey Mironov isə 3,85% səs qazanıb.

Səsvermənin nəticəsi Rusiyada prezident seçkisinin ikinci turunun olmayacağını göstərib. Hər şey ümumilikdə sakit keçib. Yəqin ki, budəfəki seçkidə yeganə gözlənilməzlik 2000 və 2008-ci illərdə 3-cü nəticə göstərmiş Jirinovskinin bu dəfə 4-cü yeri tutmasıdır. Bu baxımdan, Rusiyada siyasi proseslərin yeniliyi kimi, Proxorovun orada peyda olmasını göstərmək olar. Onun öz siyasi oyununu oynadığının, yoxsa opponentlərinin iddia etdiyi kimi, "Putin dövrü"ndə ploralizmin nümayişi məqsədilə Kremlin siyasi texnoloqları tərəfindən ortaya atılmış "məhsullar"dan biri (məsələn, Mironov kimi) olmasının məsələyə dəxli yoxdur. İstənilən halda, Proxorova ənənəvi liderlərdən bezmiş seçicilərin (əsasən, liberal baxışlıların) səs verdiyi şübhə doğurmur. Seçki kampaniyasının lap əvvəlindən budəfəki yarışın autsayderi sayılan Mironov haqda isə danışmağa dəyməz. "Ədalətli Rusiya"nın lideri üçün sadəcə sistemli siyasi proseslərdə mövcudluğunu göstərmək üçün seçkidə iştirak kifayət idi.

Artıq ilk turun sonunda Putinin qalib elan edilməsi zamanı "bu hakimiyyəti süpürüb-atmağa" heç bir ciddi-cəhd də olmayıb. Halbuki, seçkidən əvvəl Kremli yalnız solçu və sağçı radikallar deyil, RLDP lideri Jirinovski də bununla hədələyirdi. Lakin seçkinin ilkin nəticələri açıqlanan kimi, onların bütün iddiaları yox oldu (görünür, o, radikal, sistemdənkənar müxalifət ranqına keçəcəyi təqdirdə partiyanın sonunun gələcəyini anlayıb).

Hakimiyyətin özü də hadisələrin sonrakı gedişinin onun üçün əlverişli və proqnozlaşdırılan istiqamətdə inkişaf etməsi baxımından əvvəlcədən narahatlıq hiss edirdi. Seçkinin başa çatması və Putinin qalib gəldiyinin məlum olmasından dərhal sonra o, hazırkı dövlət başçısı Dmitri Medvedevlə birlikdə (güman ki, Putinin prezidentliyi dönəmində baş nazir postunu tutacaq) Manej meydanında 100 min tərəfdarının qarşısına çıxıb. Mitinqə çıxmış kütlə burada liderlərini yeni qismdə görüb - qədim sovet mahnısı olan "Qələbə günü"ndə olduğu kimi, "gözlərində yaşla". Bir qədər sonra Putin tam ciddi şəkildə deyib: "Bəli, yaş həqiqi idi. Amma səbəb güclü külək oldu...". 

Putinin ümumi görüntüsü və qələbə çıxışı göstərib ki, seçkinin nəticəsi onun gözləntilərini doğruldub.

"Bolotnaya" meydanına toplaşmış müxalifətçilərə gəlincə, onlar əvvəlcədən seçkinin istənilən nəticəsini tanımamağa köklənmişdilər. Onların mövqeyində müəyyən həqiqət olsa da (müxalifətin solçu qanadı ənənəvi olaraq, az qala, yekdililklə hakimiyyətin xeyrinə səs verən regionlardakı nəticələrə əsasən iddia edir ki, səslərin təxminən 15%-i saxtalaşdırılıb), antiputin mövqeli qüvvələrin vəziyyəti öz xeyirlərinə dəyişmək üçün resurslarının çatışmadığı dəqiqdir. Bu səbəbdən də Kreml əmindir ki, "bataqlıqdakılar" bir müddət mitinqlər keçirdikdən sonra sakitləşəcəklər.

Bu baxımdan, müxalifətin Moskva və bir  sıra digər şəhərlərdə seçkidənsonrakı ilk günlərdə, xüsusilə martın 10-u - şənbə günü keçirdiyi mitinqlər daha səciyyəvidir. Mitinqçilər parlament və prezident seçkisinin nəticələrinin ləğvini tələb edib, küçə yürüşlərini davam etdirəcəklərini bildiriblər. Hətta Putinin inauqurasiyası günü - mayın 7-də də etiraz aksiyalarının keçiriləcəyinə dair hədələr də səsləndirilib. Amma bütün bunlar postsovet ölkələri üçün ənənəvi postseçki belletristikasıdır. O, siyasi proseslərin gedişinə real təsir göstərmək iqtidarında deyil. Rusiyanın əsas müxalifətçisi Gennadi Züqanovun "seçkinin qeyri-legitim, ədalətsiz və qeyri-şəffaf keçirilməsinə" əsaslanaraq Putinin qələbəsini tanımaqdan imtinası da bunun göstəricisidir. Amma Putinin qələbəsinin tanınması məsələsində kompromisə getməyən kommunist lider də problemlərin dialoq yolu ilə çözülməsinin tərəfdarı olduğunu bəyan edib. Bu, Rusiyanın hazırki siyasi sisteminin möhkəmliyinin daha bir göstəricisidir.

Rusiyada dialoq həqiqətən də günün mühüm tələbidir. Çünki yalnız müxalifət deyil, hakimiyyət də ölkədəki qarşıdurma düyününün tezliklə açılmasının vacibliyini anlayır. Hamı anlayır ki, seçicilərin əksəriyyətinin Putinə səs verməsi də xalqın dəyişikliklərə qarşı olduğunun göstəricisi deyil. Əksinə, bu sübut edir ki, ictimaiyyət dəyişiklikləri hazırki sistemin radikal yolla dağıdılması ilə yox, sabitlik şəraitində baş verməsini arzulayır.

 

Aşılmalı əngəllər

Rusiya hökuməti qarşısında həllivacib olan strateji vəzifələrdən biri - ciddi sosial ziddiyyətlərə səbəb olan iqtisadi problemlərin tezliklə həllidir. Bununla yanaşı, ölkədəki hazırki durumdan narazı olan minlərlə insanın Rusiya şəhərlərinin küçələrinə çıxması ilə özünü göstərən sosial fəallığın artması dövlətin siyasi simasında da müəyyən dəyişiklikləri qaçılmaz edir. Hökumət artıq hakimiyyətin strukturunda dəyişikliklərə qərar verib və bu qərara əsasən, qubernator seçkiləri bərpa olunacaq.

Amma ən önəmlisi Putinin prezident və baş nazir kimi 12 illik hakimiyyətindən sonra ilk dəfə, proqrammı xatırladan məqalələrlə çıxış etməsi idi. Orada ideoloji baxımdan patriotizm və liberalizmin, mühafizəkarlıqla sosializmin ahən-gini açıq şəkildə görmək müm-kündür. Yəni, faktik olaraq, Putinin proqramı - elektoratı onun tərəfinə çəkən və seçkidə qələbəni təmin edən şərtlərin qəbuludur. Elektorat isə bu və ya digər "izm"ə birmənalı ideoloji dəstək vermək fikrindən uzaqdır və müasir dünyadakı əsas siyasi ənənələrin ən yaxşılarının ümumiləşdirilərək, Rusiyaya da tətbiq olunmasını tələb edir.

Bununla yanaşı, Putinin Moskva, Sankt-Peterburq və digər iri şəhərlərdə populyarlığının azaldığını da nəzərə almaq lazımdır. Bu şəhərlərdə o, qələbə qazana bilməyib. Bu üzdən yaxın 6 ildə Rusiyaya iri şəhərlərdə orta sinfin inkişafının pik nöqtədə olduğu şəraitdə əyalətlər və milli respublikalar tərəfindən seçilmiş prezidentin rəhbərlik edəcəyinə dair fikirlərlə razılaşmamaq mümkün deyil. 

Prezident cəmiyyətin iqtisadiyyatın dövlət sektorundan asılı olmağa vərdiş etmiş hissəsinə arxalanmalı olacaq. Bu, Putini sosial istiqamətli siyasət yürütməyə daha çox vadar edə bilər. Çünki bir çoxları hsab edir ki, əyalətlərin Putinə dəstək verməsinin əsas səbəbi, onun son vaxtlar solçu vədlərlə çıxış etməsidir.

Bundan başqa, yaxın vaxtlar biz Rusiyanın xarici siyasətində də "düyünlərin açılması"na cəhdlərin şahidi olacağıq. Söhbət, ilk növbədə, Rusiya ilə Qərb arasındakı ziddiyyətlərdən gedir. Avroatlantik birliyin Putinin prezidentliyi faktına yanaşması isə bu ziddiyyətləri daha da artıracaq. Çünki Qərb Putinin qələbəsini legitim hesab etsə də, inzibati rçaqlardan hakim partiyanın namizədinin xeyrinə istifadə baxımından, seçkilərin ədalətsiz keçdiyini iddia edir. 

Üstəlik, Qərblə Rusiyanın mövqelərində beynəlxalq siyasətin bütün aktual məsələlərilə bağlı uyğunsuzluq ortadadır. Bu, xüsusilə indiki dövrün ən böhranlı məsələsi - Suriya problemi ilə bağlı özünü göstərməkdədir.

Məlum olduğu kimi, Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyanın daxili işlərinə kənar müdaxiləyə imkan verəcək qətnamənin qəbuluna mane olur. ABŞ Dövlət Departamenti Rusiyada keçirilmiş prezident seçkisindən sonra, Kremlin Suriya problemilə bağlı mövqeyinə yenidən baxacağına ümidini ifadə edib. Amma Rusiya XİN bunun belə olmayacağına işarə edib. "Bəzi qərbli tərəfdaşlarımızdan fərqli olaraq, Rusiyanın Suriya probleminin həlli ilə bağlı mövqeyi heç zaman konyuktura yanaşması olmayıb və elektoral təsir altında formalaşmayıb"", - deyə Rusiya xarici siyasət idarəsinin bəyanatında bildirilir.

Rusiya ilə Qərbin mövqelərində analoji ziddiyyət İran problemində də müşahidə olunur. Putinin seçkiqabağı dövrdə dərc olunmuş "Rusiya və dəyişən dünya" məqaləsindəki fikirləri bunun göstəricisidir. Orada bildirilir ki, beynəlxalq ictimaiyyət İranın uran zənginləşdirmək hüququnu tanıya bilər, lakin bunun üçün İranın nüvə proqramı MAQATE-nin tam nəzarəti altında olmalıdır.

Şübhəsiz, Qərb və Putinin prezidentliyə qayıtdığı Rusiyanın dünyanın aktual problemlərinə yanaşmasındakı fərq beynəlxalq siyasəti müəyyən edən faktorlardan biri olacaq. Unutmaq olmaz ki, hazırkı baş nazirə dəstək verən Rusiya xalqının bu seçimi yalnız daxili problemlərin həllinə olan inamla deyil, həm də Rusiyanı beynəlxalq arenada nüfuzlu fövqəldövlət kimi görmək istəyilə bağlıdır.



MƏSLƏHƏT GÖR:

537