15 Mart 2025

Şənbə, 02:41

İRANIN BAŞI ÜSTÜNÜ QARA BULUD ALIR,

Amma "hərbi tufan"dan qaçmaq lazımdır

Müəllif:

15.03.2012

2012-ci ilin əvvəlindən İranın nüvə proqramı ətrafında onsuz da gərgin olan vəziyyət daha da gərginləşməyə başlayıb. Tehran israrla bu sahədə tədqiqat və sənaye işləri aparmaq hüququndan danışır. Onlar artıq uranın 20 faizlik zənginləşdirilməsinə başladıqlarını bəyan ediblər. Guya məqsəd ondan tibbi sahədə tədqiqat reaktorunda istifadə etməkdir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Yukiya Amano isə bildirib ki, İran zənginləşdirilmiş uranın istehsalın? aylıq cəmi 3 dəfə artırıb. Bununla yanaşı, o, Tehranla bu il artıq 2 raundu baş tutmuş ikitərəfli danışıqların uğursuz alındığını da söyləyib. "Agentliyin İranın nüvə proqramının hərbixarakterli ola biləcəyinə dair narahatlıqları aradan qalxmayıb. Tehran ölkədə qeydə alınmamış nüvə materiallarının olmadığına, yerli fiziklərin MAQATE-nin nəzarətindən kənar nüvə istehsalı ilə məşğul olmamalarına dair inamlı zəmanətlər təqdim edə bilmir", - deyə baş direktor vurğulayıb. Onun sözlərinə görə hələlik Tehran nüvə proqramına dair suallara konkret cavab verməyib.

Almaniyanın nüfuzlu "Die Welt" qəzetində dərc olunmuş məqalədə analitik və sabiq məmur Hans Rüle bildirir ki, İranın nüvə proqramının qarşısını almağa yönəlmiş beynəlxalq səylər iflasa uğrayıb. Qəzetin yazdığına görə, guya Tehran Şimali Koreya ərazisində nüvə qurğusunu sınaqdan keçirib, iranlı nüvə fiziki isə nüvə bombası əldə etməyə hərzamankından daha yaxın olduqlarını bildirib. Amma Amerika kəşfiyyatı iddia edir ki, İranın nüvə silahı və yaxın zamanlarda onu əldə etmək imkanı yoxdur. Güman olunur ki, Tehran nüvə silahı əldə etməyin bir addımlığına çatmağa çalışır, amma o, "qırmızı xətt"i keçməyəcək. Bütün bunlara rəğmən, İsrailin ünvanına açıq hədələr səsləndirən İranın nüvə proqramının bu versiyası da dünyada ciddi narahatlıq yaradır.

Rusiya və Çinin BMT TŞ-də İrana qarşı yeni və daha sərt sanksiyaların tətbiqini əngəlləməsi üzündən ABŞ və Qərb ölkələri Tehrana birtərəfli sanksiyaların tətbiqinə başlayıb. Bu sanksiyalar o qədər sərtdir ki, onları "sarsıdıcı" da adlandırırlar. Onlardan ən kəskini  İranla hesablaşmalarda dollar və avrodan istifadənin qadağan olunması, bu ölkədən neft alınmasına qadağa qoyulmasıdır. Yanvarın 28-də Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib. O, Aİ-yə üzv olan 27 dövlətin İran nefti və neft məhsullarını idxal etməsinə qadağa qoyur. İranlı siyasətçilərin inamlı bəyanatlarının əksinə olaraq, bu sanksiyalar ölkə iqtisadiyyatına son dərəcə ciddi zərbə vurur: İranın istifadə etdiyi Qərb texnikası və avadanlıqları üçün ehtiyat hissələri almaq mümkün deyil, işsizlik artır, dollar və avroya nisbətdə yerli valyuta sürətlə ucuzlaşır, xarici investorlar  (yalnız Qərb yox, həm də Türkiyə və Rusiya investorları) ölkəni tərk edir.

Bu vəziyyət ABŞ Prezidenti Barak Obamaya əsas verib ki, İsrailin Baş naziri Binyamin Netanyahunun bu yaxınlarda Amerikaya etdiyi səfər zamanı İrana hərbi müdaxilədən çəkindirməyə çalışsın. O, İsrail rəhbərliyini İrana qarşı tətbiq olunan sanksiyaların və diplomatik təzyiqlərin nəticəsini gözləməyə çağırıb.

ABŞ-da start götürmüş prezident seçkisi kampaniyası ilə əlaqədar olaraq, Barak Obama üçün İranın nüvə və hərbi obyektlərinə zərbələrin endirilməsi qərarını qəbul etmək çətindir. Doğrudur, Birləşmiş Ştatlarda aparılan son sorğular göstərir ki, əhali arasında bunu lazım bilənlərin sayı artır. Amma bu məsələdə risklər həddindən artıq böyükdür və burada söhbət heç də yalnız hərbi risklərdən getmir. Amerika iqtisadiyyatı yeni-yeni bərpa olunmağa başlayıb. Hərbi əməliyyatlara başlanacağı təqdirlə, neftin qiymətinin sürətlə bahalaşması qaçılmaz olacaq və bu, ABŞ iqtisadiyyatını yenidən tənəzzülə uğrada bilər.

Amerika və İsrailin yüksək-rütbəli məmurları İsrailin məsələyə dair iki əsas təklifini rədd etdiyini təsdiqləyib. Birinci təklif İranın nüvə proqramının inkişafında dəqiq "qırmızı xətt"in müəyyənləşdirilməsi ilə bağlı olub. Təl-Əviv təklif edib ki, bu xəttin keçilməsi ABŞ və İsrailin islam respublikasına hərbi müdaxiləsi üçün əsas sayılsın. Təl-Əviv Vaşinqtonun İran siyasətində "bu qırmıxı xəttin yerini daim dəyişdiyini" iddia edir. İsraillilər bildirir ki, Tehran hər dəfə qüvvə proqramının icrasında yeni nailiyyətlər əldə edərkən, amerikalılar qarşıdurmadan qaçmaq üçün yeni "qırmızı xətt" cızır. Bu isə İrana öz nüvə proqramını "Amerikanın bir qırmızı xəttindən digərinədək inkişaf etdirmək imkanı verir".

İsrailin ikinci təklifi "İranın nüvə silahı əldə etməsinə imkan verməmək üçün bütün variantların masada olduğunu təkrarlamağa son qoyulması" ilə bağlıdır. Təl-Əviv hesab edir ki, artıq Amerikanın islam respublikasına qarşı hərbi əməliyyatlara başlaması ilə nəticələnəcək səbəbləri dəqiq göstərmək vaxtıdır.

İsrailin Baş naziri çətin seçim qarşısındadır. Vaşinqtonun dəstəyini almadan öz gücünə arxalanaraq, İrana hərbi müdaxilə risqinə getmək çətindir. Üstəlik, son sorğular israillilərin 58%-nin buna qarşı olduğunu göstərir. Amma Netanyahu İranın nüvə proqramının necə inkişaf etdiyini, sadəcə, müşahidə etməklə kifayətlənə bilməz. O, Amerika səfərindən qayıdar-qayıtmaz verdiyi açıqlamasında da bunu təsdiqləyib: "Əlimizdə saniyəölçənlə dayanıb gözləmək fikrində deyilik. Söhbət günlərdən və ya həftələrdən getməsə də, hər halda, illərdən də getmir. Endiriləcək zərbələrin nəticəsi İranın nüvə silahı əldə etməsi təhlükəsinin aradan qaldırılması olmalıdır".

Bu, heç də sadəcə söz deyil. Ondan bir qədər əvvəl ABŞ-ın müdafiə naziri Leon Panetta bəyan etmişdi ki, onda İsrailin bu il yazın sonları, yayın əvvəllərinədək İranın nüvə obyektlərinə zərbələr endirə biləcəyinə dair məlumatlar var.

Hər iki tərəfdən hədə bəyanatları əvvəllər də eşidilirdi. Amma indi onlar daha konkret xarakter alıb. Bəyanatlarla eyni vaxtda Fars körfəzi regionuna hərbi güc yerləşdirilməkdədir. ABŞ-a məxsus 3 təyyarədaşıyan gəmi ilə yanaşı, bölgəyə Fransa təyyarədaşıyan gəmisi, həmçinin, Britaniya qayıqları da yerləşdirilir. 

Tehrana gəlincə, bu yaxınlarda İran Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlim keçirib. Təlim zamanı dünyanın neft ixracının dörddəbirinin daşındığı Hör-müz körfəzinin bağlanması yolları da sınaqdan keçirilib.

Belə həyəcanlı günlərin fonunda martın 2-də İranda parlament seçkisi də keçirilib. İslahatçılar, liberallar və solçular öz namizədlərinin qeydiyyatı üçün çalışsalar da, onların əksəriyyətinin qeydiyyatı formal səbəblərlə rədd edilib. "Yaşıl müxalifət"in liderləri, xüsusilə Mir Hüseyn Musəvi və Mehdi Kərrubi ev dustağıdırlar, onların bir çox tərəfdarları isə həbsxanalardadır. Bütün bunların nəticəsi olaraq, deputatlıq uğrunda mübarizə mühafizəkarlardan ibarət iki qrup  - İranın dini lideri ayətulla Əli Xamneinin tərəfdarları və Prezident Əhmədinejada yaxın şəxslər arasında gedib.

Müxalifət xalqı seçkini boykot etməyə çağırsa da, seçici fəallığı kifayət qədər yüksək olub - 64%. İlk turun nəticələrnə əsasən, parlamentdəki 290 yerin 200-dən çoxu mühafizəkarların əlinə keçib. Onların ənənəvi rəqibi olan islahatçılar isə təxminən, 20 mandatla kifayətlənməli olublar. Bu, əvvəlki parlamentlə müqayisədə, bu dəfə islahatçı deputatların sayının 3 dəfə azalması deməkdir.

63 seçki məntəqəsində ilk turda qalib gələn olmayıb. Orada təkrar səsvermə keçiriləcək. Amma bu, yeni parlamentdə, çətin ki, qüvvələr nisbətini dəyişsin. Artıq yeni parlamentdə Məclisin sabiq spikeri Əli Laricaninin və Tehran meri Baher Kalibafın rəhbərlik etdikləri "Birləşmiş mühafizəkarlar cəbhəsi"nin namizədləri üstünlük əldə ediblər.

Prezident Mahmud Əhmədinejadı dəstəkləyən "İslam İranının Qurucuları İttifaqı" ("Abadarqan") isə seçkidə ciddi məğlubiyyətə uğrayıb. İndi Əhmədinejad prezidentlik müddətini ona qarşı düşmən mövqeyində olacaq parlamentlə başa vurmalıdır. O, dini lideri Əli Xamneinin etibar və dəstəyini də çoxdan itirib. Əhmədinejadın özündən sonra prezident kürsüsünü özü üçün əlverişli namizədə ötürə biləcəyinə də ümid etməsinə dəyməz.

Azərbaycan üçün isə nə İran ətrafındakı xarici siyasi vəziyyət, nə də qonşu ölkənin daxilində baş verənlər əhəmiyyətsiz deyil. Son zamanlar ikitərəfli münasibətlərimizdə də gərginlik müşahidə olunur və o özünü açıq ittihamlar, kəskin qarşılıqlı diplomatik notalarla göstərir. Şübhəsiz, bu nə Azərbaycanın, nə də İranın xeyrinədir. İki ölkə münasibətlərindəki gərginlik yaxın müttəfiqimiz olan Türkiyəni də narahat edir.

Bu baxımdan, üç ölkənin XİN başçıları - Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehin martın 7-də Naxçıvanda baş tutmuş üçtərəfli görüşü yerinə düşüb. Görüşün sonunda nazirlər 15 maddədən ibarət birgə bəyannamə imzalayıblar. Orada Azərbaycan, Türkiyə, İran vacib regional və beynəlxalq məsələlərlə bağlı müzakirələrin davam etdirilməsinə tərəfdar olduqlarını bəyan ediblər. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi də vurğulanıb.

Tərəflər Bakı-Tbilisi-Qars və Naxçıvan-Culfa-Təbriz dəmir yollarının birləşdirilməsinin müm-künlüyünü qeyd edib, viza rejiminin yüngülləşdirilməsi məsələsini nəzərdən keçiriblər.

Əsas diqqətçəkən məqamlardan biri Naxçıvan bəyannaməsində ölkələrin "heç bir halda ərazilərindən düşmənçiliyə səbəb olacaq hər hansı hədə və ya fəaliyyət üçün istifadə olunmasına imkan verməməkdə qərarlı olduqlarını" qeyd etmələridir. Bu, İran rəhbərliyinin Azərbaycanla İsrail arasındakı hərbi əməkdaşlıqdan narahatlığını aradan qaldırmalıdır.

XİN başçılarının növbəti görüşü 2012-ci ilin sentyabrında Türkiyənin Van şəhərində keçiriləcək.

İrana mümkün hərbi müdaxiləyə gəlincə, güman edirəm, bundan qaçmaq mümkün olacaq. Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton "5+1" qrupu (BMT TŞ-nin daimi üzvləri və Almaniya) adından İranın nüvə proqramı ilə bağlı "beynəlxalq aləmdəki narahatlığın aradan qaldırılması" üçün Tehranla danışıqlar prosesini davam etdirməyə hazır olduqlarını bəyan edib. Tərəflər arasında dialoqun son raundu ötən ilin yanvarında İstanbulda nəticəsiz başa çatsa da, Avropa fövqəldövlətləri, Türkiyə və ərəb ölkələri qarşılıqlı kompromisə nail olmaq üçün danışıqların davam etdirilməsinin vacibliyinə əmin idi. Bunun üçün şanslar var. 

İranın üzərini qara bulud alır, amma "hərbi tufan"dan qaçmaq lazımdır.



MƏSLƏHƏT GÖR:

482