Müəllif: Valentina REZNİKOVA Bakı
Bir zamanlar bəşəriyyət öz bədənini dəri ilə örtməklə kifayətlənirdi. Dəri qışda soyuqdan və qardan, yayda isə bürküdən qoruyurdu. Amma o vaxtlar da modabazlar var idi, ov zamanı çətin ələ keçən heyvanların dərisinə bürünərək lovğalanırdılar. Bax, məhz onlar moda qanuvericiləri idilər və defisit anlayışını da məhz ilk dəfə onlar gətiriblər. Ancaq dərilərdən yaxa qurtaran bəşəriyyət uzun əsrlər boyunca planetin müxtəlif iqlim şəraitlərində öz bədənlərini yalnız qorumaq yox, həm də bəzəmək sahəsində heyranedici yaradıcılıq möcüzələri göstərməyi öyrənib. Dövrlər boyunca müxtəlif moda istiqamətlərinin qanunvericiləri tez-tez yer dəyişiblər: gah Şərq, gah da Qərb moda qanunvericisinə çevriliblər. Ancaq paltarda müxtəlif elementlərin və biçim üslublarının qəbuledilmə ənənəsi həmişə davam edib. Bu, xüsusilə böyük şəhərlərdə nəzərə çarpandır, oralarda estetik yeniliklərə meyil kənd yerlərinə baxanda daha parlaq ifadə edilib.
Deyirlər, şəhər haqqında yalnız onun memarlıq görkəminə görə deyil, küçələrdə, mağazalarda və ictimai həyatın qaynadığı başqa yerlərdə ünsiyyət üslubuna görə deyil, insanların necə geyinmələrinə görə də fikir yürüdürlər. Biz meqapolis sakinləri bu gün necə geyinirik? Şəhər sakinlərinin müxtəlif yaş qruplarının və sosial kateqoriyalarının geyimində nəyə üstünlük verilir? Bu gün əsas üstünlük cinslərdədir. Yaşından və sosial fəaliyyətindən asılı olmayaraq, böyük əksəriyyət cins geyinir. Amma 20 il qabaq isə durum fərqli idi. Cinslər yalnız kişi qarderobunun səlahiyyətində idi. Amma ilk dəfə kişi kostyumuna bürünməklə cəmiyyətə qarşı çıxmış Jorj Sand bu gün dirilərək qadın və kişi sərhədlərinin silindiyini görsəydi, yalnız sevinərdi. O cümlədən geyim vasitəsilə özünü ifadədə də.
Hər bir çağın öz gözəllik etalonu var. XX və XXI əsrlərin kəsişməsində, az qala, üzgünlüyə bənzər arıqlıq dəbə minib. Düşünülür ki, belə bədəndə geyim daha zərif görünür. Hətta pret-a-porte üslublu geyimlər belə. Fransız dilində "pret-a-porte" sözü "geyim üçün hazır" mənasını verir. Pret-a-porte böyük partiyalarda, standart ölçülərdə buraxılan hazır paltar modelidir. Bu geyimlər həm kiçik mağazalarda - butiklərdə, həm də iri universal mağazalarda satılır. Bu modellər moda salonlarından kənarda kütləvi istehsal üçün də, aparıcı modelyerlərin dizaynı üzrə eksklüziv qaydada da yaradıla bilər.
Belə olan halda, gündəlik geyim seçilməsində ortaya çıxan ən maraqlı məqam hər bir adamın fərdiliyi ilə bağlıdır. Çünki 16-dan 80-ə kimi hər bir yaş qrupunun cəmiyyətdə öz yeri, uyğun olaraq, öz geyim üslubu var. Amma bu istiqamətdə analitik düşüncələrə müraciət etməzdən öncə, məhz bizim şəhərlə bağlı olan önəmli məqamları da qeyd edək. İlk öncə, rəng qamması barədə danışaq. Hələ 20 il qabaq üstünlük qara rəngə məxsus idi. Bu, təbii ki, onunla bağlıdır ki, bu rəng daha yumşaq və daha praktikdir: həm ictimai nəqliyyatda getmək, həm şəhərdə hərəkət baxımından. Bu gün isə geyimlərdə, xüsusilə də yeniyetmələrin geyimində parlaq və işıqlı tonlar peyda olub. Eyni zamanda, özlüyündə bayram əhvalı yaradan ağ rəng də artmağa başlayıb. Bu duyğular, böyük ehtimalla, ona görə yaranır ki, əvvəllər biz tündrəngli geyimlərə üstünlük verirdik. Ola bilər ki, praktiklik baxımından bu cür geyimlər əlverişli olub, amma vizual qavrayış baxımından mənzərə bir qədər tutqun görünürdü.
Bu gün həyat səviyyəsi və məişət təyinatlı cihazlar (paltaryuyan maşınların və müxtəlif cür yuyucu vasitələr) əhalinin böyük bölümü üçün artıq problem olmaqdan çıxıb, ağ və rənglitonlu geyimlər getdikcə artır. Orta nəsil yeniyetmələrdən olanlar da belə geyimlərə üstünlük verirlər. "70-lər və daha yuxarı" yaş kateqoriyasından olanlara gəldikdə isə onların çoxu oturuşmuş stereotiplərə üstünlük verir-"tünd paltar çirk götürən deyil, deməli, praktikdir". Bunların rəngə dəxli var.
İndi isə üslub barədə. Sovet dövrünün "yaşamaq uğrunda mübarizə" dərslərini mənimsəmiş yaşlı nəsil isə əvvəlki kimi köhnə stereotiplərə üstünlük verir. Bu, yalnız rəng qammasına deyil, həm də geyim üslubuna da aiddir: o qədər də diqqəti cəlb etməyən, amma keyfiyyətli tikilmiş paltarlara üstünlük verirlər, yəni hər il paltar dəyişmək istəmirlər. Seçim edərkən əsas diqqət verilir ki, paltar möhkəm olsun və uzun müddət davam gətirsin. Belə durumda heç kim moda haqqında düşünmür.
"60-dan yuxarı" kateqoriyası ruhən önəmli şəkildə gəncləşib. Onların gündəlik geyimində biz həm idman, həm romantik, həm də klassik istiqamətlər görə bilərik. Başqa sözlə, bunlar 40 yaşı sovet cəmiyyətinin yenidənqurma dövrü ilə bağlı olan adamlardır. Onlar həm özləri ilə bağlı olan şəxsi daxili yenidənqurmasını gerçəkləşdirmiş, həmçinin, "bu olar", "bu olmaz"larla, "bu layiqdir", "bu layiq deyil"lərlə ümumi qəbul edilmiş ictimai baxışların dəyişilmə yolunu keçmiş insanlardır. Bunu əvvəlki həyatda mövcud olmuş bütün "olmaz"lara qarşı "psixoloji üsyan" kimi də dəyərləndirmək mümkündür. Bu, geyimdə də ifadə edilib. Xüsusilə də cəmiyyətin qadın hissəsinin geyimlərində. Qadınlar öz "mən"lərini nümayiş etdirməkdə daha az mühafizəkarlıq göstərirlər və daha fəaldırlar. Yaşı "50-dən yuxarılar" da bu qrupa daxildir. Onların üsyanı daha parlaqdır, buna görə də onların üstünlük verdiyi geyimlərin üslubunda sonrakı nəsillərdən götürülmüş çox şey var.
"40-dan yuxarı" kateqoriyası xüsusi yaş kastasıdır. Onlar iki dövrün arasının uşaqlarıdır-çox sürətlə demokratik azadlıqların gətirdiyi yeniliklərə qoşulublar və eyni zamanda, sadə həqiqəti anlayıblar: nə praktikdir, hansı paltar rahat və əlverişlidir, o da dəblidir, özünə "layiqli" görkəm vermək üçün xüsusi zaman xərcləməyə də dəyməz, yəni onların "həyatın bütün hallarına yarayan" paltarları var. Bu cür oyun qaydaları onları hər şeyə rasional yanaşmağa öyrədib. O cümlədən paltarlarla da bağlı. Praqmatizm onların əsas şüarına və dəyərlər meyarına çevrilib. Sosial həyat səhnəsinə elə adamlar çıxıb ki, onlar əməllər sistemini və həyata baxışlarını praktiki faydalı nəticələr əldə etmək rakursundan qururlar. Bu, uyğun olaraq, geyim üslubunda da özünü göstərir. Həm qadınların, həm də kişilərin geyimində.
"30-dan yuxarı" nəsli isə bütün məsələlərdə çevikdir. Həm sosial fəaliyyət baxımından, həm də paltarla özünüifadə vasitəsi ilə. Onların anlam dairəsinə dress-kod anlayışı daxil olub, həm də estetik şəkil dəyişməyə can atırlar. Bu nəslin təmsilçiləri qarşılarına məsələni dəqiq qoyurlar: işə, kinoya, restorana, dostlarla gəzməyə, qonaqlığa, "korporativ görüş"lərə hansı paltarlarla getmək olar və s. Ən başlıcası isə onlar dəqiq bilirlər ki, dress-kod insanın müəyyən peşə qrupuna aid olduğunu göstərən geyim reqlamentinin ifadə edilməsi üçün istifadə edilir. Şirkətin dress-kodu firmanın korporativ mədəniyyətinin davamı, onun brendinin vacib hissəsi sayılır. Ciddi korporativ dress-kodu biz artıq Bakı banklarında, restoranlarda, çox sayda mağazalarda görürük. Onlar bizim həyatımıza elə daxil olub ki, tam qanunauyğun və təbii görünürlər.
Paltarla özünüifadə məsələsində ən parlaq və azad qrup isə tineycerlər və yaşı 25-ə qədər olan gəncləridir. Onlar gənclik modasının diqtə etdiyi və Rusiya, Fransa, Almaniya jurnallarının təklif etdiyi üslubu uğurla istifadə edirlər. Biz bəlkə də tək MDB ölkəsiyik ki, çağdaş geyim üslubu pret-a-porteni qəbul edirik və bu, necə lazımdır - zövqlə və çağdaş üslubun anlaşılması ilə gerçəkləşdirilir. Meqapolis bu oyunun qaydalarını öyrədir. Amma bu oyun öz "məni"ni gizlətməyə yox, ifadə etməyə, külli miqdarda reklam edilən paltar arasından öz fərdiliyini sərgiləyən geyimi seçməyə yardım edir.
MƏSLƏHƏT GÖR: