Müəllif: Zərifə BABAYEVA Bakı
Biz tez-tez deyirik ki, Bakı qış soyuqlarına, xüsusilə də qar yağışına, şaxtalara hazır deyil. Ümumiyyətlə, bu problem bütün cənub şəhərlərinə xasdır. Əgər qarlı hava Bakı uşaqları üçün maraqlı əyləncədirsə, böyüklər üçün qarın yağması yeni məişət və başqa cari problemlərin yaranması kimi qəbul edilir.
Bu il soyuqlar o qədər sərt oldu ki, şəhər sakinləri evdən çıxmazdan öncə, Milli Hidrometeorologiya Bürosunun daha çox cəbhə xəbərlərinə bənzəyən hava proqnozları ilə tanış olurdular. Başqa cür sayıla da bilməz: meteoroloji müşahidələrə görə, fevralın 8-də Bakıda son 110 il üzrə ən aşağı olan mənfi 11 dərəcə şaxta qeydə alınıb, bununla da 1969-cu ildə müşahidə olunmuş mənfi 10 dərəcə şaxta rekordu sınıb. So-yuqdan yorulmuş bakılılar adət etdikləri qış günəşini arzulayırdılar. İndi günəş hər gün doğmasa da, sərt şaxtalar artıq keçib və şəhər sakinləri yavaş-yavaş özlərinə gəlirlər, daha doğrusu, gərnəşib-tərpənirlər.
Kimlərsə şaxtalar nəticəsində sıradan çıxmış boruların təmiri ilə məşğul olur, avtomobil yiyələri yolların buzlaşması üzündən baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində dəymiş zərərləri hesablayırlar, kimlərsə də qolu-qıçı gipsə salınmış şəkildə evində oturur; etiraf etmək lazımdır ki, şəhərin heç də hər yerində kommunal xidmətlər vicdanla işləmirdi, piyadalar üçün səkilər qardan və buzdan təmizlənmirdi. Təkcə bir gün - fevralın 8-də şəhər "təcili yardım" stansiyasına 1500 nəfər müraciət edib və onlardan 136-sı xəstəxanalıq olub.
Amma Bakının hava anomaliyasının ən ciddi əks-sədası isə yağan qar və buzlaşma üzündən yolların asfalt örtüyünün bu gün, demək olar, şəhərin hər yerində yararsız hala düşməsində özünü göstərir. Yaranan çuxurlar və çalalar yollarda uzunsürən tıxaclara səbəb olur. Nəqliyyat axını o qədər sıxdır ki, avtomobil sürücü-sünün istənilən çuxur qarşısında əyləci basması və yandan keçməsi yollarda əsl kollapsa gətirir, hərəkət, demək olar ki, dayanır. Heç kimdən gizli deyil ki, yollarda çuxurlar yol-nəqliyyat hadisələrinin əsas səbəblərindəndir. Onların nəqliyyat vasitələrinə hansı zərərləri vurmasından danışmağa isə dəyəməz. Məsələ o qədər ciddidir ki, Bakı Şəhər Dövlət Yol Polisi (DYP) Baş İdarəsi yol-təmir xidmətindən bu məsələlərə diqqət yetirməyi tələb edir.
Yada salaq ki, yolların ağır durumu hazırda, demək olar ki, bütün şəhərdə müşahidə edilir. "Rekord" Dilarə Əliyeva, Füzuli küçələri, Azadlıq prospekti, müxtəlif məhəllədaxili qovşaqlarda vuruldu, adətən, belə yerlərə yol təmirçilərinin əlləri elə də tez-tez çatmır, bəzən də heç çatmır. Yaşayış rayonlarının küçələri də ürəkaçan vəziyyətdə deyil. Bakı Şəhər Yol Polisi Baş İdarəsinin (YPBİ) yol hərəkətinin təşkili şöbəsinin rəisi hesab edir ki, "20 Yanvar" dairəsinə tərəf gedən nəqliyyat qovşaqları, 6-cı mikrorayonda, Əhməd Cavad küçəsi və Azadlıq prospektinin kəsişməsində, həmçinin, başqa yerlərdə nəqliyyat qovşaqlarının təcili təmirə ehtiyacı var. Onun sözlərinə görə, asfaltın dağılmasının əsas səbəbkarı şaxtalı hava olub.
V.İslamovun sözlərinə görə, YPBİ bu cür faktları aşkarladıqdan sonra, bu barədə "Azəryolservis" ASC-yə məlumat verir. Bu qurum isə öz növbəsində yolun dağılmış hissələrinin bərpası barədə tədbirlər görür.
Hazırda Nəqliyyat Nazirliyi nəzdindəki "Azəryolservis" ASC paytaxtın baş küçəsi Neftçilər prospektinin təmiri üzrə işlərə başlayıb. Amma ASC-nin mətbuat xidmətinin başçısı Pünhan Mürsəlov qeyd edir ki, Bakıda asfalt örtüyünün təmirinin yalnız mərkəzi küçələrdə aparılması ilə bağlı formalaşmış fikir, əslində, yanlışdır. Bunu rəqəmlər də sübut edir. "Şəksiz ki, tezliklə havaların pis keçməsi ilə bağlı zədələnmiş bütün küçələr təmir ediləcək. "Azəryolservis" ASC tərəfindən görülmüş işlərə gəldikdə isə, 2006-cı ildən 2011-ci ilə kimi Bakıda çağdaş tələblərə uyğun olan 30-a yaxın yol qovşağı, 54 piyada keçidi tikilib və istifadəyə verilib", - deyə o bildirir.
P. Mürsəlov bildirib ki, hazırda paytaxtda küçələrin kəsişmələrində müxtəlifsəviyyəli yol qovşaqlarının tikintisi gerçəkləşdirilir, avtomobil yolları şəbəkəsi yeniləşdirilir və yenidən qurulur, kənd və qəsəbə yolları da daxil olmaqla yolların, prospekt və küçələrin asfaltlaşdırılması həyata keçirilir. Bundan başqa, dövlət avtomobil yollarının yenidən qurulması, yerli əhəmiyyətli yolların, həmçinin, körpülərin tikintisi və təmiri üzrə layihələr gerçəkləşdirir.
"Paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, cənub və cənub-qərb istiqamətlərində nəqliyyatın giriş-çıxışının asanlaşması üzrə tədbirlər seriyasının davamı kimi, Bakı-Ələt, Bilgəh - Novxanı - Sumqayıt, Buzovna - Mərdəkən -Şüvəlan - Qala yollarının tikintisi gerçəkləşdirilir. Həmçinin, Neftçilər prospekti və Sərdar Səfərov küçəsinin kəsişməsində piyada keçidi tikilir və s. Böyükşor yol qovşağının tikintisinin üçüncü mərhələsi, Qələbə meydanında, Ziya Bünyadov prospektinin Əbdülvahab Salamzadə, Alı Mustafayev və s. küçələrlə kəsişməsində müxtəlifsəviyyəli yol qovşaqlarının tikintisi gerçəkləşdirilir",- deyə P. Mürsəlov bildirib.
Bunlarla yanaşı, beynəlxalq əhəmiyyətli Ələt-Astara dövlət avtomobil yolu da yenidən qurulur. Hazırda magistralın Yenikənd - Salyan, Salyan - Şorsulu, Masallı - Astara hissələri tikilir, həmçinin, Salyan şəhərində Kürün üzərində körpü tikilir. Keçən müddət ərzində respublika və yerli əhəmiyyətli yollarda irimiqyaslı təmir-yenidənqurma işləri aparılıb. P. Mürsəlov qeyd edib ki, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gən-cə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ və s. kimi yollarda yenidənqurma işlərinin aparılması dövlət tərəfindən bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.
Yolların təmiri ilə bağlı problemə gəldikdə isə, ekspertlər bildirirlər ki, şaxtanın göstərdiyi dağıdıcı təsirlərdən də əlavə asfalt örtüyə, ən azı, ildə bir dəfə xidmət göstərmək lazımdır. Texnologiyaya tam riayət etdikdə, buna ehtiyac qalmır - belə asfalt uzun illər xidmət göstərə bilər. Əgər altındakı bünövrə lay normativ standartlara cavab vermirsə, asfaltlar buzlaşma-ərimə zamanı çatlayır. Keyfiyyətli yol üçün qar, buz və temperatur dəyişkənliyi qorxulu deyil.
MƏSLƏHƏT GÖR: