Müəllif: Abbas AXUNDOV Bakı
Cənub-Şərqi Asiya son onillərboyu planetin ən böyük turizm guşələrindən birinə çevrilsə də, Azərbaycan vətəndaşları üçün bu sirli məkan, sanki bir Terra Incognita kimi qalmaqdadır. Tailandın, İndoneziyanın, Koreyanın, Sinqapurun, Filippinin cazibəsi yalnız onların mənzərəli, fərqli təbiətində yox, həm də xüsusi mədəniyyətə malik olmalarındadır.
Bu üzdən Filippinə səyahət insanda tamamilə qeyri-adi assosiasiya yaradaraq, filmlərdən, İnternet məlumatlarından, orta məktəbdə keçilmiş coğrafiya və tarix fənlərindən tanıdığımız ölkə haqda təsəvvürləri bir qədər dəyişir.
Çoxları üçün Filippin keçmiş diktatorun 3 min cütdən artıq ayaqqabı kolleksiyasına malik xanımı İmelda Markosla assosiasiya olunur; əhali arasında populyarlığa malik olanlar həkimlər yox, hilerlərdir. Guya bu xalq şəfavericiləri cərrahiyyə əməliyyatını alətlərsiz həyata keçirirlər; Amerikanın məşhur "Akopalipsis bu gün" filmi məhz Filippində çəkilib.
Qasırğa
Filippinə məxsus kiçik Takloban adasında yerləşən aeroport, şübhəsiz, gənc azərbaycanlı jurnalistin baş çəkməyə müvəffəq olduğu məkanlar arasında ən qeyri-adi yer sayıla bilər. Təxminən, 1 il əvəl Hayyan (və ya Filippində adlandırıldığı kimi - Yolanda) qasırğası onun terminalını, demək olar ki, Yer üzündən silmiş, aeroportdan yalnız uçuş zolağı qalmışdı. Bu gün bina qismən bərpa edilib.
Aeroport çox kiçikdir: təyyarədən perrona endirilmiş yüklərin yük karuselinə qoyulması üçün hava limanı əməkdaşlarının cəmi bir addım atmaları kifayətdir. Başqa sözlə, aeroportları, əsasən, hava darvazası adlandırırlarsa, buraya yalnız qapı demək olar. Bununla yanaşı, əksər kiçik aeroportlarda olduğu kimi, onun da bir üstünlüyü var və açıq məkanların həvəskarları məhz həmin cəhəti çox yüksək qiymətləndirirlər: uçuş zolağı təyyarələrlə dolu deyil. Bu dəfə orada yalnız 2 mühərrikli Bombardier, arxasında isə gözəl mənzərə görünür: aydın səma, uzaqlardakı tropik meşələrin arasında görünən təpələr.
Bu yerdə bir maraqlı detala nəzər salaq: aeroport işçiləri terminalın binasını tərk edərkən, qızğın günəşdən qismən də olsa qorunmaq üçün küləşdən hazırlanmış konusşəkilli şlyapa geyirlər. Filippinə ilk dəfə baş çəkən insan onları bu papaqda gördükdə elə düşünə bilər ki, düyü yığanlar təsadüfən gəlib uçuş zolağına çıxıblar.
Taklobana səyahət Asiya İnkişaf Bankının (AİB) jurnalistlər üçün treninq proqramına daxil idi. Qurum ötən il baş vermiş qasırğanın nəticələrinin aradan qaldırılmasında Filippin hökuməti ilə əməkdaşlıq edir və bu günədək ada sakinlərinin normal həyata qayıtmalarına yardım kömək edəcək layihələri maliyyələşdirir.
AİB-in Taklobanda çalışan əməkdaşları ilə görüş Sosial Rifah və İnkişaf Nazirliyinin yerli şöbəsinin binasında keçirilib. Bina üçmərtəbəlidir və bank əməkdaşları qasırğa zamanı sağ qaldıqları üçün məhz buna minnətdar olmalıdırlar: onlar bir neçə gün hər tərəfi bürümüş sudan məhz binanın üçüncü mərtəbəsində sığınmaqla qorunublar.
Alimlər qasırğaların daha tez-tez təkrarlanmasını və getdikcə onların gücünün daha da artmasını qlobal istiləşmə ilə əsaslandırırlar. Bizim kimi mötədil iqlimdə yaşayanlar iqlim dəyişikliyin yaratdığı təhlükələri ciddi qəbul etmir və buna sanki uzaqlarda baş verən xəyali bir şey kimi yanaşırlar.
Əksər mütəxəssislər hesab edirlər ki, Hayyan indiyədək burada baş vermiş ən güclü qasırğadır. Qasırğa zamanı küləyin sürəti saatda 310 kilometri keçirdi, bəzən isə saatda 370 kilometrə çatırdı. Təbii fəlakət zamanı yalnız Taklobanda, ən azı, 6 min insan həlak olub. Və bu gün də həmin faciədən xatirə kimi qalan "abidələr"ə rast gəlinir - məsələn, küləyin adanın içərilərinə aparıb-çıxardığı və yaşayış evlərinin arasında ilişib-qalmış bir neçə yük gəmisi kimi...
Bununla yanaşı, çoxlu sayda insan həyatına son qoymuş, yüz minlərlə insanın evini dağıtmış, özündən sonra böyük dağıntılar qoymuş qasırğa taklobanlılara yaxşı dərs verib: indi təbii fəlakətdən əziyyət çəkmiş rayonlar sakinləri bu cür halların yaxınlaşmasına dair xəbərdarlıqlara biganə yanaşmır, əksinə, dərhal evakuasiya mərkəzlərinə üz tuturlar; Filippin hökuməti isə qasırğanın fəsadlarının sığortalanması mexanizmlərini axtarır (indiyədək əsas diqqət ölkə üçün daha bir başağrısı sayılan zəlzələnin törətdiyi dağıntıların sığortalanmasına yönəldilirdi). Bundan başqa, Hayyan dünyanın diqqətini iqlim dəyişikliklərinə cəlb edib.
Napalm qoxusu
Cənub-Şərqi Asiya haqda fikirlərim, əsasən, Amerika istehsalı olan Vyetnam müharibəsi haqda filmlər əsasında formalaşıb. Və Filippinə səfərim zamanı aldığım ilk təəssüratlar bu fikirlərimi çox da dəyişmədi. Manilanın ətrafı Hollivud Sayqonunu xatırladır. Ətrafda hər şey parlaq, izdihamlı və yoxsuldur. Tam ahəngin yaranması üçün yalnız radiodan aparıcının, az qala, klassik salamlamaya çevrilmiş "Sabahın xeyir, Vyetnam!" kəlməsi çatmırdı:
Manilanın Burqos küçəsində (qəribə təsadüfdür ki, o, XIX əsrdə filippinli və ispan keşişlərin hüquqlarının bərabərləşdirilməsi uğrunda hərəkata rəhbərlik etmiş din xadimi Xose Burqosun adını daşıyır) yerləşən "qırmızı fənər"lər məhəlləsində "Havana" kafesi var. Orada rok-n-rol səslənir, əcnəbilər yerli qızlarla birlikdə viski içirlər. İçəridə tavandan böyük pərləri olan ventilyator asılıb. Martin Şinin qəhrəmanına vertolyotun vintini xatırladan ventilyatora bənzəyir lap. Bir sözlə, Vyetnam müharibəsi haqqında film üçün hazır dekorasiya.
Burada, hətta ictimai nəqliyyat belə, bənzər assosiasiyalar yaradır. Manilada "Cipni"lərdən - Amerikanın hərbi "Cip"lərindən kiçik marşrutlar kimi geniş istifadə olunur. Onlara 10-12, lazım gəldikdə isə daha çox adam yerləşir. Əksər "Cipni"lər Jeep-Willys avtomobillərindən hazırlanıb. Onlar filippinlilərə Vyetnam müharibəsindən qalıb. Bu maşınlar isti və darısqal olsa da, çox ucuz və sürətlidir, odur ki, xüsusilə şəhər ətrafında geniş yayılıblar. Amma onların qeyri-adiliyi sürət və qiymətində yox, avtomobil sahiblərinin onların xarici görünüşünə son dərəcə yaradıcı yanaşmasındadır. Deyilənə görə, Filippində iki eyni "Cipni"yə rast gəlmək mümkün deyil. Reklamdan tutmuş, dinədək müxtəlif mövzularda rəngarəng şəkillərlə bəzədilmiş zirək marşrutlar sanki hərəkət edən qraffiti xatıladır.
Orada daha bir qeyri-adi hərəkət vasitəsi üçtəkərli velosipedlər, yaxud yerli dildə ifadə etsək, traysikllərdir. Bu fayton və ya bağlı kabinəyə malik motosikletlər, yaxud velosipedlər şəhəri seyr etmək üçün ən yaxşı vasitədir.
"Cipni"lər burada Amerikaya məxsus keçmişin yeganə göstəriciləri deyil (XX əsrin ilk yarısında Filippin ABŞ ərazisi olub). Burada əhalinin ən sevimli idman növü futbol yox, basketbol, içki isə çay yox, kofedir. Mütləq təbəssüm və nəzakəti isə Amerikaya xas daha bir cəhət saymaq olar.
Və əlbəttə ki, Filippinə Amerikanın işğalından qalmış əsas miras 2 rəsmi dildən biri olan ingilis dilidir. Filippinlilərin uşaqlıqdan bu dili mükəmməl bilmələri onların xaricdə işə düzələrkən çətinliklərlə üzləşməməsinə imkan verir. Nəticədə, Filippin bu gün Çin, Hindistan və Meksikadan sonra ən çox pul axınının gəldiyi 4-cü ölkədir. Ölkədə ÜDM-in 13,5%-i məhz kənardan gələn vəsaitlər hesabına formalaşır.
AİB-in inkişaf strategiyası
Yeri gəlmişkən, iqtisadiyyat haqqında. Səfərimizin əsas məqsədi Filippindəki sosial-iqtisadi vəziyyətlə tanışlıq olmasa da, AİB-in treninqlərində keçirdiyimiz bir neçə gün hadisələrlə zəngin oldu. Bankın Direktorlar Şurasının iclasının keçirildiyi binada olmaq jurnalistlərə ilk ağızdan xəbər və şərhlər almaq imkanı verirdi. Məsələn, öyrəndik ki, AİB-in Direktorlar Şurası Azərbaycanla 2014-2018-ci illər üzrə yeni Tərəfdaşlıq Strategiyasını təsdiqləyib. "Sənədin qəbulunda məqsəd Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, yeni iqtisadi imkanların yaradılması, şəhərlərlə kəndlər arasında disbalansın aradan qaldırılmasına dəstək verilməsidir", - deyə AİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib. Bankın strateji hədəfi nəqliyyat, enerji, su təchizatı, şəhər təsərrüfatı kimi sahələrdə infrastrukturun və xidmətlərin inkişafıdır. AİB yeni strategiya çərçivəsində Azərbaycanda özəl sektorun dəstəklənməsini, həmçinin yerli bankların kreditləşdirilməsini, ticarətin inkişaf proqramlarının maliyyələşdirilməsini davam etdirmək niyyətindədir. Sənədin qüvvədə olduğu müddət ərzində Azərbaycanda nəqliyyat, enerji və şəhər xidmətlərinin sahələrinə aid layihələrin reallaşdırılmasına 752 milyon dollar kredit ayrılması nəzərdə tutulub.
Daha bir vacib hadisə AİB prezidenti Takexiko Nakao ilə görüş sayıla bilər. Görüşdə o, Asiya ölkələrində iqtisadiyyatın hazırkı durumundan danışıb. Nakao noyabrın 3-4-də Azərbaycana səfər etməyi planlaşdırdığını qeyd edib. Səfər zamanı tərəflər bankın İdarə Heyətinin növbəti illik toplantısına hazırlıq məsələlərini müzakirə edəcəklər. O, 2015-ci ilin mayında Bakıda keçiriləcək.
BİZİM ARAYIŞ
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. O vaxtdan AİB Azərbaycanda 20 layihə reallaşdırıb, ümumilikdə ölkəyə 1 milyard 637,4 milyon dollar kreditin ayrılması qərarını təsdiqləyib. Artıq bu məbləğin 697,5 milyon dolları xərclənib. AİB-in ayırdığı kreditlərin 46,26%-i nəqliyyat və informasiya texnologiyaları, 33,9%-i su təchizatının, bələdiyyə infrastrukturu və xidmətlərin yaxşılaşdırılmasına, 11,42%-i enerji, 7,08%-i maliyyə sektoruna, 1,34%-i kənd təsərrüfatı və təbii resurslar sektoruna xərclənib.
BU, MARAQLIDIR
AİB departamentləri ildə 1 dəfə öz aralarında ifa, rəqs və səhnədə çıxış yarışı keçirir. Tamaşalarda yalnız bankın əməkdaşları səhnəyə çıxırlar. Münsiflər heyətində isə peşəkar tənqidçilər və mədəniyyət xadimləri yer alırlar.
MƏSLƏHƏT GÖR: