25 Noyabr 2024

Bazar ertəsi, 17:48

İSLAHATIN DÖRD BƏNDİ

Vergilər nazirliyi fiksal sistemin inkişafına yönələn əsas öhdəlikləri müəyyənləşdirib

Müəllif:

01.03.2012

Yaxın 20 il ərzində prioritetli olacaq effektiv və innovasiyalı  iqtisadiyyatın yaradılması üzrə tapşırıqların həlli üçün Azərbaycan hökuməti artıq bu gün iqtisadi inkişafın əsas tərkib hissələrinin islahat yollarını müəyyən etməlidir. Belə olan halda isə vergi sistemi ölkənin maliyyə dayanıqlılığını üzərində saxlayan əsas bünövrələrdən biri olduğundan, ona görə də o, öz vəziyyətinin yaxşılaşdırılması üzrə ilk addımı atmalıdır. Buna görə də Vergilər Nazirliyi artıq vergi sisteminin inkişafına yönəlmiş əsas öhdəlikləri müəyyən edib. "Biz hesab edirik ki, vergi sistemində islahatlar elektron xidmətlərin inkişafına yönəlməlidir, vergi prosedurları biznesin dəstəklənməsi və vergilərin könüllü ödənilməsinə keçid üçün sadələşdirilməlidir",- deyə vergilər naziri Fazil Məmmədov bildirib. 

 

Elektron innovasiyalar...

Yada salaq ki, Azərbaycan Prezidlenti İlham Əliyev bu yaxınlarda hökumətə "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasının işlənməsi ilə bağlı tapşırıq verib. Onun çərçivəsində Azərbaycanın vergi sisteminin qarşısında çox vacib məsələlər durur. Vergilər Nazirliyində bu məsələləri 4 vacib bənd üzrə qruplaşdırırlar. 

Birincisi, ölkənin fiksal qurumu özlərinin fikrincə, vergi sistemi sabit və proqnozlaşdırılan olmalıdır. "Ver-gi Məcəlləsi 11 il qabaq qəbul edilib. Düşünürəm ki, vergi qanunvericiliyinə bir daha baxılmalıdır, bütün maraqlı qurumlarla bu məsələ artıq müzakirə edilib", - deyə nazir F.Məmmədov bildirib. Onun sözlərinə görə, yanvar-fevral aylarında ölkənin vergi sahəsində aparıcı mütəxəssisləri, biznes təmsilçiləri və uyğun dövlət qurumları ilə Vergi Məcəlləsinin geniş müzakirəsinə başlanılıb. "Biz sanırıq ki, vergi qanunverciliyinin təkmilləşdirilməsi prosesində ictimai təşkilatlarla və biznes dairələri ilə sıx əməkdaşlıq etməklə, onların təkliflərini öyrənməklə ortamüddətli perspektivdə vergi qanunvericilik bazasına müəyyən dəyişikliklər etməyi bacararıq", - deyə nazir vurğulayıb. 

Siyahıda ikinci bənd vergi sistemini "istifadəçilər" üçün maksimum əlverişli "alətə" çevirməkdir. Burada söhbət qeydiyyatdan tutmuş, vergi bəyannamələrinin təqdim edilməsinə qədər bütün səviyyələrdə sahibkarlarla vergi orqanları arasında münasibətlərin İKT-nin çağdaş uğurlarının istifadəsi ilə gerçəkləşdirilməsindən gedir. 

Bildirmək gərəkdir ki, bu sahədə son illərdə bir sıra irəliləmələr müşahidə edilir. Belə ki, Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının uyğun hesabatlarına görə,  bu gün vergi bəyannamələrinin tutulmasına və təqdim edilməsinə, həmçinin, vergi ödənişlərinin gerçəkləşdirilməsinə  sərf  edilən vaxta görə, Azərbaycan həm Mərkəzi Asiyanın və Şərqi Avropanın uyğun göstəricisini, həm də dünya üzrə orta göstəricini arxada qoyur. 

F. Məmmədovun sözlərinə görə, hazırda ölkədə vergi bəyannamələrinin 90%-i elektron şəkildə təqdim edilir, indi əsas məqsəd qeydiyyatdan və vergi bəyannamələrinin təqdimatından tutmuş, vergi ödənişlərinə və vergi nəzarətinə kimi vergiödəyicisi ilə vergi qurumu arasında münasibətlərin bütün mərhələlərində çağdaş elektron texnologiyalardan istifadə edilməsidir. 

Yada salaq ki, fevralın 7-də Vergilər Nazirliyi vergilərin və dövlət rüsumlarının internet vasitəsilə onlayn ödəniş sistemini təqdim edib və bu, real olaraq banklarla və başqa müvafiq qurumlarla kollektiv saziş bağlandıqdan sonra işləməyə başlayacaq. Bununla bağlı olaraq, Azərbaycan Mərkəzi Bankı (AMB) "Komis" platforması (kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi) əsasında vergi və dövlət rüsumları ödənişinin gerçəkləşdirilməsi üçün portalın yaradılması üzərində işləyir. Bu ayın sonuna 90 ödəniş üzrə "Komis" sistemindən istifadə etməklə köçürmə gerçəkləşdirilməsinə imkan yaradılacaq.  Vergilər nazirinin müavini Sahib Ələkbərovun bildirdiyinə görə, növbəti mərhələ vergi və dövlət rüsumlarını mobil telefonlar vasitəsilə ödəməyə imkan verən sistemin işə salınması olacaq. 

Buna paralel olaraq, Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin qeydiyyatı üzrə prosedur sayını 6-dan 3-ə qədər aşağı salmağa imkan verən elektron-onlayn qeydiyyat sisteminin təqdimatını gerçəkləşdirib.  Onlayn qeydiyyat 20 dəqiqə çəkəcək, sürətləndirilmiş rejimdə isə bunu 5 dəqiqəyə həyata keçirmək mümkün olacaq, Vergilər Nazirliyinin məlumatları yoxlamasına isə 3 günə qədər vaxt gedəcək. Sahib Ələkbərov bildirib ki, "ölkədə 2011-ci ilin iyul ayından fiziki şəxslərin onlyan qeydiyyatının tətbiqi, həmçinin, 2012-ci ildən hüquqi şəxslərin elektron qeydiyyatına başlanılması əhalinin həm vaxtına, həm də vəsaitinə qənaət etmək imkanı yaradır. Bu, həmçinin, ölkədə korrupsiya ilə mübarizə siyasətinin gerçəkləşdirilməsində önəmli rol oynayır".  Onun sözlərinə görə, 2011-ci ilin iyul-dekabr aylarında vergi orqanlarında elektron qeydiyyatdan 10 075 adam keçib ki, bu da qeydiyyata alınmış vergiödəyicilərin ümumi sayının 34,5%-ni təşkil edir. 

Bildirmək gərəkdir ki, vergiödəyicilərinin rahatlığına yönəldilmiş elektron innovasiyalar maliyyə dividendləri də gətirir. Belə ki, sahibkarlıq subyektlərinin qeydiyyatı zamanı "vahid pəncərə" prinsipinin tətbiq edilməsi nəticəsində, Azərbaycanın özəl sektoru bütünlükdə rəsmiləşdirmə prosedurları zamanı $23 mln.-dan çox vəsaitə qənaət edib. 

 

...aşağı dərəcələr 

Vergilər Nazirliyi tərəfindən irəli sürülmüş öhdəliklər sırasında daha vacib bəndlərdən biri, fiskal qurum təmsilçilərinin fikrincə, vergi sisteminin stimullaşdırıcı rolunun artırılmasıdır. "Yaxın illərdə qarşımızda duran məsələ büdcənin cari xərclərinin vergi yığımları hesabına örtülməsini təmin etməkdir. Bunun üçün büdcəyə vergi daxilolmalarını artırmaq lazımdır, amma bu, vergi yükünün ağırlaşdırılması hesabına olmamalıdır, bizneslə daha effektiv əməkdaşlıq, vergi bazasının genişləndirilməsi sahəsində gerçəkləşdirilməlidir ki, bunun üçün də bizim yetərincə bazamız var", - deyə vergilər naziri bildirib. 

Rəqəmlərə müraciət edək. Vergilər Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin başçısı Cəmil Əlizadənin sözlərinə görə, son 20 il ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirləri 75 dəfə, xərcləri isə 83 dəfə artıb. Büdcə göstəricilərinin orta illik artımı 40,4%, büdcə xərclərinin orta illik artımı 40,1% təşkil edib. Bu zaman dövlət büdcəsinə vergi daxilolmaları 2011-ci ildə 1995-ci illə müqayisədə 20,8 dəfə artıb, neftdənkənar bölmədə bu, 15,9 dəfə təşkil edib. Büdcə gəlirlərində vergi daxilolmalarının orta payı bu illər aralığı üçün 70-80% təşkil edib.

Bununla yanaşı, ekspertlər, vergi işçilərinin özləri əmindirlər ki, ölkədə vergi tutulmasına cəlb etmək üçün böyük potensial var. Bu potensialın işə salınması üçün Vergilər Nazirliyi transfert qiymətlərin formalaşdırılması kimi həssas sahələrdə vergi nəzarətinin tətbiqi barədə araşdırmalara başlayıb. Qurum, həmçinin, ölkədə nağdsız hesablaşmaların inkişafına dəstək göstərir. "Biz sanırıq ki, nağdsız ödənişlərin həcminin artırılması vergi bazasının yetərincə genişlənməsi üçün əsas mənbələrdən biridir və Azərbaycan yaxın zamanlarda bu göstərici üzrə Avropanın qabaqcıl ölkələri səviyyəsinə çatmalıdır", - deyə F.Məmmədov bildirib. 

Başqa stimullaşdırıcı amil vergi dərəcələrinin azaldılması ola bilər ki, bu da sahibkarların xeyli hissəsini öz biznesini "kölgə"dən çıxarmağa həvəsləndirər. Vergilər Nazirliyinin iqtisadi siyasət, analiz və proqnozlaşdırma şöbəsinin rəhbəri Ədalət Muradov əmindir ki, vergi dərəcələrinin mütəmadi azaldılması ölkənin iqtisadi artımına müsbət təsir göstərib. "Gələcəkdə bu amilin iqtisadi artım üçün istifadə edilməsindən ötrü geniş imkanları var", -  deyə o vurğulayıb. Onun sözlərinə görə, dövlət büdcəsinə vergi daxilolmaları vergi dərəcələrinin artırılması zamanı yalnız müəyyən həddə qədər artır. Dərəcələrin bu səviyyədən yuxarı qaldırılması zamanı artıq vergi daxilolmaları aşağı düşür. 

"Azərbaycanda vergi yükünün 1% artırılması vergi daxilolmalarını 2,3% artırır. Bu onunla izah edilə bilər ki, ölkədəki iqtisadi artımla müqayisədə vergi yükü elə də yüksək deyil", - deyə Ə.Muradov vurğulayıb. Son səkkiz ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 6,7 faiz artıb, bu müddət ərzində ölkənin ümumi daxili məhsulu (ÜDM) isə 7 dəfə artıb. "Beləliklə, vergi daxilolmalarının ÜDM-dəki xüsusi payı 2003-cü ildəki 11,5% səviyyəsindən 2011-ci ildə 10,9%-ə enib. Bu isə vergi dərəcələrinin iqtisadi artıma müsbət təsirindən danışmağa əsas verir", - deyə Ə.Muradov vurğulayır.

Yeri gəlmişkən, ölkənin Maliyyə Nazirliyində də bu fikirdədirlər. Statistik məlumatlara görə, mənfəət vergisi dərəcəsi 20 il ərzində 35%-dən 20%-ə, ƏDV 28%-dən 18%-ə qədər, fiziki şəxslərdən gəlir vergisi dərəcəsi isə 55%-dən 30%-ə qədər endirilib. "Vergi yükünün bu növlər üzrə aşağı salınması iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına səbəb olub, sonucda isə bu, həmin sahələr üzrə büdcə gəlirlərinin artımı üçün əlverişli şərait yaradıb", - deyə Maliyyə Nazirliyinin təmsilçisi Cəmil Əlizadə bildirib. 

Ümumiyyətlə, vergiyə cavabdehlər işlərin bu vəziyyətdə olmasını inkar etmirlər, bundan başqa, fiskal qurumun rəhbəri bildirib ki, Vergilər Nazirliyi fiziki şəxslərin gəlir vergisi üzrə dərəcələrin dəyişdirilməsi ideyasını dəstəkləyir. Hazırda ölkə üzrə fiziki şəxslərdən gəlir vergisi dərəcəsi 2 min manata qədər aylıq gəlir üzrə 14% təşkil edir, dərəcənin yuxarı səviyyəsi isə 30%-ə çatır. "Biz fiziki şəxslərin gəlir vergisi dərəcələrinə yenidən baxa bilərik, çünki o, büdcə gəlirlərinə xüsusi təsir göstərmir, amma bununla yanaşı, sosial ədalət prinsiplərinə riayət etmək lazımdır",- deyə nazir bildirir. Məmmədovun sözlərinə görə, 2 min manat səviyyəsində orta aylıq gəlir sabit göstərici sayılır, buna görə də 14%-lik dərəcə əlverişli səviyyə sayılır. Bütünlükdə, fiziki şəxslərin gəlir vergisinin dərəcəsi sosial bərabərliyin təmin edilməsi üçün bir-iki pillə aşağı və yuxarı ola bilər. Gəlir vergisinin yuxarı həddinin 30% olmasına gəldikdə isə, bu məsələ ilə bağlı Maliyyə Nazirliyi ilə danışıqlar aparılır. 

Sonucda bütün bunlar vergi islahatlarının dördüncü məsələsini gerçəkləşdirməyə - vergi sisteminin rəqabət qabiliyyətini təmin etməsinə nail olmağa imkan verəcək. 

"Azərbaycan çağdaş vergi sisteminə malikdir. Mən əminəm ki, Azərbaycan güclü vergi sisteminin yaradılması və təkmilləşdirilməsi üzrə götürdüyü öhdəlikləri uğurla yerinə yetirəcək", - deyə Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndə heyətinin başçısı, səfir Rolan Kobia bildirir. Beləliklə, söyləmək olar ki, vergi islahatlarının növbəti mərhələsinə start verilib və bu, ən azından ona görə uğurlu olmalıdır ki, artıq yaxşı əsas var - onu yalnız inkişaf etdirmək və gücləndirmək lazımdır. 


MƏSLƏHƏT GÖR:

521