15 Mart 2025

Şənbə, 03:04

SURİYA TİKANI

Bəşər Əsəd rejimi artan beynəlxalq təzyiqlə üz-üzə qalıb

Müəllif:

01.03.2012

Suriyada vəziyyət getdikcə daha kritik hal alır. İndi əsas sual suriyadaxili proseslərə kənardan hərbi müdaxilənin (birbaşa və ya dolayısı ilə) olub-olmayacağı ilə bağlıdır. Və düzünə qalsa, yalnız Suriyadakı durumu deyil, dünya birliyinin diqqət mərkəzində olan digər münaqişə düyünlərinin taleyi də, məhz elə bundan asılı olacaq. 

 

Üç yanaşma və bir qətnamə

Suriyada, əslində, vətəndaş müharibəsi gedir. Etirazçı hərəkatın mərkəzi Homs şəhəridir. Burada hökumət qüvvələri ilə müxalifət tərəfdarları arasında əməlli-başlı hərbi toqquşmalar davam edir. Birincilərin ciddi üstünlüyə malik olması (say və hərbi güc baxımından) şəhər sakinləri arasında kütləvi tələfata səbəb olur. BMT-nin məlumatına görə, Suriyada qarşıdurmaların başlanmasından 2012-ci ilin fevralınadək olan dövrdə toqquşmalar nəticəsində, 5 mindən artıq insan həlak olub. Rəsmi Dəməşq isə dinc insanların ölümünə görə məsuliyyəti "yaraqlıların"in üzərinə qoyur.

Bütün bunlarla yanaşı, Bəşər Əsəd hökumətinə beynəlxalq təzyiq Suriya böhranının vacib faktorlarından birinə çevrilib. Qərb Suriya prezidentini öz xalqına qarşı zorakılıqda təqsirləndirərək, açıq şəkildə onun istefasını tələb edir. "Əsəd qətliamı dayandırmalıdır. O, dərhal getməli və hakimiyyəti demokratik hökumətə verməlidir", - deyə ABŞ Prezidenti Barak Obama bildirib.

ABŞ və Qərb ölkələrinin antiəsəd ritorikasına baxmayaraq, bu, fevralın 26-da ölkə Konstitusiyasına dəyişikliklə bağlı referendumun keçirilməsinə mane olmayıb.  Suriyanın yeni Konstitusiyası "BƏS" partiyasının hakimiyyətdəki monopoliyasını aradan qaldırır, çoxpartiyalılığı nəzərdə tutur, vətəndaşların hüquq və azadlıqlarına zəmanət verir, Suriyanın "demokratik dövlət" olduğunu deyir. Rəsmi Dəməşq yeni konstitusiyanı "yeni eraya addım" sayır, bununla da daxili böhrandan çıxış yolunun tapılacağına, ölkənin "dalandan çıxacağına" ümid edir.

ABŞ isə referendumu "mənasız addım" adlandırıb.

Qərb Ərəb Dövlətləri Liqasının (ƏDL) təklif etdiyi qətnamənin BMT Təhlükəsizlik Şurasında qəbulu üçün əlindən gələni edir. Söhbət Bəşər Əsədin məhkəməyə cəlb olunmaması qarşılığında hakimiyyəti vitse-prezidentə verməsini nəzərdə tutan qətnamə layihəsindən gedir. Amma Rusiya ilə Çinin BMT TŞ-də sözügedən sənədin qəbuluna veto qoyması Qərbin istəyini gerçəkləşdirməsinə imkan vermir. Rusiya XİN-in məsələyə dair bəyanatında bildirilir ki, sözügedən qətnamə layihəsi Suriyaya kənar müdaxiləni istisna etmir və bu üzdən o, qəbuledilməzdir. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin isə bildirib ki, "səsverməyə çıxarılmış qətnamə layihəsində Suriyadakı ağır vəziyyət qeyri-adekvat şəkildə əks olunub". Diplomat bu fikrini sənəddə Suriyada baş verənlərə görə günahın tərəflərdən birinin - rəsmi Dəməşqin üzərinə qoyulması ilə əsaslandırıb.

Rusiyanın bu mövqeyi ABŞ-ın sərt tənqidi ilə üzləşib. Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Suriyaya dair qətnamənin hazırlanmasında Rusiya ilə konstruktiv işin mümkün olmadığını bildirib.

Moskva və Pekinin mövqeyindən BMT-nin Baş katibi Pan Gi Mun da narazılıq edib. O bildirib ki, Rusiya və Çinin qətnamənin qəbuluna veto qoyması qlobal təşkilatın imicinə zərbə vurur. Pan Gi Mun "Suriya hökumətinin xalqa qarşı zorakılığa son qoyulması haqda vahid çağırışı eşitməli olduğu dövrdə" Təhlükəsizlik Şurasında uğura nail olunmamasından "dərin təəssüfünü" qeyd edib.

Rusiya isə öz növbəsində Suriyadakı böhranın aradan qaldırılması üçün müstəqil cəhdlər edir. Rusiya xarici işlər naziri Sergey Lavrov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Mixail Fradkovun Suriyaya səfərləri də bununla bağlı idi. Amma onların Bəşər Əsədlə danışıqlar zamanı prezidentin müxalifətlə danışıqlara başlamasına dair əldə etdikləri razılaşma boş sözdən başqa bir şey olmadı və suriyadaxili münaqişənin dinc yolla həllinə heç bir töhfə vermədi.

Dəməşqə təzyiqlərin artırılmasının tərəfdarları isə BMT Baş Assambleyasında qətnamə qəbuluna nail oldular. Sənəddə Bəşər Əsəd istefa verməyə çağırılır, onun rəhbərlik etdiyi rejimin insan haqlarını pozması qəti şəkildə pislənir. ƏDL tərəfindən hazırlanmış qətnamə layihəsi ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənib. Baş Assambleyada səsverməyə qatılmış 193 ölkədən 137-si qətnamənin qəbuluna "hə" deyib. 12 ölkə sənədin əleyhinə çıxıb, 17 nümayəndə isə bitərəf qalıb. Qətnamənin qəbuluna qarşı çıxmış ölkələr arasında Rusiya və Çin də olub.

Əslində, Suriya böhranına beynəlxalq təsir hadisələrin 3 istiqamətdə inkişafına səbəb ola bilər. Qərb hesab edir ki, dünya ictimaiyyəti Suriyada qiyamçı şəhərlərin mühasirədən xilas olunmasına nail olmaq üçün Dəməşqə bütün diplomatik və iqticadi təzyiq rçaqlarından istifadə etməyə borcludur. Bununla yanaşı, Qərb liderləri hələ ki Suriya müxalifətinə hərbi dəstəyin mümkünlüyü haqda açıq danışmır. Məsələyə ən radikal yanaşmanın tərəfdarları, daha konkret desək, Fars körfəzindəki ərəb monarxiyaları bununla razılaşmır. Onlar Suriya müxalifətinin silahlandırılmasını, ona maddi və kəşfiyyat məlumatları da daxil olmaqla, bütün dəstəyin göstərilməsini təklif edir. Bundan başqa, məsələn, Qətar rəhbərliyi bildirir ki, Suriyaya kənar hərbi müdaxilə də pis ideya deyil. ƏDL Suriyaya beynəlxalq sülhməramlı missiyanın göndərilməsini nəzərdə tutan qətnamə də qəbul edib. Şübhəsiz, bu yanaşma Suriyada hadisələrin Liviya ssenarisi ilə inkişafı anlamına gəlir. Yeri gəlmişkən, Liviya ssenarisinin reallaşmasında da regionda amerikapərəst siyasətin avanqardına çevrilmiş Qətarın rolu az olmamışdı.

Bu varianta qarşı Rusiya-Çin yanaşması qoyulur. Bu yanaşma su-riyadaxili böhranın iştirakçılarının danışıqlar masasına oturmasını nəzərdə tutur. Moskva və Pekində hesab edirlər ki, proseslərə kənar müdaxilə yalnız Suriyada sabitliyin bərpasına mane olacaq. Problem isə ondadır ki, Rusiya və Çin də daxil olmaqla, heç kim Əsəd hakimiyyəti ilə müxalifət arasında qarşılıqlı inamın yaradılması yollarını bilmir. Odur ki, xarici müdaxilənin yolverilməzliyini əsas götürən bu yanaşma, sonda daha güclü tərəfin zəifi boğması ilə bitə bilər. Qərb və onun ərəb müttəfiqləri məhz bunu yolverilməz sayır və daha güclü tərəfə - Prezident Əsədə təzyiqlərin gücləndirilməsini lazım bilir. Onu da qeyd edək ki, Liviya diktatoru Müəmmar Qəddafinin məhvindən sonra, Bəşər Əsəd siyasəti avroatlantizmin maraqlarına zidd olan yeganə ərəb liderdir.

 Fevralın 24-də Tunisdə keçirilmiş "Suriyanın dostları" beynəlxalq konfransını maraqlı xarici qüvvələrin Əsəd rejiminə artan təzyiqinin daha bir göstəricisi saymaq olar. Bu forumun keçirilmə qərarı ƏDL ölkələrinin xarici işlər nazirlərinin toplantısında qəbul edilmişdi. Suriya rejimi əleyhdarlarının görüşünün keçirilməsində əsas təşəbbüskarın ABŞ olduğu isə heç kəsə sirr deyil. "Suriyanın dostları" ifadəsini də ilk olaraq ABŞ-ın dövlət katibi Hillari Klinton səsləndirib (amma Fransa Prezidenti Nikola Sarkozi Bəşər Əsəd əleyhdarlarına belə xarakteristikanın ilk dəfə onun tərəfindən verildiyini bildirir).

Toplantıda 60-dək ölkənin (ərəb dövlətlərinin əksəriyyəti, Türkiyə, ABŞ və bir çox Avropa ölkələri), beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak ediblər. Onlar belə görüşün keçirilməsinə zərurətin yaranmasını BMT çərçivəsində Suriyada zorakılığın dayandırılmasına dair qərar qəbulunun mümkünsüzlüyü ilə, həmçinin, müstəqil şəkildə bəzi addımlar atmağa, xüsusilə Suriya müxalifətinə dəstək verməyə hazır olmaları ilə əsaslandırıblar.

Rusiya ilə Çin isə gözlənildiyi kimi, bu konfransa qatılmayıb. Rusiya XİN-dən bəyan ediblər ki, "bu təşəbbüsün real məqsədi aydın deyil". Moskva "Tunisə ayrı-ayrı müxalifət dairələrinin dəvət olunmasından, Suriya hökuməti nüma-yəndələrinin isə oraya çağırılmadığından" da şikayətlənib: "Bu, toplantıda Suriya əhalisinin hakimiyyəti dəstəkləyən böyük hissəsinin maraqlarının təmsil olunmaması deməkdir".

Toplantıya gəlincə, orada Rusiyanın adı dəfələrlə çəkilib, özü də yalnız tənqidi baxımdan yox, sırf praqmatik prizmadan. Tunis Prezidenti Monsef əl-Marzuki Suriya liderinə, onun ailəsinə və hakim rejimin üzvlərinə "məhkəmə immuniteti", həmçinin, Rusiyada sığınacaq tapmaq imkanının verilməsini təklif edib. "Suriyanın dostları" forumunun yekun bəyanatında deyilir: "Suriyada istənilən formada zorakılığın dərhal dayandırılmasına çağırırıq. Bu, humanitar yardım göstərilməsinə şərait yaradacaq. Biz rejimə qarşı əlavə sanksiyaların tətbiqinə də tərəfdarıq".

Əslində, "Suriyanın dostları"nın qərarı Bəşər Əsəd üçün "ölüm hökmü" deməkdir.  Bu, Qərbin Rusiya və Çinin maneələrinə baxmayaraq, Əsəd hakimiyyətinə son qoymaqda qərarlı olduğuna heç bir şübhə qoymur. Tunisdə qəbul edilmiş bəyanatla eyni vaxtda ABŞ Prezidenti Barak Obamanın Bəşər Əsədə qarşı bütün təzyiq alətlərindən istifadəyə hazır olduqlarını açıq şəkildə dilə gətirməsi də təsadüf deyildi. Obama Əsədi istefaya məcbur etmək üçün bunun vacib olduğunu söyləyib. Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton isə Tunisdə keçirilən konfransdakı çıxışında Əsədin beynəlxalq ictimaiyyətin iradəsinə məhəl qoymamasının ona "baha başa gələcəyini" bəyan edib. Klinton başlanğıc üçün bütün konfrans iştirakçılarını Əsəd rejiminin yüksək-rütbəli nümayəndələrinin ölkələrinə gəlişini qadağan etməyə, onların aktivlərini dondurmağa, Suriyadan neft idxalına embarqo qoymağa, bu ölkəyə investisiya yatırımlarını dayandırmağa, həmçinin, Suriya səfirlikləri və konsulluqlarının bağlanılması məsələsinə baxmağa çağırıb.

Bu arada hələ konfransdan əvvəl Amerika senatorlarından ibarət qrup Ağ evə Suriya müxalifətinin silahlandırılmasına başlamağı təklif edib. Senatorlar Con Makkeyn və Lindsi Qrem Suriya müxalifətinin dəstək planını ortaya qoyaraq bildiriblər ki, bunun üçün ABŞ-ın BMT-nin sanksiyasına ehtiyacı yoxdur. Makkeynin fikrincə, Amerikanın hərbi yükləri Suriya müxalifətinə "üçüncü ölkə vasitəsilə" və ya ƏDL-nin köməyi ilə çatdırıla bilər.

Senatorların bəyanatında ən maraqlısı onların müxalifətə birbaşa dəstəyin verilməsinin yalnız Suriya hakimiyyətinin devrilməsinə yox, həm də İranın regiondakı mövqelərinin zəiflədilməsinə kömək edəcəyinə əminliyidir. "Suriya ilə İranı bir-birindən ayıracaq istənilən addım Tehranın nüvə proqramının qarşısının alınması üçün son dərəcə vacibdir", - deyə Qrem bildirib: "Dəməşqin dəstəyi olmasa, regionda İran hökumətinin müttəfiqi qalmayacaq. Demək, dünya rahat nəfəs ala bilər".

Suriya böhranı ilə Qərbin dünyada antiqərb hərəkatının əsas ocaqlarından olan İranın potensialını yox etməyə çalışması arasında əlaqə açıq-aşkardır. Amerikanın "The Christian Science Monitor" nəşri yazır ki, Suriyada qarşıdurma İsrailin İrana zərbələr endirəcəyi anı sürətlə yaxınlaşdırır. Dünya ictimaiyyətinin Suriya böhranını diplomatik yolla çözə bilməməsi, İranın nüvə proqramının da danışıqlar masası arxasında çözülmə-yəcəyinə işarədir. Hər halda, Rusiya ilə Çinin BMT TŞ-də Suriya ilə bağlı qətnamənin qəbuluna veto qoyması İranda bir əminlik yaradıb: demək, bu ali qurumda islam respublikasına zərbələrin endirilməsi ilə bağlı da konsensus əldə edilməsi mümkün olmayacaq. Məhz bu üzdən Tehranın Qərblə kompromisə getməsi üçün heç bir stimul olmayacaq. Bu isə İsrailin hərbi iştahını bir az da artıracaq.

"Suriyada vətəndaş müharibəsi başlayarsa (proseslər buna gedir), İsrail qeyri-sabitliyin dərinləşməsindən fəal addımlar atması üçün bəhanə və ya pərdə kimi istifadə edə bilər. Üstəlik, Təhlükəsizlik Şurası da artıq bacarıqsız olduğunu sübut edib", - deyə ABŞ-ın BMT-dəki missiyasının sabiq əməkdaşı Maykl Doyl bildirir.

Ön Asiyada episentri hələ ki Suriya olan (güman ki, yaxın perspektivdə bu, İran olacaq) hadisələrin inkişafı dünyada müxtəlif qüvvələr arasında parçalanmanın olduğu daha bir istiqaməti üzə çıxarır. Söhbət Qərblə Rusiya arasında artmaqda olan qarşıdurmadan gedir. Nəzərə alsaq ki, Vladimir Putinin Kremlə qayıdışı gözlənilir, problem daha ciddi aktuallıq qazanır. Amma bu, başqa söhbətin mövzusudur.



MƏSLƏHƏT GÖR:

419