
"BAL AYI" BİTDİ
Gürcüstan xarici işlər nazirinin sabiq müavini, politoloq Sergi Kapanadzenin "R+" jurnalına müsahibəsi
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Gürcüstan-Rusiya münasibətlərinin tədricən yaxşılaşması fonunda tanınmamış Abxaziya Respublikası parlamentinin Rusiya ilə yeni müttəfiqlik müqaviləsini müzakirəyə çıxardığına dair xəbər aydın səmada şimşək effekti verib. Rusiya və Abxaziya rəhbərləri arasında yeni müqavilə haqda razılıq avqustun 27-də əldə olunub. Oktyabrın 13-də isə müqavilənin layihəsi Abxaziya parlamentinə təqdim olunub. Rusiya bazarlarının gürcü məhsullarının üzünə açılmasından yumşalmış Gürcüstan rəhbərliyi yeni razılaşma haqda xəbərə Moskvaya "aqressiv cavabın olacağı" haqda bəyanatla reaksiya veriblər. Azərbaycanla qonşu olan bu iki dövlət arasında gərginliyin yenidən artmasının region üçün hansı fəsadlar verə biləcəyini Gürcüstan xarici işlər nazirinin sabiq müavini, politoloq Sergi Kapanadzedən öyrənməyə çalışmışıq.
- Rusiya tərəfindən Gürcüstanın qiyamçı Abxaziya regionuna təklif etdiyi yeni razılaşma nəyi nəzərdə tutur?
- Bu müqavilə Abxaziyanın Rusiya ilə tam inteqrasiyasını nəzərdə tutur. Orada bütün sahələrdə inteqrasiyadan söhbət gedir: siyasi, iqtisadi, müdafiə və s. Gürcüstan Abxaziyanın müstəqilliyini tanımasa da, hesab edirik, yeni müqavilənin imzalanmasından sonra, Suxumi müstəqilliyin bütün elementlərini itirəcək və tamamilə Rusiyanın nəzarət etdiyi bir regiona çevriləcək. Hesab edirik, bu addım işğal aktıdır. Bu, Gürcüstan ərazilərinin 2008-ci ildə həyata keçirilmiş işğalının hüquqi baxımdan qanuniləşdirilməsi cəhdidir.
- Razılaşmanın hərbi əməkdaşlığı nəzərdə tutan maddəsində nələr əks olunub?
- Hərbi sahədə Abxaziya silahlı qüvvələrinin Rusiya standartlarına keçməsi, Rusiya-Abxaziya birgə ordu qruplarının yaradılması, birgə sərhəd qoşunlarının formalaşdırılması, Abxaziyaya hücum olunacağı təqdirdə, hərbi əməkdaşlıq və digər məsələlər nəzərdə tutulur. Son maddə aydın şəkildə Gürcüstana qarşı yönəlib və jantaj amilinə çevrilə bilər.
Siyasi sahədə Rusiya müxtəlif beynəlxalq təşkilatlarda Abxaziyanın müstəqilliyinin legitimləşdirilməsinə hərtərəfli yardım göstərmək və s. kimi öhdəliklər götürür.
Bütün bunlar müqavilə layihəsində əks olunub. Amma Abxaziyanın özündə bu sənədin əleyhdarları var. Onlar sənədin qəbulunun və imzalanmasının qarşısını almağa çalışırlar. Məsələ ondadır ki, abxazlar bu müqavilənin Abxaziyaya heç bir inkişaf, çiçəklənmə gətirməyəcəyini anlayırlar. Abxazlar, sadəcə, Rusiya tərəfindən assimilyasiya olunurlar. Amma parlamentin layihəni rədd etmə ehtimalı da çox azdır. Rusiya Abxaziyanın iqtisadi, maddi, siyasi sistemi üzərində sərt nəzarət qurub. Moskva israr edəcəksə, Abxaziya parlamenti sənədi qəbul etməli olacaq.
- Razılaşma Rusiyanın Gürcüstan-Abxaziya sərhədinə nəzarəti gücləndirməsini nəzərdə tutur. Belə çıxır ki, müqavilənin ratifikasiyasından sonra, Gürcüstan-Abxaziya sərhədi faktiki olaraq Rusiyanın xarici sərhədinə çevriləcək?
- Tamamilə doğrudur. Abxaziya və Cənubi Osetiyanın qəsb olunması tendensiyası son zamanlar daha aydın görünməkdədir. Məsələn, Sxinvalidə Rusiya ilə inteqrasiyaya qarşı çıxa biləcək qüvvə qalmayıb. Abxaziyada isə prezident seçkisindən və son hadisələrdən sonra hakimiyyətə tamamilə rusiyapərəst qüvvələr gəlib. Abxaziya və Cənubi Osetiya üzərində tam nəzarətin qurulması prosesi Rusiyanın Krımı asanlıqla işğal etməsindən sonra güclənməyə başlanıb. Abxaziya və Cənubi Osetiyanın qəsb olunmasından sonra hər şey dəyişəcək. Bu regionların tanınmaması siyasətinin davam etdirilməsi çox çətin olacaq. Bu, yalnız Gürcüstan üçün deyil, bütünlükdə beynəlxalq birlik üçün bir çağırışdır. Hökumətin qiyamçı regionları tanınmamış ərazilər kimi saxlaması çox çətin olacaq.
- Yeni müqavilənin imzalanması qərarı Tiflis ilə Moskva arasında münasibətlərin normallaşması fonunda qəbul olundu. Bəlkə Tiflisin hansısa addımı Kremli qıcıqlandırıb? Məsələn, Gürcüstan əvvəlkitək NATO-ya can atır, ölkə ərazisində alyansın bazalarının açılacağını bəyan edib...
- Gürcüstan-Rusiya münasibətlərinin yaxşılaşması xülya idi. Hakim "Gürcü arzusu" koalisiyası hələ seçkidən əvvəl qələbə qazanacağı təqdirdə, Rusiya ilə münasibətlərin bərpa olunacağını vəd edirdi. Doğrudur, Rusiya bazarlarını gürcü məhsulları, o cümlədən şərabları və mineral suları üçün açdı, Gürcüstan ixracını yenidən Rusiyaya istiqamətləndirdi. Lakin bu, yalnız Gürcüstanın Rusiyaya ixracdan asılılığını artırdı. Rusiyanın Tiflisə iqtisadi təzyiqlər üçün əlavə rçaqları yarandı.
İndi Gürcüstan hökuməti Rusiyaya qarşı sərt siyasət yürüdəcəyini bəyan edir. Bu siyasəti 2 il əvvəl davam etdirilməli idi. Bəlkə də bu siyasət Rusiyanın təzyiqinə davam gətirməyə az da olsa, imkan verəcək.
Gürcüstanın NATO-ya can atmasının məsələyə aidiyyəti yoxdur. Avropaya inteqrasiya hakimiyyətin şıltaqlığı yox, gürcü xalqının seçimidir. Gürcüstanın üzləşdiyi vəziyyətdə müstəqil dövlət olmaq, lakin NATO-ya can atmamaq mümkün deyil. Aydındır ki, bu, Rusiyanı qane etmir. Bu, yalnız Gürcüstanla yox, digər qonşu respublikalarla da belədir. Amma Avropa strukturlarına inteqrasiyanın alternativi yoxdur.
- Bəs Gürcüstan hökuməti konkret hansı addımları ata bilər?
- Təəssüf ki, biz Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün optimal imkanların olduğu bir ili əldən verdik. Bütün diqqətlərin Krıma yönəldiyi bir vaxtda, biz Abxaziya və Cənubi Osetiya məsələlərini Krım problemi ilə əlaqələndirə bilərdik. Dünyaya göstərmək lazım idi ki, Krımda yaşananlar bundan əvvəl Abxaziya və Cənubi Osetiyada baş verib, bundan sonra isə digər ölkələrdə təkrarlana bilər. Gürcüstan hökuməti bu iki məsələni bir-birindən ayırmaqla səhvə yol verib. Baş nazirimiz xarici mətbuata müsahibəsində bildirib ki, Krımın işğalı ilə Abxaziya və Cənubi Osetiyanın işğalı arasında ümumi cəhət yoxdur. Bununla da vacib siyasi məqam əldən qaçırılıb. İndi hədəfə nail olmaq üçün böyük bir diplomatik arsenaldan istifadə edilməlidir. Gürcüstan diplomatiyasının son iki ildəki passivliyinin yeri doldurulmalı, diqqətlər Gürcüstan ərazilərinin işğalına cəlb edilməlidir. Abxaziya və Cənubi Osetiyanın işğalı məsələsi beynəlxalq forumların və görüşlərin gündəminə qaytarılmalıdır. Xüsusilə müxtəlif beynəlxalq məhkəmələrdə iddialar qaldırılmalıdır. Bundan başqa, Rusiyadan iqtisadi asılılığın azaldılması istiqamətində addımlar atılmalıdır. Ən başlıcası, Gürcüstan-Rusiya münasibətlərində "bal ayı"nın başa çatdığına, münasibətlərin 2008-ci ildə olduğu vəziyyətə qayıtdığına dair açıq mesaj verilməlidir. Hazırkı mərhələdə ərazi bütövlüyünün qorunması prosesində strateji xətt məhz budur. Taktiki variantlar isə müxtəlif ola bilər.
- Bu yaxınlarda Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Moskvanın Rusiyanı Ermənistanla birləşdirən dəmir yolunun Abxaziya hissəsinin açılması məsələsini bir neçə dəfə qaldırdığını bildirib. Abaşidzenin sözlərinə görə, hökumət bu məsələni müzakirə etməyi düşünməsə də, Rusiya tərəfinin təkliflərini dinləməyə hazırdır...
- Bu dəmir yolunun açılması məsələsinin Gürcüstan hökumətinin gündəliyinə daxil olacağını düşünmürəm. Bu, Rusiya ilə Ermənistan üçün lazımlı olan, amma Gürcüstana yaxşı heç nə vəd etməyən çox riskli layihədir. Vaxtilə artıq sabiq baş nazir Bidzina İvanişvili Abxaziyadan Ermənistana dəmir yoluna maraq göstərmiş, sonradan bu, unudulmuşdu. İndi hökumətdə sözügedən məsələ ilə heç kəs məşğul olmur və Gürcüstanda bu məsələ heç kimi maraqlandırmır. Yaxınlarda Praqada keçirilən növbəti görüşdə Rusiya XİN-in nümayəndəsi Qriqori Karasin bu məsələni qaldırsa da, ona cavab birmənalı olub: Gürcüstan bu dəmir yolunun bərpasını mümkünsüz sayır.
MƏSLƏHƏT GÖR: