
KOSTYUM SEXİ
Teatrda çox şey geyimə cavabdeh üzrə şəxsin fərdi yaradıcılığından, onun teatr prosesini necə anlamasından və xidmət etdiyi işə sevgisindən asılıdır
Müəllif: Valentina REZNİKOVA Bakı
Teatra gələn adam möcüzə ilə olmasa da, nəsə ovsunlayıcı və gözəl bir şeylə rastlaşacağını düşünür. Amma zalda oturanlardan heç biri fikirləşmir ki, tamaşanın alınması üçün pərdənin arxasında çox sayda insan öz gücünü, enerjisini, biliyini və praktiki təcrübəsini sərf edir. Tamaşa zamanı izləyicilər artıq səhnədə müxtəlif sex bölmələrinin ümumi səyinin nəticəsini görürlər. Biz butafor və rekvizitor sexlərindən danışmışıq. İndi də teatrın kostyumerlərindən danışaq.
Bəs görəsən burada qeyri-adi nə var? Yəni yer var və orada kostyumlar saxlanılır. Ayrıca qadın və kişi bölmələri də var. Bir də bu kostyumlara baxan adamlar var. Onları təmiz saxlayırlar, təmir edirlər, lazım olanda yamayırlar, ütüləyirlər və s.
Sonra məqamında aktyora lazım olan kostyumu verirlər, bunun üçün kostyumu tamaşaya 2 saat qalmış onu qrim otağına gətirirlər. Bu insanların vəzifəsi kostyumçu-geyimçidir. Bu o deməkdir ki, bu insan kostyumların gigiyenik durumu və mühafizəsinə cavabdeh olmaqla yanaşı, aktyora onu geyinməkdə də yardım etməlidir. Lazım olanda çətin düyməni bağlamağa da köməklik göstərməlidir (xüsusilə də, tarixi qadın kostyumlarının əksəriyyətində ilgək düymələr kürəkdədir). Həmçinin, ehtiyac olarsa lazımsız qırışları düzəlt-məli, saç düzümü üzərindən şlyapanı bərkitməlidir. Çox sayda nüanslar da ola bilər.
Geyimçi-kostyumerin rolu çox önəmlidir. Çünki bu insanın şəxsi yaradıcılığından, onun teatr prosesini anlamasından və xidmət etdiyi işə sevgisindən çox şey asılıdır. Məsələn, aktyorun səhnəyə çıxmasından əvvəlki əhvalını götürək. Axı ona verilən kostyumun qaydada olması çox vacibdir. Səhnə kostyumu, sadəcə, personaj aktyorun geyindiyi geyim deyil, həm də ayrıca götürdükdə ayaqqabı, baş geyimidir, aksessuar - əlcək, muncuq, bəzəkdir. Təcrübəli və həssas insanlar bilir ki, cinsindən və yaşından asılı olmayaraq, aktyorları diqqət və qayğı ilə əhatələmək lazımdır. Qaynar çayı vaxtında vermək, kulis arxasında vaxtında şal təklif etmək lazımdır, çünki bəzən soyuq olur. Həmçinin, kostyumu və ayaqqabını vaxtında təmirə, bəzən də camaşırxanaya və ya kimyəvi təmizləməyə vermək lazımdır.
Əgər aktyorun boğazı və ya başı ağrıyırsa - vaxtında həb və ya limonlu tünd çay gətirmək vacibdir. Aktyorlar bunu çox qiymətləndirirlər və bir qayda olaraq, belə adamlara bağlanırlar. Onların arasında yetərincə etibarlı peşəkar münasibətlər formalaşır. Tez-tez onlar aktyorun bu gün və indi necə oynadığını qiymətləndirməyə qadir insanlar kimi geyimçilərin mövqeyi ilə maraqlanırlar. Belə insanlar bir qayda olaraq, teatrın tarixinə daxil olurlar. Onları xatırlayırlar. Onlar barədə gələcək nəsillərə danışırlar. Bu münasibətlərin əks-əlaqəsi də var. Buna görə də geyimçi-kostyumerlər yalnız kostyumların deyil, həm də aktyorların xoş əhvalının və çox vaxt onların sirlərinin mühafizəçisinə də çevrilirlər. Axı aktyorlar büt deyillər, onlar hisslərə malik insanlardır. Onlar çoxlarının kumirinə çevrilsələr də, adi insanların həyatı ilə yaşayırlar. Bütün acılar və ağrılarla, sevgi və nifrətlərlə. Bütün eniş və yüksəlişlərlə. Geyimçi-kostyumerlər də xeyirxah mələklər kimi aktyor sirlərini qorumağı bacarırlar. Bu sirlər çox sayda maraqlı bestsellerə mövzu da ola bilərdi!
Xalq artisti Lüdmila Duxovnaya danışır: "İstənilən aktrisanın və ya aktyorun həyatında çox vacib və önəmli bir insan var - bu, geyimçidir. Bəlkə də artıq 10 ildən çoxdur, Rəna Hacıyeva mənimlə işləyir. Onunla bizim çox gözəl insani münasibətlərimiz yaranıb! Biz rəfiqə deyilik, amma çox əla peşəkar qarşılıqlı anlayışımız var. Rəna həmişə kostyumların təmizliyinin, onların lazımi xırdalıqlarının qayğısına qalır. Mənim bir adətim var ki, burun yaylıqlarını və ağları evə təmizliyə aparıram. Xasiyyətim belədir. Elə şeylər var, mütləq özüm təmizləməliyəm. Ona görə də Rəna həmişə vaxtında zəng edir və xatırladır ki, onları evdə unutmayım. Adama elə gəlir ki, burun yaylığı xırda bir işdir! Amma bu, xırda məsələ deyil. Yaylıq kostyumun önəmli detalıdır.
Əgər lazımi rəngli, lazımi faktura materialından olan, lazımi ölçülü yaylıq yoxdursa, bu, müəyyən qəhrəmanı oynayan bir aktrisa kimi, hissiyyatıma təsir göstərir. Misal üçün, A.N.Ostrovskinin "Düzlük yaxşıdır, xoşbəxtlik daha yaxşı" tamaşasında Mavra Tarasovanı götürək. Orada burun yaylığı ağrənglidir, qırağı büzməlidir və yetərincə böyük-ölçülüdür. Mən bütün tamaşa boyunca onlarla işləyirəm. Bun-lar müəyyən məqamlarda müxtəlif funksiyaları yerinə yetirir. Burada artıq başqa yaylıqla işləyə bilməzsən. Tək bu deyil. Vaxtında təklif edilən çay stəkanı, səhnəyə çıxmaq üçün qrim otağına düzgün və dəqiq qoyulmuş əşyalar - bunlar müsbət auranın və ümumi yaradıcılıq atmosferinin yaradılması üçün vacib məqamlardır".
Bu peşəyə bir qayda olaraq, teatra və artistlərə aşiq, elə də sadə olmayan xasiyyətlərinə baxmayaraq, öz kumirlərini ideallaşdıran qadınlar gəlir. İlk baxışdan maraqsız işə bənzəyir. Onda yaradıcı olan nə var? Tamaşalar üzrə kostyumları ayrıca kronşteynlərə asmaq, onların təmiz, ütülü olmasına, qrim otaqlarına aparlımasına nəzarət etmək vacibdir. Sonra aktyorlara rejissorun rəhbərliyi ilə rəssamların düşündüyü kostyumların geyinilməsində kömək etmək lazımdır. Gözlənilməz vəziyyətlər yaranarsa, məsələn, əlcək cırılarsa, dərhal bu problemi aradan qaldırmaq lazım olur.
Bəs yaradıcılıq hanı? Formal yanaşılarsa, o yoxdur. İş də elə bundadır, teatr laqeyd adamlar üçün deyil. Öz işini soyuq başla yerinə yetirənlərə burada yer yoxdur. Teatr praqmatik insanlar üçün deyil. Burada hər şey emosiyalar həddindədir. Vacib deyil, sevirsən və ya sevmirsən, bu, həmişə güclü və parlaq olur. Buna görə, tikiş emalatxanasından götürülmüş hər bir kostyum artıq invertar əşyası deyil, bütöv bir tərcümeyi-haldır. Əvvəl aktyor üçün, sonra isə onun oynadığı personaj üçün. Rahl Ginzburq, Vera Şirye, Anatoli Falkoviçin kostyumları bu yaxınlara kimi kostyumer sexlərində hələ də canlı "personajlar" idi. Sonra onlar "qeydiyyat" yerlərini dəyişib və Milli Teatr İncəsənəti Tarixi Muzeyinin ekspozisiya zalına köçüblər. Hazırda Arifə Məmmədovanın başçılıq etdiyi kostyumer sexinin kronşteynlərində bizim tamaşaçıların yeni kumirləri olan "Fedr", "Karamazov qardaşları", "Oh, bu Anna!", "Öz-özünə", "Qurdlar və qoyunlar", "Mənim arvadımın adı Moris" və s. tamaşaların kostyumları yerləşib. Bu krallığın sahibəsi, üslubu və dövrün həvəslərini əks etdirən insana laqeyd qala bilməzsən.
Kostyumları təmiz və səliqəli saxlayırlar. Hər şey səliqəli asılıb. "Bir zamanlar kostyumlara xidmət etmək xeyli çətin idi. Onları kimyəvi təmizləməyə aparmaq, bəzilərini evdə təmizləmək lazım idi. Bütün bunlar vaxt aparan, çətin işlər idi. Hazırda isə xeyli asan və əlverişlidir. Paltartəmizləyən maşın var və orada təmizləmək olur. Bu çox sadədir və mən bunu teatrda edə bilirəm. Bizim direktor sağ olsun, aktyorların kostyumlarının həmişə təmiz olmasının vacibliyini anlayır. Bunu xırda iş də saymaq olar. Amma mahiyyətcə xırda deyil. Aktyorun təmiz kostyum geyinməsi çox xoşdur. Çünki o, səhnəyə yaxşı əhvalla çıxır. Deməli, tamaşaçı da aktyorun yaxşı işini, ümumiyyətlə, yaxşı tamaşa görəcək",- deyə Arifə xanım vurğulayır.
Belə çıxır ki, teatrda hər şey bir-birinə bağlıdır. Aktyorlar da, hər cür sexlər də. Çünki uğur ayrı-ayrı insanların yaradıcılığı deyil, birgə yaradıcılığın nəticəsidir. Buna görə də öz işinin ustaları bunu anlayır və başqa insanların əməyini, səylərini qiymətləndirməyi bacarırlar. Ona görə də bunu başa düşərək və qiymətləndirərək, premyera zamanı təqdim edilən çiçəkləri kostyumer-ge-yimçilərə verirlər. Çiçəklərsə yaradıcı əlaqənin tanınmasının təsdiqi kimi, teatr prosesinə göstərilən dözümə və həssaslığa görə verilir. Ayrı-ayrılıqda bunların hər biri vacibdir.
MƏSLƏHƏT GÖR: