Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Yeni yüzilliyin əvvəlindən müşahidə edilən inşaat bumu, çox sayda neftdənkənar müəssisənin istifadəyə verilməsi, həmçinin, xarici bazarlardakı əlverişli konyuktura Azərbaycanın əlvan metallurgiya müəssisələrinin dirçəldilməsi üçün də çox münbit şərait yaradıb. Qlobal iqtisadi böhran zamanı dünya bazarında alüminiumun qiymətinin düşməsi üzündən bu sahədə yaranmış ciddi çətinliklərə baxmayaraq, son üç ildə bizim ölkədə yeni əlvan metallurgiya zavodları işə salınır və istehsal həcmi artırılır.
Çətin yolun başlanğıcı
Postsovet məkanında təsərrüfat əlaqələrinin qırılması və Azərbaycanın müstəqilliyinin bərpasının ilk onilliyində lazım olan maliyyənin çatışmaması ölkənin əlvan metallurgiya kompleksi müəssisələrinin - Gəncə Gil-Torpaq Zavodunda eləcə də Sumqayıt Əmtəə Alüminium Ərintisi və Yayması Zavodunda işin dayanmasına səbəb olmuşdu. Ölkənin alüminium kompleksinin bərpası üzrə ilk cəhd 2001-ci ildə edildi. Hollandiyanın "Fondel Metal Participations B.V." şirkəti ilə bağlanmış müqavilədə 25 il ərzində Gəncə Gil-Torpaq və Sumqayıt Alüminium zavodlarının modernləşdirilməsi, həmçinin, Gəncədə alüminium ərintisi üçün yeni zavod tikilməsi üzrə 1 milyarddan artıq sərmayə yatırılması nəzərdə tutulurdu. Amma 2006-cı ildə "Azərbaycan Alüminium" Açıqtipli Səhmdar Cəmiyyətinin (ASC) uzunmüddətli idarəetməyə verilməsi üçün müqavilə bağlanmasından beş il keçəndən sonra bəlli oldu ki, Hollandiya sərmayəçisi götürdüyü öhdəlikləri tam yerinə yetirmək iqtidarında deyil. Bu da Dövlət Əmlakının İdarəedilməsi üzrə Komitəni onunla bağlanmış müqaviləni ləğv etməyə məcbur etdi.
Sonrakı illərdə isə hökumət dəfələrlə ölkənin alüminium sənayesinə xaricdən başqa iri sərmayəçilər cəlb edilməsi imkanlarına baxıb. O cümlədən, Rusiyanın "Russki alyumini" şirkəti ilə də danışıqlar aparılıdı, şirkət ildə 300 min ton alüminium istehsal gücündə olan zavod, elektrik stansiyası tikintisinə, həmçinin, infrastrukturun genişlənməsinə ildə $1 mlrd yatırmaq imkanı barədə bəyanat verirdi. Amma bu plan da gerçəkləşməmiş qaldı, çünki "RusAl"ın qaz və elektrik enerjisi üzrə əsassız güzəştli tariflər əldə etməyə çalışması, həmçinin, Gəncə Gil-Torpaq Zavodu tərəfindən yüz faiz xammalla təminata zəmanət tələb etməsi üzündən danışıqlar uğurla nəticələnmədi.
Bununla belə, ölkənin alüminium kompleksinin dirçəldilməsi üzrə səylər 2006-2008-ci illərdə Azərbaycanda yeni strateji investor - "Det.Al Limited" peyda olandan sonra nəticə verdi. Bu şirkət "Daşkəsən Filizsaflaşdırma" ASC-ni özəlləşdirərək, ölkədə tam metallurgiya tsiklini bərpa etmək niyyətini bəyan etmişdi. Ən başlıcası, onun planlarına Gəncədə alüminium əritmək üçün Sumqayıt Alüminium Zavodundan iki dəfə artıq həcmdə istehsal gücünə malik yeni zavodun tikintisi, həmçinin, Gəncə Gil-Torpaq Zavodunun məhsuldarlığının artırılması daxil idi.
"Det.AL Limited" şirkəti "Azərbaycan Alıminium" ASC ilə agent və ticarət xidmətləri üçün eksklüziv saziş bağladı. Sazişdə ASC-yə istehsal standartlarının yüksəldilməsi üçün konsaltinq və digər yardımların göstərilməsində, kadr potensialının ixtisasının artırılmasında, idarəetmə standartlarının yaxşılaşdırılmasında yardım etmək, marketinq və məhsul satışı üzrə kömək göstərmək nəzərdə tutulur. 2008-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Gəncədə bölgə üzrə ən çağdaş alüminiuməritmə zavodunun əsasının qoyulması mərasimi oldu.
Ancaq 2008-ci ilin oktyabr ayında başlamış qlobal iqtisadi böhran özü ilə bu sahənin dirçəlişi planlarına da yeni düzəlişlər gətirdi. Ölkənin bütün metallurgiya zavodları böhran durumunu hiss etdilər. Və təbii ki, "Azərbaycan Alüminium" ASC-nin struktur bölməsi - Gəncədə yerləşən Gil-Torpaq İstehsalat Birliyi (İB) də kənarda qalmadı. Dünya bazarında alüminiumun və xammalın qiymətinin düşməsi, bu məhsula tələbatın azalması nəticəsində, 2009-cu ilin aprel ayında yuxarıda sözügedən İB-nin fəaliyyəti də tam dayanmış oldu. Müqayisə üçün bildirək ki, böhran başlanmazdan öncə, iki il ərzində dünya birjalarında alüminiumun tonu $3300-dan satılırdı, 2009-cu ilin yazına isə qiymət iki dəfədən çox azalaraq, $1500-ə qədər düşdü. Yaranmış durumda Gil-Torpaq İB hər tonda $600 itirirdi. Çünki müəssisədə bir ton alüminium xammalı istehsalı üçün xammalın işlənməsi $2000-dan baha başa gəlirdi.
Yeni nəfəs
Məhsul istehsalının dəyərinin azaldılmasının yeganə üsulu müəssisələrin köhnəlmiş texnologiyasının modernləşdirilməsi üçün vəsait yatırılması ola bilərdi. Bəlli oldu ki, bu məsələdə əvvəlki kimi, dövlətin donor yardımının əvəzi yoxdur. Azərbaycan Mərkəzi Bankı "Azəralüminium" ASC-yə investisiya layihələri üçün ümumi məbləği 245 mln manat olan iki kredit verib. Bu yardım hesabına "Azəralüminium" ASC istehsal sahələrinin bir hissəsində, o cümlədən, Gil-Torpaq İB-də də modernləşdirmə apara bilib.
Eyni zamanda, layihə müddətlərinə görə müəyyən ləngimə olmasına baxmayaraq, Azərbaycanın "Det.AL Aluminium" şirkəti Gəncədə yeni alüminium zavodunun tikintisini davam etdirib. Və artıq cari ilin yanvar ayında müəssisənin ildə 50 min ton yüksəkkeyfiyyətli alüminium istehsalı üçün nəzərdə tutulmuş birinci sahəsi işə salınıb. "Gəncə Alüminium Zavodunun tikintisinə hələ 2008-ci ildə başlanılıb, amma qlobal iqtisadi böhran üzündən gecikmə olub. Ancaq həm borc şəklində yardım göstərən, həm də müvafiq infrastrukturların yaradılmasında, o cümlədən, güclü yarımstansiyanın quraşdırılmasına kömək edən dövlətin dəstəyi hesabına biz bu gün bu çağdaş müəssisənin işə salınmasını qeyd edirik", - deyə alüminium zavodunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Yeni müəssisənin mühəndis layihələndirilməsi aparıcı dünya şirkəti "GAMI" tərəfindən gerçəkləşdirilib. Tikinti işləriylə Çin podratçısı "SMEC" məşğul olur: onun xidmət siyahısında son 35 il üzrə dünyanın müxtəlif hissələrində yerləşən 45 zavod var. Yeni müəssisə 74 hektar sahədə yerləşir, orada ilkin faza elektrolizi, anod prosesləri, fasiləsiz tökmə və qaynar prokat sexləri tikilib. O cümlədən, birinci mərhələ çərçivəsində səksən dörd 240 kiloamperlik elektroliz çanağı quraşdırılıb və onların ümumi məhsuldarlığı 50 min ton xam alüminiumdur. Burada A-8, A-7E, A-7 və A-6 markalı yüksəkkeyfiyyətli, texniki təmiz xam alüminium buraxılacaq. Elektroliz prosesindən sonra maye metal fasiləsiz tökmə və qaynar prokat sexinə gətirilir, orada yüksək avtomatlaşma səviyyəsinə və saatda 20 ton məhsuldarlığa malik iki 60 metrlik prokat dəzgahı quraşdırılıb. Bu konveyerlərdə DET. AL AZE loqotipli 22,5 kiloqramlıq xəlitələr buraxılır. Xammal və alüminiumun ərintisi üçün zəruri olan 15 adda lazım olan materiallar Hollandiya, İndoneziya, Çin, Rusiya, Monqolustan, Latviya, Venesuela və Tacikistandan gətirilir. Gəncədə emal edilmiş gil-torpağın bir hissəsi Tacikistana göndəriləcək. Eyni zamanda, bu Mərkəzi Asiya respublikasından sintetik kriolit, florid duzları, anodlar, həmçinin, bizim ölkənin yeni müəssisəsi üçün hidrogen məhsulları gətiriləcək.
Yeni texnologiyanın tətbiqi sayəsində bir ton alüminium istehsalı üçün elektrik enerjisi sərfi 13,5 min kvt/saatı keçmir ki, bu da postsovet məkanı ölkələrinin analoji zavodlarınınkına baxanda, 6 min kvt/saat azdır. Çağdaş texnologiyanın tətbiqi xammalı daha səmərəli istifadə etməyə imkan verir. Bu zaman, təbii ki, ekologiya məsələsi unudulmayıb: çağdaş quru qaz təmizlənməsi sistemləri atmosferə atılan qazların 98,5%-lik təmizlənməsinə imkan verir.
Zavodun bu yaxınlarda işə salınmış birinci sahəsi 50 min ton yüksəkkeyfiyyətli alüminium istehsalına hesablanıb. İkinci mərhələdə isə daha 50 min ton alüminium istehsal etmək üçün daha 84 elektroliz vannası, həmçinin, gil-torpaq qəbulu üçün anbar yerləşəcək korpus tikiləcək. Layihə çərçivəsində qaynar və soyuq metalyayma sexləri tikmək, həmçinin, boyama xətti işə salmaq planlaşdırılır ki, bu da 35 min ton adi alüminium rulon və müxtəlifölçülü tənəkələr istehsal etməyə, həmçinin, 15 min ton məhsul boyamağa imkan verəcək.
Burada, o cümlədən, tikinti sektorunda istifadə edən, qalınlığı 0,2-0,6 millimetr olan müxtəlifrəngli alüminium rulonlar istehsalı planlaşdırılıb. Qaynar prokat zavodunun tikintisi artıq başa çatdırılıb, bu ilin aprel ayında soyuq prokat tikintisi başa çatacaq. Bütünlükdə, müəssisənin ikinci növbəsinin işə salınmasını 2013-cü ilin aprel ayında başa çatdırmaq planlaşdırılır, bundan sonra zavodun istehsal gücü 100 min ton olacaq. Daha sonra əlavə vəsaitlərin yatırılması hesabına hazır məhsul buraxılışı ildə 200 min tona çatacaq.
Daha uzaq perspektivdə isə "Det.AL Aluminium" şirkəti gil-torpaq istehsalında yalnız idxal boksitdən deyil, həm də yerli xammal olan və Daşkəsəndəki Zəylik yatağından çıxarılan alunitdən istifadə etməyi planlaşdırır. Hazırda köhnə texnologiya üzündən alunit istifadə etmək mümkün deyil, çünki gil torpağın (alüminium-oksidin) hər tonunun istehsalı zamanı alunitdən 2 ton sulfat turşusu alınır. O zəhərlidir, onu saxlamaq və nəql etmək çətindir. Bununla yanaşı, turşusuz texnologiyaya əsaslanan avadanlıq və üsullar da var. Onlar sulfat turşusunun yerinə adi kükürd almağa imkan verir, belə məhsulu toplamaq, nəql etmək və xaricə satmaq daha asandır. Alunitdən bu cür təhlükəsiz şəkildə gil-torpaq istehsalı üzrə araşdırmalar bizim ölkədə də aparılır, deməli, gələcəkdə zəngin Zəylik yatağının sənaye yolu ilə mənimsənilməsi də mümkün olacaq.
Maraqlıdır ki, keçən ilin ikinci yarısından bütün dünyada alüminiumun qiymətinin qalxması meyli müşahidə edilir: dünyanın aparıcı birjası olan London Metal Exchange - "LME"də 2012-ci ilin yanvar ayında alüminiumun tonunun orta qiyməti $2110-a çatıb, proqnozlara görə, bu, birinci rübün sonlarına kimi $2300-a kimi qalxa bilər. Bu, layihənin rentabelliyini artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına da imkan verir.
Bu gün alüminium əridilməsi üzrə yeni müəssisədə 600-dan çox insan işlə təmin edilib, ikinci mərhələ işə düşəndən sonra isə daha 300 adam da işə götürüləcək. Eyni zamanda, 2009-cu ildən işini dayandırmış Gəncə Gil-Torpaq Zavodu da işini bərpa edib, hazırda orada 1200 adam işləyir.
Bütünlükdə, Gəncədə "Det.AL Aluminium" zavodunun açılışını Azərbaycanda, əsasən, ixrac orientasiyalı çağdaş alüminium sənayesi yaradılması üzrə tutarlı addım saymaq olar.
MƏSLƏHƏT GÖR: