25 Noyabr 2024

Bazar ertəsi, 17:31

DEBÜT GEDİŞİ

“SOCAR” avrobondlarının birinci buraxılışı alınıb: şirkət əlavə maliyyə cəlb edir və öz imicini yetərincə yüksəldir

Müəllif:

15.02.2012

2012-ci ildə üçüncü qış ayını Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün gerçəkdən tarixi saymaq olar - şirkət həmin gün Londonda öz avrobondlarının debüt buraxılışının yerləşdirilməsini uğurla başa çatdırıb. O, bugünə artıq 5 ildi ki gəlirdi - "SOCAR" ilk dəfə avrobondlar buraxmaq niyyəti barədə 2007-ci ildə bəyan etmişdi. İlkin olaraq, 2008-ci ilin sonlarında - 2009-cu ilin əvvəllərində $300-500 mln istiqraz yerləşdirilməsi planlaşdırılırdı. Amma bu, bir neçə dəfə təxirə salındı, səbəblərdən biri də dünya maliyyə böhranı idi. 

Amma şirkət Avropa ölkələrinin iqtisadiyyatlarında böhran durumunun daha da dərinləşməsi barədə tükənməyən təhlükələrin fonunda belə yetərincə riskli addım atmaq qərarına gəlib. Və qərar düzgün olub - artıq birinci buraxılış 290 investorun marağına səbəb olub və verilmiş sifarişlərin ümumi həcmi nə az, nə də çox - $4,6 mlrd təşkil edib.

 

İlk olsa da tutarlıdır 

Bəri başdan qeyd edək ki, buraxılmış avrobondların ümumi məbləği illik 5,45% gəlirliliklə $500 mln təşkil edib. Avroistiqrazların birinci buraxılışının ödəniş tarixi 9 fevral 2017-ci ilə müəyyən edilib. Avrobondlar ABŞ-ın qiymətli kağızlar haqqında "Regulation S" Aktının bəndləri əsasında buraxılır. Avrobondların buraxılışı üzrə baş menecer kimi, "RBS" ("Royal Bank of Scotland"), "Citi bank" və "Deutsche bank", birgə idarəedicilər qismində  "Nomura International Plc." və "Societe Generale S.A.", sərmayəçilərin təmsilçisi kimi, "Deutsche Trustee Company Limited", ödənişlər və köçürmələr üzrə əsas agentlər kimi, "Deutsche Bank AG" (London filialı) çıxış edir. Göründüyü kimi, yetərincə nüfuzlu siyahıdır. 

Bildirmək gərəkdir ki, artıq yanvar ayında aparıcı reytinq agentlikləri "Moody`s Investors Service" və "Fitch Ratings" "SOCAR"ın avroistiqrazları üçün uyğun olaraq,  ilkin "Ba1" və xarici valyutada prioritet təmin edilməmiş "BBB-(exp)" reytinqləri müəyyən etmişdilər. Reytinqlərin verilməsi yerinə düş-müşdü, çünki Dövlət Neft Şirkəti yanvarın 30-da "road-show"ya, yəni sərmayəçilərlə danışıqlara başlamışdı və bu cür qiymətləndirmə onların fəallaşması üçün önəmli stimula çevrilmişdi. Əlavə edək ki, daha sonra "Fitch Ratings" agentliyi "SOCAR"  istiqrazlarının buraxılışına xarici valyutada final prioritet təmin olunmamış "BBB-" reytinqi müəyyən edib ki, bu da şirkətin uzunmüddətli defolt emitenti  reytinqinə  uyğun gəlir ("BBB-", proqnoz "sabitdir"). 

"SOCAR"ın reytinqləri dövlətin dəstəyinin olmasını nəzərə alır, çünki şirkət 100 faizlik dövlət mülkiyyətindədir, ölkə iqtisadiyyatı üçün böyük önəmə malik strateji vacib neft-qaz sahəsində dövlətin maraqlarını təmsil edir, çünki 2012-ci ildə ümumi daxili məhsulun (ÜDM) 43%-nin və büdcə gəlirlərinin 73%-nin karbohidrogenlərin hesabına təmin edilməsi planlaşdırılır. Buna görə də hətta "SOCAR"ın istiqrazları təmin edilməmiş olsaydı belə, sərmayəçilərin böyük marağına səbəb ola bilərdi. 

Bu zaman debüt buraxılışının yerləşdirilməsini bölüşmüş sərmayəçilərin əsas hissəsi (46%) Böyük Britaniyanı, 38%-i Avropanın başqa ölkələrini, 12%-i ABŞ offşorlarını və 4%-i Asiyanı təmsil edir. Yerləşdirmə nəticəsində avrobondların 63%-i fond iştirakçıları, 16%-i banklar, 11%-i sığorta şirkətləri və pensiya fondları, 10%-i isə hec-fondlar tərəfindən alınıb. 

"Dünyanın müxtəlif regionlarından olan çoxsaylı sərmayəçi qrupu tərəfindən "SOCAR" avrobondlarının alınması, həmçinin, sərmayəçilərin sifarişlərinin cəminin emissiyadan 9 dəfə böyük olması xarici sərmayəçilərin Azərbaycana böyük marağından xəbər verir. Bu, Azərbaycan iqtisadiyyatının güclənməsinin, onun dünya iqtisadiyyatında rolunun artmasının sübutudur",- deyə "SOCAR"ın bəyanatında debüt buraxılışı ilə bağlı bildirilir. 

 

Pul və ya imic 

Beləliklə, debüt buraxılışı alınıb, amma bununla yanaşı sual yarana bilər ki, niyə bizim Dövlət Neft Şirkəti bu addımı məhz indi - Avropa və ABŞ iqtisadiyyatlarının böhranda olduğu, dünya qiymətli kağızlar bazarında heç də əlverişli konyuktura formalaşmadığı bir zamanda atıb?  Bu nədir - böyük layihələrin gerçəkləşdirilməsi üçün vəsait cəlbi, yoxsa şirkətin dünya üzrə imicinin artmasından ötrü atılan addımı

Ondan başlayaq ki, debüt buraxılışından sonra bildirilirdi ki, plana görə, istiqrazlardan daxilolmalar qismən şirkətin kapital yatırımlarının maliyyələşdiirlməsi və ümumi korporativ məqsədlər üçün istifadə ediləcək. 

Bu da aydındır: Nəzərə alaq ki, "SOCAR" 2014-cü ilə kimi 5,2 mlrd manatlıq intensiv investisiya proqramının gerçəkləşdirilməsi ilə bağlı fəaliyyətini genişləndirmək strategiyası həyata keçirir (hasilatın pay bölgüsü sazişləri üzrə öhdəliklər bura daxil deyil). Bu proqramın gerçəkləşdirilməsi, həmçinin, "Pet-kim"in istehsalat meydançasında, təxminən, $4,4 mlrd.-a başa gələcək yeni neftayırma zavodunun tikilməsi önəmli səviyyədə xarici maliyyələşdirmə tələb edə bilər. 

Bundan başqa, şirkət yetərincə uğurla Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya və İsveçrə bazarlarına daxil olur, buralarda neftayırma zavodlarının tikintisi, yanacaqdoldurma stansiyalarının inşaası və ya satın alınması ilə bağlı iri layihələr gerçəkləşdirir. "SOCAR"ın fəaliyyətinin daha bir istiqaməti yaxın zamanlarda Mərkəzi Asiya bazarları olacaq, o cümlədən, artıq Qırğızıstanda gücü ildə 2 milyon tona çatacaq neftayırma zavodunun tikintisinə başlanması haqqında razılıq əldə edilib. 

Buna paralel olaraq, şirkətin ölkə daxilində böyük planları da var. Hazırda "SOCAR" Azərbaycanın neft-qaz yataqlarınan müstəqil işlənməsinə başlayıb ki, bu da təbii ki, böyük vəsaitlər tələb edir. Ölkədə region üzrə ən iri neft-qaz emalı və kimya məhsulları istehsalı kompleksinin yaradılması üzrə irimiqyaslı planlar nəzərdə tutulur ki, bu, Dövlət Neft Şikrətinin inkişafı planı çərçivəsində ?n iri layihələrdən biri olacaq. Proqnozlara görə, yeni kompleksin tikintisinə $13-15 mlrd sərmayə tələb edilə bilər. 

Bütün bunlar birlikdə əlavə vəsaitlərin cəlb edilməsinin vacibliyini təsdiqləyir ki, bu da həm qiymətli kağızların yerləşdirilməsi, həm də kreditlərin cəlbi yolu ilə mümkündür. Məsələ yalnız bunun əlverişli şərtlərlə gerçəkləşdirilməsindədir. Avrobondlar məhz kreditlərin cəlb edilməsi məsələsində yardımçı ola bilər. 

Burada qeyd etmək lazımdır ki, indiyə kimi şirkətə üç tanınmış beynəlxalq reytinq agentliyi tərəfindən verilən yüksək reytinqlər səbəbindən şirkətin kredit cəlb etməklə bağlı problemi olmayıb, çünki iri fondlar bu agentliklərin mövqeyinə ciddi fikir verirlər. Yada salmaq yerinə düşər ki, "BNP Paribas S.A." ilə 2006-cı ildə dövlət zəmanəti və heç bir girov tələbi olmadan bağlanmış $750 mln.-luq kredit sazişi "SOCAR" üçün gələcəkdə müstəqil şəkildə dünya kapital bazarlarından əlverişli dərəcələrlə vəsait cəlb etməyə şərait yaradıb. 

Bu baxımdan, istiqrazların yerləşdirilməsi də, bir növ, kredit təşkilatları üçün özünəməxsus siqnal olacaq. Yəni qiymətli kağızların uğurla yerləşdirilməsi "SOCAR" üçün borcları yetərincə ucuzlaşdıracaq. Bu gün borclar quruma libor + 2,5% dərəcəsi ilə başa gəlir və şirkət bu həddi aşağı keçməyə çalışır. Daha öncə isə kreditlər üzrə orta dərəcə libor + 5% idi.

Başqa sözlə, avrobondların buraxılışı, xüsusilə də onların debüt buraxılışının Avropadakı böhran dövrünə düşməsi Dövlət Neft Şirkətinin imicini yetərincə yüksəldib. Böhran başa çatacaq, amma xüsusilə də qlobal gərginlik zamanı alınmış yüksək reytinq qiyməti bir sabit şirkət kimi "SOCAR"ın nüfuzunu artıracaq; adətən, qlobal gərginlik zamanı beynəlxalq reytinq agentlikləri ölkələrin və subyektlərin reytinqlərini aşağı salır və ya tamamilə ləğv edirlər. 

Bundan başqa, istiqrazların yerləşdirilməsi Dövlət Neft Şirkətinə özü üçün kredit resurslarının ədalətli qiymət səviyyəsini müəyyən etməyə imkan yaradacaq. Dünya bazarları üçün qeyri-sabitlik şəraitində "SOCAR" tərəfindən nümayiş etdirilən bu aktivlik göstərir ki, şirkət üçün yalnız nüfuz yox, həm də cəlb etdiyi pulların dəyəri də çox önəmlidir. 

Bir sözlə, hansı bucaqdan baxılırsa-baxılsın, Dövlət Neft Şirkətinin atdığı bu addımın doğruluğu aydın olur. Bu qərar gələcəkdə şirkətə yetərincə maliyyə və imic dividendləri gətirəcək. Debüt gedişinin ardınca qələbə gəlir. 


MƏSLƏHƏT GÖR:

535