Müəllif: NURANİ Bakı
Avrozonada böhran dünya biznesinin diqqət mərkəzində qalmaqdadır, amma yalnız biznes sahəsinin yox. Hər şey həddindən artıq dramatik və gözlənilməz hal alıb.
Əslində, hələ bir müddət əvvəl iqtisadçılar bu gün olmasa da, sabah vahid avrovalyutanın - avronun dollara real rəqibə çevriləcəyini, beynəlxalq ödəniş sistemində onun yerini tutacağını vəd edirdi. Hətta sosial ödənişlərdə hökumətin büdcə kəsrinə uyğun olmayan dərəcədə səxavət nümayiş etdirdiyi Yunanıstandakı "xoşagəlməyənlər" də həlli mümkün problem kimi götünürdü.
İndi isə məlum olur ki, problem yalnız Yunanıstanda deyil. Yanvarın ortalarında "Standard & Poor's" Beynəlxalq Reytinq Agentliyi avrozonanın 17 ölkəsindən 9-nun suveren kredit reytinqini aşağı salıb. Onların arasında Almaniya və Fransa da var. Bundan sonra agentlik Avropa Maliyyə Sabitliyi Fondunun (AMSF) kredit reytinqini də yüksək "AAA" həddindən "AA+"a saldı.
İşsizliyin rekord vurduğu İspaniya real defolt perspektivi ilə üz-üzə qalmışdı.
Amma Aİ-nin "reytinq enişi"nə cavabı da gözlənilməz oldu. Birlik daha çox diktatura rejimlərinə xas qərarlara üstünlük verdi. Orada əmin idilər ki, lazımsız informasiyaların qadağan olunması və senzuranın tətbiqi bütün problemlərin həllidir. "Reuters" xəbər verir ki, demokratik, aşkar və şəffaf Avropa İttifaqının deputatları beynəlxalq reytinq agentliklərinin dövlətlərin icazəsi olmadan onların suveren reytinqlərini açıqlamasını qadağan edən qanun qəbulu təşəbbüsü ilə də çıxış ediblər. Lakin təcrübədə bu qadağanın necə işləyəcəyi o qədər də aydın deyil. Çünki qanun yalnız Aİ ərazisində keçərli olacaq.
Artıq iqtisadçıların tam əsaslı olaraq bu qanun layihəsi əleyhinə çıxdıqları məlumdur. Çünki onlar borcların satılması və ya alınması haqqında qərarları reytinq agentliklərinin müxtəlif ölkələrə dair açıqladığı reytinqlərə əsasən qəbul edir. Siyasətçilər isə bildirir ki, agentliklərin ölkə və bankların reytinqini açıqlaması onların böhrandan çıxmaq üçün göstərdikləri bütün səylərini heçə endirir. Amma bu zaman nədənsə heç kəs düşünmür ki, atalar misalına uyğun desək, "iqtisadiyyat"ın pisdirsə, güzgünün nə günahı?
Ekspertlər əmindir ki, əslində, Aİ qarşısında iqtisadi yox, daha çox siyasi problemlər durur. Məsələn, Belçikanın sabiq baş naziri, Avropa Parlamentindəki fraksiyalar arasında üzvlərinin sayına görə üçüncü olan "Avropa liberalları və demokratları" fraksiyasının rəhbəri Gi Verxofstadt bu fikirdədir. "Avropa daha çox iqtisadi yox, siyasi problem yaşayır", - "Le Soir" qəzetinin məlumatına görə, o bildirib. Siyasətçinin fikrincə, "Federal hakimiyyətin nəzarəti olmadan, vahid valyuta mövcud ola bilməz".
"Kol (AFR-in sabiq kansleri Helmut Kol) və Mitteranın (Fransanın sabiq prezidenti Fransua Mitteran) dövründəki kimi, federal baxış (Aİ səviyyəsində) vacibdir. Amma Angela Merkel (Almaniya kansleri) və Nikola Sarkozi (Fransa Prezidenti) yalnız öz seçkiləri və ictimai rəy haqda düşünürlər", deyə RİA "Novosti"nin məlumatına görə, Verxofstadt bildirib.
O əmindir ki, " Federal Avropa təşkil edilməlidir. 2030-2035-ci illərdə "G-8"ə ("Böyük Səkkizlik") heç bir Avropa ölkəsi daxil olmayacaq. Onun bir hissəsinə çevrilməyin, orada çəkiyə sahib olmağın yeganə yolu qurumda Aİ səviyyəsində (təşkilat kimi) təmsilçilik olacaq".
Əslində, Aİ-də "büdcə intizamı"nın sərtləşdirilməsinin vacibliyi haqda hələ böhranın başladığı lap ilk dövrlərdə danışılırdı. Yanvarın sonlarında isə Almaniyanın təzyiqi ilə maliyyə sabitliyi haqda müqavilənin imzalanması qərara alındı. Rəsmi versiyaya görə, bu sənədin imzalanmasında məqsəd, Aİ-nin ayrı-ayrı ölkələrin büdcə "hoqqa"larının mənfi nəticələrindən sığortalanması idi. Reallıqda isə müqavilə, maliyyə tənzimlənməsi üçün, faktik olaraq, dövlətüstü institutların tətbiqini nəzərdə tuturdu.
Razılaşma 2013-cü ildən qüvvəyə minməlidir. Qeyd edək ki, yeni büdcə razılaşması tələbi ona qoşulmuş Avropa ölkələrində yalnız yerli parlamentlərin onu ratifikasiya etməsindən sonra tətbiq olunacaq.
Büdcə sabitliyi müqaviləsinin layihəsi Aİ-nin 2011-ci il 9 dekabr sammitində hazırlanıb. Razılaşma büdcə kəsrinin 3%-i aşdığı ölkələrə sanksiyaların tətbiqini nəzərdə tutur və ilkin defisiti 0,5% səviyyəsində müəyyənləşdirir.
Bu büdcə paktı Avropa regionunda vəziyyətin sabitləşdirilməsi və sərmayədarların inamının bərpa edilməsi üçün hazırlanıb.
Avropalı liderlərin Brüsseldəki görüşündə Aİ-nin mütəmadi sammitlərinin keçirilməsinə dair konsensusa gəlinib. Amma Böyük Britaniya maliyyə sabitliyi haqda yeni müqaviləni imzalamaqdan imtina edib. Çexiya da bu sənədə qarşı çıxıb. Praqanın sənədi qəbul etməməsinə yerli parlamentdə onun ratifikasiyasına dair fikir ayrılığı səbəb olub. Böyük Britaniya isə sənədi imzalamaqdan hələ ötən ilin dekabrında imtina etmişdi. Baş nazir Devid Kemeron bildirib ki, digər dövlətlərlə daha sıx iqtisadi inteqrasiyadan imtinada məqsəd, Böyük Britaniyanın maliyyə sektoru və sənayesinin xilasıdır.
Hələ bundan əvvəl isə Polşa və Şərqi Avropanın bir sıra digər dövlətləri bildirirdi ki, avrozonaya daxil olmayan dövlətlərə Aİ liderlərinin müntəzəm görüşlərində iştirak hüququ verilməsə, onlar yeni büdcə-vergi razılaşması əleyhinə səs verəcəklər. Nəticədə, ildə avrozona ölkələri liderlərinin 2 məcburi görüşünün və Aİ-nin bütün iştirakçıları üçün açıq olacaq bir toplantının keçirilməsi qərara alındı.
Ədalət naminə qeyd edək ki, Ümumavropa məsələlərinin müzakirələri zamanı bir çox hallarda Şərqi Avropa dövlətləri, həqiqətən də, özlərini unudulmuş hiss edir. Avropada "köhnə"lərin "yeni"lərə psixi təzyiqi heç kimdə şübhə yaratmır: Aİ-də Polşa, Rumıniya, Bolqarıstan, Çexiyanın quruma üzvlüyünün "qüvvələr müvazinəti"ni pozacağını gözləmirdilər. Avro ilə bağlı böhrana dair müzakirələr köhnə problemi bir daha yada salıb.
Amma çoxları hesab edir ki, problemin kifayət qədər vacib tərəfləri "kadr arxasında" qalıb. Bu gün söhbət yalnız avronun taleyindən yox, həm də daha çox indiki Avropa inteqrasiya modelinin hazırkı şəkildə yaşayabilmə perspektivinin şübhəli olmasından gedir. Avropa İttifaqı, güman ki, özü üçün müəyyənləşdirdiyi bu səviyyədə inteqrasiyaya hazır deyilmiş.
Tam açıq danışsaq, "qismən inteqrasiya" ideyasının özü - milli dövlətlə, vahid ölkə arasında nəsə ortaq bir şey kəşf etmək cəhdi əvvəldən uğurlu variant deyildi. İndi isə aydın olur ki, Aİ-də yaradılmış "yarımmilli" institutlar sadəcə işləmir. Qeyri-leqal miqrant axını qarşısında aciz qalmış Danimarka Şengen razılaşmasının əksinə olaraq, sərhədlərində nəzarətə başlayıb, İtaliya isə Lampeduza adasında miqrasiya böhranı zamanı Aİ-dəki tərəfdaşlarından gözlədiyi yardımı ala bilməyib.
Heç kimin yada salmadığı ən acınacaqlı hal isə bir neçə il Aİ-nin vahid konstitusiyasına dair keçirilmiş referendumun iflası idi. Səsvermə göstərmişdi ki, əksər Avropa ölkələrinin əhalisi öz millətlərini "ümumavropa püre"sində it-bat etmək istəmir. Bəzi ekspertlər isə misal kimi, bir müddət əvvəl Avropa İttifaqını çaş-baş salmış "xiyar infeksiyası"nı xatırlayır: o zaman aydın oldu ki, ümumavropa səhiyyəsi infeksiyanın bəyəndiyini və onunla mübarizə yollarını tapa bilmir, bürokratiya isə bu mikroskopik "təhlükə" qarşısında aciz qalır. Və ispanlar becərdikləri xiyara qarşı kampaniyadan hiddətləndiyi vaxt, digər ölkələr artıq etiraf etməyə başladılar ki, Avropa Ümumavropa problemlərinin həllinə həqiqətən də hazır deyil.
Belə olan təqdirdə, "federallaşma"ya, inteqrasiyanın dərinləşdirilməsinə və az qala, "Avropa Birləşmiş Ştatları"nın yaradılacağına ümid etməyə dəyməz. Amma bu olmadan avro böhranının aradan qaldırılması da çətin mümkün olsun.
Kim bilir, Aİ ölkələrinin artıq ləğv edilmiş valyutalarının satışını təşkil edən Avropa birjaları, bəlkə də, uzaqgörənlik nümayiş etdirirmişlər?
MƏSLƏHƏT GÖR: